Çoxşaxəli
şəxsiyyətin örnək taleyi
Kamal Abdulla-75
Alim və yazıçı Kamal Abdullanın nümunəvi
taleyi bizə görkəmli türkoloq,
filoloq-slavyanşünas, ədəbi tənqidçi,
yazıçı, semiotik, dramaturq və şair, novator müəllif,
müasir Azərbaycan ədəbiyyatının ən
seçilən nasirlərindən birinin şəxsiyyəti
ilə yaxından tanış olmaq imkanı yaradır.
Filoloq və türkoloq alim kimi Kamal Abdulla
multikulturalizm ideyası və bütün dünyada
insanların yaradıcı ortaqlığı fonunda geniş
mədəni və ədəbi layihələr həyata
keçirmişdir. O, Azərbaycan mədəniyyəti sahəsində
bir sıra mühüm layihələrin təşəbbüskarı
olmuşdur: "Filoloqun kitabxanası - 100"
(tanınmış müəlliflərin ən vacib 100 filoloji
əsərinin Azərbaycan dilinə tərcüməsi və
nəşri), "Türkologiya" və "Dünya nəsri"
seriyaları. Bu layihə çərçivəsində o,
"Mihay Eminesku. Şeirlər" kitabının Azərbaycan
dilinə tərcümə və nəşrinə dəstək
vermişdir, 21 aprel 2022-ci ildə Azərbaycan Dillər
Universitetinin Rumın dili və Mədəniyyəti Mərkəzi
və Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı
ilə keçirilmiş "Mihay Eminesku poeziyasının
qavrayışında bədii simvollar" adlı rəsm sərgi
ziyarətçilər tərəfindən yüksək qiymətləndirilmişdir.
Bundan əlavə, o, türkoloq alim kimi, türk
xalqlarının qədim dövrlərini araşdıran
fundamental elmi əsərlərin müəllifidir. Alim elmi tədqiqatlarının
mühüm hissəsini əvəzolunmaz folklor incisi -
"Kitabi-Dədə Qorqud" dastanına həsr
etmişdir. Rumın dilinə də tərcümə
olunmuş bu əsərlər onun bədii
yaradıcılığına güclü təkan
vermişdir. Kamal Abdulla 22 monoqrafiya və dərsliyin müəllifidir
ki, bunların sırasında "Gizli Dədə Qorqud"
(Bakı, 1991) "Sirriçində dastan və yaxud Gizli Dədə
Qorqud - 2" (Bakı, 1999), "Mifdən Yazıya və yaxud
Gizli Dədə Qorqud" (Bakı, 2009), "Kitabi-Dədə-Qorqud"
poetikasına giriş" (Bakı, 2017), "Kitabi-Dədə
Qorqud" və qeyri-səlis məntiq" (Bakı, 2023) əsərləri
onu Qorqudşünaslıq sahəsində ən dəyərli
və nüfuzlu tədqiqatçılardan birinə
çevirmişdir. Kamal Abdullanın Qorqudşünaslıq
sahəsindəki elmi işləri minillik Şərq xalq ənənəsinin
müdriklik, estetika və əxlaqi aspektlərini üzə
çıxarır. O, "Dədə Qorqud" dastanında
ifadə olunan bu xüsusiyyətlərin poetik və estetik məziyyətlərini
önə çəkərək göstərir ki,
sözügedən dəyərlər nəinki Avropa
estetikası ilə ziddiyyət təşkil edir, əksinə,
ümumbəşər mədəniyyət mənzərəsini
tamamlayır.
