|
“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Müasir texnoloji inkişaf mərhələsində Azərbaycan
Respublikası vətəndaşlarının, əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin ölkədən
getməsi və ölkəyə gəlməsi, onların yaşayış
yeri və olduğu yer üzrə qeydiyyatı sahəsində
göstərilən xidmətlərin təkmilləşdirilməsi
üçün elektron informasiya resurslarının
formalaşdırılması, uzlaşdırılması və inkişaf
etdirilməsi zəruridir.
Bu sahədə aidiyyəti dövlət orqanlarının
səmərəli fəaliyyətinin təşkil edilməsi,
onların informasiya təminatı, sənədləşmə,
yoxlama, sorğu və təhlil işlərinin
avtomatlaşdırılması prosesinin, qarşılıqlı
informasiya mübadiləsinin və informasiya
təhlükəsizliyinin təmin edilməsi,
“Giriş-çıxış və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin təşkilati-hüquqi əsaslarının
müəyyən edilməsi məqsədi ilə qərara alıram:
1."Giriş-çıxış" avtomatlaşdırılmış
məlumat-axtarış sistemi" “Giriş-çıxış və
qeydiyyat” idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi" adlandırılsın.
2. “Giriş-çıxış və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sistemi
haqqında əsasnamə təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın ki, iki ay
müddətində:
3.1."Giriş-çıxış və qeydiyyat" idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin istismarını təmin edən normativ
hüquqi aktları təsdiq etsin;
3.2."Giriş-çıxış və qeydiyyat" idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sistemi
daxilində dövlət orqanlarının informasiya
resurslarından istifadəyə buraxılış
dərəcəsini müəyyən etsin;
3.3. qüvvədə olan qanunvericilik aktlarının
bu fərmana uyğunlaşdırılması barədə
təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
3.4. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu fərmana uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
3.5. öz səlahiyyətləri daxilində bu
fərmandan irəli gələn digər məsələləri həll
etsin.
4. Bu fərman dərc edildiyi gündən qüvvəyə
minir.
İlham Əliyev, Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 22 aprel 2008-ci il
Xalq qəzeti.- 2008.-
23 aprel.- S. 1. |