|
"AZƏRBAYCAN
KURORTLARI" DÖVLƏT PROQRAMI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
Azərbaycanda qədim dövrlərdən müalicə-profilaktik
məqsədlərlə təbiətin şəfaverici amilləri
olan mədən sularından, müxtəlif növ neft və
vulkanik palçıqlardan geniş istifadə
edilmişdir. Ölkəmiz əsrlər boyu tarixi İpək
Yolu vasitəsilə nadir dərman kimi ixrac
edilən müalicəvi nefti ilə məşhur olmuşdur.
XIX əsrdən etibarən Azərbaycanın müxtəlif
guşələrində müalicə əhəmiyyətli təbii
resursların elmi tədqiqinə başlanmışdır.
Aparılan araşdırmaların nəticələri
Azərbaycanı kurortlar diyarı adlandırmaq
imkanı vermişdir.
Azərbaycanda kurortlar şəbəkəsinin
mütəşəkkil təşkili XX əsrdən etibarən həyata
keçirilmişdir. Əlverişli iqlim şəraiti,
müxtəlif mineral sular, müalicəvi palçıq və
neft ehtiyatlarından asılı olaraq,
respublikamızın ayrı-ayrı iqlim zonalarında
yerləşən zəngin müalicəvi əhəmiyyətə malik
təbii kurortların təsnifatı müəyyənləşmiş və
bununla bağlı müvafiq infrastruktur
yaradılmışdır. 1936-cı ildə Kurortologiya və
Fizioterapiya İnstitutunun təşkili ilə təbii
kurortların elmi cəhətdən tədqiqində yeni
mərhələ başlamışdır.
XX əsrin ikinci yarısında Azərbaycanda artıq
formalaşmış kurortlar şəbəkəsi mövcud idi.
Həmin dövrdə yaradılan sanatoriya, pansionat
və istirahət evləri sistemi Azərbaycanın,
demək olar ki, bütün ərazisini əhatə edirdi.
Kurort-müalicə imkanları çox geniş olan
Naxçıvan Muxtar Respublikası, Abşeron
yarımadası, Gəncə-Hacıkənd-Göygöl, Şəki-Zaqatala,
Şuşa-Turşsu, Quba-Xaçmaz-Nabran, Lənkəran-Astara
və digər regionlarda müalicə və istirahətin
təşkili üçün lazımi şərait yaradılmışdı.
Azərbaycan kurortlarının inkişafına 1970-ci
ildən başlayaraq xüsusi diqqət yetirilmişdir.
Məhz həmin ildə SSRİ hökumətinin qərarı ilə
Abşeron yarımadası, Naftalan və İstisu
kurortları ümumittifaq əhəmiyyətli kurortlar
siyahısına daxil edilmişdir. 1980-ci illərdə
isə hökumətin xüsusi qərarına əsasən,
Azərbaycanın kurortlar şəbəkəsinin
genişləndirilməsi, o cümlədən Xaçmaz-Nabran
zonasında irimiqyaslı layihələrin
gerçəkləşdirilməsi nəzərdə tutulsa da,
cərəyan etməyə başlayan mürəkkəb siyasi
proseslər bu planın həyata keçirilməsinə
imkan verməmişdir.
1990-cı illərin iqtisadi və sosial böhranı
kurort zonalarının inkişafına olduqca mənfi
təsir göstərmişdir. Sanatoriya və istirahət
evlərinin bir qismi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni
silahlı birləşmələri tərəfindən işğal olunan
ərazilərdə qalmış, bir qismi isə məcburi
köçkün və qaçqınların yerləşdirilməsi üçün
istifadə edilmişdir. Hazırda regionların
inkişafı proqramı çərçivəsində ayrı-ayrı
bölgələrdə kurortların dirçəldilməsi
istiqamətində müəyyən tədbirlərin həyata
keçirilməsinə baxmayaraq, aparılan işlərin
səviyyəsi müasir tələblərə cavab vermir.
Azərbaycanın zəngin təbii müalicə
ehtiyatlarının əhalinin sağlamlığının
qorunmasında böyük əhəmiyyətini nəzərə
alaraq qərara alıram:
1. Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyi və Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan
Respublikasının Həmkarlar İttifaqları
Konfederasiyasının təklifləri nəzərə
alınmaqla "Azərbaycan kurortları" Dövlət
Proqramının layihəsini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.
2. Bu Sərəncamın 1-ci bəndində qeyd olunan
Proqram layihəsinin hazırlanması zamanı
tabeçilik və mülkiyyət formasından asılı
olmayaraq, Azərbaycan kurortlarının
inkişafına yerli sərmayə ilə yanaşı, xarici
sərmayələrin cəlb olunması, həmçinin belə
ərazilərdə Azərbaycan və xarici ölkə
vətəndaşlarının müalicəsi və istirahəti üçün
müasir standartlara cavab verən
infrastrukturun formalaşdırılması məsələləri
və 2007-2017-ci illərdə müalicə-istirahət
ocaqlarının mərhələli inkişaf
strategiyasının nəzərə alınması təmin
edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 27 fevral 2007-ci il.
|