İlahi dəqiqliklə...
Esse
Argentinalı yazıçı Luiza Valenzuelanın bir
hekayəsində maraqlı sual var: "Bizim olmayan zamanda saat sənin
nəyinə lazımdır?"
Bu, heç sual da deyil, əslində cavabdır.
Bilirsiniz, bəzi sualların özü cavabdır, bəzi
cavabların özü sualdır. Elə nida cümləsi də
olur, baxırsan, içində hər şey var...
Yazıçı səni zamanın içində
deyil, zamanı sənin içində görür bəlkə.
Robin Şarma da elə o cür məsləhət vermişdi:
"Hərdən saatı evdə "unudun".
"İtirin" deyir. Vaxt itirməyin, yox, vaxtın
ölçüsünü "itirin" hərdən. Ya da
elə, doğrudan da, müddətlərin mühasibatını
itirin. Heç olmasa, müəyyən bir müddətə.
Görürsünüz, doğmalarla, dostlarla
görüşürsünüz, saatlarla oturursunuz,
deyib-gülürsünüz. Bir də qayıdıb deyirsiniz:
"Nə yaxşı görüşdük, çox
maraqlı gün oldu; heç bilmədik vaxt necə gəlib
keçdi".
Niyə elə deyirsiniz?!
Çünki ailənizlə, dostunuzla,
doğmanızla vaxtı unudursunuz. Onları sevdiyinizdən
zamanı unudursunuz - sevgi hissi vaxt ölçüsünə
qalib gəlir.
Niyə belə olur?!
Ona görə ki, sizə o keçən vaxtın
ölçüsü maraqlı deyil, vaxtın içindəki
insanlar, o insanların gözündəki işıq,
üzündəki təbəssüm, o doğmalıq daha
maraqlı və gərəklidir.
Beləcə, hərdən vaxtın necə gəlib
keçdiyini unutmaq istəyirsiniz. Bəlkə də vaxt
özü ömrün başlanğıcı, ortası, sonu
olduğuna görə ölçüsünü yaddan
çıxarmaq istəyirsiniz. Həmişə yox, arabir
vaxtın özünü unutmaq üçün
özünüzə vaxt ayırırsınız. Deyirsiniz:
"Bu axşam çıxıb gəzmək, ailəcə
doğmalarla, eləcə də, dostlarla vaxt keçirmək
lazımdır".
Vaxt keçirmək! Belə hallarda hiss edirsiniz ki,
vaxtı unutmağın əsl vaxtıdır. Ömür
yoldaşını da o üzdən seçirsiniz. Həm də
o üzdən. Ömür yolunu tək getməkdən ürpənər
insan. Yolu birlikdə getməyə yoldaş axtarırsan. Yol
yolçuluğu xoşbəxt keçsin deyə. Xəstəlikdə,
sağlıqda - enişdə, yoxuşda, dönüşdə-döngədə
bir-birinizin əlindən tutursunuz axı. Məsafəni necə
"əritdiyinizi" hiss etmirsiniz. Və bir gün geriyə
baxıb deyirsiniz: "Elə bil dünən idi; vaxt necə də
sürətlə gəlib keçdi".
Geriyə baxmaq demişkən, insanı yaşadan
dünənin xatirələri, bugünün
qayğıları, sabahın arzularıdır. Bütün həyatımız
vaxta bağlıdır. Xoşbəxt ömür -
arzuların ən axırda tükəndiyi ömürdür.
Hansı ömrün arzuları nə vaxt bitibsə,
ömür orda bitib demək.
Ömür, sadəcə, keçib gedən vaxt deyil,
o vaxt içindəki yaşantılar, doğma insanlardır.
"Düşməncəsinə sevgi, sublimasiyalı
aqressiya" adlı essemdə bu haqda belə bir fikir
yazmışdım: "Çox görmüşük:
birinin varlığında varlığına dözə bilməyən,
yoxluğunda yoxluğuna heç dözə bilmir:
"İndi sağ olsaydı, yanımda olsaydı, bərk-bərk
qucaqlayardım" deyir..."
Məşhur mahnıda deyildiyi kimi: "Ötən
günlərimi qaytaraydılar, gələn günlərimi
qurban verərdim".
