"Yollar getdi üzü
dağa..."
Kamal Abdulla-75
"Yollar getdi üzü dağa..."
Bu misranı hər dəfə oxuyanda niyə çox
kədərləndiyimi heç özüm də bilmirəm,
axı, bundan sonra gələnlər daha kədərlidir:
Yoxuşlar enişlərdən daha çox.
Kimsə yox xatırlamağa,
Unutmağa da kimsə yox.
Bəlkə də sürətlə virtuallaşan,
"ekzistensial narahatlıq" içərisində
çabalayan, isterik və sayrışan hallar nevrozundan əziyyət
çəkib tama tam qəddarlaşan dünyamızda bu
cür sentimental duyğulara yer yoxdur, fəqət nə edim
ki, qarşıdan bu misraların müəllifinin - əziz
dostum, Ustadım, görkəmli alim və yazıçı
Kamal Abdullanın 75 illik "kövrək" yubileyi gəlir,
özünün söylədiyi kimi, "yoxuşları
enişlərindən daha çox" olduğu Dağı gəlir...
Və bu yerdə yenə də əvvəlki sual
beynimi deşir: Niyə üzü dağa gedən yollar haqda
müjdə verən misra bu qədər kədərli
olmalıdır?! Axı, enişləri azdırsa,
yoxuşlarını qalxıb o dağlarda əbədi zəncirlənib
qalmaq da olar. Təki bu, ənənə zənciri olmasın!
Xoşbəxtlikdən elmə, ədəbiyyata gəldiyi
gündən mental basqıları göz altına alıb ənənəvi
konyuktiv elmi-bədii darısqallığa meydan oxuyan, "təkcənəlik
vaxtı"na daxil olub ədəbi muxtariyyətini elan edən,
ana dilini öz potensialında danışdıraraq konkordansları - az qala mətnlərində
işlənmiş bütün dil vahidlərinin simvolik işlənmə
siyahısını bizə təqdim etməyə cəhd edən,
roman stilistikasına yeni-yeni rənglər qatan, qeyri-səlis məntiq
və mifolinqvistikanın ecazkar sintezi ilə amorf situasiyalardan
ustalıqla çıxmağı bacaran Kamal Abdulla sosrealizmdən
miras qalan manipulyativ ədəbi ənənənin
qırmızı dəmir qübbəsini çoxdan, lap
çoxdan yarıb keçmişdir...
Fəqət razılaşarsınız ki,
yuxarıdakı şeirin nüvəsində insanın ədəbi
immunitetini zəiflədən və ajiotaj yaratmağa qadir olan
bir depressiv ruh hakimdir. Bəlkə o ruhu təftiş eləmədən
başqa mətləblərdən danışaq? Amma indi
yazacağım cümlədən sonra. Vaxtilə təxminən
belə bir fikir söyləmişdik ki, Kamal Abdullanın elmi və
bədii yaradıcılığında deşifrə edilməsi
müşkül olan antik bir qüssə vardır. Kimsə
bizi qınayıb deyə bilər ki, elmi
yaradıcılığında niyə?
Baxın, Kamal Abdulla ta gəncliyindən
üzünü daha çox "Dədə Qorqud" eposuna
tutub. Kamal müəllimə qədər çoxluq (Təəssüf
ki, həmin çoxluq Lütfi Zadənin qeyri-səlis
çoxluğuna dönüşə bilmədi) "burda mənəm,
Bağdadda kor xəlifə" (Niyə kor xəlifə? Mənəm-mənəmliyin
sonu təkközlülükdür - Təpəgöz; həm
də mif məhz Sarı Çobanın pəriyə təcavüzü
fonunda bu aktı yerinə yetirməliydi, çünki bu həm
də patriarxlığın mənəmlik ehtirası ilə
pəri-qadın üzərində seksual
üstünlüyünün maddiləşdirilməsi demək
idi, ona görə də Təpəgöz cəza kultu kimi
göndərilməli idi) iddası, rasional bir apatiya və
ölü kanonlarla eposa yanaşır, vəhşi imperiya istəklərinə
- "qırmızı çarx"a (Soljenitsın) xidmətləri
qarşılığında ağılasığmaz
imtiyazlar əldə edərək sanki öz
ehtiraslarını söndürmək yarışına
girmişdilər, necə ki, o məşhur filmdə olduğu
kimi, "inanclı qadın İsa peyğəmbərin
ikonası qarşısında mastrubasiya edir".
