"Heydər Əliyevin ədəbiyyata
xüsusi marağı vardı"
ELMİRA AXUNDOVANIN AZƏRBAYCANIN XALQ YAZIÇISI,
PROFESSOR ELÇİNLƏ SÖHBƏTİ
Azərbaycanın Xalq yazıçısı, publisist
Elmira Axundova "Heydər Əliyev və yaradıcı
ziyalılar" mövzusu üzərində işləyir.
2-cildlik kitab bu ilin payızında işıq üzü
görəcək. Kitabın 2-ci cildində Elmira
xanımın görkəmli sənət adamlarıyla
çox maraqlı, eksklüziv söhbətləri yer alacaq.
Bu söhbətlərdə təkcə dahi Heydər
Əliyevin obrazı, yaxud bu və ya digər cəhəti
deyil, elə müsahiblərin özləri də oxucu
üçün bəzən gözlənilməz, naməlum
tərəflərdən açılır. Onlar müəlliflə
canlı, səmimi, bəzən çox məhrəm dialoq
aparır, təkcə müsahibənin qəhrəmanı barədə
deyil, həm də öz həyatları haqda
danışırlar və quru rəsmiyyətdən uzaq
söhbətlər oxucu ictimaiyyətində şəksiz maraq
doğurur.
Mart ayından başlayaraq söhbətlərdən bəzilərini
"525-ci qəzet"də çap etməyə qərara
almışıq. Təqdim etdiyi eksklüziv materiallara görə
Elmira Axundovaya minnətdarlıq bildiririk.
Elmira Axundova - Elçin müəllim, Siz Heydər
Əliyevlə ilk dəfə nə zaman və hansı şəraitdə
tanış olmusunuz?
Elçin - 1975-ci ildə. Cəmi 31 yaşım var
idi, yəqin ki, o vaxt üçün mən respublika
Yazıçılar Birliyinin tarixində ən cavan katib idim.
1974-cü ildə Yazıçılar
İttifaqının plenumunda İmran Qasımovu birinci katib
seçdilər. Bir müddət sonra o, mənə bu rəhbər
vəzifəni təklif etdi. O vaxt məni çox çap
edirdilər, o cümlədən Moskvada da. 1972-ci ildə mən
"Drujba narodov" jurnalının "Ən yaxşı ədəbi-tənqidi
məqaləyə görə" mükafatını
almışdım. İmran müəllimdə yeniliyə
meyillilik var idi, o, konservativ əyalətçilikdən yaxa
qurtarmaq, rəhbərlik üslubunu dəyişmək,
Yazıçılar İttifaqına yeni ab-hava gətirmək
istəyirdi.
Əlbəttə, bu, Heydər Əliyevin təyinatı
idi; sovet dövründə yaradıcı təşkilatların
birinci katibləri məhz təyin olunurdular, - indi niyə gizlədək.
Və mən düşünürəm ki, Heydər Əliyev
onu təyin edərkən cavanların irəli sürülməsini,
o cümlədən Yazıçılar Birliyi rəhbərliyinə
cəlb edilməsini məsləhət görüb.
Heydər Əliyev İmran Qasımovun təklifini dəstəklədi.
Bir dəfə - 70-ci illərin əvvəllərində Heydər
Əliyev iclasların birində mənim
çıxışımı dinləmişdi. Mən orada gənclərin
adından danışdım, çıxış onun da
xoşuna gəlmişdi. Bu barədə o, Teymur Əliyevə
söyləmişdi. Bundan başqa, "Kommunist"in redaktoru
Ağababa Rzayev də bir dəfə ağzından
qaçırdı ki, Heydər Əliyev "Elçinin
yazısını bəyənib". Təəccüblüdür
ki, o, çox məşğul olmasına baxmayaraq,
respublikanın ədəbi həyatını izləyir və
mütaliə üçün də vaxt tapırdı. Mən
respublika mətbuatında çap olunanda bilirdim ki,
"birinci" oxuyacaq, bu da həm məsuliyyət, həm də
güvənc hissi yaradırdı...
E.A. - Bununla belə, qayıdaq Heydər Əliyevlə
ilk görüşünüzə. Söhbət nədən
getdi, o, Sizə gələcək işinizlə bağlı məsləhət
verdimi?
Heydər Əliyev ziyalılar haqqında
E. - O, mənimlə çox açıq
danışdı. Heydər Əliyevdə "millilik"
adlandırdığımız cəhət məni heyrətləndirdi.
Məsələn, o deyirdi: "1937-ci ildə Azərbaycan
ziyalılarını amansızcasına məhv edirdilər, -
bunu deyərkən dönə-dönə Hüseyn Cavidin
adını təkrarlayırdı, - indiki Azərbaycan
ziyalıları - Stalin dövründə
formalaşmış ziyalılardır. Və onlarda həmişəlik
qorxu qalıb. Yaşlı nəsil nümayəndələrinin
əsərlərində beynəlmiləlçilik hissi... həddindən
artıq, hipertrofikdir. Mən istəyirəm ki, sizin nəsliniz
milli zəminlə, Azərbaycan nağılları, Azərbaycan
folkloru ilə daha sıx bağlı olsun". Və daha bir
şey yadımda qalıb ki, o, bizim
yazıçılarımız haqqında necə hörmətlə
danışırdı, yəni xalq üçün Azərbaycan
dilini qoruyub saxlayan onlardır. Məndən soruşdu ki, Azərbaycan
məktəbini bitirmisən? "Əlbəttə", -
cavab verdim. "Bax, görürsən. Azərbaycan
yazıçılarından savayı, ziyalıların qalan
hissəsinin uşaqları, bir qayda olaraq, rus məktəbində
oxumuşlar. Sən isə - Azərbaycan məktəbində,
başqa yazıçı uşaqları da eləcə. Mən
istəyirəm ki, siz cavanlar cəsarətlə, kəskinliklə,
heç nədən və heç kimdən qorxmadan
yazasınız. Bir şey olarsa, birbaşa mənə
müraciət edin".
