|
AZƏRBAYCANDA MUZEY
İŞİNİN YAXŞILAŞDIRILMASI HAQQINDA AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Xalqımızın ən qədim zamanlardan müasir
dövrədək tarixini və mədəniyyətinin inkişaf
yolunu əks etdirən Azərbaycan muzeyləri
ölkəmizdə zəngin mədəni irsin qorunması və
təbliğ olunması işində mühüm rol oynayır. Bu
gün muzeylərimiz nadir sənət incilərinin və
milli sərvətlərin nümayiş etdirildiyi geniş
bir şəbəkəyə malik olub respublikamızın
bütün bölgələrini əhatə edir.
Ölkəmizdə muzey işi qədim dövrlərdən
başlayaraq özünəməxsus yol keçmişdir.
Azərbaycan hökmdarlarının saraylarında,
məbədlərdə, həmçinin digər tikililərdə
mədəniyyət tariximizin ən müxtəlif
dövrlərinə aid qiymətli əşyalar və sənət
nümunələri mühafizə edilmişdir. Tarixi və
bədii əhəmiyyət daşıyan eksponatların mühüm
bir qismi sonrakı dövrlərdə əsas etibarilə
şəxsi kolleksiyalarda toplanmışdır. Eyni
zamanda, tarixən regionda baş vermiş
geosiyasi hadisələr nəticəsində Azərbaycan
mədəniyyətinin, elminin, incəsənətinin
unikal nümunələri yüksək estetik dəyərə
malik əsl sənət möcüzələri kimi dünyanın ən
məşhur muzeylərinin daimi eksponatları
sırasında yer almışdır.
XIX əsrin ikinci yarısından etibarən
Azərbaycanın ictimai-siyasi, mədəni fikir
həyatında sürətlə cərəyan edən proseslər öz
növbəsində muzey işinin təşkilinə təkan
vermiş və ölkəmizdə müasir tipli muzeylərin
yaradılmasına başlanmışdır. İlk belə
muzeylərdən biri görkəmli maarifpərvər
yazıçı Cəlil Məmmədquluzadənin təşəbbüsü və
yaxından iştirakı ilə XIX əsrin sonlarında
təşkil olunmuşdur.
Azərbaycanda dövlət səviyyəsində 1919-cu
ildə təməli qoyulmuş ilk milli muzey 1920-ci
ildən Azərbaycan Dövlət Muzeyi kimi
fəaliyyət göstərmişdir. Maddi mədəniyyət
nümunələrinin, müxtəlif nadir əlyazma və
sənət əsərlərinin toplandığı bu muzeyin
müvafiq şöbələri əsasında 1930-cu illərdə
artıq bir neçə muzey yaradılmışdır.
Sonrakı illər ərzində Azərbaycanda yeni
muzeylər fəaliyyətə başlamışdır. Bu
muzeylərdə davamlı olaraq ekspozisiyalar
yaradılmış, mövcud ekspozisiya və fondlar
isə zənginləşdirilmişdir. Ötən əsrin 70-ci
illərindən etibarən respublikada muzey
şəbəkəsinin inkişafı daha intensiv şəkil
almış və yüzdən artıq muzey yaradılmışdır.
Ölkəmizdə tarix-diyarşünaslıq muzeyləri,
görkəmli tarixi şəxsiyyətlərin, ədəbiyyat və
incəsənət xadimlərinin ev muzeyləri, xatirə
muzeyləri təşkil edilmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi respublikamızda muzeylərin
inkişafına ağır zərbə vurmuşdur. Erməni
silahlı birləşmələri tərəfindən işğala məruz
qalan ərazilərimizdəki tarix-memarlıq
abidələri, xatirə-memorial komplekslər və
muzey-qoruqlar dağıdılmış, muzey fondlarında
mühafizə olunan qiymətli eksponatlar və
sənət yadigarları bütünlüklə qarət
edilmişdir.
Son illər sürətli yüksəliş dövrü yaşayan
ölkəmizdə milli mədəni sərvətlərin qorunması
və gələcək nəsillərə çatdırılması işinə
lazımi diqqət göstərilir. Respublikanın
artan iqtisadi potensialı əsasında yüksək
inkişaf tempinə uyğun olaraq, mədəniyyət
sahəsində ardıcıl mühüm işlər aparılır, bir
sıra mədəniyyət ocaqları yaradılır, mövcud
mərkəzlər üçün isə yeni binalar inşa olunur.
Azərbaycanda bu gün muzey işinin inkişaf
etdirilməsi istiqamətində lazımi tədbirlər
görülür. Hazırda Azərbaycan Tarixi və
Azərbaycan Ədəbiyyatı muzeylərində əsaslı
yenidənqurma və təmir-bərpa işləri aparılır.
Regionlarımızda muzeylər şəbəkəsinin
inkişafında nəzərəçarpan irəliləyiş əldə
olunmuşdur. Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan Respublikasının
paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin
yaradılması və İstiqlal abidəsinin
ucaldılması haqqında" 2006-cı il 18 dekabr
və "Müasir İncəsənət Muzeyinin yaradılması
haqqında" 2006-cı il 19 dekabr tarixli
sərəncamları muzey işinə dövlət qayğısının
aydın təzahürüdür.
Bununla yanaşı, ölkə muzeylərinin mövcud
vəziyyəti bu sahədə təxirəsalınmaz əlavə
tədbirlərin həyata keçirilməsi zərurəti
doğurmuşdur. Bir çox muzeylərin yerləşdiyi
Muzey Mərkəzinin hazırkı mənzərəsi onun son
dərəcə ciddi təmirə ehtiyacı olduğunu
göstərir. Qırx il əvvəl dünyada ilk dəfə
olaraq Bakıda yaradılan, unikal
eksponatlarla zəngin Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi müasir
beynəlxalq standartlara cavab vermir.
Azərbaycanda muzey işinin
yaxşılaşdırılmasının ölkəmizin mənəvi
həyatının inkişafı baxımından əhəmiyyətini
və perspektivlərini nəzərə alaraq, elmi və
mədəni sərvətlərdən hərtərəfli istifadə
imkanlarını genişləndirmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti
ilə birlikdə Azərbaycan Xalçası və Xalq
Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni
binasının tikilməsi üçün Bakı şəhərində
müvafiq sahənin ayrılması və tikinti-quraşdırma
işlərinin aparılması ilə bağlı təkliflərini
bir ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi yerli icra hakimiyyəti
orqanları ilə birlikdə Azərbaycanın
regionlarında fəaliyyət göstərən muzeylərin
müasir standartlara uyğun təmirinə, yeni
avadanlıq və zəruri eksponatlarla
təchizatına dair xüsusi tədbirlər planı
hazırlayıb üç ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyinə tapşırılsın ki:
3.1. Muzey Mərkəzinin təmiri və yenidən
qurulması ilə bağlı təkliflərini iki ay
müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Dövlət İncəsənət Muzeyinin
əsaslı təmirindən sonra həmin muzeydə,
Azərbaycan Rəssamlar İttifaqının rəyi nəzərə
alınmaqla, yeni ekspozisiyaların yaradılması
ilə bağlı təkliflərini 2007-ci ilin sentyabr
ayına qədər Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
3.3. Azərbaycanda muzeylərin fəaliyyətinin
muzey işinin müasir prinsipləri əsasında
dünya standartlarına müvafiq olaraq yenidən
qurulmasını və muzey ekspozisiyalarının
azərbaycançılıq məfkurəsinə
uyğunlaşdırılmasını təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 6 mart 2007-ci il.
|