Bu, çox qüssəli bir tablo idi. Kamal müəllim
bunu bütün varlığıyla hiss edirdi. Bəlkə də
Qırx Oynaşlı Boğazca Fatma obrazı
("Yarımçıq əlyazma") eposla sistematik
manipulyasiya edən qaragüruh qövmə və həmin
"bəlli" qüssəyə amansız bir dirənişin
nəticəsi idi. Həm də sirli-sehrli bir dirənişin...
Kamal Abdulla "Sirr içində sirr"
konsepsiyasını böyük bir azərbaycanlı olaraq məhz
milli, etnomifoloji, mifolinqvistik uçuş zolağından
dünya elmi, bədii və fəlsəfi mühitinə
doğru istiqamətləndirən böyük bir mütəfəkkirdir.
O, ictimai-siyasi fəaliyyətində olduğu kimi, yaradıcılığıda
da multikulturaldır; müxtəliflikləri özünün
inadığı və etibar etdiyi ortaq bir sehrli nöqtədə
birləşdirə bilir. Bu, Aristotelin "qızıl
orta"sına uyğun gəlsə də, fərqli bir
formatdır. Kamal Abdullanın "qızıl orta"sı
şüurumuzda assosiasiya olunan bərabər ortamı deyil,
istənilən uzunluq, enlilik, şaqulilik, üfiqililik və
s. ölçülərin qeyri-bərabər nöqtəsindən
mənz "qızıl orta" effektini yaradan şərtilikləri,
qeyri-müəyyənlikləri özündə etiva edərək
ağlımıza gələn və gəlməyən fəlsəfi
kateqoriyaları simvolizə edir.
"Yoxuşlar enişlərdən daha
çox..."
Yoxuşlar enişlərdən nə zaman çox ola
bilər? O zaman ki, sən illər, əsrlər öncə qəliblənmiş
mövcud enişlərdən öz yolunu salmayıb daha
çətin, məşəqqətli, amma əvvəlkilərdən
daha fərqli bir yoxuşla dağa qalxırsan. Yoxuşlar tədricən
çoxalır. Bunlar məhz sənə məxsus olan
yoxuşlar olur. Və növbəti dəfə yenə fərqli
bir cəhd... Bu cəhdlər haradasa bizə Sizif əməyini
xatırladır.
Dahi A.Kamyu Sizifi absurd qəhrəman hesab edir. Əsas
diqqətini daş dağın ətəyinə
dığırlanandan sonra yaranmış sükuta və
Sizifin keçirdiyi iztiraba yönəldir. Qeyd edir ki, burada
Sizif yox, məhz daş qələbə çalır. Mif bəşəri
həqiqətləri formulə edir, fəqət bu həqiqətlər
yenə də postulat olaraq qalır. Sizifin
düşdüyü situasiya alternativsizliyi ilə möhtəşəmdir.
Bu səfeh sonsuzluğun içərisində ən
ağıllı işi Sizif görür - o, dünyanı
ölməyə qoymur, onu hərəkətdə olan daş
kimi daima diri saxlayır.
Əslində, sənət adamları metafizik anlamda
disharmonik dünyaya yön, nizam, düzən vermək istəyirlər.
Dahi Nizami və Füzuli sözügedən
missiyanı hətta təxəllüslərində də
kodlaşdırıblar.
Kamal Abdullanı da obrazlı desək, bütün
zamanlarda yoxuşları enişlərdən daha çox olan
dağlar maraqlandırıb. Fəth olunmuş zirvə
onunçün artıq zirvə yox, bir düzəngahdır.
O, insani münasibətlərində də bu konseptual maraq və
intellektual-psixoloji məqamları gözləyir.
Bir dəfə söhbət əsnasında Kamal müəllim
qəfildən dedi:
- Çox dostlarım sonralar mənimçün
maraqsız oldular. Sual vermədim ki, niyə? Çünki ədəbi
prinsiplərinə və xarakterinə az-çox bələd
idim. Mətnlərində mübhəmliyi, sirliliyi gözlədiyi
kimi, ritorikasında də buna əməl edirdi. Beynimi xeyli
çək-çevir edəndən sonra səbəbini
özümçün tapdım. İnsan o zaman maraqsız
olur ki, bir yerdə sayır, yeniləşmir və ümumiyyətlə,
bu haqda heç düşünmür də.