E.A. - Mənə elə gəlir ki, Heydər
Əliyevin yaradıcı ziyalılarla, xüsusən Azərbaycan
yazıçıları ilə (bəstəkarlar, rəssamlar
- nisbətən daha "kosmopolitik" ifadə vasitələri
ilə üzləşən və işləyən sənətkarlardır)
ünsiyyəti onun özünün
dünyagörüşünə, dünyaduyumuna müsbət
təsir göstərmişdir. Andrey Karaulova verdiyi müsahibəsində
o etiraf edirdi ki, yaradıcı insanlarla münasibətləri "daim məhrəm olmuşdur", çünki
"buna daxili ehtiyac duyurdu". Heydər Əliyev MK-nın
birinci katibi olduğu dövrdə isə bu münasibətlər
"genişlənmiş və möhkəmlənmişdir".
Cəsarətlə deyə bilərəm ki,
yazıçılarla ülfəti, dostluğu Heydər
Əliyevin özünü, öz daxili aləmini bir çox
cəhətdən dəyişdirmiş, bilgi üfüqlərini
genişləndirmiş, ən başlıcası isə - onda
sovet partiya rəhbərlərinin dargöz mühafizəkarlığına
qarşı davamlı etiraz hissi yetişdirmişdir.
"Altmışıncılara" münasibəti
E. - Maraqlı fikirdir. Hər halda, Azərbaycan
"altmışıncıları"nın ən birinci və
çox vaxt gözəgörünməz qoruyucusu, demək
olar ki, himayədarı Heydər Əliyev idi. O zaman
hamının haqqında danışdığı və
60-70-ci illərdə çox populyar olan
"üçlüyün" - Anar, Elçin və Əkrəm
Əylisli - arxasında mənən Heydər Əliyev
durmuşdu. Əkrəm sonralar iftixarla bəyan edirdi ki, mən
öz nəsr əsərlərimdə sərbəstliklərə
yol verirdim, "Azərbaycan" jurnalında əvvəllər
yasaqlanmış əsərləri çap etməyə imkan
yaradırdım və s. Ancaq o zaman Heydər Əliyevin
münasibəti, İmran Qasımov başda olmaqla bizim
müdafiəmiz olmasaydı, bunları etmək də
mümkün olmazdı.
Rusiyanın məşhur tənqidçisi Lev Anninski mənə
deyirdi: "Siz respublikada nə oyunlar
çıxarırsınız? Siz jurnallarınızda
"kramolnı" (ideologiyaya zidd) əsərləri
çap etməyə cəsarət göstərirsiniz!"
E.A. - Bəs niyə Azərbaycanda dissident ədəbiyyatı
yox idi? Belə fikir var ki, Azərbaycan və
bütövlükdə sovet yaradıcı ziyalıları "Stalin
şineli"ndən çıxmış və anadangəlmə
qorxu batsilləri ilə yoluxmuşlar. Onlar əslində nəyə
icazə verilirdisə, yalnız ondan yazırdılar...
E. - Bizdə dissident ədəbiyyatı əsasən
ona görə yox idi ki, bütün əsərlərimizi
çap edə bilirdik. "Azərbaycan" jurnalında, Heydər
Əliyevin kəraməti sayəsində çap etdiyimiz əsərlərin
elələri var idi ki, Moskva dərgilərində işıq
üzü görə bilməzdi, onları dissident ədəbiyyatı
sayardılar.
E.A. - Hesab edirsiniz ki, Heydər Əliyev respublikada
çıxan qəzet və jurnalları şəxsən
oxuyurdu?
E. - Mən buna tam əminəm. Bu yaxınlarda hardasa
belə bir məlumata rast gəldim ki, Todor Jivkov on cildlərlə
"Seçilmiş əsərləri"nə
toplanmış məqalələri nəinki özü
yazıb, ümumiyyətlə, heç onları oxumayıb
da! "Sosializm komediyası" farsı üçün
bundan gözəl bir illüstrasiya tapmaq, güman ki, çətindir...
Leonid Brejnevi yaxından tanıyanların dediyinə və
yazdığına görə, bu rəhbər də heç
nə oxumurdu.
Və həmin kontekstdə Heydər Əliyev şəxsiyyətinin
"inkişaf etmiş sosializm" çərçivələrinə
sığışmayan bir cəhəti də mənim
üçün əlamətdardır: mətbuatı şəxsən
izləməsi. Onun çıxışlarında, söhbətlərində
(mən həmin çıxışların sıravi dinləyicilərindən,
sonralar isə daha yaxın iştirakçılarından biri
kimi fikir yürüdürəm) dərhal hiss olunurdu ki, qələm
əhlindən kimin kim olduğunu, hansı məzhəbə
qulluq elədiyini yaxşı bilir və bu, köməkçilərin
hazırladığı (eləcə də xeyirxahların,
daha artıq dərəcədə isə bədxahların
verdiyi) məlumatların nəticəsi deyil, öz təəssüratı,
öz müşahidəsi, özünün bildiyidir.
Səksəninci illərin lap əvvəllərində
mənim "Literaturnaya qazeta"da bir məqaləm çap
olunmuşdu. O vaxt "Litqazeta" bir ədəbi problem, yaxud
əsər haqqında müxtəlif fikirlər verirdi. Mənim
məqaləm də Yuri Boldırevin məqaləsi ilə
yanaşı verilmişdi və onunla kəskin ədəbi
mübahisəyə çıxmışdım. Onda Həsən
Həsənov Mərkəzi Komitənin ideoloji katibi işləyirdi
və birdən-birə gecə mənə evə zəng elədi.
Məlum oldu ki, Heydər Əliyev Soçidə (əgər
səhv etmirəmsə) istirahət edir, məqaləni oxuyub və
bu məqalə onun çox xoşuna gəlib. "Səni təbrik
edir və deyir ki, sən düzgün fikir söyləmisən".
