|
YUNESKO-nun
2008
2009
cu illərdə görkəmli
şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd
edilməsi proqramına Azərbaycanla bağlı daxil
olmuş yubileylərin keçirilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
YUNESKO-nun görkəmli şəxsiyyətlərin və
əlamətdar hadisələrin qeyd edilməsi proqramı
çərçivəsində YUNESKO Baş Konfransının 34-cü
sessiyası 2008-2009-cu illərdə "Leyli və
Məcnun" operasının ilk tamaşasının, xalq
rəssamı Səttar Bəhlulzadənin, yazıçı Mir
Cəlal Paşayevin və akademik Musa Əliyevin
100 illik yubileylərinin rəsmi qeyd olunması
ilə bağlı qərar qəbul etmişdir.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun
"Leyli və Məcnun"əsərinin 1908-ci ildə
birinci tamaşası milli musiqi mədəniyyəti
tarixində yeni dövr açmışdır. Muğamla Avropa
operasının üzvi vəhdəti əsasında yaradılan "Leyli
və Məcnun"Azərbaycan musiqisinin həqiqi
ensiklopediyasıdır. Müsəlman Şərqində opera
janrının əsası da muğam operasının bu ilk
nümunəsi ilə qoyulmuşdur.
Xalq rəssamı, Dövlət mükafatı laureatı
Səttar Bəhlulzadənin adı Azərbaycan
boyakarlıq sənəti tarixinə mənzərə janrının
yaradıcılarından biri kimi həmişəlik həkk
olunmuşdur. Səttar Bəhlulzadə müxtəlif
rənglərin yeni çalarlarını kəşf edərək
onların ahəngindən gözəl lövhələr
yaratmışdır. Rəssamın rəng palitrasının
zənginliyi, poetik əhval-ruhiyyə və kolorit
gözəlliyi ilə seçilən orijinal üslublu
əsərləri milli təsviri sənətin ən qiymətli
inciləri sırasındadır.
XX əsr milli ədəbi-bədii fikir tarixinin
görkəmli nümayəndəsi, yazıçı Mir Cəlal
Paşayev Azərbaycan ədəbiyyatının inkişafı və
onun məzmunca zənginləşməsində mühüm rol
oynamışdır. Xalq yaradıcılığı ilə klassik
bədii irsin qabaqcıl ənənələrinin vəhdətini
yeni formada yaşadan və ədəbiyyata həyat
gətirmiş yazıçı kimi tanınan Mir Cəlal
Paşayev eyni zamanda görkəmli tədqiqatçı
alim olmuşdur.
Tanınmış geoloq alim, 1939-1941-ci illərdə
indiki Azərbaycan Dövlət Neft Akademiyasının
rektoru, 1950-1958-ci illərdə Azərbaycan
Elmlər Akademiyasının prezidenti olmuş
akademik Musa Əliyev ölkəmizdə elmin
inkişafı naminə müstəsna xidmətlər
göstərmişdir.
2008-2009-cu illərdə "Leyli və Məcnun"
operasının ilk tamaşasının, xalq rəssamı
Səttar Bəhlulzadənin, yazıçı Mir Cəlal
Paşayevin və akademik Musa Əliyevin 100
illik yubileylərinin Azərbaycanda dövlət
səviyyəsində keçirilməsini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi, Azərbaycan
Respublikasının Təhsil Nazirliyi və
Azərbaycan Milli Elmlər Akademiyası ilə
birlikdə, Azərbaycan Bəstəkarlar
İttifaqının, Azərbaycan Rəssamlar
İttifaqının və Azərbaycan Yazıçılar
Birliyinin təklifləri müvafiq şəkildə nəzərə
alınmaqla, "Leyli və Məcnun" operasının ilk
tamaşasının, xalq rəssamı Səttar
Bəhlulzadənin, yazıçı Mir Cəlal Paşayevin və
akademik Musa Əliyevin respublikada, xarici
ölkələrdə və YUNESKO miqyasında 100 illik
yubileylərinin təşkili ilə bağlı tədbirlər
planlarını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn
məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 yanvar 2008-ci il
Azərbaycan.- 2008.- 1 fevral.- S. 1. |