Bu, keçmiş, keçib getmiş vaxtın xiffəti
deyil, o vaxtın içində sənin ömründən
keçib getmiş insanların özləmidir.
Amma deyəsən, axı bu, bir az şişirdilib:
insanın keçmişini gələcəyinə
qarşı qoymaq, məncə, yanlışdır.
Keçmişin də sənindir, gələcəyin də.
Arzuların əlçatmazdırsa, xatirələrə
çox da sığınma; heç nə qazandırmayacaq.
Keçmiş - keçmiş zamandır, gələcək
isə hələ qarşıdan gələcək. Hər
ikisi sənin vaxtındır. Keçmişində hər
şey yaxşı olubsa, hardan bilirsən, gələcəyin
pis olacaq. Sənin keçmişin də öz vaxtında gələcək
idi; yaşadın, keçdi, keçmiş oldu. Həm də
keçmişi dəyişə bilmərik, ancaq gələcəyi,
hə!
Vaxt dediyin elə sən özünsən: əvvəl başlanğıc
idin, sonra başlanğıcın sonu oldun, daha sonra sonun
başlanğıcı oldun, axırda da son olacaqsan. Sən -
səndən keçib gedən vaxtsan. Vaxtın riyazi
ölçüsü qolundakı saatda görünə bilər,
bioloji ölçüsü üzündəki
qırışlardan "boylanar". Ancaq ən dəqiq
işləyən saat ruhun "ölçdüyü"
zamandır. Ruh bədəndə varsa, varsan, yoxdursa, deməli,
bu dünyadakı zamanın dayanıb artıq. Sənin
arzuların üçün Tanrının
ayırdığı vaxt bitib, indi artıq sən yalnız hələ
vaxtı bitməmiş başqalarının xatirələrindən
ibarətsən.
Körpə beşiyində keçirdiyin də
vaxtdır, ölüm döşəyində keçirdiyin də.
Sevgi də vaxtdır, ayrılıq da. O
ayrılığın içində unutmaq da vaxtdır,
unudulmaq da.
...Küçədə, parkda bir cavan oğlan bir
qıza ilk baxışdan vurulur. Yaxınlaşıb vaxtı
soruşur: "Xanım, bağışlayın, deyə bilərsinizmi
saat neçədir?"
Bilirsinizmi, niyə?! Çünki həmin an
oğlanın da, qızın da sevmək vaxtıdır. Həmin
anda oğlanı qızın qolundakı saat, o saatın
içindəki vaxt maraqlandırmır. Qızın qoluna
taxdığı saat bəhanədir; oğlan qızı
öz qoluna taxmaq hayındadır. Bəlkə ötəri
hisslərdir bunlar, bəlkə bir ömürlük eşq?!
Kim bilir. Bunların hamısı vaxta bağlıdır:
ötəri heyranlıqlar da, dəlicəsinə sevgilər də.
Vaxtın özünə dərdimizin dərmanı
kimi də baxırıq; zaman hər dərdin əlacıdır
deyə inandıq. Ölümün özü də vaxt
ölçüsüdür; bir cavan insan dünyadan
köçəndə: "Vaxtsız getdi", - deyə ah
çəkirik, bir qocanın arxasınca isə: "Vaxtı
bitmişdi, getdi" deyirik.
Ən ağır xəstənin də
sağalacağına ümid vaxta bağlıdır:
"Allahdan ipi üzülməyibsə, sağalacaq" deyərlər.
Hələ üzülməmiş o ip var ha, onun özü
vaxt deməkdir. Səbir etmək də vaxtladır.
Doğmasını itirənə təsəlli kəlməmiz:
"Allah səbir versin" olur. Yəni Allah bu itkinin
ağrısını xəfiflədəcək zaman versin.
Yaxud deyirik: "Son qəmin olsun". Yəni "Allah bu dərdi
unutduracaq başqa dərd verməsin". Çünki insan
unudulanda ölür. Unudulmaqdan amansız cəza, ağır
dərd yoxdur.
İtirdiyin doğmanı unutmursansa, deməli,
başqa - fərqli zaman ölçülərində
yaşadırsan.
