Üzeyir Hacıbəyli:
Anadilli məktəblər və dərsliklər
2025-ci ilin sentyabr ayında milli dövlətçilik
ideyalarının carçılarından biri, görkəmli
pedaqoq, Azərbaycanda pedaqoji fikrin və təhsilin, professional
musiqi sənətinin təşəkkülü və
inkişafında müstəsna xidmətləri olmuş dahi
Üzeyir bəy Hacıbəylinin anadan olmasının 140 ili
tamam olacaq. Azərbaycan Respublikası Prezidentinin "Üzeyir
Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında" 3
fevral 2025-ci il tarixli Sərəncamda oxuyuruq: "...Üzeyir
Hacıbəyli çoxşaxəli
yaradıcılığı ilə Azərbaycan mədəniyyəti
tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir.
Ömrünü cəmiyyətin mədəni tərəqqisinə
həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik
dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin
ilk onilliklərindən vüsət almış ədəbi-mədəni
intibahının aynasıdır".
Üzeyir Hacıbəyli Azərbaycan xalqı, Azərbaycan
təhsili və mədəniyyəti üçün o qədər
çox işlər görüb ki, bir yazıda onların
hamısından bəhs etmək qeyri-mümkündür.
Azərbaycan pedaqoji fikir və təhsil tarixində
silinməz iz qoymuş, müstəsna zəka sahibi, musiqi mədəniyyətimizin
korifeyi Üzeyir bəy həm də XX əsr maarifçilik hərəkatının
tanınmış nümayəndələrindən biridir.
Onun pedaqoji görüşləri, irəli sürdüyü
fikirlər öz dövründə Azərbaycanda xalq
maarifinin, pedaqogika elminin, milli musiqi təhsili sisteminin
yaradılmasına və inkişafına böyük təsir
etmiş və bir çoxu bu günə qədər də
öz aktuallığını saxlamaqdadır.
M.Ə.Rəsulzadə kimi Ü.Hacıbəylinin də
elm, maarif və məktəb məsələləri barədəki
fikirlərinin məğzini millilik, varislik, xəlqilik və
müasirlik təşkil edirdi. O, təhsil quruculuğunda
böyük əhəmiyyət kəsb edən vətəndaş-şəxsiyyət
konsepsiyasının yardıcılarından idi. Təhsildə
daha çox xəlqilik - milli məktəblər, ana dilində
təhsil məsələlərinə üstünlük
verirdi.
Üzeyir bəyin təhsilə olan münasibətinin
özəyini millilik prinsipi tuturdu. Bu meyarın əsas
göstəricisini isə o, "ana dili və təhsil"
tandemində görürdü. Çünki özü Qori
Seminariyasında rus dilində təhsil almış, paralel
olaraq başqa dilləri (gürcü və fransız) öyrənmiş,
amma yenə də doğma dilinə olan aclığı hər
zaman hiss etmişdi. Hələ o zamandan anlamışdı ki,
təhsilin şüura hopması, həyatilik statusu
qazanması üçün onun mütləq doğma ana
dilində olması vacibdir (https://fuyuzat.az/uzeyir-hacibeylinin-tehsil-dusturlari-mekteb-ve-muellimler-ucun-ciddi-xeberdarliqlar/).
Böyük maarifçi millətin elmlə, maariflə
inkişaf edəcəyinə inanır və bu yolda anadilli məktəbin
yaradılmasının, tədrisin ana dilində
aparılmasının təməl prinsip olduğunu əsas
götürür, ana dilində milli dərsliklərin
hazırlanmasını həyatı zərurət hesab edirdi
(https://525.az/news/38700-uzeyir-bey-hacibeyli-boyuk-maarifci-pedaqoq-ve-ziyali-kimi).
