|
AZƏRBAYCANDA KİNO
SƏNƏTİNİN İNKİŞAF ETDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
Azərbaycanda kino sənəti bir əsrdən artıq
dövr ərzində əlamətdar hadisələrlə zəngin
özünəməxsus inkişaf yolu keçmiş və
xalqımızın mədəni-mənəvi həyatında mühüm rol
oynamışdır. Ölkəmizdə onun yaranma tarixi
XIX əsrdən etibarən cərəyan edən maarifçilik
hərəkatının, dünyəvi teatrın və mətbuatın
inkişafı ilə sıx bağlıdır. Neftin sənaye
üsulu ilə hasilatına başlanması nəticəsində
Bakının iqtisadi dirçəlişi milli
mədəniyyətin bir çox sahələri ilə yanaşı,
kino sənətinin də meydana çıxması üçün
əlverişli zəmin yaratmışdır. Burada artıq
1898-ci ildən etibarən xarici filmlər
göstərilməyə başlanmış, həmin il avqustun 2-də
isə neft Bakısından bəhs edən birinci
xronikal kinosüjetlər nümayiş etdirilmişdir.
XX əsrin ilk onilliklərindəki Azərbaycan
kinosu xalq adət-ənənələri və məişətinin
dolğun təsvir olunduğu "Neft və milyonlar
səltənətində", "Arşın mal alan" kimi ilk
bədii filmlərlə xüsusən yadda qalmışdır.
1920-ci illərdə Azərbaycan Foto-Kino
İdarəsinin təsis edilməsi, birinci dövlət
kinofabrikinin açılması, aktyor və rejissor
studiyalarının təşkili, sənədli və elmi-kütləvi
filmlərin istehsalı milli kino sənətinin
formalaşmağa başlamasının bariz nümunəsi
sayıla bilər. Sonrakı illərdə cizgi
kinosunun əsasının qoyulması, respublikada
ilk səsli filmin ekranlara buraxılması və
filmlərin Azərbaycan dilində səsləndirilməsi,
yeni uğurlu kino əsərlərinin yaradılması
Azərbaycan kinosunun təşəkkül tapdığını
göstərir. Bu dövrdə Azərbaycan
kinostudiyasında çəkilən bir sıra filmlər
xarici ölkələrdə də rəğbətlə qarşılanmışdır.
1945-ci ildə ikinci dəfə ekranlaşdırılan "Arşın
mal alan" filmi ayrı-ayrı dillərə dublyaj
olunaraq, dünyanın müxtəlif guşələrində
böyük müvəffəqiyyətlə nümayiş etdirilmişdir.
Sovetlər İttifaqında kino sənətindən
həmçinin dövlət ideologiyasının təbliğat
maşını kimi istifadə edilsə də, Azərbaycanda
kino yaradıcılığı işi həmin dövrdə təşkil
olunmuşdur. Azərbaycan kinematoqrafiyası
məhz o illərdə sistemli fəaliyyəti sayəsində
getdikcə öz imkanlarını artıraraq, ciddi
sənət nailiyyətləri qazanmışdır. Kinomuzun
yeni inkişaf mərhələləri yaşadığı bu dövrdə
ssenarist, rejissor, operator, rəssam
kadrlarının bir neçə nəsli yetişmiş və milli
özünəməxsusluğu ilə seçilən koloritli,
parlaq ekran əsərləri yaradılmışdır.
Azərbaycan kinosu tarixinin əsl yetkinlik
dövrü sayılan 1960-1980-ci illərdə isə kino
salnaməmizin unudulmaz səhifələrini təşkil
edən və artıq mədəniyyətimizin qızıl fonduna
daxil olan tarixi filmlər, ölməz
"Kitabi-Dədə Qorqud" eposunun motivləri
əsasında "Dədə Qorqud" filmi yaradılmış,
digər görkəmli əsərlər ekranlaşdırılmış,
müasir mövzulu və sənətkarlıq baxımından
diqqətəlayiq filmlər çəkilmişdir.
1991-ci ildən etibarən dövlətin vahid kino
sistemi dağılmağa başlamış və Azərbaycan
kinematoqrafiyası bir sıra çətinliklərlə
qarşılaşmışdır. Keçid mərhələsindəki ciddi
problemlərə baxmayaraq, müstəqillik dövründə
Azərbaycan kinosu öz yaradıcılıq potensialı
sayəsində qısa vaxt ərzində müəyyən uğurlar
əldə etmişdir. Bununla yanaşı, milli kino
ənənələrinin qorunması və Azərbaycan
kinosunun dünya kinematoqrafiyasının tərkib
hissəsi olaraq, yeni şəraitdə fəaliyyət
göstərə bilməsi üçün bir sıra təxirəsalınmaz
tədbirlərin həyata keçirilməsinə zərurət
yaranmışdır.
Azərbaycan milli kinosunun respublikamızın
mədəni həyatındakı əhəmiyyətini və gələcək
inkişaf perspektivlərini nəzərə alaraq
qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyinə tapşırılsın ki:
1.1. "Azərbaycanfilm" kinostudiyasının
maddi-texniki bazasının müasir kino
texnikası tələblərinə uyğun texnoloji
avadanlıqla təchiz edilərək, əsaslı şəkildə
yenidən qurulması ilə bağlı təkliflərini bir
ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycanın kinoteatrlar şəbəkəsinin
yenidən qurulmasına, o cümlədən mövcud
kinoteatr binalarında təmir-bərpa işlərinin
aparılmasına dair təkliflərini bir ay
müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.3. Bakı şəhərinin "Nizami" kinoteatrında
müasir tələblərə cavab verən xidmət və
texniki şəraitin yaradılması ilə bağlı
təkliflərini bir ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.4. Azərbaycan Dövlət Film Fondunun yeni
binasının inşası ilə bağlı və XX əsr
Azərbaycan kinosunun tarixini əks etdirən
kinolentlərin lazımi şəraitdə mühafizəsinə
dair təkliflərini 2007-ci il 31 mart
tarixinə qədər Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə təqdim etsin;
1.5. xalqımızın tarixi və mədəni irsini
özündə əks etdirən filmlərin çəkilişinin
həyata keçirilməsini təmin etsin;
1.6. dünyanın aparıcı kino şirkətləri ilə
müştərək filmlərin istehsalı da nəzərə
alınmaqla, "Azərbaycan kinosu 2008-2018-ci
illərdə" Dövlət Proqramına dair təkliflərini
üç ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.7. Azərbaycanda xarici ölkələrin istehsalı
olan filmlərin dublyaj qaydalarına dair
təkliflərini bir ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.8. Azərbaycan Respublikasının kinematoqrafiya sahəsində normativ hüquqi
bazasının təkmilləşdirilməsi haqqında
təkliflərini üç ay müddətində Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim
etsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi və Azərbaycan
Respublikasının Təhsil Nazirliyinin
təklifləri əsasında kinematoqrafiya üzrə
yüksək peşəkarlığa malik yerli kadrların
ölkədə və ölkə xaricində hazırlanmasına dair
müvafiq proqram layihəsini bir ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər
məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 23 fevral 2007-ci il.
|