|
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 85
illik yubileyi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2008-ci il may ayının
10-da müasir Azərbaycan dövlətçiliyinin
banisi Heydər Əliyevin 85 illiyi tamam olur.
Azərbaycan tarixinin
taleyüklü hadisələrlə dolu otuz ildən artıq
bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır.
Bu dövr ərzində Heydər Əliyev Azərbaycan
dövlətini və millətini zamanın ən çətin
sınaqlarından çıxararaq ölkənin
ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi
tərəqqisinə nail olmuş qüdrətli
şəxsiyyətdir.
1969-cu ildə Heydər
Əliyevin hakimiyyətə gəlişindən etibarən
respublikamızın həyatında geniş vüsət alan
ictimai-siyasi proseslər və iqtisadi
islahatlar müsbətə doğru radikal
dəyişikliklərə təkan vermişdir. Qısa
müddətdə iqtisadiyyat sahəsində nailiyyətlər
əldə olunmuş, mədəniyyətin yüksəlişi və
milli-mənəvi dəyərlərin dirçəlişi
istiqamətində mühüm addımlar atılmışdır. O
illərdə Heydər Əliyev idarəetmə fəlsəfəsinin
başlıca ideya istiqamətini milli özünüdərkin
güclənməsinə imkan verən sürətli inkişaf
strategiyası təşkil etmişdir.
Heydər Əliyev həmin
dövrdə özünün dövlət idarəçiliyi strateji
proqramında mədəni və mənəvi intibahı həmişə
iqtisadiyyatda və sənayedəki uğurlarla
əlaqələndirərək, vahid məcrada həyata
keçirmişdir. 1969-1982-ci illərdə
həyatımızın bütün sahələrində baş vermiş
köklü dəyişikliklər öz miqyasına görə
Azərbaycanın quruculuq salnaməsində ən
dolğun səhifələri təşkil edir. Ölkəmizin
müstəqilliyinin və dünya iqtisadiyyatına
dərin inteqrasiyası proseslərinin hazırkı
möhkəm təməli Heydər Əliyev tərəfindən həmin
illərdə yaradılmış potensiala əsaslanır.
Heydər Əliyevin
idarəçilik istedadı, tükənməz enerjisi və
misilsiz işgüzarlığı 1982-ci ildən SSRİ-nin
dövlət başçılarından biri kimi fəaliyyət
göstərdiyi və irimiqyaslı layihələrə
rəhbərlik etdiyi vaxtlarda özünü xüsusilə
parlaq surətdə təzahür etdirmişdir. Həmin
dövrdə Heydər Əliyev fenomeni ümumittifaq
miqyasında etiraf olunurdu. O, ölkədə baş
verən ən ekstremal vəziyyətlərin aradan
qaldırılmasının bilavasitə iştirakçısı
olması sayəsində dövlətin ən nüfuzlu siyasi
xadimlərindən birinə çevrilmişdi.
Qanlı Yanvar faciəsi ilə
bağlı Heydər Əliyev tərəfindən verilən
kəskin bəyanat artıq Azərbaycan tarixində
yeni siyasi dövrün başlanmasını bildirirdi.
O, kommunist partiyası sıralarından
çıxmasına dair ərizəsində kommunist
rejiminin ölkəni uçuruma apardığını,
SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan
etmişdi.
Heydər Əliyevin
Azərbaycan parlamentindəki çıxışları,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri olarkən qəbul etdiyi qərarlar və
Naxçıvan Ali Məclisinin binası üzərində
üçrəngli bayrağımızı ucaltması suverenliyin
qazanılması istiqamətində atılmış ilk
addımlardandır.
Azərbaycan dövlət
müstəqilliyini bərpa etdikdən az sonra,
xarici təzyiqlər və daxili çəkişmələr
nəticəsində 1993-cü ilin iyununda vətəndaş
qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda
xalqımız öz taleyini yalnız Heydər Əliyevə
etibar etmişdir. Onun təkidli istəyi ilə
hakimiyyətə qayıdan Heydər Əliyev siyasi
təcrübəsi, uzaqgörənliyi və sarsılmaz
iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi
təhlükəsindən və ictimai-siyasi
pərakəndəlikdən qurtarmış, qanunçuluğu bərpa
etmiş və cəmiyyəti vahid məfkurə ətrafında
birləşdirmişdir. Heydər Əliyevin hakimiyyətə
gəlişi ilə milli birliyin təmin edildiyi
günü xalq özünün əsl xilaskarı şərəfinə
Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş
günü kimi yazmışdır.