O, ədəbi tənqid və dilçilik nəzəriyyəsi
sahələrində "Müəllif-əsər-oxucu"
(1985), "Azərbaycan dilində sadə cümlə
sintaksisinin nəzəri problemləri" (1983), "Azərbaycan
dili sintaksisinin nəzəri problemləri" (1999) və b.
monoqrafiyalarını nəşr etdirmişdir. Kamal Abdulla həmçinin
Azərbaycanda və xaricdə - Rusiya, Türkiyə, Fransa,
Braziliya, Polşa və digər ölkələrdə dərc
olunmuş 300-dən çox elmi, ədəbi-tənqidi və
esse xarakterli məqalənin müəllifidir. O, Azərbaycan
filologiyasında yeni elmi istiqamətin - mifolinqvistikanın
formalaşmasının təşəbbüskarı
olmuşdur. 2015-ci ildə azərbaycançılıq
konsepsiyasının tədqiqi istiqamətində təməl
yaratmış, professor E.Nəcəfovla birlikdə "Azərbaycançılıq"
fənni üzrə "Multikulturalizmə giriş"
(bakalavr pilləsi üçün) və "Azərbaycan
multikulturalizmi" (magistratura səviyyəsi
üçün) fənləri üzrə tədris
proqramlarını hazırlamışdır. Eyni zamanda o, ali
məktəblər üçün "Azərbaycan
multikulturalizmi" adlı dərsliyin elmi redaktoru (professor E.Nəcəfovla
birlikdə) və əsas müəlliflərindən biridir.
Qeyd etmək lazımdır ki, akademik Kamal Abdulla rumın tələbələr
üçün hazırlanmış "Gəlin Azərbaycan
dilini öyrənək" adlı dərsliyin də müəllifidir.
O, ABŞ (Kolumbiya Universiteti), Polşa (Varşava
Universiteti), Fransa (İNALKO və Strasburq Universitetləri),
Rusiya (Moskva Dövlət Linqvistik Universiteti), Almaniya (Mayns
Universiteti), Gürcüstan (Tiflis Dövlət Universiteti),
Türkiyə (Uludağ Universiteti), İtaliya (Salesian Vatikan
Universiteti) kimi ölkələrin ali təhsil müəssisələrində
dəvətli professor kimi dərs demiş, ümumi
dilçilik, mətn sintaksisi və "Kitabi-Dədə
Qorqud" dastanının mədəni aspektləri üzrə
mühazirələrlə çıxış etmişdir.
Yüksək elmi hazırlığı və müstəsna
intellektual keyfiyyətləri ədibi müxtəlif tədqiqat
sahələrinə və eyni zamanda, yüksək bədii səviyyəli
yazıçılıq fəaliyyətinə gətirib
çıxarmışdır. Bir nasir kimi Kamal Abdulla Azərbaycan
ədəbiyyatında magik realizmin təşəbbüskarı
hesab olunur. Müəllifin altı romanı 27 dilə tərcümə
olunmuşdur. Ədibin "Yarımçıq əlyazma"
romanı (2004) "Son onilliyin əsəri"
seçilmiş və bir çox mükafatlara layiq
görülmüşdür. İtaliyada isə bu roman
2014-cü ilin romanı kimi tanınmışdır. Əsər
dünya şöhrətli yazıçı Umberto Ekonun da
maraq və heyranlığını qazanmış, bu romana
görə Kamal Abdulla 2015-ci ildə nüfuzlu "Skanno"
mükafatına layiq görülmüşdür ki, həmin
mükafatın əvvəlki laureatları sırasında
Antonio Tabukki, Mario Varqas Losa və Joze Saramaqo kimi
tanınmış simalar da vardır. Roman tərcümə
edilərək Fransa, İtaliya, Almaniya, Türkiyə,
Braziliya, Amerika, Avstriya, Rusiya, Polşa, Qazaxıstan, Misir,
Rumıniyada (2022) nəşr olunmuş və haqqında 14
ölkədə 160-dan çox müxtəlif dildə rəy
və resenziyalar yazılmışdır. Tədqiqatçılar
bu əsəri "postmodernizmin ilk nümunəsi" kimi dəyərləndirmiş,
türk tənqidçiləri isə Kamal Abdullanı "Azərbaycanın
Xorxe Luis Borxesi" adlandırmışlar.
