"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  H.Ə.Əliyev

AZƏRBAYCAN RESPUBLİKASINDAKI MONUMENTAL HEYKƏLTƏRAŞLIQ ABİDƏLƏRİ, XATİRƏ-MEMORİAL VƏ MEMARLIQ KOMPLEKSLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI


Ölkəmizin müxtəlif guşələrində ucaldılan monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri bu gün artıq şəhər və kəndlərimizin görkəminin ayrılmaz hissəsinə çevrilmişdir. Yüksək estetik dəyərə malik olan, milli-mədəni irsə və tarixi keçmişə dərin ehtiram duyğusu oyadan bu əsərlər Azərbaycan heykəltəraşlıq və memarlıq sənətinin gözəl nümunələridir.

 

Azərbaycanda ilk elementləri Qobustan qaya təsvirlərində öz əksini tapmış heykəltəraşlığın qədim tarixi vardır. Ayrı-ayrı dövrlərdə milli heykəltəraşlıq və memarlıq komplekslərinin qiymətli inciləri yaradılmışdır. Öz dəst-xətti, zəngin bədii ənənələri ilə seçilən Azərbaycan heykəltəraşlığının müasir siması ötən əsrin 20-ci illərindən etibarən formalaşmış və sürətli inkişaf yolu keçmişdir. Bu müddət ərzində şəhər və park heykəltəraşlığının diqqətəlayiq abidələri, mühüm ictimai hadisələrin və tanınmış şəxsiyyətlərin şərəfinə bir sıra monumentlər ucaldılmışdır. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, Səməd Vurğun və digər sənətkarların milli heykəltəraşlıq xəzinəsini zənginləşdirən möhtəşəm abidələri Bakının memarlıq mənzərəsini ahəngdar şəkildə tamamlamış və ona xüsusi görkəm vermişdir.

 

Öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Respublikamızın hər bir bölgəsində şəhidlərin xatirəsinə abidə-komplekslər ucaldılmışdır.

 

Monumental heykəltəraşlıq xəzinəmizin qızıl fonduna daxil olmuş bütün bu abidələr, xatirə-memorial və memarlıq kompleksləri öz plastik forma rəngarəngliyi, koloriti və estetik təsir gücü ilə səciyyələnir. Həmin əsərlər insanların tarixi-mənəvi dəyərlərə hörmət və məhəbbət ruhunda tərbiyə olunmasında, onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsində böyük əhəmiyyət kəsb edir.

 

Bununla yanaşı, azərbaycançılıq məfkurəsinə keçid istiqamətində bu sahədə görülən işlərin hazırkı səviyyəsi qənaətbəxş sayıla bilməz. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dədə Qorqud heykəli və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müxtəlif müsabiqələr keçirilməsinə baxmayaraq, heykəltəraşlıq və rəssamlığımızda xalqımızın mənəvi-estetik dəyərlərinə uyğun Dədə Qorqud obrazının təsviri hələ də öz əksini tapmamışdır.

 

Vahid kompleks olaraq mənzərəsi mərhələ-mərhələ formalaşmış Şəhidlər xiyabanının ümumi görkəminin memarlıq baxımından yenidən işlənməsinə ciddi ehtiyac duyulur. Əsasən, XX əsrdə ucaldılmış və görünüşü bir sıra hallarda ənənəvi memarlıq üslubu ilə həmahəng olmayan abidələrin, xatirə komplekslərinin azərbaycançılıq fəlsəfəsinin meyarlarına uyğunlaşdırılması zərurəti meydana çıxmışdır. Həmçinin zaman keçdikcə müxtəlif təbii proseslərin təsiri abidələrə diqqət göstərilməsini və qayğı ilə yanaşılmasını tələb edir.

 

Azərbaycanda monumental heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ümumi bədii-estetik görkəminin milli-mənəvi dəyərlərə uyğunlaşdırılmasını, habelə yerləşdikləri ərazilərin abadlaşdırılmasını təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Bakı Şəhər İcra Hakimiyyəti aidiyyəti qurumlarla birlikdə Şəhidlər xiyabanı xatirə-memarlıq kompleksinin yeni layihəsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi:

 

2.1. Bakı Şəhər İcra Hakimiyyəti və digər yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərində, digər şəhər və kəndlərdə ucaldılmış monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılması üçün müvafiq tədbirləri həyata keçirərək, görülən işlər haqqında hesabatı və bu istiqamətdə gələcək fəaliyyət proqramının layihəsini 2007-ci ilin 1 sentyabr tarixinə qədər Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

2.2. Azərbaycan Dövlət İncəsənət Muzeyi nəzdində açıq səma altında heykəl və abidələrin kiçik formalarından ibarət xüsusi park-muzeyin yaradılmasını təmin etsin;

 

2.3. yerli icra hakimiyyəti orqanları ilə birlikdə respublikanın park, bağ və digər istirahət zonalarındakı abidə, büst, barelyef və digər heykəltəraşlıq və xatirə-memorial əsərlərinin vəziyyətini araşdırıb müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

2.4. Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə müvafiq yaradıcılıq ittifaqlarının təklifləri əsasında azərbaycançılıq məfkurəsinin tələblərinə uyğun ucaldılması zəruri sayılan abidələr və komplekslərlə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

3.1. Azərbaycan Respublikası Prezidentinin "Dədə Qorqud heykəli və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında" Fərmanının icrasını təmin etmək üçün müvafiq tədbirlər görsün;

 

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 2 aprel 2007-ci il.

 
National Library of Azerbaijan © All Rights Reserved