Oralarda kimlər var: Səyyarə xanım Mollazadə

 

Professor SƏYYARƏ XANIM MOLLAZADƏ – 80

 

SƏHİFƏNİN QONAĞI: ATU-nun Azərbaycan dili kafedrasının müdiri AKİF MİRİYEVİN YAZISI.

 

İŞIQLI ƏMƏLLƏRİN SAHİBİ

 

 Yanvarın 22-də filologiya elmləri doktoru, professor, 40 ilə yaxın ATU-nun Azərbaycan dili kafedrasına rəhbərlik etmiş dilçi – alim Səyyarə Məmməd qızı Mollazadənin (Fərhadovanın) 80 yaşı tamam olur. Bu illərin düz 68-ni (1954-cü ildən) Səyyarə xanım şərəfli bir işə – müəllim peşəsinə sərf etmiş, onsuz da çətin olan müəllimliklə yanaşı ağır alim ömrü də yaşamışdır. Mən Səyyarə xanımın haqqında bundan əvvəl üç məqalə yazmışam və inanın ki, tərcümeyi-hal faktlarını nəzərə almasaq, onların hər biri ayrıca orijinal yazılardır və demək olar, bir-birini təkrar etmir. Bu, nədən irəli gəlir? Səyyarə xanımın özünün təkrarsızlığından, özünəməxsusluğundan. Biz – onun iş yoldaşları həmişə çalışmışıq ki, hardasa ona oxşayaq, onun kimi təvazökar, xeyirxah, həssas, qayğıkeş, insanlara təmənnasız yaxşılıq etmək həvəsində olmaq kimi gözəl cəhətlərə yiyələnək. Səyyarə xanım həm də işə, verilən tapşırığa, ailə-məişət məsələlərinə, gənclərin tərbiyəsinə həmişə ciddi tələbkarlıqla yanaşmış, ən çox müəllim – tələbə münasibətlərində səmimiliyi, etibarlılığı, obyektivliyi önə çəkməyi vacib saymışdır. Müəllim hər hansı vəziyyətdə yüksək mənəviyyatını, ali insani hissini, ən çox da böyüklüyünü, ağsaqqal və ağbirçəkliyini unutmamalıdır. Əgər müəllim tələbədən, ya şagirddən nə isə umursa, onda əsl müəllim əxlaqından, müəllim heysiyyətindən danışmağa dəyməz – bax bunlardır Səyyarə xanımın həyat amalı və dünyaya baxışını formalaşdıran ideyalar, arzular. Bütün bunlara görədir ki, 35 yaşlı gənc ikən Azərbaycan və rus dilləri kafedrasına müdir təyin olunan Səyyarə xanım əksəriyyəti özündən yaşlı olan insanları düzgün idarə edə bildi, az vaxt içərisində Azərbaycan və rus dillərinin ikinci dil kimi tədris edildiyi kafedralar arasında kafedrasının şərəfli yer tutmasına nail oldu.

...Səyyarə xanım çətin, ancaq yetərincə örnək ola biləcək bir həyat yaşayıb. 1933-cü ildə məşhur İlisu kəndində dövrünün ziyalısı, öz ağlı, xeyirxahlığı ilə indi də xatırlanan Məmməd Fərhadovun ailəsində dünyaya göz açıb. Uşaqlıq illəri çox əziyyətli olub; 1934-cü ildə atasının işi ilə bağlı Bakıya köçüblər.

Səyyarə xanımın dediklərindən: “O illər hava çox soyuq keçirdi. Dağlar əhatəsində olan kəndimizdə isə şərait daha ağır idi; yemək, paltar qayğısından daha artıq yanacaq, odun, istilik ehtiyacı insanları çox üzürdü. Üstəlik də müharibənin qorxunc adı, əzabları. Babam çöldə-bayırda çörək hayında idi. Evin məişət məsələsi ilə nənəm məşğul olurdu. Ən vacib, həm də əzablı iş meşədən odun gətirmək idi. Bacılarıma nisbətən mən “diribaş” olduğumdan nənəm oduna məni də aparırdı. Bir dəfə ağır şələ altında olan nənəm qalın qara düşüb yıxıldı. Mən onu qaldırmağa çalışsam da, gücüm çatmırdı (Nənəm dolu, iri bədənli idi). Nə edəcəyimi bilmirdim (11 yaşım var idi). Nənəm özünə gəlib sakitcə mənə dedi: “Tələsmə, odunun ipini aç, şələ kürəyimdən düşsün”. Mən donmuş barmaqlarımla düyünü aça bilmirdim. Nənəm məni qucaqlayıb öpdü, ürək-dirək verdi, əllərimi ağzına yaxınlaşdırıb hovxurdu, isti hava barmaqlarımı qızdırdı, əllərimin keyi azaldı. Babama, bacılarıma mənim bu “qoçaq”lığımı təriflədi. O illərdə belə hadisələr çox olub.

