Riyazi ədəbiyyatda müstəsna hadisə” yaratmış alimimiz...

 

XX əsrdə Azərbaycanın yetişdirdiyi nadir şəxsiyyətlərdən biri

 

Azərbaycanda riyaziyyat elminin inkişafına böyük töhfələr vermiş bir çox görkəmli alimlərimiz var ki, onların irsi bugünkü nəsil üçün əsl istinad mənbəyidir. Belə alimlərdən birifizika-riyaziyyat elmləri doktoru, akademik Məcid Rəsulovdur.

Alimin elmi irsini dəyərləndirənlər onu XX əsrdə Azərbaycanın yetişdirdiyi nadir şəxsiyyətlərdən biri olaraq təqdim edirlər. Məcid Lətif oğlu Rəsulov (1916-1993) Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişsonra Azərbaycan Dövlət Universitetinin aspiranturasında oxumuşdur. O, fizika-riyaziyyat sahəsində özünün elmi istiqamətini yaratmış riyazi fizika tənlikləri üzrə görkəmli mütəxəssis, diferensial tənliklər və funksional analiz kimi sahələrdə çalışmış alimdir. Onun tədqiqatlarını dörd istiqamətə ayırmaq olar. Birinci istiqamətə onun xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsinə dair işlərini aid etmək olar ki, burada böyük sinif sərhəd, qarışıq və Koşi məsələlərinin həlli üçün çıxıqlar və kontur inteqralı üsulları verilmişdir. Xətti diferensial operatorların spektral nəzəriyyəsi sahəsindəki işlərini ikinci istiqamətə aid etmək olar. Burada o, ixtiyari vektor-funksiyanın kontur inteqralı və diferensial tənliklər üçün spektral məsələlərin həllərinin çıxığı üzrə yeni ayrılış düsturlarını isbat etmişdir. Funksional analizə aid olan üçüncü istiqamət üzrə işlərində Banax fəzasında təyin olunan xətti funksionalların normasını saxlamaqla davamının yeganəlik şərtləri isbat edilmişdir. Nəhayət, dördüncü istiqamət üzrə işlərində funksional analizi diferensial operatorlar nəzəriyyəsinə tətbiq etməklə adi xətti diferensial operatorun normallıq şərtini almışdır.

“Vikipedia”nın alim haqqında təqdim etdiyi məqalədə onun elmi fəaliyyəti ilə bağlı bütün faktlar əksini tapmışdır. Məcid Rəsulovun ilk elmi araşdırmaları onun 1946-1948-ci illərdə “Diferensial tənliklər üçün bəzi qarışıq məsələlərin həllinin çıxııqlar üsulu ilə araşdırılması ” mövzusunda yazdığı namizədlik dissertasiyasında ümumiləşdirilmişdir. O, bu işdə xətti funksionalın altfəzasında bütün Banax fəzasına davamının yeganəliyinin zəruri və kafi şərtlərini almış və baxılan birölçülü xətti diferensial operatorun normallığı üçün zəruri və kafi şərti isbat etmişdir.

 

Elmi ixtilaflar olmasaydı...

 

M.L.Rəsulov 1960-cı ildə SSRİ EA-nın V.A.Steklov adına Riyaziyyat İnstitutunun Elmi Şurasında “Xüsusi törəməli xətti diferensial tənliklər üçün qarışıq və sərhəd məsələlərinin həllinin çıxıqlar üsulumövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.

Sovet dövründə məlum səbəblər üzündən elmi nailiyyətlərini kifayət dərəcədə dünyaya tanıda bilməyən alimlərimizin bugünkü elmi fəaliyyətini inteqrasiya etmək məqsədilə yaradılan Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin işini çox faydalı hesab etmək olar. Bu cəmiyyətin vitse-prezidenti AMEA-nın həqiqi üzvü, akademik Fikrət Əliyev ölkəmizin riyaziyyat elmindəki işıqlı simalarının adlarını sadalayarkən M.Rəsulovun adını birincilər sırasında çəkir. Amma bu sahədə əvvəllər olmuş mübahisəli məsələlərin də daha böyük elmi uğurların üzərinə kölgə saldığını vurğulayır: “Akademiklər Zahid Xəlilov, Məcid Rəsulov, Əşrəf Hüseynov, İbiş İbrahimov, Mirabbas Qasımov, Cəlal Allahverdiyev, Fəraməz Maqsudov, Qoşqar Əhmədov... Bu böyük riyaziyyatçı alimlər hərəsi bir məktəbdən gəlmişdi və aralarında həmin məktəblərdən doğan elmi ixtilaflar vardı. Məsələn, Zahid Xəlilov və Məcid Rəsulov, Əşrəf Hüseynovİbiş İbrahimov, Mirabbas Qasımov və Cəlal Allahverdiyev arasında bu vardı. Bu onun nəticəsini, o bunun nəticəsini qəbul etmirdi, Moskvadakı elmi rəhbərlərinin ixtilaflarını Bakı müstəvisinə gətirmişdilər, düşünmürdülər ki, bu mübahisələr Moskvada da qalmalıdır. Çox təəssüf ki, bu böyük alimlər Azərbaycan riyaziyyat elminin nüfuzu naminə ortaq məxrəcə gələ bilmədilər. Onlar bir araya gəlib böyük məktəblər yarada bilərdilər və əfsuslar olsun ki, bu pərakəndəlik indi də qalır...”