Burada maraqlı cəhət odur ki, cavan bir
yazıçının, özü də sırf ədəbiyyat
problemlərinə həsr olunmuş yazısı da diqqətdən
(və maraqdan!) kənarda qalmadı və bu, "rəhbər
diqqəti" yox, oxucu diqqəti idi. Yeri gəlmişkən, ətrafındakıların
böyük qismi mətbuatla, ümumiyyətlə, mədəniyyətlə
maraqlanan adamlar olmasa da, rəhbərdən çəkindikləri
üçün, özləri də mətbuatı izləmək,
ədəbi ictimaiyyətin problemlərinə məhdud qabiliyyətləri
daxilində diqqətlə yanaşmaq məcburiyyətində
qalırdı.
Dəfələrlə bunun şahidi və
iştirakçısı olmuşam ki, Heydər Əliyev
teatr tamaşalarına baxıb və sonra, səhnə
arxasında yaradıcı kollektivlə görüş
keçirib. Heç bir mübaliğəyə yol vermədən
deyim ki, yüksək səviyyəli professional sənətşünas
kimi tamaşanın təhlilini verirdi. Onun da şahidiyəm
ki, həmin görüşlərdən sonra yaradıcı
kollektivin həvəsi birə-on artırdı. Əsl sənət
adamına, yaradıcı kollektivinə nə lazımdır?
İlk növbədə xalqın onun sənətinə qiymət
verməsi, onu başa düşməsi. Xalqa rəhbərlik
edən adam da qiymət verməyi bacarırsa, bu - əlbəttə,
çox effektli və əhəmiyyətli cəhətdir.
Bu cür görüşlər Moskvada da keçirilirdi:
görkəmli arxitektorlarla, yazıçılarla, teatr
kollektivləri ilə və deməliyəm ki, onların əks-sədası
Azərbaycan mədəniyyətinin inkişafı
üçün münbit şəraitin yaranması
baxımından çox xeyirli olurdu.
Həmişə öz-özümə fikirləşəndə,
təəccüb, bəzən, hətta heyrət etmişəm
ki, Heydər Əliyev kimi SSRİ-nin ucqar bir yerində
boya-başa çatıb təhsil alasan, uzun illər boyu DTK
kimi sənətdən, yaradıcılıq mühitindən
uzaq bir yerdə işləyəsən və bu dərəcədə
də ədəbi-estetik təfəkkür tərzinə malik
olasan. Yadıma gəlir, 1976-cı il idi, onda lap cavan bir
yazıçı idim və Yazıçılar
İttifaqına yenicə katib seçilmişdim. Moskvada Səməd
Vurğunun anadan olmasının 70 illiyini keçirdik və
sonra Daimi Nümayəndəliyimizdə yubiley
iştirakçıları üçün kiçik bir qəbul
düzəltdik. Adamların sayı az idi - 30-35 nəfər,
amma kimlər idi: Leonid Leonov kimi "canlı klassik"dən
tutmuş o zamanın böyük "ədəbiyyat
generalları" - Georgi Markov, Aleksandr Çakovski, Sergey
Mixalkov, Nikolay Qribaçovacan rus ədəbi ictimaiyyətinin
"rəsmi və qeyri-rəsmi ən irəlidə gedənləri".
Heydər Əliyev də orada idi və söhbətləri,
çıxışları ilə masa arxasında əyləşənlərin,
xüsusən, "ədəbiyyat generalları"nın
çoxundakı "böyük qardaş" təkəbbürünü
sözün əsl mənasında məhv etdi və o
danışdıqca həmin "ədəbi generallar"
göz-görəti kiçilirdi...
Bu, şəxsiyyətin miqyasıdır. O məclisdə
yalançı məlumatfürusluqla, əvvəlcədən
hazırlaşma ilə, gözə lap ustalıqla da olsa
kül üfürməklə iştirakçıları
ovsunlamaq mümkün deyildi, çünki onların özləri
sovet "hakimiyyət mətbəxi"nin aparıcı
fiqurları, funksionerləri idi. Yalnız şəxsiyyətin
təbii özünüifadəsi, fitri qabiliyyəti onları
o cürə göz-görəti kiçildə və hərəni
öz yerində oturda bilərdi.
E.A. - O vaxtlar, artıq uzaqda qalan 70-ci illərdə Siz
yaradıcılıq ittifaqının katibi işləyirdiniz,
həm ölkə daxilində, həm də xaricdə
geniş çap olunurduz və baş verənləri bir
növ kənardan qiymətləndirə bilirdiniz.
Ümumittifaq sosialist yarışlarına münasibətiniz
necə idi?
E. - Müsahibələrin birində mənə belə
bir sual verdilər ki, 70-ci illərdə, 80-ci illərin əvvəllərində
Azərbaycanda "dalğalanan" Qırmızı bayraqlar
haqqında nə deyə bilərsiniz? Belə cavab verdim ki, o
Qırmızı bayraqlar tarixin faktıdır, onları danmaq
olmaz və lazım da deyil. Doğrudan da belədir. Bu
günün nəzərləri ilə yaxın (eyni zamanda
çox uzaq!) keçmişimizə nəzər salanda, o
"təntənəli" iclasları xatırlayanda, indi
onlar adama fantasmaqorik, əcaib, hətta sürrealist təsir
bağışlayır. Ancaq bu, məsələnin bir tərəfidir:
görünən tərəfi. İkinci tərəf isə
görünmür, dərindədir və mürəkkəbdir.
O da bundan ibarətdir ki, həmin "təntənə"lərin
arxasında konsperativ şəkildə, xəlvətcə, bəlkə
də təhtəlşüur, sövq-təbii olaraq xalqın
nüfuzunun artması, uzun illərin sarsıntısından
sonra akvarellə nəzərə çarpacaq milliyyətçi
dirçəliş prosesi başlamışdı. Yüksək
bürokratiya xalqın lideri ilə necə
hesablaşırdısa, xalqın özünə də
münasibətdə, bəlkə də, daxilən istənilməyən,
arzu olunmayan bir ehtiram yaranırdı.
O dövrdə "Sosialist əməyi"ndəki
uğurların, keçici qırmızı bayraqların
arxasında ilk növbədə xalqın özünütəsdiqi
dururdu. Mən vaxtında bu barədə yazmışdım.