Səyyarənin oxuduğu illərdə o dövrün adlı-sanlı dil-ədəbiyyat müəllimi Bilqeys Məmmədova idi. (O, məşhur folklarşünas, professor Məmmədhüseyn Təhmasibin həyat yoldaşı idi). Elə Bilqeys müəllimin təsiri idi ki, Səyyarə və bir neçə yoldaşı o zaman böyük fəxrlə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (bir vaxt mən də bu fəxri adın vurğunluğu ilə yaşamışam), indi də eyni fəxrlə BDU deyə adlandırdığımız ali məktəbin filologiya fakültəsinə daxil oldu. 1949-54-cü illər onun qaynar, qayğısız, dostlu-yoldaşlı, zəhmətli-sevincli tələbəlik illəri idi. Səyyarə gözəl müəllimlərin, istiqanlı tələbə yoldaşlarının əhatəsində mükəmməl bilik almaqla yanaşı, valideynlərindən aldığı mənəvi-əxlaqi dəyərləri bir qədər də zənginləşdirdi, həyatda insanı ucaldan, ətrafdakıların gözündə böyüdən daxili gözəllik duyğularını daha da mükəmməlləşdirdi, yetkin dünyagörüşünə sahib oldu. Erkən ailə qurması sonrakı təhsilini bir qədər gecikdirsə də, orta və ali məktəbdə aldığı mükəmməl bilik ona imkan verdi ki, aspiranturanı vaxtında bitirsin, tamamladığı dissertasiyanı vaxtında müzakirəyə versin. 1965-ci ildə gənc mütəxəssisi o zaman N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Azərbaycan və rus dilləri kafedrasına baş müəllim göndərirlər. Səyyarə xanım 1966-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə edir.

1-ci haşiyə : Səyyarə Mollazadə həm namizədlik, həm də doktorluq dissertasiyalarının mövzularını dilçilik elminin ən çətin sahələrindən götürüb. “Qax rayon şivələri” adlanan birinci işi dialektlərimizin öyrənilməsinə həsr olunub. Bu sahədə Səyyarə xanım dialektoloqlar içində, bəlkə də, ilk qadındır. Səyyarə xanımın doktorluq işi də toponimiyaya həsr olunub ki, alim yenə də Azərbaycanın Şimal rayonlarının yaşayış məskənlərinin adlarını canlı olaraq qeydə almış, onların üzərində tədqiqatçı əməliyyatı aparmışdır. Səyyarə xanım, məncə, toponimist dilçilər arasındada ilk qadın araşdırıcıdır.

...1969-cu ildə ATİ-nin Azərbaycan və rus dilləri kafedrası haqqında xoşagəlməz rəy formalaşır. Buna görə də kafedra müdirini vəzifədən kənarlaşdırırlar. Həmin il gənc filologiya elmləri namizədi Səyyarə Mollazadəni kafedraya müdir təyin edirlər. İndi üstündən bu qədər illər keçəndən sonra Səyyarə xanım təzəcə müdir təyin edildiyi o günləri belə xatırlayır:

– Qış vaxtı idi. Moskvada müalicəmi təzəcə qurtarmışdım. Zəng etdilər ki, səni müdir təyin ediblər. Gəldim, işə başladım. Yaşlı adamlar idi, hərəsi mənə bir məsləhət verir, özünü tərifləyir, başqasını pisləyirdi. (İndi onların hamısı rəhmətə gedib. Allah rəhmət eləsin!).  Mən onlara  dedim ki, heç kəs mənə kiminsə haqqında söz deməsin. Hər şey açıq şəkildə ədalətlə həll olunacaq. O zaman bu kafedranın çox böyük nüfuzu var idi; qəbul imtahanlarında bu müəllimlərin müəyyən hissəsi iştirak edirdi. Mən rəhbərliklə məsləhətləşmələr əsasında bütün məsələləri həll etməyə başladım. Bununla da kafedrada xoşagəlməz söz-söhbətlərə son qoyuldu. Nəticə də göz önündədir. İndi həmin kafedranın əsasında müstəqil Azərbaycan və rus dilləri kafedraları uğurla fəaliyyət göstərir. Onların tərkibində çox bacarıqlı, öz işinin bilicisi olan adamlar var. Mən onlarla fəxr edirəm.

