|
Vaqif Mustafazadənin 70 illik
yubileyi haqqında
Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
2010-cu ilin mart ayında
görkəmli Azərbaycan pianoçusu və
bəstəkarı, respublika Dövlət
mükafatı laureatı Vaqif Əziz
oğlu Mustafazadənin anadan
olmasının 70 illiyi tamam olur.
Vaqif Mustafazadə yaradıcılığı
XX əsr milli musiqi
mədəniyyətimiz tarixinin yeni
parlaq səhifələrindən birini
təşkil edir.Sənətkar dərin
köklərə malik qədim Azərbaycan
muğamı ilə caz musiqisinin
uğurlu sintezində dəyərli
əsərlər meydana gətirmişdir.
Onun yaratdığı kompozisiyalar
dünya musiqi inciləri xəzinəsinə
caz-muğamın təkraredilməz
nümunələri kimi daxil olmuşdur.
Azərbaycan incəsənətinin daha da
zənginləşdirilməsi və geniş
miqyasda tanıdılması naminə
töhfələr vermiş Vaqif
Mustafazadənin 70 illik
yubileyinin layiqincə
keçirilməsini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi,
Azərbaycan Bəstəkarlar
İttifaqının təklifləri nəzərə
alınmaqla, Vaqif Mustafazadənin
70 illik yubileyinə həsr olunmuş
tədbirlər planını hazırlayıb
həyata keçirsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 26 yanvar 2010-cu
il. |