|
Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında Dənizkənarı Bulvar İdarəsinin
yaradılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Dünyanın iri şəhərləri,
xüsusilə paytaxt şəhərlər məxsus olduqları
dövlətlərin bütövlükdə siyasi-iqtisadi,
tarixi-mədəni inkişaf səviyyəsini, eləcə də
şəhərsalma mədəniyyətini özündə ehtiva edir.
Azərbaycan Respublikasının paytaxtı da yüz
illər ərzində formalaşan qədim şərq və
müasir qərb memarlığının sintezinə əsaslanan
özünəməxsus şəhərsalma ənənələrinə malikdir.
Bakı şəhərinin əvəzsiz
incilərindən olan dənizkənarı bulvar maddi
mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla
yanaşı, eyni zamanda onun həm tarixi, həm də
müasir simasını təşkil edən xüsusi təbii
komplekslərdən biridir.
Son illər ölkəmizdə
müşahidə olunan sürətli sosial-iqtisadi
inkişaf meqapolisə çevrilməkdə olan Bakının
simasını nəzərə çarpacaq dərəcədə dəyişir.
Belə şəraitdə şəhərsalma, istirahət və
turizm infrastrukturu, böyüyən paytaxtın
ekoloji təhlükəsizliyi baxımından xüsusi
əhəmiyyət kəsb edən dənizkənarı bulvarın
təbii kompleksinin qorunub saxlanması və
bərpa edilməsi, müasir memarlıq tələblərinə
uyğun olaraq yenidən qurulması, onun
idarəetmə sisteminin təkmilləşdirilməsi və
mərkəzləşdirilməsini zəruri edir.
Göstərilənləri, habelə
Bakı şəhərindəki dənizkənarı bulvarın
Azərbaycan tarixi, mədəniyyəti və ekoloji
təhlükəsizliyi üçün əhəmiyyətini nəzərə
alaraq onun idarəetmə sisteminin
təkmilləşdirilməsi məqsədilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında
Dənizkənarı Bulvar İdarəsi yaradılsın.
2. Müəyyən edilsin ki,
Bakı şəhərindəki dənizkənarı bulvarın
vəziyyətinə, mühafizəsi, qorunması və
bərpası üzrə tədbirlərin yerinə
yetirilməsinə, qanunvericiliklə nəzərdə
tutulmuş qaydalara və tələblərə əməl
olunmasına dövlət nəzarəti Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında
Dənizkənarı Bulvar İdarəsi tərəfindən həyata
keçirilir.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, on beş gün müddətində:
3.1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında
Dənizkənarı Bulvar İdarəsi haqqında
Əsasnamənin layihəsini hazırlayıb təsdiq
olunmaq üçün Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında
Dənizkənarı Bulvar İdarəsinin strukturu və
işçilərin say tərkibi barədə təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
3.3. Bakı şəhərindəki
dənizkənarı bulvarın ərazisinin hüdudlarını
dəqiqləşdirib təsdiq etsin və onun
ərazisində yerləşən bütün tikililərin,
qurğuların, məişət və digər obyektlərin
siyahısını müəyyən etsin;
3.4. Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin
təşkili məqsədi ilə maliyyə və maddi-texniki
təminat məsələlərini həll etsin;
3.5. qüvvədə olan
qanunvericilik aktlarının bu Fərmana
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
3.6.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu
Fərmana uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
3.7.
Bu Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
4. Bu
Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 yanvar 2008-ci il
Azərbaycan.- 2008.-
11 yanvar.- S. 1. |