Yox-yox, yoxluğu ilə barışmırsan. Sadəcə,
bu yoxluğun varlığı ilə birlikdə
yaşamağı öyrənirsən. İnsanı istəyəndə
unudan da, istəyəndə xatırlayan da vaxtın
özüdür. Məzar daşında insanın bircə
adı yazılır, bir də doğulduğu və
öldüyü tarixlər. Ölmüş insan tarixdir. Ancaq
dünyaya o qədər insan gəlib və gedib, çoxunun
ya doğulduğu tarix yanlışdır, ya öldüyü
tarix. Yaxud hər ikisi. Məhəmməd Füzuli beşcə
əsr bundan əvvəlin adamıdır. Füzuli boyda
adamın belə doğum və ölüm tarixini bu boyda Tarix
dəqiq xatırlaya bilmir.
Arxeologiya torpağı qazanda, nə axtarır orda?!
Tapdığı maddi dəlillər əslində yüz il,
yüz min il, yüz milyon il... bundan qabaqkı vaxtdır.
Azıxantropun çənəsi də elə "ən qədim"
kimi bildiyimiz o Vaxtın abidəsidir.
Millətlər qədimliyi ilə öyünür:
"Köküm dərindədir" deyə mənşəyi
ilə qürurlanır. Əslində bu, bir az da mənə qəribə
gəlir: onsuz da, hansı etnik kimliyi
daşıyır-daşısın, Yer üzündə qədim
olmayan xalq yoxdur axı. Hamının kökü gedib ən
birinci insana çıxırsa (hamı bir tarixi "beldən"
gəlirsə), bu, nəyin davasıdır belə?! Amma xalq var,
vaxtı qabaqlayır, xalq da var, vaxta ilişib qalıb. Hələ
vaxtın dalınca sürünənləri demirəm.
Ən qədim olduğunu sübut etməyə sərf
etdiyin vaxtı, gücü, enerjini çağdaş
olmağa, hətta özündən, öz vaxtından belə
öncül, qabaqcıl olmağa sərf et. Ən qədim olmaq
əsas üstünlük olsaydı, Dünyanın
supergücü Yunanıstan, İraq, Misir... olardı, 248 illik
ABŞ deyil.
Belə bir söz birləşməsi var:
"Vaxtı dəyərləndirmək". Vaxtı dəyərləndirəcək
olan kimdir?! Əlbəttə, insan. Siz heç heyvanın
öz boynundan, ya da ağacın öz budağından saat
asdığını gördünüz?! Yox! Doğrudur, təkcə
insanın deyil, heyvanın da, ağacın da bioloji saatı
var; hər çiçək vaxtında açar, hər meyvə
öz vaxtında yetişər... Amma yenə də vaxtın dəyəri
insanın vaxta yanaşmasından doğar.
Yer üzündə zaman anlayışı, daha
doğrusu, vaxt ölçüsü insanın
varlığına bağlıdır. İnsan var deyə
zaman ölçüsü var, insan olmayan yerdə bu
ölçü də yoxdur. Yer kürəsində insan
ayağı dəyməyən yerlər, insansız adalar var.
Orda vaxtı kim ölçür? Heç kim. Vaxt insan təfəkkürünün,
ya da təxəyyülünün meyvəsidir. Vaxt insanla
doğulub, vaxtı dəqiq ölçülərdə
yaşadan insandır. Amma sanki vaxt insanı...
öldürür.
...Az əvvəl bu ifadəni işlətmişdik:
"vaxt öldürmək". İnsan vaxtı
öldürdüyünü düşünür. Əslində
bu düşüncənin özü elə vaxtın
insanı öldürdüyünün sübutudur. Vaxtı,
sadəcə, boş keçirib "öldürmək"
istəyəni, vaxt özü, əlbəttə, öldürəcək,
bu, vaxtın özündən də dəqiqdir.
Biz həyata, bəli, vaxt ölçüsü kimi
baxırıq. Amma: "Həyat nədir?" sualına
Dostoyevski: "Cəhənnəmdir" deyib. Nitsşeyə
görə həyat - hakimiyyət, Sokrata görə sınaq,
Pikassoya görə incəsənət, Rasselə görə
rəqabətdir. Stiven Hokinqə görə ümid, Qandiyə
görə sevgi, Fyedə görə sondur. Frans Kafka isə
deyib: "Bu, sadəcə, başlanğıcdır".
Kafka haqlıdırsa, biz hələ həyata indi-indi
başlayırıq; daha vaxtımız var demək.