Ölkəmizdə müstəqil
dövlət təsisatlarının yaradılması,
beynəlxalq normalara əsaslanan demokratik,
hüquqi dövlət quruculuğunun böyük vüsət
alması, suveren Azərbaycanın əsas qanunu
olan Konstitusiyanın qəbul edilməsi,
vətəndaş cəmiyyətinin formalaşdırılması,
milli təhlükəsizliyin təmin olunması və yeni
iqtisadi kursun müəyyənləşdirilməsi ilə
bağlı proseslərin müvəffəqiyyətli həlli
şəxsən Heydər Əliyevin xidmətləridir.
1994-cü ildə Heydər Əliyevin neft
strategiyasının reallaşdırılmasını təmin
edən “Əsrin müqaviləsi”nin imzalanması
Azərbaycan xalqının öz maddi sərvətlərinin,
o cümlədən neftinin həqiqi sahibi kimi çıxış
etməsinin təntənəsinə çevrilmişdir. Bu
müqavilə ölkəmizin tarixində yeni dövr
açmış, dinamik inkişafın təməlini təşkil
edərək müstəqilliyimizin iqtisadi
bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın
bu gün dünyada analoqu olmayan templə
davamlı inkişafı üçün zəmin yaratmışdır.
Hazırda Heydər Əliyevin adını daşıyan
Bakı-Tbilisi-Ceyhan neft kəməri xalqımızın
ümummilli liderinin ideyalarının
gerçəkləşməsinin parlaq təcəssümüdür.
Müstəqil dövlətçiliyimizin Heydər Əliyev
tərəfindən formalaşdırılan mənəvi-ideoloji
əsası dünya azərbaycanlılarının
həmrəyliyinin möhkəmləndirilməsində
həlledici rol oynamışdır. Azərbaycan
ziyalısını son əsrlərdə ciddi düşündürən
milli dirçəliş problemləri bütöv şəkildə
Heydər Əliyevin fəaliyyəti sayəsində
strateji dövlət siyasətinə, əməli siyasi
müstəviyə keçmiş və nəticədə azərbaycançılıq
məfkurəsi şüurlara hakim kəsilmişdir. İki
əsrin və iki minilliyin qovuşuğunda xalqımız
məhz onun sayəsində milli-mənəvi dəyərləri
layiqincə qoruyaraq, üçüncü minilliyə inamla
qədəm qoymuşdur. Heydər Əliyevin adı bu gün
bölgədə və dünyada layiqli mövqe qazanmış
Azərbaycan dövlətinin rəmzi kimi səslənir.
2003-cü il dekabrın 12-də əbədiyyətə
qovuşmuş Heydər Əliyevi son mənzilə yola
salmağa yüz minlərlə soydaşımız gəlmişdi.
Vida mərasimində ardı-arası kəsilməyən həmin
insan seli isə on il əvvəl - 1993-cü ildə
Vətən darda ikən millətin nicat yolunu
Heydər Əliyevin simasında görənlərin
birliyindən yaranmışdı. Bu möhtəşəm izdihamı
ilə xalq ən kədərli günündə həmrəylik
nümayiş etdirməklə Heydər Əliyevin ruhu
qarşısında mənəvi borcunu ödəyir, Heydər
Əliyev ideyalarına sonsuz sədaqətini ifadə
edirdi.
Çoxəsrlik dövlətçiliyimiz tarixində xüsusi
yeri olan Heydər Əliyevin fəaliyyəti öz
əhəmiyyəti etibarilə Azərbaycanın
hüdudlarından çox-çox kənara çıxır.
Beynəlxalq aləmdə cərəyan edən proseslərə
təsiri baxımından həmişə seçilən və qlobal
dünyanın ən aktual çağırışlarına cavab verən
Azərbaycan rəhbəri zəmanəmizin tanınmış
siyasi xadimləri sırasında şərəfli yer
tutmuşdur.
Özünün
zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin
hərtərəfli inkişafı prosesinə qüvvətli təkan
verərək, onu daimi yüksəliş yoluna çıxaran
Heydər Əliyevin Azərbaycan xalqı və dövləti
qarşısında misilsiz tarixi xidmətlərini, o
cümlədən xalqımızın müstəqillik arzusunun
həyata keçməsində, milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsində və müasir
Azərbaycan dövlətinin yaşadılmasında
müstəsna rolunu nəzərə alaraq
qərara
alıram:
1.
Azərbaycan Respublikasında Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 85
illik yubileyi dövlət səviyyəsində geniş
qeyd edilsin.
2.
Azərbaycan Respublikası Prezidentinin İcra
Aparatı və Azərbaycan Respublikasının
Nazirlər Kabineti aidiyyəti qurumlarla
birlikdə Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin 85 illik yubileyinin
keçirilməsi ilə bağlı tədbirlər planını
hazırlayıb həyata keçirsin.
3.
Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev, Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 11 mart
2008-ci il
Azərbaycan.- 2008.- 12
mart.- S. 1. |