Kamal Abdulla elmi və bədii
yaradıcılığında da bu fundamental sxemə,
konseptual modelə əməl edir. Onun özü və hətta
qəhrəmanları da yalnız yoxuş həsrətini
çəkirlər. Nümunələrə diqqət yetirək:
Kamal Abdulla "Düma ilə Coys arasında"
kitabı ilə bizə əsl ustad dərsi keçir. Kitab
bizimlə əsrarəngiz bir dildə - indiyəcən
eşitmədiyimiz intralinqvistik və translinqvistik, işvəkar,
şirəli bir dildə, "Azərbaycan dilinin
potensialında" (Kamal Abdulla) danışır. Dilimizin bu qədər
diapazonlu, çoxqatlı, çoxmasştablı,
semantik-semiotik qatlarla zəngin olduğunu sezməmişdik. Kitabdakı
ədəbi-tənqidi esselərin meditativ bir tonda olması əsl
möcüzədir. Dil insandakı aqressiyanı
götürür. Heç kimin qəlbini qırmadan tənqid
etmək! Əslində, müəllif dilin qəlbini
qırmır. Sevginin içərisində tənqid, tənqidin
içərisində sevgi...
Kamal Abdulla Əndərundakı səssiz, Birundakı
"səsli" ədəbi didişmələr və təlatümlər
dövründə məhəbbətlə dolu bir kitab qoydu
ortaya. Burada hər şey məhəbbət dadır. Hər
şey məhəbbətin cazibəsindədir. Epoxalar və
qısa zaman kəsikləri, sələflər və xələflər,
qocalar və cavanlar, ahıllar və "qocalmış
cavanlar", bir sözlə, bütün ədəbi şəcərələr
və bunlar arasında əsən soyuq və isti küləklərin
dəyişkənliyi və sürəti flyuqer dəqiqliyi ilə
göstərilir. Müəllif sanki özünəməxsus
yoxuşla öz dağına qalxır...
"Ədəbiyyatda metafizika "iki üstəgəl
ikinin "dörd" olmadığı yerdən
başlanır". [səh196] Bu fikirlər Kamal Abdullanın
"Qranulalar" kitabındandır.
Müəllifin mətnləri bizə, sadəcə,
mövcud olanı deyil, nəsə mövcud olmayan və ya
mövcud olub üzə çıxmaq istəməyən
tamamilə "tanış və yad bir bir diskursun - "iki
üstəgəl ikinin "dörd"
olmadığı" "sonsuz Lüğət"in
varlığından işarətlər verir. Məhz işarətlər!
Bilirsiniz bu, nəyə bənzəyir? Mürəkkəblə
yazılmış mətnin üzərinə qurudanın
sıxılmağına. Əslində, niyyətimiz mürəkkəbi
qurutmaqdır. Amma məlum mətn özünün tərs,
güzgüvari, "yad" obrazını qurudana da həkk
edir. Və hər dəfə bu təkrarlananda ilkin
"tanış Sonsuz Lüğət" bizdən bir qədər
də aralanır və "yad Sonsuz Lüğət"ə
çevrilir. "Unutmağa kimsə yox..."
romanındakı "Çiçəkli yazı" kimi.
Olsun ki, "Çiçəkli..."nin
"aldadıcı" rayihəsinə uyub yad məkanlara da
gedib çıxmışıq.
Amma əsl həqiqət ondan ibarətdir ki, mağara
divarına həkk olunan həmin yazılar öz qanadı
altında daha qədim yazıları gizlədir. Onların isə
bizə məlum olmayan yeni leksika və qrammatikası
vardır. Həm də lənətə gəlmiş
uydurulmuş zamanı. Nədənsə çox əminəm
ki, "zaman"ın qarşısında
"uydurulmuş" sözünü yazmalıyıq. Kim
uydurub onu, nə zaman uydurub?! Üst-üstə yazılan və
qalaqlanan bu "uydurma"ları bizdən sonra kim oxuyacaq? Və
"bizdən sonra" varmı? Yazıçı hər dəfə
bizi məhz o "sonra" adlanan məchul metafizik məkanlara
aparmaq istəyir. Amma nə özü gedib çata bilir ora, nə
də biz, çünki arada keçilməz yoxuşlar
vardır...