Doğma dilinə, onun öyrənilməsinə və
məktəblərdə təlim dilinə çevrilməsinə
xüsusi önəm verən Üzeyir bəy ana dilində məktəblərin
olmamasından acı-acı şikayətlənərək
deyirdi ki, Bakı kimi müsəlman şəhərində bir
türk ibtidai məktəbi belə yoxdur. Onun fikrincə, milli
məktəbin vəzifəsi ana dilini və ana dilində
başqa elmləri (fənləri) uşaqlara mümkün qədər
mükəmməl öyrətməklə yanaşı, digər
dilləri də onlara təlim etməkdir. O yazırdı:
"Hər bir millətin ki, bəqasına
(varlığına) baş səbəb onun dilidir və
dilinin tərəqqisidir. Bir millətin ki, dili batdı, onda o
millətin özü də batar... İnsan öz dilini bilməyəndə
din də gedir, dil də gedir, millət də gedir... Bizim
türk lisanımız (Azərbaycan türkcəsi) Avropa
üləma (alim) və filosoflarının rəyinə nəzərən,
ən kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fikirlərini
və ən dəqiq hisslərini bəyanə qadirdir. Böylə
bir zəngin lisanın sahibi olub da, ondan istifadə etməməyin
özü böyük bir bədbəxtlikdir... Dilimizi öyrənməliyiz,
öz rifah və səadətimiz üçün öyrənməliyiz,
öz mədəniyyət və mərifətimiz
üçün öyrənməliyiz ki, öz ehtiyacatımızın
bəyanına qadir olaq... Öyrənməliyiz ki, Avropanın
bütün aləmə car edən ülum (elm) və
finünun (fənlərin) hər bir qismi meydanında dahilər
çıxardıb, istiqbalımızı (gələcəyimizi)
hər cəhətdən təminə
çalışaq".
"Hansı vasitələr ilə dilimizi öyrənib
kəsbi-maarif etməliyik" sərlövhəsi altında
"İrşad" qəzetinin 1906-cı il 15, 16 və 20
fevral tarixli saylarında "Üzeyir bəy Hacıbəyov"
imzası ilə dərc edilmiş üç məqaləsində
müəllif ana dilində çıxan qəzetləri
mütaliə etməyi, soydaşlarımızın öz
aralarında ancaq ana dilində danışmağı və
yazmağı, milli məktəblərin
açılmasını doğma dili öyrənməyin əsas
vasitələrindən sayırdı. Bizə "türk məkatibi-aliyəsində
ikmali-təhsil etmiş müəllimlər
lazımdır", - söyləyən dahi deyirdi ki, heç
nə "...dilimizi öyrənmək üçün məktəbin
yerini verməz. Məktəb işdə bizim dilimizin sərvətini
təfkin edən bir mədəndir. Məktəbimiz olmasa,
dilimiz unudulub məhv olar. Məktəblər təsis və
güşad etməyə çalışmalıyıq ki,..
hər bir elmi öz türk dilimizdə səbilərə
(uşaqlara) tədris etməkdə pedaqogikanın iqtizaat (tələb)
və icbaatına müvafiq olar".
"Öz ehtiyacatımızın bəyanına qadir
olmaq" üçün milli məktəblərin
açılmasını israrla tələb edən
Ü.Hacıbəyli qeyd edirdi ki, "Bir yerdəki elm və
maarif olmadı, orada zülm və istibdad hökm-fərma
olar... Lənət olsun o günə ki, maarif və mədəniyyət
qapıları bizim üzümüzə bağlanıb bizi cəhalət
və vəhşaniyyət vadisində sərgərdan qoydu...
Cəmaətimizin başına gələn bəla və
müsibətlərin hamısı cəhalət girdabından
ibarətdir. Bu bəla və müsibətlərin törəməsi
isə elmsizliyin ucundandır... Məktəb açıb
bütün elmləri öz ana dilimizdə tədris və təlim
etmək indi bizim əməllərimizin ən ümdəsidir".
