|
DÜNYA
ƏDƏBİYYATININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNİN
ƏSƏRLƏRİNİN AZƏRBAYCAN DİLİNDƏ NƏŞR EDİLMƏSİ
HAQQINDA
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
dilində latın rafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında" 2004-cü il 12
yanvar tarixli və "2005-2006-cı illərdə
Azərbaycan dilində latın qrafikası ilə çapı
nəzərdə tutulan əsərlərin siyahısının təsdiq
edilməsi haqqında" 2004-cü il 27 dekabr
tarixli sərəncamlarına uyğun olaraq
Azərbaycan və dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin əsərləri kütləvi tirajla
nəşr olunaraq ölkənin bütün kitabxana
şəbəkəsinə hədiyyə edilmişdir.
Hər iki sərəncam üzrə
Azərbaycan və dünya ədəbiyyatı, eləcə də
lüğət və ensiklopediyalar silsiləsindən
ümumi tirajı 9 milyondan artıq kitab
kitabxanalara göndərilərək oxucuların
ixtiyarına verilmişdir. Proses indi də davam
etməkdədir. Bu nəşrlər sayəsində gənc nəslin
latın qrafikası ilə çap olunmuş bədii və
elmi ədəbiyyata ehtiyacının ödənilməsi
istiqamətində mühüm işlər görülmüşdür. Lakin
həmin kitabların satışının nəzərdə
tutulmaması və kitab həvəskarlarının öz
şəxsi kitabxanalarını latın qrafikasında
nəfis şəkildə çap olunmuş ədəbiyyat
nümunələri ilə zənginləşdirmək tələbatı
onların ayrıca olaraq nəşri zərurətini
meydana çıxarmışdır.
Müasir
Azərbaycan oxucularının dünya ədəbiyyatına
olan mənəvi tələbatını təmin etmək məqsədi
ilə qərara alıram:
1.
Azərbaycan və dünya ədəbiyyatı
nümayəndələrinin əsərlərindən ibarət 150
cildlik "Dünya ədəbiyyatı kitabxanası" nəfis
tərtibatla nəşr edilsin.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin, Azərbaycan Respublikası Təhsil
Nazirliyinin, Azərbaycan Milli Elmlər
Akademiyasının və Azərbaycan Yazıçılar
Birliyinin tövsiyələrini nəzərə almaqla bu
sərəncamın 1-ci bəndində qeyd olunan "Dünya
ədəbiyyatı kitabxanası"nın nəşri ilə bağlı
təkliflərini bir ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
3.Bu
sərəncam imzalandığı gündən qüvvə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 avqust 2007-ci il |