Sözügedən yoxuşlar isə reallıqda
mövcud deyildir, onlar "iki üstəgəl ikinin dörd
olmadığı" metafizik məkanlardadır, həmin məkanlar
isə "Sehrbazlar dərəsi" romanındakı
Görükməz təpələri xatırladır bizə.
Ağ dərvişin iyirmi dörd şəyirdindən
iyirmi üçünün intihar etməsi, əslində, bir
uçuşdur. Yerə dəyməzdən əvvəl
ölmək sirridir. İntihardan intiqam almaq üslubudur. Yerdə
yox, göydə ölmək səadətidir. Məhz qədim
Şərqə bəlli idi bu sirr, bu sehr! Orxan Pamuk
yazırdı: "Mən "Qara Kitab" romanımı Fəridəddin
Əttarın "Uçmağın məntiqi" əsərinin
təsiri altında postmodernist üslubda yazmışam.
Dariuş Şayeqan, Hüseyn Nəsr, Əli Şəriəti
kimi alimlərin ideyalarından "Qar" romanında istifadə
etmişəm".
Məhz "Sehrbazlar dərəsi" romanı bizə
yoxuşların enişlərdən niyə çox olması
haqqında çox vacib bir informasiya ötürür: yəni
sən qərar tutduğun ucalıqlardan özünü
boşluqlara da ata bilərsən, bu, bir uçuşdur,
uçuş var ikən, enişə nə hacət?
Qısası, Kamal Abdullanın elmi və bədii
yaradıcılığında yoxuşlar enişlərdən
həmişə çoxdur...
"Kimsə yox
xatırlamağa..."
Bu misra bizə çox şey deyir. Zahirən belə
görünür ki, müəllif nə ki var,
xatırlayıb qurtarıb. Zənnimizcə, ədəbiyyat
xatırlamalar sənətidir. Xatırlamalar bitdiyi yerdə
böyük ədəbiyyatdan danışmağa dəyməz.
Borxesin fikirləri də bunu təsdiq edir: "Cəmi
dörd əhvalat var: Birincisi istekama çevrilmiş şəhər
haqqındadır (Troya). İkincisi qayıdış
haqqındadır (Odissey). Üçüncüsü
axtarışdır (Yason). Dördüncüsü müqəddəslərin
intiharıdır (Odin, Atis). Əhvalat cəmi dörd dənədir
və nə olur olsun, biz yalnız həmin hadisələri bu
və ya başqa şəkildə nağıl edəcəyik".
Borxes nə dediyini çox gözəl bilirdi; onu bu əhvalatlardan
minillər ayırırdı, amma bir mütəfəkkir kimi
dərk edirdi ki, hər bir xalqın böyük ədəbiyyatı
bu ümumbəşəri ədəbi prinsiplərdən -
intermediallığın sınırlarından çox da
uzağa gedə bilməz. Sözügedən bu dörd əhvalat
fərqli məna, məzmun, ad və şəkillərlə
Kamal Abdulla yaradıcılığıda da özünü
parlaq bir şəkildə göstərir.
Kamal Abdullanın bu adda bir kitabı vardır: "Mənim
Füzulim". Bu, telindən dırnağınacan xatırlamalar
kitabıdır. Sözügedən kitab iki böyük sənətkarın
- Mir Cəlalla Məmməd Cəfərin kitabları və
unudulmaz bəstəkarımız Cahangir Cahangirovun
"Füzuli" kantatası üzərindən modern
variasiyalarla hissi-emosional bir stildə yazılan bir əsərdir.
Nəyisə xatırlamaq avtomatik olaraq unudulmuş nəsnələrə
qarşı insan şüurunun haradasa bir qiyamı,
üsyanı kimi də qəbullana bilər. İnsan
xatırlayırsa, demək, keçmişdə baş verənləri
unutmaq istəmir, onları necə olursa-olsun yaşatmaq, gələcəyə
ötürmək istəyir. Bəzən insanın
bütöv şəxsiyyət modeli onun nələrisə
xatırlamalarından asılı olur.
Biz mübaliğəsiz olaraq Kamal Abdullanı
xatırlamalar sənətkarı da adlandıra bilərik.