2-ci haşiyə :Səyyarə xanım kafedraya rəhbərlik etdiyi 40 ildə özünü inzibatçı müdir kimi yox, kollektivin ağbirçəyi, böyüyü kimi aparmış, əməkdaşların hər birini özünə doğma hesab etmişdir, onların xeyrində, şərində həmişə öndə olmuş, kollektivi özünə səmimi bir ailə bilmişdir...Beləliklə, kafedrada tədris-metodiki, tədris-təşkilati və ictimai işlər sahəsində qızğın iş başlayır. Proqrama yenidən baxılır, mövzu-təqvim planları mükəmməlləşdirilir. Kafedranın kadr tərkibinə də yeni qüvvələr cəlb olunur. Səyyarə xanım 1979-cu ildə 1966-cı ildən üzərində işlədiyi “Azərbaycanın şimal rayonlarının toponomiyası” adlı doktorluq işini müdafiə edir. Ancaq onun çoxsaylı dostları olduğu kimi az da olsa, istəməyənləri də var idi. Moskvaya –Ali Attestasiya Komissiyasına yazılan anonim məktublar öz işini gördü: Səyyarə xanım həmin komissiyada dissertasiyasını təzədən müdafiə etdi və doktorluq diplomunu aldı. İndi Səyyarə Mollazadə 150-dən artıq məqalənin, 6 monoqrafiyanın, 5 metodik vəsaitin müəllifidir. 1999-cu ildə nəşr olunmuş “Azərbaycan toponimləri (Ensikloprdik lüğət)” kitabında Səyyarə xanımın tədqiqatları geniş əks olunmuşdur.

Prof. Səyyarə Mollazadə kafedra əməkdaşlarının da inkişafını heç vaxt nəzərdən qaçırmamışdır. O, kollektivin üzvlərinə daim tövsiyə edirdi ki, ali məktəb müəllimi daim öz üzərində işləməli, biliyini artırmalı, mütləq elmi tədqiqatla da məşğul olmalıdır. Təsadüfi deyildir ki, Səyyarə xanımın rəhbərliyi ilə dissertasiya müdafiə etmiş elmlər namizədlərinin hamısı (12 nəfər) Azərbaycan və rus dili kafedralarının əməkdaşıdır. Ötən əsrin 80-ci illəri Səyyarə xanımın elmi-pedoqoji fəaliyyətinin ən məhsuldar dövrü idi; kafedrada geniş tədris-metodiki iş gedir, əməkdaşlar elmi yaradıcılıqla məşğul olur, xaricdə, ölkə daxilində elmi konfranslarda məruzələrlə çıxış edirlər. Belə bir dövrdə Moskvadan məhz Tibb İnstitunun Azərbaycan və rus dilləri kafedrasının işini yoxlamaq üçün geniş tərkibli komissiya gəlir. Sən demə kafedranın qeyri-azərbaycanlı əməkdaşlarından biri məktub göndərib ki, kafedra müdiri S.Mollazadə “şovinist”dir, azərbaycanlı olmayan əməkdaşları “gözümçıxdıya” salır. Yoxlamanın nəticəsi bu fikri doğrultmadı və Səyyarə xanım yenə bədxahlarına qalib gəldi.

Səyyarə xanımın elm yolu da hamar, güllü-çiçəkli olmayıb. Əvvəl dediyim kimi, doktorluq dissertasiyasını o zaman deyildiyi kimi “VAK”-da müdafiə edib. 1973-cü ildə müzakirəyə təqdim etdiyi dissertasiyanın yalnız 6 il sonra – 1979-cu ildə müdafiəsinə nail olub, professor adını az qala 10 il sonra – 1988-ci ildə alıb. Səyyarə xanım 1954-cü ildən pedoqoji işlə, 1961-ci ildən elmi tədqiqatla məşğul olur. Az qala 40 il işlədiyi ali məktəbin Böyük Elmi Şurasının üzvü olub, uzun illər “Dillər” sikli üzrə metodiki komissiyanın sədri vəzifəsini aparıb. Ancaq heç vaxt yoruldum deməyib, arxayınlaşmayıb, tapşırılan işə məsuliyyətini azaltmayıb, öz əmək intizamı ilə həmişə nümunə olub. Sağlamlığındakı nasazlıqla bağlı 2008-ci ildə kafedra müdirliyindən, bu ilin sentyabrından kafedranın professoru vəzifəsindən könüllü gedib. Ancaq nə özü, nə də onun kafedrasının əməkdaşları bir-biri ilə əlaqəni kəsmir, Səyyarə xanım yenə də öz ağbirçək sözü ilə, böyük məsləhəti ilə bizim yanımızdadır.

Əzizimiz, əməlləri ilə ətrafına daim işıq paylayan Səyyarə xanıma 80 illik yubileyi günündə ağrısız ömür, sevinc dolu saatlar, övladlarının və nəvələrinin əhatəsində xoşbəxt günlər arzulayırıq.

80 yaşınız mübarək, Səyyarə xanım!

 

 

Abdin Tofiq

 

525-ci qəzet.- 2013.- 19 yanvar.- S.23.