Açılmasını arzuladığı məktəb
haqqında xalqımızın böyük oğlu "Məktəb
məsələsi və F.A. cənabları" məqaləsində
yazırdı: "Mən milli məktəb ona deyərəm
ki, orada bütün elmlər öz ana dilimizdə tədris
olunur. Rus və müsəlman işkolasını ibtidai ana
dilli məktəb hesab etmək, zənnimcə, dilimiz və
millətimizi təhqir etməkdir". O, yaxşı bilirdi
ki, "İnsan özünü və dünyanı hansı
dildə tanımağa başlayırsa, intellektual həzz
duyğusu da o dil vasitəsilə yaranır və bu həzz
duyğusu həmin dildən asılılıq yaradır. Buna
görə işi bilən dilçilər iddia edirlər ki,
uşaq ibtidai təhsili öz ana dilində almalıdır.
İlkin intellektual həzzi öz ana dilində yaşamalıdır
ki, öz dilinə qarşı asılılıq yaransın.
(https://visiontv.az/article/insan-ozunu-ve-dunyani-hansi-dilde-tanimaga-baslayirsa-intellektual-hezz-duygusu-da-o-dil-vasitesile-yaranir)".
Ana dilində təhsil almayan uşaq təkcə dilindən
deyil, folklorundan, mədəniyyətindən, milli kimliyindən
uzaq düşür. Qalan bütün dilləri sonradan da mənimsəmək
mümkündür, ana dili isə sonradan mənimsənməz,
insanın qanından, genindən gələr. Biz
uşağı ibtidai təhsilə başqa dildə yönləndirəndə
isə o genetikaya təsir göstərmiş oluruq,
uşağı kökündən
yayındırırıq" (AMEA-nın müxbir
üzvü, keçmiş təhsil naziri M.Mərdanov). Dil
irsi, irqi səciyyə daşımasa da, ana dili milli mənlik,
milli kimliklə bağlıdır. Tədqiqatlar göstərir
ki, körpə hələ ana bətnində ikən onun səsini
duyur. Odur ki, anasının doğma dilində ünsiyyətə
başlamaq daha asan reallaşır.
Yeri gəlmişkən qeyd edək ki, rus, fransız və
gürcü dillərini də bilən dahi Üzeyir bəy
heç vaxt xarici dilləri öyrənməyin əlehinə
olmamışdır. O, uşaqları
dünyagörüşlərinin formalaşdığı
dövrdə kökdən, milli ruhdan ayırmağın,
xarici dilləri öyrənməyin doğma dilin
sıxışdırılması, unutdurulması və ya
unudulması hesabına olmasının, uşaqları özgə
ruhda böyütməyin əleyhinə olmuşdur. Üzeyir bəy
"Yeni üsuli-təbii haqqında bir neçə
söz" məqaləsində uşaqlara əvvəlcə
ana dilini, daha sonra xarici dilləri öyrətməyi məsləhət
bilirdi. Onu da deyək ki, dövrün bütün fənn və
elm kitabları rus dilində olduğundan və Üzeyir bəyin
"təhsil-millilik" prinsipinə yad
sayıldığından o, 1907-ci ildə "Türk-rus və
rus-türk" lüğətini də çapı
etdirmişdir.
Ü.Hacıbəylinin anadilli dərsliklərin rolu və
onların tərtibi barədə fikirləri də maraqlı
və aktualdır (Onu da qeyd edək ki, o, 1907-ci ildə
keçirilən Azərbaycan müəllimlərinin II
qurultayında dərsliklərə nəzarət üzrə
xüsusi komissiyanın üzvü seçilmişdir).
XIX əsrin sonu - XX əsrin əvvələrində
Zaqafqaziyadakı dövlət məktəblərində
uşaqların hansı dərsliklərdən təhsil
alması o dövrün bütün mütərəqqi fikirli
maarifçiləri kimi Ü.Hacıbəylini də həmişə
düşündürmüşdür. Əslində məktəblərdəki
dərsliklərin keyfiyyəti və məzmunu, dərslik
çatışmazlıqları onu Qori seminariyasında
oxuduğu illərdən narahat edirdi. Özü "Tərəqqi"
qəzetinin 30 yanvar 1909-cu il tarixli sayında yazırdı:
"...Mən seminariyanın ikinci klasında (sinfində) idim
ki, ilyarımdan sonra müəllim olacaqdım. Yazı
imtahanı olmaq üzrə "Mən gələcəkdə
nə iş görəcəyəm" sərlövhəsi
altında bir məqalə yazmağı bizə əmr etdilər.
