"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  H.Ə.Əliyev


Cabbar Qaryağdı oğlunun 150 illik yubileyinin keçirilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2011-ci ilin mart ayında Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, tanınmış musiqi xadimi, respublikanın xalq artisti Cabbar Qaryağdı oğlunun anadan olmasının 150 illiyi tamam olur.

Cabbar Qaryağdı oğlu muğamlarımızın mahir ifaçısı kimi milli musiqi mədəniyyətimizin inkişafında mühüm rol oynamışdır. O, qədim tarixi köklərə malik Azərbaycan muğam məktəbinin zəngin ənənələrini layiqincə davam etdirərək, öz fitri istedadı sayəsində xanəndələrin bugünkü nəsli üçün klassik ifaçılığın parlaq nümunəsini yaratmışdır.

Azərbaycan muğamının və xalq musiqisi incilərinin qorunub saxlanılmasında böyük xidmətlər göstərmiş ustad sənətkar Cabbar Qaryağdı oğlunun 150 illik yubileyinin təntənəli surətdə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə Cabbar Qaryağdı oğlunun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri 14 may 2010-cu il.

 
National Library of Azerbaijan © All Rights Reserved