"Sehrbazlar dərəsi" romanı da eyni dərəcədə
uğur qazanmış, əsər türk, rus (2010),
fransız (2014), italyan (2016), rumın (2018) dillərində nəşr
olunmuşdur. Ədəbiyyat tənqidçisi Liviya
Kotorça Kamal Abdulla barədə belə qənaətə gəlir:
"Onun şəxsiyyəti kifayət qədər sirli təsir
bağışlayır", o, dünya ədəbiyyatında
"birinci dərəcəli yazıçı" kimi
öz yerini tutur. Qeyd olunan roman rumın tənqidçi tərəfindən
trilogiyanın "dəyər zirvəsi", "yüksək
əyarlı fəlsəfi piritça" kimi qiymətləndirilmişdir:
"Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi"
və "Unutmağa kimsə yox..." romanlarının
müəllifi qədim sirr, sehr, mistika, tarix və
mifologiyanı müasir reallıq fonunda ustalıqla birləşdirərək,
həm milli (tipoloji) ənənəyə, həm də Avropa
estetik prinsiplərinə eyni dərəcədə
bağlı olduğunu nümayiş etdirir (Liviya
Kotorça).
Kamal Abdulla, dramaturq kimi, 1998-ci ildə "Ruh",
2009-cu ildə isə 9 pyesin daxil olduğu "Vse moi
peçali" kitablarını Bakıda nəşr
etdirmiş, bu pyeslər Azərbaycan, Gürcüstan, Estoniya, İran,
Türkiyə, Rusiya, Rumıniya teatrlarında səhnələşdirilmişdir.
Onun romanları, hekayələri, dram əsərləri,
poeziyası, elmi monoqrafiyaları, esseləri və tədqiqatları
türk, rus, Ukrayna, polyak, gürcü, ingilis, fransız,
italyan, ispan, portuqal, ərəb, fin, yapon, Litva, bolqar,
rumın, qazax, qırğız və digər dillərə tərcümə
olunmuş və şərh edilmişdir. Bu fakt "tutarlı
arqument" (L.Kotorça) kimi dəyərləndirilmiş və
nəticə etibarilə 2012-ci ilin mart ayında İsveç
Akademiyası - Nobel mükafatını təqdim edən qurum
Azərbaycan yazıçısı Kamal Abdullanın namizədliyini
Ədəbiyyat üzrə Nobel mükafatına təqdim
etmişdir. Onun namizədliyi israilli yazıçı Amos Oz
kimi dünya şöhrətli müəlliflərin namizədlikləri
ilə birlikdə nəzərdən keçirilmişdir.
Azərbaycanlı filoloq və yazıçı Kamal
Abdulla bir çox dövlət mükafatlarının, milli və
beynəlxalq ədəbi mükafatların sahibidir. 1999-cu ilin
dekabr ayında Azərbaycan xalqının mühüm tarix və
mədəniyyət abidələrindən olan "Kitabi-Dədə
Qorqud" dastanının tədqiqindəki xidmətlərinə
görə ona Azərbaycan Respublikasının Prezidenti tərəfindən
"Azərbaycan Respublikasının Əməkdar elm
xadimi" adı verilmişdir. Yazıçı
"Humay" (2007) və "Dədə Qorqud" (2009) milli
mükafatlarının laureatıdır. O, 3 dekabr 2015-ci ildə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli
fəaliyyətinə görə "Şöhrət"
ordeni ilə təltif edilmiş, 24 may 2019-cu ildə isə Azərbaycan
Prezidentinin Sərəncamı ilə Azərbaycanın
"Xalq yazıçısı" fəxri adına layiq
görülmüşdür.
"Yarımçıq əlyazma" romanına
görə "Scanno" ədəbi mükafatı
(İtaliya, 2015), "Platon, deyəsən, xəstələnib..."
hekayələr toplusuna görə "Qızıl Delviq"
(Rusiya, 2016), "Azərbaycan dünyası" beynəlxalq
jurnalının "Vətən övladı"
qızıl medalı, "525-ci qəzet"in "İlin
romanı" adlı mükafatı (2007) - bütün bunlar
onun əsərlərinin danılmaz dəyərini təsdiqləyir.