Bütün bu "əmək qələbələri",
bayraqlar, respublikanın bayrağına sancılan ordenlər nəhəng
və o dövr üçün çox böyük cəsarətlə
yaradılan aysberqin yalnız görünən tərəfi
idi. Ancaq vacib və daha əhəmiyyətli olan isə onun
görünməyən, suyun altında qalan, mahiyyəti məhz
həmin milli özünütəsdiqdə olan cəhətlər
idi...
O Qırmızı bayraqlarla bərabər, xüsusən
80-ci illərın əvvəllərində Azərbaycanda
milli təfəkkürün, özünəqayıdışın
ayrı-ayrı fərdlər arasında yox, bir küll
halında oyanma dövrü idi...
Moskvaya yola düşməzdən əvvəlyazıçıların
qəbulu
E. - 1982-ci ildə Moskvaya yeni vəzifəylə
bağlı yola düşməzdən əvvəl Heydər
Əliyev yazıçıları qəbul etdi. Orada
Süleyman Rüstəm, İlyas Əfəndiyev, Mirzə
İbrahimov, başqaları ilə bərabər, Anar da, mən
olmuşuq. Yadımdadır, o, parçalanmış Azərbaycanın
gələcək birliyi haqqında danışır,
özü də söhbət müstəqil bir dövlət
haqqında gedirmiş kimi danışırdı. O vaxt o, heyrətə
gətirən şeylər dedi: "Mən Amerika müxbirini
qəbul edirdim, o, məndən Cənubi Azərbaycan barədə
soruşdu. Düşündüm ki, partiya xadimi kimi cavab versəm,
bu, Siyasi Büroya çatacaq və arzuolunmaz reaksiya
doğuracaq. Sonra isə qərara gəldim: nə olur-olsun! Və
düşündüyümü dedim: biz ikiyə
bölünmüş bir xalqıq və haçansa ədalət
bərpa olunacaq". Zənnimcə, o dövrün
ab-havası və Heydər Əliyevin tutduğu vəzifə
kontekstində bu cür etirafların nə demək olduğunu
açıqlamağa ehtiyac yoxdur...
Yeri gəlmişkən, o vaxt ilk dəfə "Cənubi
Azərbaycan" sözlərinin üstündən qadağa
götürüldü... Ona qədər mətbuatda "Cənubi
Azərbaycan" ifadəsi işlənə bilməzdi. Elə
fikir vardı ki, bu, SSRİ-İran münasibətlərinə
ziyan vura bilər. 1981-ci ildə, yazıçıların
qurultayında o, bizi hətta tənqid etdi, dedi ki, Cənubi Azərbaycan
mövzusuna az diqqət yetiririk. Həmin qurultayda Balaş Azəroğlunu
Respublika Yazıçılar İttifaqının katibi
seçdik, ona Xalq şairi adını verdilər...
Təəssüflər olsun ki, böyük Azərbaycan
şairi Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsinə
xidmət edən nəcib əməlindən Heydər
Əliyevin opponentləri onunla siyasi "haqq-hesablarını
çürütmək" üçün istifadə
etmişdilər. Həmin görüşdə Heydər
Əliyev Cavidin nəşinin vətənə gətirilməsini
xatırlayaraq demişdi:
"Siz bilsəydiniz ki, bu ideyanın nə qədər
əleyhdarları vardı, mənə qarşı o vaxt nə
qədər "anonimka"lar yazılmışdı! Hətta
Brejnev də məni bir dəfə qınamışdı:
"Bax, sən öz xalqın üçün
çalışırsan, məşhur
yazıçının nəşini vətənə gətirtmək
istəyirsən, sənin öz azərbaycanlıların isə
bizə "anonimka"lar yağdırır, sənin hərəkətlərini
"antisovet" adlandırırlar".
E.A. - Siz xəstəliyindən sonra Moskvada Heydər
Əliyevlə ünsiyyətdə olmusunuz, 1992-ci ildə isə
"Aydınlıq" qəzetində onun barəsində, səs-küyə
səbəb olmuş esse yazmısınız. Zəhmət
olmasa, bu barədə danışın.
Heydər Əliyevin istefasından sonra onunla münasibətlər
E. - Həmin essedə belə bir parça var idi:
1985-ci ildə, Moskvada növbəti Beynəlxalq Kitab sərgisi
açılırdı (həmin sərgilər iki ildən
bir keçirilirdi). Onun təntənəli
açılışında iştirak etmək
üçün hökumət üzvləri, görkəmli
ictimai xadimlər, yazıçılar pavilyonun
qarşısına toplaşmışdılar.
Yağış çiləyirdi, mərasim isə başlamaq
bilmirdi, Heydər Əliyevin gəlişini gözləyirdilər.
Yağış güclənirdi. Nazirlər, MK-nın
şöbə müdirləri xarici qonaqların istehzalı
baxışları altında yağışda islanır,
başlarına qəzet tutur, ancaq mərasimi başlamağa
cürət etmirdilər. Nəhayət, Heydər Əliyevin
maşını yaxınlaşdı. Mən dəqiqliklə
xatırlayıram ki, Siyasi Büronun gələcək üzvü,
köhnə inzibati-amirlik sistemini kəskin ifşa edən, o
vaxt isə yenicə MK-ya şöbə müdiri təyin
olunmuş Aleksandr Nikolayeviç Yakovlev axsaya-axsaya
yağışın altında maşına doğru
qaçdı və yaltaqcasına Heydər Əliyevi
qarşıladı.
Bu epizod yaddaşıma həkk olunmuşdu və Heydər
Əliyevə xüsusən də elə həmin Yakovlevin
kurasiyasında olan mərkəzi mətbuatda böhtanlar
yağdırıldığı dövrdə mən bunu
tez-tez xatırlayırdım.
E.A. - İlk dəfə xəstəlikdən sonra
geniş auditoriya qarşısında Heydər Əliyev 1987-ci
il sentyabrın 8-də göründü. O, VI Beynəlxalq
kitab sərgi-yarmarkasının açılışında
iştirak edirdi.
