|
AZƏRBAYCAN TEATR
SƏNƏTİNİN İNKİŞAF ETDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
XIX əsrin ikinci yarısından etibarən cərəyan
edən ictimai-siyasi hadisələr fonunda və
maarifçilik hərəkatının güclü təsiri
nəticəsində böyük mütəfəkkir Mirzə Fətəli
Axundovun ədəbiyyatımıza yeni dram janrını
gətirməsi ilə Azərbaycan teatrı müsəlman
Şərqində ilk dünyəvi peşəkar teatr sənətinin
ocağına çevrilmişdir. Qədim tarixə malik
xalq tamaşaları zəminində təşəkkül tapan bu
teatrın repertuarı yarandığı gündən bəri
görkəmli Azərbaycan ziyalılarının dövrün
mühüm hadisələrinin real bədii təsvirini
verən qabaqcıl, demokratik ideyalı və
ictimai məzmunlu əsərləri ilə zəngin
olmuşdur.
Avropa təhsili görmüş azərbaycanlı gənclərin
dünya klassiklərinin əsərlərini tərcümə
edərək tamaşaya qoymaları Azərbaycanda teatr
həvəskarlarını dünya ədəbiyyatı nümunələri
ilə tanış etməklə bərabər, milli dəyərlərə
söykənən yeni tipli teatrın yaradılması
işinə güclü təkan vermişdir. Hüseyn
Ərəblinski, Cahangir Zeynalov, Hüseynqulu
Sarabski, Abbas Mirzə Şərifzadə, Mirzəağa
Əliyev, Sidqi Ruhulla, Ülvi Rəcəb kimi fitri
istedad sahiblərinin səyləri ilə ölkəmizdə
milli peşəkar aktyorlar məktəbi
formalaşmışdır. Həmin dövrdən etibarən
xüsusi teatr binalarının inşasına
başlanılmış və peşəkar teatrla bağlı digər
sənət növləri də inkişaf etdirilmişdir.
Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və Cəfər
Cabbarlı kimi qüdrətli sənətkarların son
dərəcə dərin məzmunlu səhnə əsərləri ilə
geniş vüsət alan Azərbaycan teatrı milli
varlığını qoruyub saxlayaraq inkişaf etmiş
və ictimai-mədəni həyatda fəal rol
oynamışdır. XX əsr boyu opera və balet,
musiqili komediya, gənc tamaşaçılar
teatrları, pantomima və digər teatrlar
yaradılmışdır. Azərbaycan teatr sənəti
tarixinə adları həmişəlik həkk olunan böyük
aktyorlar, rejissorlar və teatr rəssamları
nəsli yetişmiş, teatr üçün peşəkar kadrlar
hazırlayan təhsil ocaqları formalaşmış,
bölgələrdə mədəniyyət sarayları və teatrlar
şəbəkəsi bərqərar olmuşdur. Yüksək səhnə
mədəniyyəti ilə seçilən Azərbaycan teatrının
zəngin repertuarı sayəsində xalqımız milli
ədəbiyyatın parlaq nümunələri ilə yanaşı,
dünya ədəbi fikrinin inciləri ilə daha
yaxından tanış olmaq imkanı əldə etmişdir.
Ölkəmizin bir sıra digər sənət sahələrində
qazandığı uğurlar ilk növbədə Azərbaycan
teatrı ilə sıx bağlı olmuşdur.
Peşəkar milli teatrın sürətli inkişafı və
zaman keçdikcə şaxələnməsi onun öz
coğrafiyasını genişləndirərək respublikanın,
demək olar ki, bütün bölgələrini əhatə
etməsinə və hər biri müstəqil sənət ocağı
olan yeni teatrların yaranmasına gətirib
çıxarmışdır. Ölkəmizdə vətənpərvərlik
duyğularının aşılanmasında, yüksək mənəvi
keyfiyyətlərin, milli və ümumbəşəri
dəyərlərin təbliğində müstəsna rol oynamış
Azərbaycan teatrı gənc nəslin
formalaşmasında əvəzsiz xidmətlər
göstərmişdir.
