|
AZƏRBAYCANDA
KİTABXANALARIN FƏALİYYƏTİNİN
YAXŞILAŞDIRILMASI HAQQINDA AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan kitabxanaları Azərbaycan xalqının
milli sərvətidir. Xalqımızın yaratdığı
qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi
irsin toplanıb saxlanmasında, bəşər
mədəniyyətinin qazandığı nailiyyətlərin
nəsildən-nəslə çatdırılmasında və
cəmiyyətimizin intellektual-mənəvi
potensialının artırılmasında
kitabxanalarımız əvəzsiz rol oynayır.
Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz
yüksək kitab mədəniyyəti ilə seçilmiş və
zəngin kitabxanaları ilə tanınmışdır.
Azərbaycanın müxtəlif kitabxanalarında
saxlanılan və xalqımızın ədəbi-estetik, elmi-mədəni
fikir dünyasını əks etdirən çox sayda
əlyazma XIX əsrin əvvəllərindən regionda
cərəyan edən hadisələr nəticəsində ölkə
xaricinə aparılmış və bu gün də dünya
kitabxanalarında Şərq fondlarının əsasını
təşkil edərək mühafizə olunur.
XIX əsrdə Azərbaycanda maarifçilik
hərəkatının güclənməsi, neft sənayesinin
görünməmiş yüksəlişi və ictimai-siyasi
həyatda baş verən dəyişikliklər ölkəmizin
elm-mədəniyyət mərkəzi kimi tanınan
şəhərlərində kitabxanalar şəbəkəsinin
yaradılması və genişləndirilməsinə gətirib
çıxarmışdır.
XX əsrdə milli kitabxana mədəniyyəti
tarixinin yaddaqalan hadisələri baş vermiş
və respublikanın ən böyük kitab xəzinələri
yaradılmış, bütün bölgələri əhatə edən geniş
kitabxanalar şəbəkəsi qurulmuş və
mərkəzləşdirilmiş, kitabxanaların
maddi-texniki bazası möhkəmləndirilmiş və
Kitab palatası təşkil edilmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi nəticəsində erməni silahlı
dəstələri işğala məruz qoyduqları
ərazilərimizdə vandalizm aktı törətmiş,
illərlə fondlarında 4 milyondan artıq
kitabın mühafizə olunduğu 1000-ə yaxın
kitabxananı və kitabxana filiallarını
birləşdirən mərkəzləşdirilmiş kitabxana
sistemlərini bütünlüklə dağıtmışlar.
Bu gün geniş kitabxana-informasiya
şəbəkəsinə malik Azərbaycanda 12 mindən çox
müxtəlif tipli kitabxana mövcuddur. 1996-cı
ildə Azərbaycan hökuməti "Azərbaycan
Respublikasında kitabxana işinin vəziyyəti
və onu yaxşılaşdırmaq tədbirləri haqqında"
qərar qəbul etmişdir. 1999-cu ildə "Kitabxana
işi haqqında" Azərbaycan Respublikasının
Qanunu qüvvəyə minmişdir.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
dilində latın qrafikası ilə kütləvi
nəşrlərin həyata keçirilməsi haqqında"
2004-cü il 12 yanvar və "2005-2006-cı
illərdə Azərbaycan dilində latın qrafikası
ilə çapı nəzərdə tutulan əsərlərin
siyahısının təsdiq edilməsi haqqında"
2004-cü il 27 dekabr tarixli sərəncamlarına
əsasən, son üç il ərzində ümumi sayı doqquz
milyona yaxın ədəbiyyat nəşr olunmuş və ölkə
kitabxanalarına hədiyyə edilmişdir. Yeni
nəşrlər kitabxana fondlarını və onlardan
istifadə imkanlarını xeyli genişləndirməklə
yanaşı, həmin kitabların yerləşdirilməsi
baxımından çətinliklər yaratmışdır.
Müasir Azərbaycan cəmiyyətinin informasiya
təminatının həyata keçirilməsində ölkə
kitabxanalarının tutduğu mühüm yer
mədəniyyətin bu sahəsində informasiya
cəmiyyətinin tələblərinə uyğun olaraq,
müasir texnologiyaların tətbiqini zəruri
edir.
Kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılmasının ölkəmizin ictimai-mənəvi
həyatının daha da canlanmasına təsiri
baxımından böyük əhəmiyyətini və
Azərbaycanın informasiya cəmiyyətinə doğru
əhatəli inkişaf perspektivlərini nəzərə
alaraq, elmi-mədəni sərvətlərdən hərtərəfli
istifadə imkanlarının genişləndirilməsi və
eləcə də Azərbaycan kitabxanalarının dünya
informasiya məkanına daxil olmasının təmin
edilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi Azərbaycan Respublikasının
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi ilə birlikdə:
1.1. Azərbaycan Milli Kitabxanasının
modernləşdirilməsi, müasir informasiya
texnologiyaları ilə təmin edilməsi və
maddi-texniki bazasının möhkəmləndirilməsi
ilə bağlı tədbirlər planı hazırlayıb iki ay
müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. yerli icra hakimiyyəti orqanlarının
təkliflərini nəzərə alaraq, Azərbaycanın
regionlarında fəaliyyət göstərən
kitabxanaların təmirinə, maddi-texniki
bazasının möhkəmləndirilməsinə və müasir
informasiya daşıyıcılarına ehtiyacının
ödənilməsinə dair xüsusi tədbirlər planını
hazırlayıb iki ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.3. ölkənin iri kitabxanalarının elektron
kataloqu və elektron kitabxanasının müasir
standartlar səviyyəsinə qaldırılması və onun
bazasında "Azərbaycan ədəbiyyatının virtual
kitabxanası"nın oxucuların tam istifadəsinə
verilməsini təmin etsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi müvafiq qurumlarla birlikdə
"Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2008-2013-cü
illərdə inkişafı üzrə Dövlət Proqramı"nı
hazırlayıb üç ay müddətində Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim
etsin.
3. Azərbaycan Respublikasının Təhsil
Nazirliyi məktəb kitabxanalarının
maddi-texniki bazasının möhkəmləndirilməsinə
və müasir informasiya texnologiyaları ilə
təchizatına dair tədbirlər planını
hazırlayıb iki ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
4. Azərbaycan Milli Elmlər Akademiyası "Akademiya
şəhərciyi"nin ərazisində Azərbaycan Milli
Elmlər Akademiyasının Mərkəzi Kitabxanası
üçün yeni binanın tikilməsi ilə bağlı
təkliflərini bir ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
5. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 20 aprel 2007-ci il.
|