Azərbaycan Yazıçılar Birliyinin
yaradılmasının və
“Ədəbiyyat qəzeti”nin nəşrə
başlamasının 75 illik yubileyi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
2009-cu ildə
Azərbaycan Yazıçılar Birliyinin
yaradılmasının və bu təşkilatın
ədəbi orqanı “Ədəbiyyat
qəzeti”nin nəşrə başlamasının 75
illiyi tamam olur.
Azərbaycan Yazıçılar Birliyi
fəaliyyətə başladığı vaxtdan
etibarən müxtəlif sınaqlardan
keçərək milli ədəbiyyatın, ana
dilinin qorunub yaşadılmasında
böyük xidmətlər göstərmişdir.
Təşkilat bu illər ərzində həmişə
xalqımızın mədəniyyəti tarixini
və mənəvi sərvətlər xəzinəsini
bədii-estetik düşüncənin bir çox
qiymətli nümunələri ilə
zənginləşdirmək işində öz
vəzifəsini layiqincə yerinə
yetirmişdir.
Azərbaycan Yazıçılar Birliyinin
ədəbi orqanı kimi “Ədəbiyyat
qəzeti” söz sənəti
problemlərinə, klassik irsə və
aktual yaradıcılıq məsələlərinə
dair səhifələrində dərc etdiyi
yazılarla müasir ədəbi prosesə
töhfələr vermişdir.
Azərbaycanın mədəni həyatında
rolunu və ölkə ədəbi-ictimai
fikrinin inkişafında
əhəmiyyətini nəzərə alaraq,
Azərbaycan Yazıçılar Birliyinin
yaradılmasının və “Ədəbiyyat
qəzeti”nin nəşrə başlamasının 75
illik yubileyinin ölkə
miqyasında qeyd olunmasını təmin
etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Yazıçılar Birliyi ilə
bərabər Azərbaycan Yazıçılar
Birliyinin yaradılmasının və bu
təşkilatın ədəbi orqanı olan
“Ədəbiyyat qəzeti”nin nəşrə
başlamasının 75 illik yubileyinə
həsr edilmiş tədbirlər planı
hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll
etsin.
3. Bu Sərəncam imzalandığı
gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti.
Bakı şəhəri, 18 may 2009-cu il.