Onun maarifçilik fəaliyyəti antisovet təbliğatı kimi qələmə verildi

 

Tarixin bütün mərhələlərində xalqımızın göstərdiyi qəhrəmanlıqlarda qadınlarımızın xüsusi dəst-xətti olub, çətinliklərdə, mübarizələrdə onlar da sınaqlardan mətinliklə çıxıblar. XX əsr də Azərbaycan qadınını bir çox imtahanlara çəkib. Bunlardan biri Stalin repressiyaları idi. Qadına - bu zərif məxluqa işgəncə verməklə, böhtan atıb cəzalandırmaqla həmin rejim əslində özünün qaba, zorun, gücün hökmranlığına əsaslanan sistem olduğunu bir daha sübut etdi. Lakin Azərbaycan qadını əyilmədi. Repressiyaya məruz qalarkən düşdüyü vəziyyətin acınacaqlı olmasına baxmayaraq, mənən qalib gələn, özünün varlığı ilə amansız rejimə meydan oxuyan belə qadınlardan biri də Gülarə İbrahim Xəlil qızı Qədirbəyova idi. Sadəcə Köylü qızı Gülarə...

Xalq arasında və mətbuat aləmində bu təxəllüslə tanınan jurnalist, müəllim, qadın azadlığı hərəkatı uğrunda fəal mübariz olan Azərbaycanın ziyalı qızının həyatını da repressiya dalğaları çıxılmaz burulğanlara yuvarlatmışdı. Çünki keçən əsrin 30-cu illərinin cəllad maşını elə bir "sürət" götürmüşdü ki, xalqın ən istedadlı, perspektivli övladları içərisində istər qadın, ya kişi, istərsə də qoca, yaxud cavan olmasına baxmayaraq, hətta adi insanları belə damğalayaraq ölümə sürükləyirdi. Fərqi yox idi, repressiyaların "dəyirman"ı eyni cür fırlanır, dindirmələr vahid üsulla aparılır, ittihamlar başdan-başa saxta olurdu. Gözünü qan örtmüş Stalin rejiminin günahsız qurbanları arasında qadınların olması isə ürək ağrıdan və tarixin bağışlamayacağı böyük bir səhv idi.

Gülarə İbrahim Xəlil qızı Qədirbəyova 1903-cü ildə Nuxa qəzasının (indiki Şəki rayonu) Baş Göynük kəndində ruhani ailəsində dünyaya göz açmışdı. İstintaq materiallarında bu ailənin rayonda məşhur, əsil-nəcabətli və varlı olduğu göstərilir. Gülarə xanımın qız soyadı Əfəndiyeva idi və atasının keçmişdə kəndxuda kimi çalışdığı xüsusi vurğulanır. Sonralar onun Göynük bəyləri tərəfindən öldürüldüyü göstərilir. 1930-1931-ci illərdə dəstəbazlıq dövründə ailənin əksər üzvlərinin Azərbaycan K(b)P MK-nın rəhbərliyinin əleyhinə mübarizədə fəal iştirak etdiyi bildirilir. Bəs reallıq, faktlar nə göstərir? Onu da qeyd edək ki, Qədirbəyov Gülarə xanımın birinci həyat yoldaşının soyadı idi. O da bu soyadı götürmüş, nədənsə ikinci dəfə ailə qurandan sonra belə onu dəyişməmişdi.

Deyilənlərə görə, Gülarə hələ uşaqlıqdan öz fikirlərini sərbəst, aydın və çəkinmədən söyləmək qabiliyyətinə malik imiş. Yaşıdlarından qətiyyəti, cəsarəti, ötkəm xasiyyəti və azad düşüncəsi ilə seçilirmiş. Bundan ailədə hətta narahat da olurmuşlar. Gülarənin ən böyük arzusu təhsil almaq, biliklərə yiyələnmək, insanlara, ən azı öz həmkəndlilərinə xeyir vermək, onların övladlarına savad öyrətmək idi.

O dövrdə imkanlar çox məhdud olduğundan atası Gülarəyə yalnız ibtidai təhsil verə bilmişdi. Bununla belə, elə ibtidai təhsil səviyyəsində qazandığı savad sanki əlindən tutaraq onu irəliyə aparmışdı, taleyini müəyyənləşdirməkdə yoluna işıq saçmışdı.

Sovetlərin yenicə bərqərar olduğu illər savadlı insanlara böyük ehtiyac duyulduğu bir zaman idi. Buna görə də Gülarə 1920-ci ildə Şəkidə açılmış pedaqoji kurslara daxil olub oranı bitirir və müəllimlik hüququ qazanır. Gənc müəllim kənddə qızlara dərs deməyə başlayır, ictimai fəaliyyətə də həmin gündən qədəm qoyur. Lakin cəhalətin qan-qan dediyi, köhnəliklə yeniliyin təzadlarının çarpışdığı, əsrlərin ətalətindən çox çətinliklə qurtulan kəndlərdə qızların məktəbə gəlməsi də o qədər asan məsələ deyildi. Gülarə hər gün dərsə gəlməyən qızların dalınca evlərinə gedib valideynlərini başa salmalı, bəzən uzun-uzadı söhbət etməli, hətta dil tökməli olurdu.