E. - 1987-ci ildə, Heydər Əliyev xəstələnib
Qorbaçovun get-gedə dekorativləşən ətrafından
qeyb olanda, Bakıda obıvatel dedi-qodusundan tutmuş, müxtəlif
və az məlumatlı xadimlərin səsləndirdiyi
proqnozlaradək cürbəcür şayiələr
dolaşmağa başladı. Həmin payız günlərində
mən Moskva Beynəlxalq kitab yarmarkasında iştirak edirdim və
onun açılışında Heydər Əliyev xəstəlikdən
sonra ilk dəfə camaat qarşısında
göründü. Arıqlamışdı. Ağır xəstəlik
keçirdiyi hiss olunurdu və mən ona baxarkən, 70-ci illəri-80-ci
illərin əvvəllərini, onun heç bir konspekt olmadan
geniş və ehtiraslı nitqlər söylədiyini
xatırlayırdım. Orada da çox səmimi
görüşümüz oldu.
Heydər Əliyevin Şuşada Vaqifin məqbərəsini
ziyarət etməsini yadıma
salıram. O, quşbaşı yağan qar altında
başıaçıq yeriyir, addımları geniş və
mətin atırdı. Adama elə gəlirdi ki, sonralar dillər
əzbəri olan Brejnevin söylədiyi "Azərbaycan
geniş addımlarla irəliləyir" sözləri məcazi
mənada deyil, lap gerçək mənada və məhz Heydər
Əliyev haqqında deyilmişdir.
Və Moskvada, xəstəliyin üzdüyü Heydər
Əliyevə baxarkən, mən
düşünmüşdüm ki, elə bil, amansız sistem
bu dəfə təbiətin özüylə sövdələşib
və Heydər Əliyevi nişan alıb...
1987-ci il oktyabrın əvvəllərində Saşa
İvanova zəng vurub məni Heydər Əliyevlə
calaşdırmağı xahiş etdim. Çox mehriban
danışığımız oldu. Kitab yarmarkası
bağlanandan sonra mən və "Drujba narodov"
jurnalının baş redaktoru Sergey Baruzdin ADR
Yazıçılar İttifaqının dəvətilə
birlikdə Şərqi Berlinə yollandıq. Məhz orada Heydər
Əliyevin Siyasi Büro üzvü və SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifələrindən
azad olunması xəbərini eşitdik. Bax, elə o vaxt
Baruzdini müşahidə edərkən, bu hadisəyə
ikiüzlülük içində çürüyən
"sovet cəmiyyətinin" münasibətinin necə
olacağını anladım. Səfər boyu Heydər
Əliyevi ağızdolusu tərifləyən Baruzdin birdən-birə
onu tənqid etməyə, şovinistik bir istehza ilə
qarasınca danışmağa başladı. Kəskin
dönüş siyasi küləklərin istiqamətinin dəyişməsindən
xəbər verirdi.
Berlindən qayıdaraq düşünürdüm ki,
indi ilk növbədə ermənilər hücuma keçəcəklər.
Təəssüf ki, gümanlarım doğru
çıxdı. Heydər Əliyev elə böyük
nüfuz sahibi idi ki, hətta erməni-daşnak irqçiliyi də
onun öhdəsindən gələ bilmirdi.
Moskvaya oktyabrın 25-də qayıtdıq.
"Moskva" mehmanxanasına daxil olarkən ilk
rastlaşdığım akademik Eldar Salayev oldu.
Yadımdadır, ona dedim: "Eldar, görərsən, birinci
ermənilər başlayacaq". Heydər Əliyevə zəng
edə bildim. Qısa da olsa danışdıq. O: "- Mənə
görə narahat olmayın, - dedi. - Vəzifə gəldi-gedər
şeydir, bu gün var, sabah yox".
E.A. - Bütün maneələrə baxmayaraq, Heydər
Əliyev Bakıya qayıtdı, respublika parlamentinə deputat
seçildi. Naxçıvanda xalq onu mehribanlıqla
qarşılasa da, Heydər Əliyev öz sabiq partiya
yoldaşlarının soyuq və hətta düşmən
münasibətilə üzləşdi. Bu, onun
üçün çox ağır zamanlar idi.
E. - Heydər Əliyevin Bakıya qayıtması və
ona fasiləsiz hücumlar dövründə Kral Lirin obrazı
mənim yadımdan çıxmırdı. Şekspir ona
görə əlçatmaz dərəcədə ucadır
ki, o öz yaradıcılığında insan qəlbinin
vahiməli labirintlərinə bələdçi olmuşdur.
İnsan qəlbi isə nələrə qadir deyil! Heydər
Əliyev bu cür ruhi deformasiyalarla üzləşərkən
bəlkə də Kral Lirdən az pərişanlıq hissləri
keçirməmişdir. Bəlkə də bunlar yalnız mənim
fantaziyamdır? Bilmirəm...
... Bir epizod yadıma düşür. 1991-ci ilin mart
ayında Müslüm Maqomayev adına Filarmoniyada Azərbaycan
yazıçılarının IX qurultayı keçirilirdi.
Qurultayın işə başlamasına bir az qalmış, mən
foyedə, vəzifə sahibi olmuş tanınmış bir nəfərlə
söhbət edirdim. Bizdən bir qədər aralıda
yüksək vəzifəli bir qrup partiya funksioneri
dayanmışdı. Müsahibimin üzü filarmoniyanın
giriş qapısına baxırdı. Birdən gördüm
ki, onun sifəti dəyişdi, sözünü
yarımçıq kəsib tələsik foyedən
çıxdı (daha dəqiq desəm, qaçdı).
Əvvəlcə mən çaşdım, hətta fikirləşdim
ki, yəqin yazığın mədəsi sancıb, sonra
qeyri-iradi dönüb baxanda gördüm ki, Heydər
Əliyev gəlir. Müsahibimi vahiməyə salan elə bu
imiş: "Antiəliyev" partiyasından olan məmurların
gözü qarşısında Əliyevlə
salamlaşmalı olacaqdı.