Şübhəsiz ki, bu elmi ixtilaflar Məcid Rəsulov kimi bir alimin daha geniş çevrədə tanınmasına əngəl yaratmış bir amil olmuşdu. Amma o sovet dövründə həqiqətən müasirləri arasında ən öz sahəsinin ən güclü alimlərindən sayılırdı.

 

Dünya səviyyəli monoqrafiyası və elmi irsi...

 

Alim tərəfindən yazılmış və Moskvada, “Nauka” nəşriyyatında nəşr edilmiş (1964) “Kontur inteqralı üsulu” adlı fundamental monoqrafiyasında 1950-1962-ci illər arası çıxıqlar və kontur inteqralı üsullarının işlənib hazırlanması zamanı alınan nəticələr öz əksini tapmışdır. Monoqrafiyanın redaktoru prof. A.İ. İvanov öz rəyində yazır: “Məcid Lətif oğlu Rəsulovun monoqrafiyası riyazi ədəbiyyatda müstəsna bir hadisədir. Dünya mətbuatında buna bənzər bir kitab yoxdur. Azərbaycanın riyazi cəmiyyəti belə bir işin Azərbaycan (Bakı) Dövlət Universtetində yazılması ilə fəxr edə bilər”. Bu monoqrafiya işıq üzü görən kimi, onun müəllifi tətbiqdə rast gəlinən bir sıra vacib riyazi fizika tənliklərinin həlli ilə bağli işləyib hazırladığı üsullar haqqında mühazirələr oxumaq üçün Moskvaya dəvət alır. O, 1964-cü ildə ümumittifaqBilik” cəmiyyətinin mərkəzi lektoriyasında “Riyazi fizika tənliklərinin həllinin çıxıqlar üsulumövzusunda mühazirə oxuyur. 1965-ci ilin yanvarında isə “Çıxıqlar üsulukontur inteqralı üsulu” adlı yeddi silsilə mühazirə ilə çıxış edir.

1967-ci ildə “Kontur inteqralı üsulu” monoqrafiyası İngiltərə Kral Riyaziyyat Cəmiyyətinin sifarişi ilə ingilis dilinə tərcümə olunurHollandiyada, Amerika Birləşmiş Ştatlarında, Kanadada çap olunur. Qeyd edək ki, bununla da o, xaricdə monoqrafiyası çap olunan ilk azərbaycanlı riyaziyyatçı olur.

M.L.Rəsulovun ikitərtibli parabolik sistemlər üçün məsələlərin həllinə kontur inteqralı üsulunun tətbiqinə həsr olunmuşİkinci tərtib parabolik sistemlər üçün məsələlərə kontur inteqralı üsulunun tətbiqi” adlı monoqrafiyası 1975-ci ildə Moskvada, SSRI EA-nın “Nauka” nəşriyyatinda çap edilmişdir. Bakıda “Elm” nəşriyyatında M.L.Rəsulovun 1989-cu ildə nəşr olunmuş “Çıxıqlar üsulunun diferensial tənliklər üçün məsələlərin həllinə tətbiqi” adlı üçüncü monoqrafiyası çıxıqlar üsulunun inkişafına həsr olunmuşdur. Akademik M.L.Rəsulovun rəhbərliyi altında 20-dən çox namizədlik və doktorluq dissertasiyaları yazılmış və müdafiə edilmişdir. O, bir çox ordenmedallarla təltif edilmişona 1989-cu ildə “Azərbaycan SSR Əməkdar elm xadimi” fəxri adı verilmişdir.

Akademik Məcid Lətif oğlu Rəsulov 1993-cü il fevral ayının 11-də 77 yaşında vəfat etmişdir.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 20 sentyabr.- S.14.