K.Abdulla 2007-ci ilin nəticələrinə əsasən
"İlin ədəbiyyat adamı" (Monitorinq Qrupunun nəticələri
üzrə) və 2019-cu ildə "İlin ən
yaxşı rektoru" adına layiq
görülmüşdür. Türk Dil Qurumunun həqiqi fəxri
üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi
üzvüdür.
O, Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri qismində Azərbaycanın
müxtəlif ölkələrlə dostluq əlaqələrinin
inkişafına dəstək vermiş və bu xidmətlərinə
görə müxtəlif mükafatlarla təltif
olunmuşdur. Slavyan mədəniyyətlərinin tədqiqi və
təbliği sahəsində Kamal Abdulla Polşa, Rusiya və
Çexiya prezidentlərinin yüksək mükafatlarına
layiq görülmüşdür. O, 2009-cu ildə Polşa
Respublikası Prezidenti tərəfindən təqdim edilən
"Böyük Xaç" kavaler ordeni, həmçinin
Polşanın müsbət simasının
formalaşmasındakı mühüm xidmətlərinə
görə Polşa Respublikasının Xarici İşlər
Nazirliyinin Xüsusi Diplomu ilə təltif edilmişdir.
Macarıstan və Azərbaycanın elmi-mədəni əlaqələrinin
dərinləşməsindəki roluna görə "Zabit
Xaçı" ali xidmət ordeni (2019-cu il),
"Puşkin" medalı, Azərbaycanla Çexiya
arasında münasibətlərin inkişafında
mühüm roluna görə "Karl Kramej" medalı ilə
təltif olunmuşdur. 2017-ci ildə Şərqi Avropada ilin ən
istedadlı şəxslərini seçən Regional Agentlik tərəfindən
"Müasir dünyanın dini, irqi və etnik
ayrı-seçkilik kimi problemlərindən əziyyət
çəkən Avropa regionunda multikulturalizm ənənələrinin
inkişaf etdirilməsi sahəsində xidmətlərinə
görə" mükafatına layiq
görülmüşdür. Bundan başqa, Serbiya
Respublikası, Türkiyə, Fransa və digər ölkələrin mükafatlarına sahibdir.
Rumıniya mədəni məkanında azərbaycanlı
müəllifin yaradıcılığı "Manuscrisul
incomplet" ("Yarımçıq əlyazma"), "C?mpia
Vr?jitorilor" ("Sehrbazlar dərəsi"), "Şi
n-ai pe cine uita" ("Unutmağa kimsə yox..."), tarix,
mif və təxəyyül məhsulu olan hekayətlərin
uğurlu və maraqlı birləşməsi olan bu romanlar
2018, 2022 və 2024-cü illərdə Yassıda rumın
dilində nəşr olumuş, Buxarestdə
"Gaudeamus-2019" kitab yarmarkasına, Yassıdakı "Mihay Eminescu" Mərkəzi Universitet
Kitabxanasına, Kişinyovda "B.P.Xaşdeu"
kitabxanasına, Qazaxıstanın Lev Qumilyov adına Avrasiya
Milli Universitetinə və Bakı Kitab Evinə təqdim
edilmişdir. 2024-cü ilin aprelində Yassı şəhərindəki
ALFA nəşriyyatında Kamal Abdullanın Liviya Kotorça tərəfindən
tərcümə edilmiş şeirlər toplusu çapdan
çıxmışdır.
"Bir-iki, bizimki" pyesi rumın dilinə tərcümə
olunaraq "Feed Back" jurnalının 2019-cu il № 11-12
sayında dərc edilmiş, həmçinin rejissor Aleksandr
Vieru tərəfindən səhnələşdirilmişdir.