Heydər Əliyevin bu adamın qaçmasını
görüb-görmədiyini deyə bilmərəm, amma
görməli idi, çünki ən xırda detal belə
onun diqqətindən yayınmırdı. Mən bu hadisəyə
görə pərtliyimi gizlətməyə
çalışaraq, Heydər Əliyevlə
salamlaşdım. O, uzun fasilədən sonra Azərbaycan
yazıçıları ilə yenidən görüşməsinə
şad idi. Amma şahidi olduğum insan miskinliyini və dəyişkənliyini
dərk etməyin ağrısı bundan sonra hələ uzun
müddət mənlə qaldı.
Vaxtilə məhz Heydər Əliyev bu adamın irəli
çəkilməsinə şərait yaratmış, onun bəzi
səhvlərini bağışlamış, onu rayon partiya
komitəsinin birinci katibi, sonra daha yüksək vəzifəyə
təyin etmişdi...
E.A. - Heydər Əliyev Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi
dövrdə görkəmli ədəbiyyat və incəsənət
xadimlərinin xatirəsinin əbədiləşdirilməsinə
çox vaxt ayırıb. O, tamamilə haqlı olaraq hesab
edirdi ki, bu, milli özünüdərkin inkişafına,
xalqın öz tarixinə, ədəbiyyatına
marağının canlanmasına, onun mənəvi
özünütəsdiqinə töhfə verəcək.
Yadınızdadır, 1970-ci illərdə Səməd
Vurğunun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun,
Bülbülün ev-muzeyləri açıldı, Cəlil Məmmədquluzadənin,
Məmməd Səid Ordubadinin, Müslüm Maqomayevin ev-muzeylərinin
yaradılması haqqında qərarlar qəbul olundu.
E. - Heydər Əliyevin ədəbiyyata,
yaradıcılığa xüsusi marağı vardı. Bir dəfə
mənə dedi: "Həyatımda ilk sevincli hadisə bilirsən
nə olub? Tolstoyun portretini qələmlə çəkməyim.
Bu sevinc hələ də mənim içimdədir". O mənə
bunu da danışmışdı: "Uşaq vaxtı
Naxçıvanda tez-tez işıq kəsilirdi. Pəncərənin
kəndarında oturub dərslərimi hazırlayırdım,
çünki küçədən ora işıq
düşürdü... Teatra getməyi çox sevirdim. Amma
orada da tez-tez işıq kəsilirdi. Oturub səbirlə
gözləyirdik ki, işıqlar yansın, tamaşa yenidən
başlansın. Orada Uzun Yunus adlı bir elektrik vardı. O
harasa gedib işığı düzəltməyə
çalışırdı, mən də oturub gözləyirdim
ki, Uzun Yunus nə vaxt gələcək..."
Ümumiyyətlə, Heydər Əliyevlə telefonla
və ya şəxsən ünsiyyətdə olanda bunu həmişə
aydın hiss edirdim, məndə belə təəssürat
yaranırdı ki, söhbət ədəbiyyatdan, yaxud
sözün geniş mənasında mədəniyyətdən
gedəndə ölkə başçısı həmin
anlarda ruhən dincəlir. Əlbəttə, əgər onun
gündəlik ağır işlərin və problemlərin
bolluğu arasında "dincəlmək"
sözünü işlətmək yerinə düşərsə...
E.A. - Elçin müəllim, Siz 90-cı illərdə
cənab Prezidentlə sıx ünsiyyət
saxlamısınız, onun komandasının üzvü
olmusunuz, Nazirlər Kabinetinin xətti ilə humanitar istiqamətə
nəzarət etmisiniz. Heydər Əliyevin ilk növbədə
hansı xarakter xüsusiyyətlərini
vurğulayardınız?
E. - Heydər Əliyevin bir siyasət adamı, dövlət
başçısı kimi elə xüsusiyyətləri var
ki, onlar bir yerdə onun adı ilə bağlı olan məxsusi,
personal bir "siyasi idarəetmə" məktəbi
yaradır və mən çox istərdim ki, vəzifə
sahibləri, səlahiyyətli şəxslər bu məktəbdən
nəsə əxz etsinlər, götürsünlər, bəlkə
gələcəkdə onu daha da inkişaf etdirsinlər.
...Cəmi ikicə misal gətirmək istəyirəm
və bu misallardan biri lokal (amma çox əhəmiyyətli!)
səciyyə daşıyırsa, ikincisi, mənim fikrimcə,
ümumiyyətlə, siyasət aləmində yeni
sözdür və həqiqətən siyasət dərsliklərinə
düşəsi bir epizoddur.
Adətən Heydər Əliyevdən bəhs edən
məqalələrdə, söhbətlərdə onun fenomenal
hafizəsindən, yaddaşından bəhs edirlər və
bu, həqiqətən belədir. Amma Heydər Əliyevin
başqa bir fenomenal xüsusiyyəti də var: qulaq asmaq
bacarığı, dinləmək qabiliyyəti, səbri.
Hərdən müvafiq sahənin rəhbərliyi ilə,
ayrı-ayrı vəzifə sahibləri ilə kiçik
müşavirələr keçirirdi və mən dəfələrlə
şahidi olmuşam ki, həmin müşavirələrdə
Heydər Əliyev necə böyük bir səbirlə
çıxış edənlərə qulaq asırdı. Nə
gizlədim, danışanların, məlumat verənlərin
hamısının ağzından dürr tökülmür,
bəzən qulaq asdıqca, şəxsən mənim canım
sıxılırdı, hansısa bir səviyyəsiz
çıxış adamı əsəbiləşdirirdi və
bu səviyyəsizliyi, şübhəsiz ki, ilk növbədə,
elə Heydər Əliyevin özü görürdü, amma hətta
belə məqamlarda belə, o, danışanın
sözünü kəsmir, söylənən fikirləri, gətirilən
arqumentləri axıracan dinləyirdi. Bu da bir vergidir. Və elə
bilirəm ki, dövlət başçısı
üçün çox vacib bir vergidir: adamlara öz sözlərini
axıra qədər deməyə münbit zəmin yaratmaq...
