"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  H.Ə.Əliyev


Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksinin bərpası ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı

Orta əsr Azərbaycan memarlığının qiymətli nümunələrindən biri sayılan, tikintisi XIV əsrin sonu–XV əsrin əvvəllərinə təsadüf edən “İmamzadə türbəsi” və onun ətrafında XVII-XVIII əsrlərdə inşa edilən məscid, sərdabə və digər türbələr əzəmətli dini-tarixi kompleks kimi bugünədək qorunub saxlanılmaqdadır. Bu müqəddəs məkan əsrlərdən bəri Azərbaycandan, eləcə də başqa ölkələrdən gəlmiş müsəlmanların ziyarətgahına çevrilmişdir. Şərqin qədim karvan-ticarət yolu üzərində olub, müxtəlif vaxtlarda dağıntılara məruz qalan “İmamzadə” kompleksi XIX əsrdə bərpa edilmişdir.

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” kompleksinin milli memarlıq ənənələrimizə uyğun şəkildə təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin. 

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 1 mart 2010-cu il.

 
National Library of Azerbaijan © All Rights Reserved