M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası

2006-cı ildə

2006-cı il M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası üçün çox əhəmiyyətli olmuşdur. Hesabat ilində Milli Kitabxananın fəaliyyətinin əsas istiqamətini kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə oxuculara kitabxana xidmətinin müasir tələblərə uyğun qurulmasını təmin etmək, oxuculara və istifadəçilərə virtual rejimdə xidmət göstərmək üçün elektron kitabxananın və elektron kataloqun məlumat bazasının genişləndirilməsini təşkil etmişdir.

2006-cı ildə Milli Kitabxananın strukturunda bir sıra dəyişiliklər baş vermişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 12.01.2006-cı il tarixində M.F.Axundov adına Milli Kitabxananın yeni strukturu və  27.01.2006-cı il tarixində isə yeni ştat cədvəli təsdiq edilmişdir. Bunun nəticəsi olaraq bir çox şöbələrin və bölmələrin adları dəyişdirilmiş, bəzi şöbə və bölmələr ləğv edilmiş, yeni şöbə və bölmələr yaradılmışdır. 

         Hazırda Milli Kitabxanada 25 şöbə, 50 bölmə fəaliyyət göstərir və onlarda cəmi 361 nəfər işçi çalışır.

2006-cı ildə kitabxanaya 15 164 nüsxə yeni ədəbiyyat daxil olmuşdur.

İl ərzində kitabxananın daimi oxucularının sayı 34 083 nəfərə çatmış,  davamiyyət  225 318 nəfər olmuş, kitab verilişi isə 783 949 nüsxəyə çatmışdır.

Elektron resurslarının yaradılması şöbəsi kitabxananın kataloq və kartotekalarının elektron yaddaşına köçürülməklə elektron  məlumat bazasının yaradılması ilə məşğul olur. Məlumat bazasına ədəbiyyat 3 istiqamətdə daxil edilir:

     kitabxanaya daxil edilən yeni ədəbiyyat;

     arxiv şöbəsinə toplanmış və əks-xronoloji ardıcıllıqla seçilən ədəbiyyat;

     kitab verilişi məntəqəsində oxucular tərəfindən qaytarılan və daha çox tələb olunan ədəbiyyat.

 Ümumiyyətlə isə bu günə kimi 21 000 adda biblioqrafik yazı elektron kataloqa daxil edilmişdir ki, bu da 60 000  nüsxə ədəbiyyatı əhatə edir.

 Elektron kataloq vasitəsilə ABŞ-ın Konqress və Rusiyanın Dövlət Kitabxanası ilə biblioqrafik yazı mübadilələri aparılır. Oxucu Milli Kitabxananın saytı vasitəsilə birbaşa bu kitabxanaların elektron kataloqlarında axtarış apara bilir.

 Artıq 35-ə yaxın müəllifin əsəri elektron kitabxanada öz əksini tapmışdır. Hazırda bu iş müəlliflərin çoxsaylı müraciətləri əsasında davam etdirilir. 

2006-cı ildə Milli Kitabxananın həyatında baş verən əlamətdar hadisələrdən biri də kitabxanamızın www.anl.az ünvanlı İnternet səhifəsinin  və elektron ktalaoqunun təqdimat mərasimi olmuşdur.

Bu təqdimatdan ötən 9 aya yaxın bir müddət ərzində kitabxanamızdan istifadəçilərin sayı nəzərə çarpacaq dərəcədə artmasışdır. Bu günədək  kitabxananın saytının daimi istifadəçilərinin sayı 773 nəfər, saytdan istifadə edənlərin sayı isə 20 216 nəfər olmuşdur. Deməli eyni oxucu-istifadəçi 9 ay ərzində kitabxananın fond və kataloqlarından virtual rejimdə orta hesabla 26,2 dəfə istifadə etmişdir.

Əgər 2006-cı ilin mayında saytımıza cəmi 35 nəfər istifadəçi 1073 dəfə         müraciət etmişdirsə, dekabr ayında isə artıq 117 nəfər 3055 dəfə müraciət etmişdir.     

İllərdən bəri Jurnal fondunda qalaraq oxucuların istifadəsinə verilməyən  13 442 adda 1920-ci ilə qədər çap olunmuş jurnalların yenidən işlənməsi başa çatdırılmış, pozulmuş nömrələr təzələnmiş və hazırda oxucular üçün kataloqu tərtib olunur.

Arxiv və nadir kitablar fondunda olan oxucular tərəfindən  daha çox istifadə olunan 46 nüsxə kitab və 11 qəzet komplekti cari ildə mikrofilmləşdirilərək oxucuların istifadəsinə verilmişdir.