İkinci misal isə məni fikrən 1993-cü ilin
avqustuna aparır. Heydər Əliyev respublika Ali Sovetinin sədri
idi, ölkədə isə ciddi siyasi böhran
yaşanırdı və belə bir vaxtda Bakıda gizli vərəqələr
yayırdılar, o vərəqələrdə şəxsən
Heydər Əliyevin əleyhinə hədyanlar yazırdılar,
xalqı guya ki ayağa qaldırmaq istəyirdilər. Belə
bir vəziyyətdə artıq dövlətə
başçılıq etməyə başlamış Heydər
Əliyev nə etdi? Milli Məclisin canlı yayımla
bütün ölkəyə göstərilən iclasında
həmin vərəqələrdə yazılanları kamera
qarşısında ucadan oxutdurdu və küncdə-bucaqda
gizli-gizli üç-beş nəfərin arasında
yayılan vərəqələrdəki yazıları
bütün xalq eşitdi, bununla da o vərəqələri
yazanların və yayanların istədiklərinə tamamilə
əks effekt, həm də çox güclü bir effekt
alındı. Bu, çox şeydən xəbər verən və
mənim fikrimcə, unudulmayacaq bir dərs idi.
Heydər Əliyevin fenomenal yaddaşı haqqında
1996-cı ilin noyabr ayında Məhəmməd
Füzulinin yubileyi qeyd edilirdi. Yubiley ərəfəsində mən
qonaqların siyahısını müzakirə etmək
üçün Prezidentin yanında idim. Rusiyalı
yazıçı Mixail Alekseyevə çatanda dedim ki, bu adam
Sosialist Əməyi Qəhrəmanıdır, "Moskva"
jurnalının keçmiş baş redaktoru olmuşdur və
sair. Heydər Əliyev: "Mən onu yaxşı
xatırlayıram. Bakıda Sofronovun pyesi tamaşaya qoyulanda
Alekseyev onunla bərabər premyeraya gəlmişdi. Sən
İmran Qasımovun və Mixail Alekseyevin yanında Rus Dram
Teatrının parterində dayanmışdın. İmran
sonra Alekseyevi təqdim etdi, xatırlamırsan?"
"Yox", - deyə etiraf etdim.
İşdən sonra evə gəlib öz arxiv qeydlərimi
araşdıranda gördüm ki, həqiqətən 1978-ci ildə
Anatoli Sofronovun pyeslərindən biri Bakıda tamaşaya
qoyulmuşdur və Sofronov premyeraya Alekseyevlə bərabər
gəlmişdi. Həmin premyerada Azərbaycan KP MK-nın
birinci katibi Heydər Əliyev də olmuşdu. Görün
necə heyrətamiz yaddaşı var: təxminən 30 il
keçəndən sonra rusiyalı bir yazıçı ilə
adi bir görüşün harada, hansı şəraitdə,
kimlərin yanında, hətta mənim - cavan bir
yazıçının da orda olmasını
xatırlayır.
Onun bir unikal cəhətini də mütləq qeyd etmək
istəyirəm. Dəfələrlə şahidi olmuşam və
hər dəfə də mat qalmışam ki, Heydər
Əliyev, deyək ki, ağır və üzücü səfərdən
qayıdıb, aeroportda məlum olub ki, filan ölkənin
dövlət bayramıdır, səfirlik qəbul düzəldib,
ora gedib təbrik etmək lazımdır, dərhal, yəni
yarımca saat da istirahət etmədən maşına minib o
qəbula gedib, həmin ölkə ilə və ümumiyyətlə,
xarici siyasətlə bağlı parlaq nitq söyləyib,
sonra oradan çıxıb kənd təsərrüfatı
işçiləri ilə görüşüb, bu sahənin
problemləri və onların həlli yolları ilə
bağlı çıxış edib, sonra heç bir fasilə
vermədən təhsil işçiləri ilə
görüşüb, təhsilin müasir vəziyyəti və
vəzifələri barədə danışıb, sonra da bir
görkəmli şairin, yaxud rəssamın yubileyində
iştirak edib, onun yaradıcılığı haqqında, Azərbaycan
mədəniyyətində tutduğu yer barədə professional
söhbət açıb... Və bu bir istisna deyil, onun
gündəlik işinin tərkib hissəsi idi.
O, bu çıxışlara necə
hazırlaşır, bir-birindən tamamilə fərqli sahələri
ard-arda necə ehtiva edirdi, axı bir dəqiqə də
boş vaxtı qalmırdı ki, heç olmasa psixoloji cəhətdən
özünü kökləsin... Bu, həqiqətən, mənim
üçün bir sirr-xudadır...
Mən həmişə fikirləşirdim ki, Heydər
Əliyevin köməkçilərinin işi bir tərəfdən
çətin idi, çünki tələb
böyükdür, böyük də məsuliyyəti var, o
biri tərəfdən də asan idi, çünki onun
üçün başqa dövlət
başçıları kimi, gecə-gündüz əlləşib,
faktlar toplayıb, sitatlar yığıb
çıxış yazmaq, məruzə hazırlamaq lazım
deyildi. Bu işi köməkçilərinin əvəzinə
onun özünün fitri istedadı görürdü. Elə
yeri düşmüşkən deyim ki, onun bu cəhəti
hörmətli Prezidentimiz İlham Əliyevin də səciyyəvi
və çox qiymətli xüsusiyyətidir.
Heydər Əliyevin xarakteri barədə...
Ümumiyyətlə, mənə elə gəlirdi ki,
Heydər Əliyev bəzən işin, fəaliyyətin
bitib-qurtarmamağının doğurduğu daxili bir tənhalıq
hissi keçirirdi... Mən adətən işdə nahar
etmirdim, baxmayaraq ki, Nazirlər Kabinetində bütün rəhbərliyin
gedib nahar edə biləcəyi xüsusi yeməkxana var idi.
