|
Bakı şəhərində Neft muzeyinin yaradılması
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan nefti Azərbaycan xalqının milli
sərvətidir. 1994-cü ildə xalqımızın
ümummilli lideri Heydər Əliyevin neft
strategiyasının gerçəkləşməsini təmin edən
"Əsrin müqaviləsi"nin imzalandığı 20
sentyabr günü Azərbaycan Respublikasında hər
il "Neftçilər günü" peşə bayramı kimi qeyd
olunur. Həmin müqavilə xalqımızın ilk dəfə
olaraq öz maddi sərvətlərinin, o cümlədən
neftin sahibi kimi çıxış etməsinin
təntənəsinə çevrilmişdir. Ölkəmizin neft
sənayesi tarixində yeni bir dövr açılmış,
iqtisadiyyatımızın dinamik inkişafının
təməli qoyulmuş və müstəqilliyimizin
iqtisadi bünövrəsinin möhkəmləndirilməsi
üçün əsaslı zəmin yaranmışdır. Artıq reallıq
olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft
kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri
dünyanın diqqətini uzun əsrlərdən bəri "qara
qızıl" məskəni kimi tanınan Azərbaycana
yenidən cəlb etmişdir.
Zəngin neft və qaz yataqlarının mövcudluğu
Azərbaycana tarixən Odlar yurdu şöhrəti
qazandırmışdır. Öz-özünə yanan təbii əbədi
odlar - neft və qaz mənbələri qədim
dövrlərdən bəri burada möcüzə şəklində qəbul
olunmuş, insanların inanc və etiqadlarına
güclü təsir göstərmişdir. Böyük İpək yolu
boyunca mal dövriyyəsində Azərbaycanın çox
yüksək keyfiyyətə malik ağ nefti və qara
nefti xüsusi yer tutmuşdur.
1847-ci ildə Bakıda, "Bibiheybət" yatağında
qazılmış quyudan neftin fontan vurması dünya
tarixinə neftin sənaye üsulu ilə
çıxarılmasının başlanğıcı kimi yazılmışdır.
Neftin boru kəməri ilə nəqli də ilk dəfə
Azərbaycanda, 1878-ci ildə Qara şəhər və
Balaxanı mədənləri arasında çəkilən boru
xətti vasitəsilə gerçəkləşdirilmişdir.
1883-cü ildə Bakı-Batumi dəmir yolunun
tikilib istifadəyə verilməsi, 1907-ci ildən
Bakı-Batumi magistral neft kəmərinin daimi
istismara buraxılması Bakı neftinin dünya
bazarlarına çıxarılmasında mühüm rol
oynamışdır. XIX əsrin sonunda dünyadakı neft
hasilatının yarısı Azərbaycanın payına
düşmüş, ölkəmiz dünyada neftin çıxarılması
üzrə birinci yerə sahib olmuşdur.
Neft sənayesinin misilsiz yüksəlişi
nəticəsində Bakıya xarici kapital axını
güclənmiş və iri neft sənayeçilərindən
ibarət yerli sahibkarlar sinfi meydana
gəlmişdir. Neft amili ölkəmizdə maarifçilik
hərəkatının, demokratik mətbuatın və dünyəvi
teatrın püxtələşməsinə, bütövlükdə mədəni
həyatın canlanmasına güclü təkan vermişdir.
Avropa ilə Şərq memarlığının ahəngdar
vəhdətini özündə əks etdirməklə Bakının
yaraşıqlı binalardan ibarət yeni unikal
görkəmini formalaşdıran memarlıq inciləri o
illərdə yaradılmışdır.
XX əsrdə elmi-texniki nailiyyətlərin
əsasında dayanan neft Azərbaycana müxtəlif
sahələrdə zirvələr fəth etmək imkanı
vermişdir. Ölkəmizdə bu dövrdə neft
hasilatında qazanılmış təcrübə və Xəzər
dənizində neftçıxarma sahəsindəki uğurlar
dünyada yüksək qiymətləndirilir. Həmin
müddət ərzində Azərbaycan neft sənayesi
texniki baxımdan istehsal proseslərinin
yeniləşdirilməsinin davamlı olaraq hər bir
mərhələsini keçmişdir. Vaxtilə ən müxtəlif
qazma üsulları və yeniliklər ölkəmizdə
sınaqdan keçirildikdən sonra neft
sənayesində tətbiq olunmuşdur. Dünyada bu
gün neft hasilatı sahəsindəki işlərin bir
çoxu öz başlanğıcını məhz Azərbaycandan
götürmüşdür.