Yox-yox, nə qədər
yaşayacağımızı heç vaxt bilə bilmərik.
Belə çıxır ki, reinkarnasiyaya inanmaq
lazımdır; ruh əbədi yaşayır, sadəcə,
vaxtı çatdıqca, bədənlər dəyişir. Ruh
başqa cismdə yenidən, həm də dönə-dönə
qayıdırsa, deməli, biz vaxtın fövqündə - əbədi yaşayırıq. Bəlkə
ruhumuz başqa cismlə başqa planetə qayıdır, kim
bilir?! Bəlkə başqa planetdə
qohum-qardaşımız var! Bəlkə onlarla energetik
kontaktımız var.
Söz də ona görə öz vaxtından uzun
yaşayır! "Hər yeni olan çoxdan unudulmuş
köhnədir"sə, bəlkə də bizim bu gün
yazdıqlarımız çoxdan, lap çoxdan unutduğumuz
lap köhnədir. Həm də özümüzün əvvəlki
vaxtlarımızda - keçmiş həyatlarımızda
dediyimiz, yazdığımız sözlərdir bəlkə.
Allahın yaşamaq üçün bu dünyada bizə
ayırdığı vaxt, Dostoyevskinin dediyi kimi, tam bir cəhənnəmdirsə,
Umberto Eko, görünür, elə bu sözə təəccüblənib. "Bu
cür cəhənnəm məşəqqətləri ilə
dolu olan dünyanın hələ üstəlik, bir cəhənnəmi
də var?" deyə ritorik sual verib.
Tək bircə Mahatma Qandi dünyanı "sevgi"
kəlməsi ilə ifadə etmişdi. Nifrətlə dolu bu
dünyanı sevgiyə bənzətmək! Nə bilim!
Bugünkü dünyanı mən, nə yazıq ki,
başqa bir sözlə tanıdardım: MÜHARİBƏ!
Bu kəlmədə sınaq da var, əzab da. Ölüm də
var, ölümdən də betər Cəhənnəm atəşi
də. İndiki vaxtın adı, bəli, savaşdır,
savaş!
Yazının əvvəlinə - Valenzuelanın:
"Bizim olmayan zamanda saat sənin nəyinə
lazımdır?" sualına qayıtsaq, yəqin ki, bunun ən
doğru cavabı Bajaular imiş. Cənub-Şərqi Asiyada
yaşayan bu xalqın zaman anlayışı yoxdur; gün,
saat nədir, bilmirlər.
Deməli, bu dünyada vaxtı ölçmədən
də yaşamaq olarmış! Deməli, əzilib-bükülüb
zamana sığışmadan da yaşaya bilərmiş insan!
Vaxtın konkretikasına yerləşmədən ömür
sürmək mümkün imiş, sən demə. Bu yerdə
düşünürsən: hərəyə verilən
vaxtın hesabı hər kəs üçün
ayrı-ayrı, həm də "İlahi dəqiqliklə"
aparılırsa, bəndənin ömür riyaziyyatı nəyə
yarayar?! Heç nəyə.
Bir sözlə, başlıcası
yaşamaqmış, yaşamaq! Odur ki, sən ALLAHIN
VERDİYİ QƏDƏR VƏ ÖZ ÜRƏYİNİN
İSTƏDİYİ KİMİ yaşa! Vaxt çatanda
onsuz da hamı ölür.
Buna qəti əminəm: Yer üzündə hamı
məni unutsa belə, əcəl heç vaxt unutmaz. Vədə
dolanda özü gələcək.
Müdriklər: "Hər günü sonuncu
günmüş kimi yaşa" deyir. Əbəs yerə
demirlər. Müdriklər demək istəyib ki, vaxta
taxılıb qalma, divardakı saatın kəfkirindən
asılıb qalma. Qoluna taxdığın saatın
siferblatındakı rəqəmə, əqrəblərin hərəkətinə
tutunub qalma. Nə qədər hesablayırsan-hesabla, xeyri
yoxdur. Vaxt sənə işləmirsə, sən vaxtı
özünə işlətməyi öyrən. Vaxtdan önə
keçərək...
24.12.2024
Bahəddin HƏZİ
525-ci qəzet .- 2024.- 25 dekabr(№237).-S.12.