Amma hər dəfə evə gedirdim. Heydər Əliyev isə
heç vaxt fasilədə evə getmir, həmişə
işdə olurdu. O, fasilə zamanı bir neçə dəfə
zəng vurmuş və məni işdə tapa bilmədiyi
üçün evə zəng etmişdi. Soruşdu ki: "Həmişə
fasilədə evə gedirsən?" "Bəli, Heydər
Əliyeviç" - dedim. "Niyə yeməkxanaya getmirsən?
Axı mən orada bir vaxtlar sizin üçün çox
yaxşı yeməkxana tikdirmişdim".
Onun yaxşı əhval-ruhiyyədə olduğunu
görüb, bir az bədii-alleqorik formada cavab verdim:
"Düzünü desəm, Heydər Əliyeviç,
hansısa müəssisədə nahar edəndə mənə
elə gəlir ki, yeməklə birgə iclas eləyirəm".
O, bir anlıq susdu, sonra yarızarafatla: "Deməli, deyirsən
ki, mən həmişə yeməklə iclas eləmişəm?.."
Bu, zarafat tərzində deyilmiş bir sözdü, o,
ümumiyyətlə günorta nahar etmir, ancaq bu sözlərdə
illərin gərginliyi var idi... İş, iş, iş...
"Heydər Əliyeviç" müraciəti ilə
bağlı... Son illərdə onu köhnədənqalma
"Heydər Əliyeviç" adlandırmalarından
heç də xoşu gəlmirdi. "Cənab Prezident" -
vəssalam. Amma mən onu, əvvəlki kimi, "Heydər
Əliyeviç" adlandırmağa davam edirdim. Bir dəfə
müşavirədə mənə dedi: "- Bilirsən,
"Heydər Əliyeviç" sovet keçmişində
qaldı. İndi biz müstəqil ölkəyik və
artıq ruslar kimi insanlara ad və ata adı ilə müraciət
etməyə ehtiyac yoxdur". Dedim ki: "Mən sizə
"Heydər Əliyeviç" deyəndə,
ağlıma gəlmir ki, bu, rus dilindədir, ya nəsə
başqa şeydir. Bu müraciət mənim üçün
obrazlaşıb, başqa cür deyə bilmirəm".
Baxdı, bir söz demədi. Bundan sonrada ona elə əvvəlki
tərzdə müraciət edirdim və o, bir daha mənimlə
bu mövzuya toxunmadı.
E.A. - Ulu Öndərin 100 illik yubileyinin bu, həqiqətən
də, həyəcanlı günlərində yekunda
oxucularımıza nə demək istərdiniz?
E. - Bir cəhəti qeyd etmək istəyirəm, bilmirəm
buna səlahiyyətim çatır, yoxsa yox, amma hər halda
bunu vacib hesab edirəm. Heydər Əliyev bütün
varlığı ilə rəhmətlik həyat
yoldaşına, öz övladlarına, nəvələrinə
bağlı idi və belə bir həyat yoldaşı, ata,
baba bağlılığı çox mühümdür, ona
görə ki, millətə, vətənə
bağlılığın da kökü oradan
başlayır.
Bəşəriliyə gedən yol millidən
keçdiyi kimi, millətə, vətənə məhəbbət
də ailədən gəlir və qədim Roma
imperiyasından bu tərəfə tarix sübut eləyib ki, məhz
məişətdə, şəxsi həyatda, şəxsi əxlaqda
ciddi və səmimi olan dövlət başçıları
öz ölkələri üçün tarixi işlər
görməyi bacarıblar, əks təqdirdə dövlət
başdan çürüyüb məhv olub, necə ki, elə
həmin qədim Roma imperiyasının özü
dağılıb tarixin çevrilmiş səhifəsinə
döndü.
Heydər Əliyevin Azərbaycan xalqına
bağlılığı, bu xalqın məişətinin ən
xırda detallarına belə bələd olması, onun
psixologiyasını və xarakterini dərindən duyması,
bu xalqın mənəviyyatının folklorda, ümumiyyətlə,
sənətdəki bədii-estetik ifadəsini incəliklərinə
qədər bilməsi, Azərbaycan dilinin bütün zənginliyinə
bələd olması mənim üçün həmişə
ön planda olub. Həm də, elə bilirəm, yalnız mənim
üçün yox, ümumiyyətlə, Azərbaycan
yaradıcı ziyalısı üçün. Və həmişə
də milliliyə, kökə tərəf səsləyib və
sövq edib...
Yadıma gəlir, Füzulinin 500 illiyi münasibətilə
Türkiyədə olduğumuz vaxt parlamentin sədri Cindoruq,
İstanbulda, "Çırağan"da Prezident başda
olmaqla, Azərbaycan nümayəndə heyəti üzvlərinin
şərəfinə qəbul düzəltmişdi. Rəhmətlik
Dəmirəl də Heydər Əliyevlə birlikdə idi.
Bizim gözəl müğənnimiz Səkinə
İsmayılova orada "Küçələrə su səpmişəm"
xalq mahnısını oxudu. O mahnının Heydər
Əliyevə necə dərin təsir etdiyini, onun necə
kövrəldiyini görmək üçün xüsusi
qabiliyyət yiyəsi olmaq lazım deyildi, həmin mənzərə
indi də mənim gözlərimin qabağındadır və
o zaman mən Heydər Əliyevə baxa-baxa fikirləşdim
ki, bu adam ki Azərbaycan mədəniyyətinə bu dərəcədə
bağlıdır, bu mahnı ki onun milli hisslərini bu dərəcədə
tərpədir, həyatının səkkiz ilini Moskva
mühitinə (özü də kommunist rejimdəki rəsmi
mühitə... bəlkə də mühacirətə!..) necə
dözüb? Bu da, görünür, onun iradəsinin, daxili səliqəsinin,
səfərbərlik gücünün bir göstəricisidir...
E.A. - Əziz dostum, gözəl xatirələr
üçün Sizə təşəkkür edirəm.
Ümidvaram ki, Siz nə zamansa bu barədə sənədli
kitab yazacaqsınız.
Tərcümə: Rəbiqə
Nazimqızınındır
525-ci qəzet .- 2025.-17 may(¹85).- S.8-10.