Mən yazdım ki, məktəblərimiz üçün ana
dilində tədris olmaqdan ötəri dərs kitabları tərtib
edəcəyəm..." (https://anl.az/el/musiqi_edebiyyati/kitab/6560.pdf
səh:4)
O deyirdi: "Kitabsızlıq (dərs kitabları) dərdi
istər məktəb, mədrəsə şagirdlərimiz
üçün, istər camaatımız üçün
doğrudan da böyük bir dərddir". Üzeyir bəy dərslik
tərtib edərkən tərbiyə prinsiplərini, elm, bilik
və əxlaqın qarşılıqlı əlaqəsini
düzgün nəzərə almağı dönə-dönə
xatırladırdı. 1909-cu ildə "İrşad" qəzetində
yazırdı: "Uşaqların həm qəlbini, həm
ağlını, həm də zövqünü tərbiyə
edəcək dərslikləri olmalıdır. Dərsliklərə
ictimai-tərbiyəvi əhəmiyyəti olan, uşaqlarda
yüksək əxlaqi sifətlər və mədəniyyət
aşılayan material daxil edilməlidir".
Özünün ibtidai məktəblər
üçün 1907-ci ildə Orucov qardaşları mətbəəsində
çap olunmuş "Hesab məsələləri" dərsliyində
də bu məsələləri xüsusi nəzərə
almışdı. Təsadüfi deyildir ki, dahi M.Ə.Rəsulzadə
və görkəmli maarifçi İ.Qaspıralı mətbuat
səhifələrində bu dərsliyə yüksək qiymət
vermişdilər. M.Ə.Rəsulzadə "Tərəqqi"
qəzetində həmin dərslik haqqındakı məqaləsində
yazmışdı "...104 səhifədən ibarət təmiz
və aydın surətdə asan Azərbaycan sadə türkcəsiylə
tərtib olunmuş "Hesab məsələləri"
adında bir kitab nəşr olunmuşdur. Mühərrirlərimizdən
müəllim Üzeyir Hacıbəyov cənablarının
bu əsəri ibtidai məktəblərin 1-ci və 2-ci
şöbələri şagirdlərindən ötrü
lüzumlu bir dərs kitabıdır..." M.Ə.Rəsulzadə
kitabın müsbət cəhətlərini təqdir edir, onu
Komarovun kitabı ilə müqayisə edir,
anlaşıqlı dildə yazıldığını, misal
və məsələlərin cavablarının
hamısının düzgün olduğunu bildirir və həmin
kitabı bütün Qafqaz ibtidai məktəbləri
üçün tövsiyə edirdi.
Xatırladaq ki, ölkəmizdə musiqi təhsilinin də
bünövrəsini qoyan Ü.Hacıbəyli həm də
ana dilində elmi-fundamental t?dqiqatın məhsulu olan "Azərbaycan
xalq musiqisinin əsasları"
dərsliyinin müəllifidir.
Şübhəsiz ki, 140 illik yubileyini qeyd etməyə
hazırlaşdığımız dünya şöhrətli
bəstəkar Ü.Hacıbəylinin pedaqoji görüşləri,
əzəmətli və möhtəşəm əsərləri
Azərbaycan içtimai fikrinin, elminin, təhsilinin və
musiqi mədəniyyətinin inkişafına bu gün də
güclü təkan verməkdə davam edir. Onun azərbaycançılıq
məfkurəsi ilə yoğrulmuş, əsl vətənpərvərlik
nümunəsi olan fəaliyyətini və yüksək mənəvi-estetik
dəyərə malik irsini,
"yaradıcılığındakı Antey qüdrətinin,
Herkules əzəmətinin sirlərini hələ çox nəsillər
öyrənəcək" və faydalanacaqlar.
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 24 iyul(№128).- S.11.