Əlbəttə, bütün bunlar gənc qızın qəlbindəki bitib-tükənməyən arzuların əks-sədası idi. Həmin böyük arzuların müqabilində kənd müəlliminin fəaliyyəti ilə məhdudlaşmaq mümkün deyildi. Çünki Gülarə daim irəliyə, irəliləyişə can atırdı. Elə bu səbəbdən də tezliklə ictimai işlərə qoşuldu. 20 yaşında qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkildi. Həmin vaxtdan da qadın azadlığı uğrunda mübarizənin ön sıralarında addımlamağa başladı. 1923-cü ildə Kommunist Partiyasına daxil oldu. Şəki Rayon Partiya Komitəsində çalışdı.

Daha sonra Gülarə xanım Şəmkir (o vaxt Şamxor adlanırdı), Quba qadınlar şöbəsinə rəhbərlik etdi. Ailə həyatı qurdu, az sonra əri Əhməd Qədirbəyovla birlikdə Bakıya köçdü. 1927-ci ildə ona Azərbaycan MİK qadınlar şöbəsinin müdiri vəzifəsi həvalə olundu.

1928-ci ildə Azərbaycan K(b)P Mərkəzi Komitəsinin qadınlar şöbəsi qadın azadlığı məsələsini qəti şəkildə həll etmək üçün bir sıra təkliflər irəli sürdü. Bunlardan ən başlıcası qadınların çadradan azad edilməsi idi. Bu böyük sosial və mənəvi məsələni həll etmək üçün Səməd Ağamalıoğlunun sədrliyi altında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsində komissiya yaradıldı. Komissiya üzvlərindən biri də Gülarə Köylü qızı idi. Çadra ətalət və əsarət pərdəsi kimi qadınların azadlığına, inkişafına mane olur, mədəni inqilabın sürətini ləngidirdi. Köhnə cəmiyyət isə mövqeyini əldən vermək istəmirdi. Əski qanunları ayaqları altına çadrayla birlikdə atan qız-gəlinləri öldürənlər, onları cəhalətdən qurtarmağa yardım göstərən müəllim, həkim və başqa ziyalı qadınları məhv edənlər var idi. Ona görə də Gülarə kimi qadınların fəaliyyəti çoxlarının narahatlığına səbəb olurdu. Bu insanları hər dəqiqə təhlükə gözləyirdi. Həmin ağır zamanlarda G.Qədirbəyova maraqlı, oxunaqlı yazıları ilə ədəbi mühitin də məhəbbətini qazanırdı. Əslində, öz ideyalarını yaymaq məqsədi və sərbəst düşüncə tərzi onu mətbuata çox erkən gətirmişdi. Hələ rayonlarda çalışarkən "Yeni fikir", "Kəndli qəzeti" və başqa mətbuat orqanlarında çıxışlar edirdi. 1923-cü ildə "Şərq qadını" jurnalı nəşrə başlayanda Gülarə burada müəlliflik edən ilk xanım yazarlardan biri olmuşdu. Həmin vaxtdan qələmi onu Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi mütərəqqi ruhlu, poeziya ulduzlarına, görkəmli  şair və yazıçılara tanıtdırmışdı.

1931-ci ilin mayında G.Qədirbəyova "Şərq qadını" jurnalının redaktoru təyin olundu və bununla da onun həyatında yeni bir səhifə açıldı. Köylü qızı imzası ilə yazırdı. Jurnalın səhifələrindəki hər çıxışı diqqəti cəlb edirdi. Onun qələmindən çıxan alovlu publisistik məqalələr Azərbaycan qadınlarını elmə, savada, maarifə səsləyirdi. Məqalələri həyatın müxtəlif sahələrini əhatə edirdi. Təkcə 1932-1937-ci illərdə yazdığı "Qadın azadlığı və ziyalılarımız", "Qadın klublarında yeni iş sistemləri haqqında", "Bütün savadsız qadınlar savad kurslarına", "Savadsızlıqla mübarizə işinə ciddi əhəmiyyət verməli", "Qızların məktəbə cəlb olunması yolunda qarşıya çıxan kəsirləri qəti surətdə aradan qaldırmalı", "Qadın klub və guşələrini yenidən qurmalı" sərlövhəli aktual məqalələri bütün ictimaiyyət arasında səs salmışdı. Onun jurnalist və publisist kimi yaradıcılığında yüksək intellektual səviyyə, beynəlxalq hadisələrə yaxından bələdlik aydın hiss olunurdu.