2006-cı ildə Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi  şöbəsinə 1296 nüsxə ədəbiyyat daxil olmuşdur ki, bunlardan Beynəlxalq mübadilə xətti ilə 270 nüsxəsi ABŞ Konqress kitabxanasından, Fransa Milli Kitabxanasından, Yaponiya Parlament Milli Kitabxanasından və s. alınmışdır.

Eyni zamanda beynəlxalq kitab mübadiləsi xətti ilə xarici ölkələrin Milli kitabxanalarına onların sorğuları əsasında 900 nüsxə kitab göndərilmişdir.

Ölkədaxili kitab mübadiləsi şöbəsi 2006-cı ildə məhsuldar işləmişdir. Şöbəyə bu il 26 811 nüsxə kitab daxil olub, 26 604 nüsxə kitab isə Mədəniyyət və Turizm Nazirliyinin kitabxanalarına, müxtəlif idarə və sistemlərin kitabxanalarına verilmişdir. Bunlardan: 8967 nüsxə kitab Mədəniyyət və Turizm Nazirliyinin bölgüsü əsasında, 1839 nüsxə kitab Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə çap olunan kitablar, 15 798 nüsxə kitab isə akt və vəkalətnamə əsasında paylanılıb.

2006-cı ildə «Diyarşünaslıq və elmi biblioqrafiya» şöbəsi ilin ikinci yarısından qəzetlərin analitik bibilioqrafik yazılarını kitabxananın elektron kataloquna daxil etməyə başlamışdır. Hazırda 3 000-ə yaxın analitik-biblioqrafik yazı elektron kataloqun məlumat bazasına daxil edilmişdir.

«Mədəni-kütləvi işlər» şöbəsi 2006-cı ildə respublikanın həyatında baş verən tarixi və əlamətdar günlərlə, yubileylərlə, bayramlarla  bağlı 30-a yaxın tədbir- kitab sərgiləri, yeni kitabların təqdimatları, anım günləri və yubiley təntənələri keçirmişdir.

Milli Kitabxana üçün 2006-cı il Beynəlxalq əlaqələr baxımından çox uğurlu olmuşdur. Milli Kitabxana bu il Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkiyənin Milli Kitabxanaları, Çelyabinsk Vilayətinin Universal Elmi Kitabxanası ilə əməkdaşlıq haqqında müqavilələr imzalamış, müqavilələrə əsasən qarşılıqlı əməkdaşlıq planları işlənib hazırlanmışdır və icra olunmaqdadır.

2006-cı ildə Milli Kitabxanada açılan NATO informasiya mərkəzi ölkə vətəndaşlarına NATO və Avro-Atlantika təhlükəsizliyi mövzularında informasiya, tədqiqat yardımı göstərəcək, NATO sənədləri və nəşrlərinin əldə olunmasın kömək edəcəkdir. Mərkəz Beynəlxalq İNTERNET şəbəkəsinə qoşulmuş 10 ədəd müasir kompüterlərlə, printerlərlə və digər avadanlıqlarla təmin olunmuşdur

Bu ildən “Kitabxana siyasəti və metodik rəhbərlik” şöbəsi Kitabxananın saytı vasitəsilə ölkə kitabxanaçılarına virtual metodik xidmət göstərməyə başlanmışdır. Artıq 100-ə yaxın region və şəhər kitabxanalarından daxil olan sorğular cavablandırılmışdır.

2006-cı ildə Çap məhsullarının qeydiyyatı və Milli Biblioqrafiya şöbəsi (Kitab Palatası) tərəfindən keçən ildə nəşri bərpa olunan «Birillik Azərbaycan Kitabiyyatı»nın respublikamızda dərc olunmuş kitabları əhatə edən 2 buraxılışı (2002, 2003, 2004-cü illər) və «Yeni kitablar» adlı biblioqrafik göstəricisi nəşrə hazırlanmışdır.

Kitabxananın fəaliyyəti il ərzində müxtəlif informasiya vasitələrində – müxtəlif televiziya və radio kanallarında, mətbuat vasitələrində geniş işıqlandırılmışdır. 2006-cı ildə kitabxananın əməkdaşları tərəfindən dövrü mətbuat səhifələrində 54 material dərc olunmuşdur.

2006-cı ildə «Lider» televiziyası tərəfindən M.F.Axundov adına Milli Kitabxananın fəaliyyətindən bəhs edən «Nur çeşməsi» adlı sənədli  film çəkilərək nümayiş etdirilmişdir.

 
National Library of Azerbaijan © All Rights Reserved