|
Arif Məlikovun 75 illik yubileyinin
keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
sərəncamı
2008-ci ilin sentyabr ayında görkəmli
Azərbaycan bəstəkarı, SSRİ xalq artisti,
Azərbaycan Dövlət mükafatı laureatı Arif
Cahangir oğlu Məlikovun anadan olmasının 75
ili tamam olur.
Arif Məlikovun yaradıcılığı müasir
Azərbaycan musiqi mədəniyyətinin parlaq
səhifələrindəndir. Onun balet və
simfoniyaları, kinofilmlərə və dram
tamaşalarına musiqiləri, habelə müxtəlif
janrlarda yaratdığı digər əsərləri milli
musiqi xəzinəmizin ayrılmaz hissəsini təşkil
edir.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında
xüsusi xidmətlər göstərən Arif Məlikovun 75
illik yubileyinin layiqincə keçirilməsini
təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi Azərbaycan Respublikasının
Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər
Akademiyası ilə birlikdə Arif Məlikovun 75
illik yubileyinə həsr olunmuş tədbirlər
planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 24 iyun 2008-ci il. |