"Mənim Füzulim"də o, tək xatırlamır;
özü, paralel olaraq onunla yanaşı, Füzuli, unudulmaz
Mir Cəlal, Məmməd Cəfər və
"Füzuli" kantatası xatırlayır...
Unudulmaz Mir Cəlalın "Füzuli sənətkarlığı"
kitabını tədqiqatçılar haqlı olaraq
"füzulişünaslıq məktəbini yaradan" əsər
kimi dəyərləndirirlər. Bu kitabın ərsəyə
gəldiyi dövrdə (1954-cü ildə) klassiklərimizə
münasibət birmənalı deyildi.
Ziyalılarımızı 37-ci il xofundan cəmi 17 il
ayırırdı və Füzuli sənətkarlığından
yazan Mir Cəlalın özü də böyük ustalıq
və sənətkarlıqla Füzuli dünyasında zərif incələmələr
aparmaqla həmin xof və qorxuya qalib gəlməliydi.
Böyük sənətkar bunu bacardı...
Kamal Abdulla "Füzuli sənətkarlığı"
(Mir Cəlal), "Füzuli düşünür" (Məmməd
Cəfər) və "Füzuli" kantatasının
(Cahangir Cahangirov) elmi-ədəbi-musiqili platforması üzərindən
modern ədəbi perfomanslarla öz orijinal xatırlamalar kitabını
ortaya qoyur. Amma müəllif bu kitabı yazana qədər
Füzuli vulkanına yaxınlaşmaq üçün
uzun-uzadı yol gəlmişdi; hətta şeirlərindəki
qüssədə də Füzuli vardır, mükəmməl
esselər kitabı olan "Kədərli seçmələr"ində
də.
Kamal Abdullanın "Platon, deyəsən, xəstədir"
hekayəsində də Füzuli xatırlanır. İlk
növbədə hekayənin bizə ötürdüyü
mesaj budur: Nə olursunuzsa olun, ancaq içinizdəki məsum
Uşağı hifz edin, çünki günlərin bir
günü əliniz hər kəsdən, hər şeydən
üzülüb yanınıza düşəndə xitab edə
biləcəyiniz bir səmtiniz - qibləgahınız qalacaq!
(Üzü qibləyə tikilən komalarımızın da fəlsəfi
anlamı, deyəsən, elə budur!) Təhkiyəçinin
qənaətinə görə, Füzuli, qəzəllərinin
sonunda "Ey Füzuli" deyərkən öz adını
transfer etdiyi o məsum Uşağa müraciət edir...
Xatırlamaların qorxulu tərəfləri
haqqında da bir neçə kəlmə demək istəyirik.
Hər hansı bir yazıçı öz memuarının qəhrəmanına
çevrildikdə, onda istər-istəməz
"özünüqoruma" instinkti işə
düşür, qapal sferada reallığın imitasiyası
başlanır və müəllif tədricən antiqəhrəmana
çevrilir.
Nümunə olaraq böyük Mirzə Cəlili
göstərə bilərik. "Xatıratım"ın
aşağıdakı cümlələrlə
başlanması dahi Mirzə Cəlilin ən böyük məğlubiyyəti
idi: "Gözümü ömrümdə birinci dəfə
açan kimi dünyanı qaranlıq görmüşəm.
Bu qaranlıqda ilk dəfə eşitdiklərim bunlardır:
Allahu əkbər! Allahu əkbər!"
Mirzə Cəlil özü də hiss eləmədən
Tanrının böyüklüyünə məğlub olur.
"Xatiratım"ın tən yarısı həmin məğlubiyyətin
proyeksiyasıdır. Yarımbaşlıqlara diqqət edin:
"Namaz", "Meyit büsatı", "Şadlıq
namazı" və s. Sanki totalitar rejimdən gələn məxfi
mesajlarla yazılır bu hissələr. Rejim onun
"allahsızlığını" əsaslandırmalıydı,
ya yox?! "Xatiratım" 1926-cı ildə
yazılmışdır. Artıq repressiya maşını
işə düşmüşdü...
Təbii ki, Kamal Abdulla memuar yazmaq fikrində deyildir. Fəqət
daima nəyisə xatırlamaq istəyir. Hətta
xatırlamağa bir şey olmayanda belə. Çünki o,
çox gözəl bilir; əgər unutsan, xatırlamasan,
günlərin bir günü xatırlamadıqlarının tən
ortasında özünü görüb diksinəcəksən:
İlahi, "Hamı məni sevənlər
burdadı..."