XX əsrin sonlarında cərəyan edən mürəkkəb
proseslər siyasi, iqtisadi və sosial böhrana
gətirərək, ölkəmizin bütün mədəni həyatına,
həmçinin teatr sənətinə son dərəcə mənfi
təsir göstərmişdir. Teatrın qarşılaşdığı
obyektiv çətinliklər bu sahədə yaradıcılıq
əhval-ruhiyyəsini də zəiflətmişdir.
Azərbaycan teatr şəbəkəsinə daxil olan dörd
dövlət dram teatrı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni
silahlı dəstələrinin işğalına məruz qalaraq,
ata-baba yurdlarından didərgin düşməsinə
baxmayaraq, öz fəaliyyətini davam etdirir.
Azərbaycanın dövlət müstəqilliyini bərpa
etməsi ilə qarşısında geniş üfüqlər açılan
milli teatr bu gün dövlətçilik naminə
mədəniyyətimizin inkişafına töhfələr vermək
iqtidarındadır. Lakin ölkəmizdəki bir sıra
mədəniyyət sarayları və teatr ocaqlarında, o
cümlədən Heydər Əliyev adına Sarayda,
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı,
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və
Azərbaycan Dövlət Kukla Teatrında müasir
tələblərə uyğun əsaslı təmir-bərpa və
yenidənqurma işlərinə ciddi ehtiyac duyulur.
Xalqımızın ictimai-siyasi həyatında,
mədəniyyətimizin inkişafında böyük rol
oynayan və dolğun fəaliyyəti ilə milli
sərvətə çevrilən Azərbaycan teatrının
maddi-texniki bazasının gücləndirilməsi və
yaradıcılıq potensialının dirçəldilməsi və
teatr təhsili sisteminin yaxşılaşdırılması
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyinə tapşırılsın ki:
1.1. Heydər Əliyev adına Sarayın mühüm
ictimai-siyasi, mədəni tədbirlərin təşkil
edilməsi və həyata keçirilməsində
əhəmiyyətini nəzərə alaraq, əsaslı təmirini
və müasir avadanlıqla təchizatını təmin
etsin;
1.2. Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının, Azərbaycan Dövlət Akademik Opera
və Balet Teatrının, Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Rus
Dram Teatrının və Azərbaycan Dövlət Kukla
Teatrının əsaslı təmirini və müvafiq texniki
avadanlıqla təchizatını təmin etsin;
1.3. Bakı şəhərində Azərbaycan Dövlət
Gənclər Teatrının, Azərbaycan Dövlət
Pantomima Teatrının, eləcə də İrəvan Dövlət
Azərbaycan Dram Teatrının və Şuşa Dövlət
Musiqili Dram Teatrının yerləşdiyi binalarda
təmir-bərpa işlərinin həyata keçirilməsini
təmin etsin;
1.4. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi nəticəsində erməni silahlı
birləşmələrinin işğalına məruz qalmış
ərazilərdəki Füzuli və Ağdam dövlət dram
teatrlarının hal-hazırda yerləşdiyi
binalarda əsaslı təmir-bərpa işlərinin
aparılmasına dair təkliflərini 2007-ci il
avqust ayının 1-nə qədər Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim
etsin;
1.5. yerli icra hakimiyyəti orqanları ilə
birlikdə regionlarda fəaliyyət göstərən
teatrlarda təmir-bərpa və yenidənqurma
işlərinin aparılmasına dair təkliflərini
2007-ci il iyul ayının 1-nə qədər Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim
etsin;
1.6. Azərbaycan Teatr Xadimləri İttifaqının
təklifləri nəzərə alınmaqla, milli
sərvətimiz olan əsərləri və dünya
klassikasının incilərini özündə ehtiva edən
"Azərbaycan teatrı 2008-2018-ci illərdə"
Dövlət Proqramının layihəsini üç ay
müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.7. teatrların nəzdində xüsusi studiyaların
yaradılmasına və xarici ölkələrdə müvafiq
kadrların, habelə teatr menecerlərinin
hazırlanmasına dair təkliflərini 2007-ci il
aprelin 15-nə qədər Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim
etsin.
2. Bakı Şəhər İcra Hakimiyyəti Yaşıl Teatrın
əsaslı təmirini və zəruri avadanlıqla
təchizatını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 19 fevral 2007-ci il.
|