|
İslam
dininin ən vacib sayılan fərzlərindən biri, onun təbliği və
özünəməxsusluğunu nümayiş etdirən ayinləri sırasında Qurban
bayramı adlanan dini mərasim müsəlmanlar arasında geniş
yayılan ayinlərdəndir. O, Quranın müəyyən etdiyi dini
tələbdir, müsəlmanların riayət etdiyi ümumi mərasimdir.
Üç səmavi
dinin- yəhudilik, xristianlıq və İslamın hər üçündə müxtəlif
formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusi
mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz
sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.
İnsanları
halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı
tarixi və şərtləri var. Əslində qurban ayini İslamdan
çox-çox əvvəllər, müxtəlif ölkələrdə müxtəlif cür icra
olunurdu. Məsələn, qədim dövrlərdə qurban verilənlərin
əksəriyyəti hərbi əsirlər olmuşdur. Çünki müharibədə ələ
keçirilən əsirləri saxlamaq əlverişli deyildi, onlar izafi
məhsul yaratmır, xüsusi gözətçi tələb edir və başqa əlavə
qayğılar doğururdular. Buna görə də onların qurban verilməsi
ən əlverişli və müqəddəs əməliyyat sayılırdı.
Cəmiyyətin
ictimai-iqtisadi inkişafının müəyyən pilləsində, insan
əməyinin məhsuldarlığı artıb izafi məhsul yaratmağa
başladıqda, yəni cəmiyyət siniflərə bölündüyü zaman hərbi
əsirləri qurban verib öldürmək əvəzinə, onları qula çevirib
işlətməyə başladılar. Bu dövrdən etibarən allahlara verilən
qurbanlar əsasən heyvanlardan ibarət oldu. Ev heyvanları və
quşları qurban vermək adət halını aldı.
Atəşpərəstlər isə insanı odda yandırırdılar. Onlar bu yolla
guya Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də
insanları tanrılara qurban vermək adəti var idi. Bu
ölkələrdə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq
üçün uşaqları çaya atırdılar.
Islam dini
ərəb tayfalarının həmişə icra etdikləri qurban vermək
adətinə müqəddəslik mahiyyəti verərək, onu Qurban bayramı
adlandırıb müsəlmanlığın əsas tələblərindən birinə çevirdi.
Onun bu adətə etdiyi yeganə əlavə ondan ibarət olmuşdur ki,
bu mərasimi istənilən vaxt keçirməyin əvəzinə hər il hicri
tarixi üzrə Zilhiccə ayının 10-da keçirməyi
qanuniləşdirmişdir.
Islam
dinində Qurban bayramı böyük bayram (eyd əl-kəbir) adlanır.
Bayram günü məscidlərdə xüsusi bayram namazı qılınır, dəvə,
mal-qara,
davar qurban kəsilir, vəfat etmiş əziz adamların xatirəsini
yad etmək əlaməti olaraq evlərdə və qəbiristanlıqlarda dua
oxunur, ehsan verilir.
Qurban
bayramı haqqında Qurani-Kərimdə deyilir ki, Allah
Beytülhəram olan Kəbəni haram ayı (zilhiccəni), Kəbəyə
gətirilən boyunları bağsız və bağlı (boyunlarına nişan
taxılmış və taxılmamış) qurbanları insanların (dini və
dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol
müəyyən etdi. Şəriətə görə, qurbanlıq heyvanın qüsuru
olmamalı və onu kəsən bıçağa xüsusi qurban duası oxunmalıdır.
Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə
qurbanlıq heyvanın erkək olması daha üstün tutulur.
Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan
olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa,
daha yaxşıdır. Bir qurbanlıq heyvan yeddi dindarın adından
kəsilə bilər, lakin fərdi qurban daha savablı sayılır.
Qurban
bayramı müsəlman ruhaniləri tərəfindən İbrahim peyğəmbərin
(Ə) öz oğlu İsmayılı Allahın şərəfinə qurban kəsmək
niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Allah öz
sevimlisi İbrahim peyğəmbərin (Ə) sadiqliyini sınamaq üçün
ondan yeganə oğlu İsmayılı qurban kəsməyi tələb edir və
İbrahim peyğəmbər (Ə) gözünü qırpmadan oğlunu yerə yıxıb
başını kəsərkən, Allahın göndərdiyi mələk Cəbrayıl (Ə)
göydən enib onun əlini saxlayıb, Allahın İbrahimdən (Ə) razı
qaldığını bildirib və oğlu İsmayılın əvəzinə Tanrının
göndərdiyi qoyunu kəsməyi təklif edir. Buna görə də
Qurbanlıq bayramında kəsilən qurbana İsmayıl qurbanı da
deyirlər. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə
hazır olması Peyğəmbərin (Ə) Allah qarşısında imanının,
səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din
tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin
etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar
Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür
səmimi olmalıdırlar. Çətin anlarda Allahı yada salıb, yaxşı
zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!
Bu andan
etibarən dindarlar hər il ev heyvanlarından birini Allahın
şərəfinə kəsib, Ona öz itaətkarlıqlarını bildirirlər.
Ömründə bir dəfə vacib Məkkə və ya Həcc ziyarətinə getməsi
və orada qurban kəsməsi də dindarın mühüm borcu hesab olunur.
Bu hadisənin
başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslam
dinində insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur.
Çünki insan Allahın yaratdığı ən şərəfli və ən üstün
məxluqudur. Allah özünün yaratdığını öz yolunda qurban
kəsilməsini qəbul etmir.
Bu bayramın
əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın
imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və
sevincinə şərik olmaqdır. Beləliklə, bu bayramın və ayinin
də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və
Allaha inam və sevgi durur.
Bəzən bir
neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə,
yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş
hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq
hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı
qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət
payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən
biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə
fəqir-füqəraya paylanmalıdır.
Qurbanlığın
ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb
ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən
olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının
imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi
qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar
Allahın xoşuna gələcək bir əməli icra edirlər.
Qurbanlığın
şərtlərindən biri də odur ki, qurban kəsmək yalnız buna
imkanı olan varlı adamların boynunda haqdır. Imkanı olmayan
adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc
pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın
əsas mahiyyəti zənginlərlə imkansızların birliyi,
qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir:
varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları
sevindirdiklərinə görə, kasıblar isə- dünya nemətindən əldə
etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya
görə.
Islam
dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı
bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin
qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli Azərbaycan
Respublikasının bayramları haqqında Qanununa əsasən Qurban
bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.
ru |