Yuxarıda qeyd olunan pyes əsasında hazırlanan
"Kişi və qadın" tamaşasının milli
premyerası 2019-cu il noyabrın 25-də Yassı şəhərində
"Mihay Eminescu" adına Mərkəzi Universitet Kitabxanasında
keçirilmişdir.
Akademik Kamal Abdulla yüksək pedaqoji keyfiyyətləri
və tədris proqramlarının məzmununa nümunəvi
məsuliyyətlə yanaşan bir pedaqoq olmaqla yanaşı,
Azərbaycan Dillər Universitetinin rektoru və Bakıdakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər
Şurasının sədri qismində 10 noyabr 2022-ci ildə
Yassı şəhərində yerləşən Aleksandr
İohan Kuza adına Yassı Dövlət Universitetində
(UAİC) Azərbaycan multikulturalizmi mərkəzinin
açılmasına, həmçinin Bakı Multikulturalizm Mərkəzinin
Yassı Universiteti ilə əməkdaşlıq çərçivəsində
təşəbbüs göstərdiyi və 27 may 2017-ci il
tarixli Elmi Şuranın iclasında № 270 qərarla təsdiqlənmiş
"Azərbaycan multikulturalizmi" kursunun Ədəbiyyat
fakültəsinin tədris planına daxil edilməsinə də
öz töhfəsini vermişdir.
Qeyd etmək lazımdır ki, səkkiz il ərzində
bu kursu Yassı Universitetindən Erasmus proqramı üzrə
gələn təxminən 120 tələbə
keçmişdir. Bu dövr ərzində Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi "Azərbaycan
Multikulturalizmi" kursunu uğurla bitirən UAIC-in ən
yaxşı tələbələrinə Bakıdakı
Yay-Qış məktəblərində təhsil
üçün 13 təqaüd təqdim etmişdir. Bundan əlavə,
Azərbaycan Dillər Universiteti Yassı Universitetinin tələbələrinə
akademik göstəricilərinə görə iki təqaüd
ayırmışdır.
Azərbaycan Dillər Universitetində rektor Kamal Abdulla
Rumın dili və Mədəniyyəti Mərkəzinin
Rumın dili İnstitutunun köməyi ilə
açılmasını dəstəkləmiş və
2021-ci ildə Beynəlxalq münasibətlər və
regionşünaslıq fakültəsində "Rumın dili
xarici dil kimi" fənninin tətbiqinə nail olmuşdur.
Fakültədə bu fənn üçün illik 60 saat, 3 il
ərzində isə ümumilikdə 180 saat tədris
keçirilir, beləliklə, tələbələr
üç il ərzində cəmi 360 saat rumın dili öyrənirlər.
Qeyd etmək lazımdır ki, 2022-ci il noyabrın 10-da
Yassı şəhərində Aleksandr İohan Kuza adına
Yassı Universiteti ilə Azərbaycan Dillər Universiteti, eləcə
də 2022-ci il noyabrın 12-də Kişinyov Dövlət
Pedaqoji Universiteti "İon Kryançe" ilə Azərbaycan
Dillər Universiteti arasında əməkdaşlıq
sazişləri imzalanmışdır. Bundan başqa,
universitetlər arasında Erasmus sazişi bağlanmışdır
ki, buna əsasən UAIC-də 6 müəllim və 3 tərəfdaş
universitet tələbəsi Erasmus viziti və təqaüdləri
almış, həmçinin UAIC-in Ədəbiyyat və Tarix
fakültələrindən olan 3 müəllim Azərbaycan
Dillər Universitetində staj keçmişdir.
Azərbaycan Dillər Universiteti tərəfindən təşkil
olunan elmi konfranslarda UAIC-nin (Yassı şəhərində
yerləşən A.İ.Kuza adına Yassı Dövlət
Universiteti) professor-müəllim heyəti, tələbə və
magistrantları fəal iştirak etmiş, bu konfransların nəticələri
Azərbaycan Dillər Universitetinin beynəlxalq elmi bazalarda
indekslənən elmi jurnallarında nəşr edilmişdir.
