|
Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Azərbaycan Geologiya Muzeyinin fəaliyyətinin
yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Ölkəmizin ərazisinin
zəngin geoloji inkişaf tarixinin tədqiqi,
mineral xammal mənbələri və yeraltı
sərvətlərinin, habelə geologiya elminin
müxtəlif sahələrində qazanılan
nailiyyətlərin nümayiş etdirilməsi işində
Azərbaycan Respublikası Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin Azərbaycan Geologiya
Muzeyinin böyük rolu vardır. 1969-cu ildə
yaradılmış bu muzey respublikada aparılan
geoloji kəşfiyyat işlərinin nəticələrinin
geniş miqyasda tanıdılması istiqamətində
mühüm xidmətlər göstərmişdir.
Azərbaycan
Respublikasının təbii ehtiyatlarının
öyrənilməsi və onların təbliğinin daha da
gücləndirilməsi ilə yanaşı, indiyədək
toplanmış eksponatların qorunub saxlanması
və gələcək nəsillərə çatdırılması zərurətini
nəzərə alaraq, Azərbaycan Geologiya
Muzeyinin maddi-texniki bazasının
möhkəmləndirilməsi və fəaliyyətinin müasir
standartlara uyğun qurulmasının təmin
olunması məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Azərbaycan Geologiya Muzeyinin
inzibati binasının təmiri və muzeydə
mühafizə olunan eksponatların restavrasiyası
üçün Azərbaycan Respublikasının 2008-ci il
dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin
Ehtiyat Fondundan 1 (bir) milyon manat
məbləğində vəsait ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
nəzərdə tutulan vəsaitin Ekologiya və Təbii
Sərvətlər Nazirliyinə ayrılmasını təmin
etsin.
3. Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə tapşırılsın ki, bu sərəncamın
1-ci bəndində nəzərdə tutulan işlərin yerinə
yetirilməsini təmin etsin.
4. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn məsələləri həll
etsin.
5. Bu sərəncam
imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 may 2008-ci il
Azərbaycan.- 2008.- 22
may.- S. 1. |