"Unutmağa da kimsə
yox..."
Çox sayda dahi sənətkarlar şeirdən nəsrə
keçib və belə bir təəssürat yaranıb ki,
onlar şeirlə biryolluq qurtarıblar. Biz isə belə
düşünmürük. Şeir onlar üçün bir
eskiz, model, sxem, layihə rolunu oynayıb. Nəsr əsərləri
də onların üzərində dayanıb.
Nəsrə keçən yazarın yenə də məhz
şair kimi qalması fəlakətdir. Şairlik bir kabusa
çevrilib onu qarabaqara izləyir və haradasa əl-qolunu
bağlayır. Şairlikdən "qurtulmaq"
üçün yalnız nəsr kifayət etmir. Həm də
dərin erudisiya, elmi-intellektuallıq, akademizm və peşəkarlıq
gərəkdir.
Kamal Abdulla şeirlərini onun nəsr, dramaturji əsərləri,
esseistikası və hətta elmi
yaradıcılığının da bənzərsiz eskizləri
adlandırsaq, yanılmarıq. Fikrimizi sübut edək.
Yuxarıda adını çəkdiyimiz "Unutmağa kimsə
yox..." şeiri həm də triliogiyasının sonuncu
romanının adıdır. Adın yaratdığı poetik
assosiasiya nəhayətsizliyə qədər uzanır:
1. Hamı yadımdadır, heç kəsi unutmaq olmur
(Müəllif də bu qənaətdədir).
2. Hamı mənə qədər unudulub, unutmağa
bir kimsə qalmayıb.
3. Mən də kimi isə unutmaq istəyirəm, amma mənimçün
o kimsə qalmayıb.
4. Yerüzündə insan qalmayıb, mənə qədər
hamı qeyb olub və unudulub.
5. Unutmaq üçün həm də xatırlamaq
lazımdır. Xatırlamasan, unudulmağa kimsənin
qalmadığını haradan bilərsən?!
6. Hər şey oyundur, maskaraddır. Bu həqiqəti
unutma!
7. Mən boşluqdayam! Və s.
Romanın strukturu da bu cür interpretasiya - yozum
müxtəlifliyi tələb edir. Müəllifin virtouz
yanaşmaları heyətamizdir!
Nədənsə, çox inanıram, bizdən fərqli
olaraq, Kamal Abdullanın unutduqları lap az olacaq. Çünki
hələ ikinci romanında o, unutmaq istədiklərinin
hamısını "unudub" qurtarmışdı, ona
görə də "Unutmağa kimsə yox...", - deyirdi.
Deməli, hamı unudulub! Özü bir dəfə məsələnin
üstünü ört-basdır edərək belə
demişdi: "Unutmağa kimsə yox - yəni heç kimi
unutmağa ehtiyac qalmır, hamı ürəyimdədir,
beynimdədir, yaddaşımdadır". Aydındır ki, bu
şərh bu ideyanın dərk edilməsinin ancaq bir (birinci)
mərhələsi ola bilər.
Kamal müəllim bütün unudulmuşlardan sonra
özünün də unudulacağını bilirdi. Bəs
onu kim unudacaq? O, sanki "Unutmağa kimsə yox..."
romanında onu unudacaq adamın axtarışına
çıxıb. O, hadisələrin üfüqündən
Möhtəşəm Ahəngə qarışıb itən
Bəhram kişini görür. Məhz Bəhram kişinin
müəllifi unutmağa tam haqqı vardır. Ona görə
də müəllif əsərin əvvəlindən ta
axırınacan Bəhram kişinin yanındadır...
Kamal Abdulla "Sirlərin sərgüzəşti"
romanı ilə əslində, dünyanın bütün sirlərinə
qarşı sanki qiyama qalxır. Nə sirr?! Əgər sən
unudursansa, nə sirr?! Hətta Allahın da dünyanı
unutduğu gün ola bilər, amma sən unutmamalısan! O,
unudulanların yanındadır!
