|
Azərbaycan Xalq
Cümhuriyyətinin 90 illik yubileyi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
2008-ci il may ayının
28-də Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 90 illiyi tamam olur. Müasir
Azərbaycan Respublikası 1991-ci ildə öz
müstəqilliyini bərpa edərək, Xalq
Cümhuriyyətinin siyasi varisi kimi onun
bayrağını, gerbini, himnini qəbul etmişdir.
İstiqlal Bəyannaməsinin elan edildiyi
1918-ci ilin 28 may günü hazırda Respublika
Günü kimi qeyd olunur.
Müsəlman Şərqində ilk parlament respublikası
–Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın
qədim dövlətçilik ənənələrini yaşadaraq,
müasir dövrə xas dövlət təsisatlarının
yaradılmasına nail olmuşdu. Milli
parlamentarizmin təşəkkül tarixi isə
Azərbaycan parlamentinin 1918-ci il dekabr
ayının 7-də keçirilmiş ilk iclasından
başlayır.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
mürəkkəb siyasi dövrdə cərəyan edən
hadisələrin və Azərbaycan xalqının milli
oyanışının məntiqi yekunu idi. Abbasqulu ağa
Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy
Zərdabi, Cəlil Məmmədquluzadə və digər
görkəmli şəxsiyyətlər tərəfindən təməli
qoyulmuş proseslər Azərbaycanda yeni tipli
teatrın, məktəbin və mətbuatın yaranması ilə
nəticələnmiş, milli özünüdərkin
gerçəkləşməsinə böyük təsir göstərmişdir.
Bakının neft paytaxtına çevrilməsi milli
sahibkarlar təbəqəsinin formalaşması ilə
yanaşı, dünyanın aparıcı universitetlərində
təhsil almış ziyalılar nəslinin yetişməsinə
şərait yaratmışdır. Əlimərdan bəy Topçubaşov
və başqa ziyalıların siyasi proseslərə
qatılması, Dumaya seçilməsi və Rusiya
müsəlmanlarının təşkilatlanmasında
oynadıqları rol tariximizin unudulmaz
səhifələrindəndir.
Rusiyada çar üsul-idarəsinin ləğvi, baş
verən fevral və oktyabr çevrilişləri,
Birinci Dünya müharibəsinin fəsadları və bir
sıra digər amillər Qafqazı ayrı-ayrı siyasi
qüvvələrin qarşıdurma meydanına çevirmişdi.
Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə
göstərdiyi maraq vəziyyəti daha da
gərginləşdirirdi.
İlk qərarı ilə milliyyəti, dini, sosial
vəziyyəti və cinsindən asılı olmayaraq,
ölkəmizin bütün vətəndaşlarına bərabər
hüquqlar verən cümhuriyyətin yaranması çox
mürəkkəb şəraitdə elan olunmuşdur. Cəmi 23
ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti
tarixinin hər bir səhifəsi bütün
azərbaycanlılar üçün olduqca əzizdir.
Bununla belə, bu tarixdə ürəyimizi qürur
hissi ilə dolduran hadisələrlə yanaşı,
ümummilli faciələrə yol açan səhifələr də
vardır.
Azərbaycan Xalq Cümhuriyyətinin öz
dövlətçilik atributlarını qəbul etməsi,
dövlət və hərbi quruculuq, iqtisadiyyat və
mədəniyyət, təhsil və səhiyyə sahələrində
atdığı addımlar xalqımız üçün taleyüklü
əhəmiyyət kəsb etmişdir. Cümhuriyyətin böyük
uğurlarından biri Paris sülh konfransında
1920-ci il yanvarın 11-də Azərbaycanın
müstəqil dövlət kimi tanınması olmuşdur.
Lakin ölkənin öz neftini xarici bazarlara
çıxarmaqdan təcrid edilməsi nəticəsində
yaranmış siyasi, iqtisadi və sosial böhran
güclənirdi. Həmçinin parlament daxilində
hökm sürən hərc-mərclik, Qarabağda və
Zəngəzurdakı erməni silahlı dəstələri ilə
qarşıdurmalar gündən-günə dərinləşirdi.
Əhalinin əsas hissəsinin ağır durumu isə
bolşevik təbliğatı üçün münbit zəmin
yaradırdı. İrəvanın ermənilərə paytaxt kimi
verilməsindən sonra İrəvan mahalından qaçqın
düşmüş 150 mindən artıq soydaşımızın
vəziyyəti olduqca gərgin idi. Belə bir
vəziyyətdə parlamentin son iclasında
bolşevik ultimatumunun qəbul edilməsi aprel
işğalı ilə nəticələndi.
Aprel işğalı Azərbaycan Xalq Cümhuriyyətinin
liderlərinin bir qismini Məmmədəmin
Rəsulzadə kimi mühacir həyatı yaşamağa
məhkum etdi, digər qismini Fətəli xan Xoyski
və Həsən bəy Ağayev kimi erməni terrorunun
qurbanına çevirdi, qalanlarını da
bolşevizmin amansız repressiyalarına məruz
qoydu.
1920-ci il aprelin
28-də ikinci respublika – Azərbaycan Sovet
Sosialist Respublikası yaradıldı. İki il
ərzində öz müstəqilliyini qoruyub saxlamağa
nail olan respublika 1922-ci ildə SSRİ-nin
tərkibinə daxil olduqdan sonra öz
müstəqilliyinin ancaq formal atributlarını
saxlaya bilmişdi. Yalnız onu əvəz edən
dördüncü respublika müstəqillik ideyasını
yaşatmış və Azərbaycan bütün sərvətlərinin,
o cümlədən neftinin tam sahibi kimi çıxış
edə bilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə
dair sanballı əsərlər, hətta ikicildlik
ensiklopediya nəşr edilsə də, tariximizin bu
mərhələsi ilə bağlı çox sayda sənədlər hələ
xarici ölkələrin qapalı arxivlərində
saxlanılır və öz tədqiqatçılarını gözləyir.
Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizdə
milli dövlətçilik tarixində xüsusi yer
tutduğunu nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 90 illiyi respublikada geniş
qeyd edilsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi Azərbaycan Respublikasının
Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər
Akademiyası ilə birlikdə Azərbaycan Xalq
Cümhuriyyətinin 90 illik yubileyinə həsr
olunmuş tədbirlər planı hazırlayıb həyata
keçirsin.
3. Azərbaycan Respublikasının Milli
Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti
parlamentinin yaranmasının 90 illiyi
münasibətilə xüsusi iclasın keçirilməsi
tövsiyə olunsun.
4. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn
məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 fevral 2008-ci il
Xalq qəzeti.- 2008.- 16
fevral.- S. 1. |