Qeyd olunmalı tədbirlər sırasında 26 noyabr 2020-ci il
tarixində təşkil olunmuş "Kamal Abdullanın UAIC və
UPSC tələbələri ilə dialoqda" mövzusunda dəyirmi
masa, 10 noyabr 2022-ci il tarixində UAIC-nin "Ferdinand"
zalında keçirilmiş oxucularla görüş, həmçinin
Azərbaycan Multikulturalizm Mərkəzinin UAIC-dəki nümayəndəliyi
ilə Bakıda yerləşən universitetin Rumın dili və
Mədəniyyəti Mərkəzi arasında bir sıra layihələr
çərçivəsində həyata keçirilən əməkdaşlıq
xüsusi vurğulanmalıdır. Azərbaycanlı tələbə
və magistrantların "Petru Karaman"
Slavyanşünaslıq kafedrası tərəfindən təşkil
olunmuş Beynəlxalq Gənc Tədqiqatçılar
Simpoziumunun XI buraxılışında iştirakı səkkiz
ildən artıq davam edən əməkdaşlığın
göstəricisidir.
Yazıçı, rektor və bir insan kimi Kamal
Abdullanın hərtərəfli şəxsiyyətini, zəngin
elmi və mənəvi fəaliyyətini əks etdirən ətraflı
və sənədlərlə əsaslandırılmış
təqdimat hazırlamaq asan vəzifə deyil. Lakin qeyd etmək
lazımdır ki, akademik Kamal Abdullanın bütün fəaliyyəti,
fədakarlığı və peşəkarlığı
akademik və mənəvi müstəvidə bir neçə
baxımdan dəyərli və aktuallığını
qoruyub saxlayan məqamlar kimi qiymətləndirilir: 1) müasir
dünyanın çağırışlarına cavab olaraq, əhatə
olunan mövzuların zənginliyi, müxtəlifliyi və dərinliyi
sayəsində; 2) müxtəlif akademik, mədəni və
elmi mühitlər arasında dostluq münasibətlərinin və
kommunikasiya əlaqələrinin inkişafı sayəsində;
3) onun yaradıcılığı ilə yüksək əxlaqi
və mənəvi həyat arasındakı əlaqə sayəsində.
Həyatını Sözə həsr edən Kamal
Abdullanın yaradıcı və sehrli proses vasitəsilə
öz fəlsəfəsini yaratmışdır. Bu fəlsəfədə
Tarix, Yaddaş, əcdadlar, ənənə və adətlər
Azərbaycan xalçasındakı ilmələr kimi bir-biri
ilə sıx bağlıdır. Digər tərəfdən
isə tədqiqatlar, təhsil və dostluq münasibətlərinin
inkişafı da bu fəlsəfədə öz əksini
tapmışdır. Kamal Abdullanın bütün bu sahələrə
həmişə böyük məsuliyyətlə
yanaşmışdır.
Azərbaycan, Rumıniya və Moldova Respublikası
arasında təhsil və elmi əlaqələrin inkişafında
göstərdiyi xüsusi xidmətlər, Azərbaycan Dillər
Universitetində rumın dilinin tədrisi üçün əlverişli
şəraitin yaradılması, Rumın dili və Mədəniyyəti
Mərkəzinin dəstəyi ilə Azərbaycanda rumın mədəniyyətinin
təbliğində nümunəvi rolu, eləcə də
UAIC-də Azərbaycan Multikulturalizm Mərkəzinin fəaliyyətinin
dəstəklənməsi Kamal Abdullanın fəaliyyətini ədəbiyyat,
incəsənət və mədəniyyət sahəsində,
həmçinin akademik müstəvidə mədəniyyətlərarası,
multikultural və çoxdilli təhsilin inkişafında
xüsusi töhfə kimi qiymətləndirməyə imkan
verir. Bu, çoxşaxəli şəxsiyyətin nümunəvi
taleyidir.