Bakı neftçiləri 1922-ci ildə dünyada ilk
dəfə buxtanı qurutmaqla dəniz neft yatağının
istismarına nail olmuşlar. 1941-ci ildə
Azərbaycanda neft hasilatı ən yuxarı həddə
çatmışdır. Bakı İkinci Dünya müharibəsi
illərində Sovet İttifaqında hasil edilən
neftin 75 faizini, aviasiya benzininin 90
faizini ödəmiş və faşizmin məğlubiyyətə
uğradılmasında həlledici rol oynamışdır.
1949-cu ildə Bakıda, Neft daşlarında yenə
dünya təcrübəsində ilk dəfə açıq dənizdə
neft hasilatına başlanmışdır. Neft
texnologiyaları və dənizdə neft çıxarılması
üçün yaradılmış əfsanəvi Neft daşları şəhəri
Azərbaycanın neft mütəxəssislərini ən
qabaqcıl mövqelərə çıxarmışdır. Keçmiş
Sovetlər İttifaqında yeni yaranan neft
rayonlarına "İkinci Bakı", "Üçüncü Bakı"
adlarının verilməsi Azərbaycan nefti və
neftçilərinin şöhrətindən xəbər verir.
Ötən əsrin 70-ci illərində respublikamızda
həyata keçirilən məqsədyönlü tədbirlər
nəticəsində neft sənayesi xeyli möhkəmlənmiş
və onun geniş infrastrukturu yaradılmışdır.
Dəniz yataqlarının işlənilməsi üçün yeni
qurğu və avadanlıqlar gətirilmiş, Bakı dərin
özüllər zavodu tikilmişdir. Ölkəmizdə
neftçıxarmanın, neft emalının və neft
kimyası sənayesinin hərtərəfli inkişafı
neftlə bağlı müxtəlif elm sahələrinin
tərəqqisinə yol açmışdır. Bakı şəhərini neft
elminin bütün yeni istiqamətləri üzrə
Azərbaycanın hüdudlarından uzaqlarda neft
akademiyası kimi tanıdan görkəmli alim və
mütəxəssislər formalaşmışdır. 1994-cü ildən
etibarən Beynəlxalq "Xəzər neft, qaz,
neftayırma və neft kimyası" sərgi və
konfranslarının ənənəvi olaraq Bakıda
keçirilməsi Azərbaycan neft elminə verilən
qiymətin təzahürüdür.
Respublikamızın iqtisadiyyatının inkişafında
əsas amil olmuş neft sənayesinin yüz altmış
ildən bəri keçdiyi şərəfli yolun və
qazanılmış nailiyyətlərin nümayiş
etdirilməsi, Azərbaycan neftinin bu böyük
tarixinin xalqımızın həyatının çox əlamətdar
hadisələrindən biri kimi öyrənilməsi və gənc
nəslin Vətənin milli sərvətlərinə ehtiram
ruhunda tərbiyə olunması ölkəmizdə Neft
muzeyinin yaradılmasını xüsusilə zəruri
edir.
Azərbaycanda neft sənayesinin təşəkkülünü,
zəngin ənənələrini, ölkəmizin
müstəqilliyinin möhkəmləndirilməsində və bu
gün davamlı artan potensialının əldə
olunmasında müstəsna əhəmiyyətini, o
cümlədən bəşər tarixinə verdiyi əvəzsiz
töhfələri nəzərə alaraq, respublikamızın
neft salnaməsinin öyrənilməsini və
təbliğinin gücləndirilməsini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının paytaxtı Bakı
şəhərində Neft muzeyi yaradılsın.
2. Azərbaycan Respublikasının Dövlət Neft
Şirkəti Neft muzeyinin yaradılması ilə bağlı
təkliflərini bir ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn
məsələləri həll etsin.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 fevral 2008-ci il
Azərbaycan.- 2008.- 5 fevral.- S. 1. |