Müəllifin "Sehrbazlar dərəsi" adlı
bir şeiri də vardır. O şeir istər-istəməz
bizə Dostoyevskinin bu sözlərini xatırladır:
"Əgər danışılacaq heç bir hekayə
yoxdursa, necə yaşamaq olar?" Və əgər Kamal
Abdulla danışılacaq hekayələrinin cədvəlini
tutsa, çox uzun bir siyahı alınacaq. Onun ədəbi-bədii-elmi
fantaziyasısının sərhədlərini yalnız qeyri-səlis
məntiqlə "müəyyənləşdirmək"
olar. Qabıqcıq deyir: yəni olmaz!
Yuxarıda qeyd etdiyimiz kimi, Hadisələrin
"Allahın dünyanı unutduğu gün"də
baş verdiyi romanında - "Sirlərin sərgüzəşti"ndə
Kamal Abdulla göstərir ki, altsheymer xəstəliyindən əziyyət
çəkən Həsən müəllim "Dədə
Qorqud" eposundan dolayı yeni sirlərlə üz-üzə
dayanıb nəyisə xatırlayanda yaddaşı sanki
oyanır, özünə gəlir.
Bu, təkcə fiziksəl yaddaşın deyil, həm
də milli-genetik, sosial-ədəbi yaddaşın
oyanışı deməkdir. Romanın da başlıca qayəsi
budur: Unutma! Həsən müəllim kimi yaddaşsızlıq
xəstəliyinə tutulsan da, yenə unutma! Əgər
unutsan, günlərin bir günü həyatındakı cəhənnəmləri
silib-süpürmək üçün Tanrıdan altsheymer xəstəliyini
yalvarıb istəsən də, verməyəcək...
Kamal Abdulla ta əvvəldən öz
yazılarında, istər böyük olsun, istərsə də
kiçik, fərqi yoxdur, cidd-cəhdlə unutmamağa
çalışır. Heç nəyi unutmamaq qorxusu onu
qarabaqara izləyir...
Görəsən, bu dramatik izlənmələrin sonu
necə olacaq? Müəllifin o amansız xəfiyyə ilə
sazişi baş tutarmı?
Çox istərdim ki, məhz o gün ("məşum"
gün deməzdim!) o sehrli qüvvənin bizə ilk
hökmü bu olaydı:
Unutduqlarını xatırla, xatırla!
Yalnız Kamal Abdulla kimi böyük mütəfəkkirlər
deyə bilər ki, "unutmağa da kimsə yox..."
Kamal müəllimin belə bir qranulası vardır:
"Yaşamaq çox kədərli bir şeydir. Sağa
baxıram, sola baxıram - darıxıram"
("Qranulalar", səh: 85).
Durub əziz dostuma desəm ki, böyük
ictimai-siyasi, elmi-ədəbi fəaliyyətinizə rəğmən,
sizin darıxmağa heç haqqınız yoxdur, bu, yəqin
ki, çox primitiv və banal səslənəcək.
Darıxmağa ağır fəlsəfi məna
yükləyənlər də yanılırlar.
İnsan darıxmaq üçün dünyaya gəlib.
Ekzistensialistlərə görə, bu, yaşamağın mənasızlığının
dərki və ya "varlıq qorxusu" ilə
bağlıdır. Amma mən əziz Ustadım Kamal müəllimi
az-çox tanıdığıma görə yüzə
yüz əminəm ki, əgər o. "darıxmaq"
sözünü dilə gətirirsə, bu, haradasa təyyarənin
hava boşluğuna (Kamal müəllimdə "boş
vaxt" boşluğuna) düşməsi kimi bir şeydi, belə
situasiyada sərnişinlər panikaya düşə bilərlər,
yaradıcı adamlar isə gözlərini yumub yalnız
yarımçıq işləri haqda düşünərlər.
Ümumiyyətlə isə böyük sənətkarların
mütləq tamamlanmış işləri olmur. Müəllifin
ilk romanınn "Yarımçıq Əlyazma"
olması da fikrimizi sübutlayır; romanın adı təkcə
eposu deyil, həm də müəllif əlyazmasını
simvollaşdırır.
Ona görə də üzümü Ustadıma tutub
deyirəm:
75-iniz mübarək! 80-ə, 90-a, 100-ə gedib
çatmaq üçün darıxın, əziz Kamal müəllim!
Mehman QARAXANOĞLU
525-ci qəzet .- 2025.- 26 noyabr (№215).- S.12-13.