Bir insan və vətəndaş kimi
yazıçı Kamal Abdullanın keçdiyi həyat yolu,
doğrudan da, güclü təəssürat doğurur. Lakin
bu səhifələrdə Kamal Abdullanın dostluq
anlayışı və ona münasibəti tam şəkildə
əks olunmur. O, dostluğu yazılmamış davranış
qaydaları kimi qəbul edir və hər şəraitdə,
zahiri nümayişdən uzaq, təbii şəkildə
dostluğa sadiq qalır. Həyat kitabında bəzən sərt,
lakin əsasən yumşaq, təmkinli xarakter xüsusiyyətlərini
qeyd etməmək mümkün deyil. Bu səhifələrdə
həmçinin bütün ömrü boyu ürəyinin
yeganə seçimi olan Ədəbiyyata, Sözə olan sədaqəti,
insanlarla münasibətdə xoş xasiyyəti və
davranışda səmimiliyi də öz əksini tapır. Bu
şəxs öz adını dərin zəka, ünsiyyət
bacarığı, hər bir insanda şəxsiyyəti
görə bilmək qabiliyyəti, kömək etməyə
hazır olmaq və bunu bacarmaq kimi keyfiyyətləri ilə
qazanmışdır.
Eyni zamanda, o, açıq bir səyahət kitabı,
çay mərasimi kimi - bu Homo Viator və Homo Ludens, adı
doğma Bakısının ruhunda, oxucularının və pərəstişkarlarının
qəlbində böyük hərflərlə
yazılmışdır. Kamal Abdulla çoxdan bir çox nəsillər
üçün öz prinsipləri, işinə olan səmimi
münasibəti, düşüncə tərzi və
özünü ifadə etmə tərzi ilə örnək
olmuşdur.
Onun əsərlərindən ən azı birini
oxuduqdan sonra biz dünya quruluşunun arxasında nələrin
dayandığını, demək olar ki, hərtərəfli
anlaya bilirik. Bunun səbəbi Kamal Abdullanın sətirlərinin
özünəməxsus keyfiyyətidir ki, bu da yalnız
estetik kateqoriyalarla ölçülmür. Bu mətnlər
yaxşı və ağıllı bir insan tərəfindən
yazılıb və biz intuitiv olaraq onun mənəvi gözəlliyini,
səmimiyyətini hiss edirik. Kamal Abdullanın
yaradıcılığı bizə yalnız ədəbiyyatın
saf zövqünü yaşatmır, həm ürək
qızdırmağın, məhrəmliyin nadir sevincini bəxş edir.
Çünki həm elmi, həm də bədii əsərlərində
ədib həmişə oxucusunu "Əziz oxucu" ifadəsi
ilə qarşılayır, yeni Söz, Sirr, maraqlı obrazlar
və tapıntılar təqdim edir və intellektual mətnləri
ilə bizə meydan oxuyur. Biz isə... biz cavablar axtarmağa
başlayırıq: Yer üzündə mələyi görmək
mümkündürmü? Kamalın "casusları" digər
insanlardan nə ilə fərqlənir? Niyə şəhərlər
soyuyur və onları kim isindirir? Sabah dəvə
yağışı yağacaqmı və həqiqətən,
Platon xəstələnibmi? Deyirlər ki, axtarışdan əlahəzrət
Həqiqət doğulur!
P.S. Məqalə rumın dilində, "Destinul
exemplar al unei personalit??i multidimensionale: Kamal Abdulla-75"
başlığı altında 2025-ci ilin aprel-sentyabr
ayları (Anul III Nr.?2?3 (10?11)) nəşri olan "Iaşul
cultural" jurnalında (Yassı bələdiyyəsinin ədəbi-bədii
jurnalı) səh.?37?41-də dərc edilib.
Tərcümə etdi:
Sadiq ZAMAN
Filologiya üzrə fəlsəfə doktoru
Lyudmila BEJENARU
Rumıniya, Yassı Dövlət Universiteti
525-ci qəzet .- 2025.- 2 avqust(№135).- S.16;17.