Köylü qızı 1932-1937-ci illərdə Əli Bayramov adına Mərkəzi Qadınlar Klubunun direktoru vəzifəsinə irəli çəkilir.

Haşiyə çıxaraq deyək ki, sovet rejimi insanları, o cümlədən qadınları da kommunist ideologiyasının təsir dairəsində saxlamaq üçün müxtəlif yönümlü müəssisələr təşkil etmişdi. Bunların sırasında çoxşaxəli fəaliyyət dairəsi olan qadın klubları da vardı. Hələ 1920-ci ildə təşkil edilmiş Əli Bayramov adına Qadınlar Klubu onların ilk qaranquşu idi. Bu klubun ilk direktoru Ceyran Bayramova olmuşdur. Klub öz işinə əvvəllər Əli Bayramovun mənzilində başlamış və az müddət ərzində ətrafına yüz nəfərədək fəal qadın toplaya bilmişdi. Sonralar başqa binaya köçmüş, 1921-ci ildə isə vaxtilə Murtuza Muxtarovun tikdirdiyi indiki "Səadət sarayı"nın binasında yerləşmişdi. Ceyran xanım öz həmfikirləri Xavər Qarayeva, Ayna Sultanova və başqaları ilə birlikdə qadınlar arasında geniş siyasi-kütləvi iş aparırdı.

Əgər ötən əsrin 20-ci illərində Əli Bayramov adına klub qadınları yeni ictimai həyata səsləyir, onların köhnə təsəvvürlərlə mübarizə əzmini canlandırmaq, savadsızlığı ləğv etmək istəyirdisə, sonralar missiyası daha da böyüdü. Məsələn, 30-cu illərdə onları artıq qadınlarla bağlı dövlət orqanlarının qəbul etdiyi qərarların və qanunların real həyatda özünü heç də bütünlüklə doğrultmamağı narahat edirdi. Gülarə Qədirbəyova məhz belə bir zamanda kluba rəhbərlik etməyə başlamışdı. O dövrün görkəmli qadınları K.İşkova, Ş.Əfəndiyeva, X.Qarayeva, M.Qiyasbəyli, X.Əzizbəyova, M.Mirzəyeva və başqaları ilə birlikdə işləmişdi. G.Qədirbəyova zamanın və taleyinin verdiyi fürsətdən istifadə edərək maarifin inkişafı, pedaqoji kadrların artırılması, əhalinin siyasi cəhətdən savadlanması naminə çalışırdı. Bu prosesdə onun özü də püxtələşərək kamil bir şəxsiyyətə çevrilirdi. Əli Bayramov adına klub həqiqi mənada mədəni bir ocaq idi.

Təsadüfi deyil ki, qadın klublarının 1920-1930-cu illərdəki fəaliyyətini tədqiq edən müəllif G.İbrahimova yazır: "EƏ.Bayramov adına Qadınlar Klubunun üzvlərinin hər biri isə burada özlərinin mədəni dünyasını yaratdılar. Şəxsiyyətlərinin özünü gerçəkləşdirməsinin belə təzahürü yaşadıqları zamanda sərt totalitar rejimin norma və qanunları ilə bir araya sığmadığından onlar məhv edildilər".

Bu sözlər bilavasitə Gülarə Qədirbəyovaya da aiddir. O, xatirələrində yazırdı: "Mənim gənc həyatım qadın hərəkatının ilk həqiqətləri ilə bağlı oldu və böyük təcrübəvi işlərim mənim üçün bir məktəbə çevrildi. Həyatın hər üzünü iş prosesində gördüm". Bu sözlərdə, çox güman ki, mətləbi sirli qalan, sətiraltı nə qədər məna vardıE

Gülarənin belə işıq saçması çoxlarının gözünü qamaşdırırdı. Açığı, onu gözü götürməyənlər çox idi. Əvvəla, o, çox gözəl bir azərbaycanlı qızı, xanım-xatın, mədəni və kübar Şərq qadını idi. Buna vaxtilə "Pravda" qəzetində Gülarə Qədirbəyovanın portretinin cizgilərini göstərən oçerk də şahidlik edir.

Ən başlıcası isə, Gülarə Qədirbəyovanın cavan yaşlarında belə hörmət-izzət qazanması, xalq tərəfindən tanınıb sayılması rəhbərlikdə oturanların çoxuna xoş gəlmir, onları narahat edirdi. Köylü qızının xoş niyyətlə gördüyü işlərdə, yazdığı məqalələrdə belə şübhəli məqamlar axtarırdılar. Hər addımı böyük söz-söhbətə səbəb olurdu. O, təsəvvürünə gətirmirdi ki, Ə.Cavad, H.Cavid, M.Müşfiq kimi istedadlarla, teatr aləmində mükəmməl yazıları ilə fərqlənən Qurban Musayev kimi gənclərlə, Ayna, Xavər kimi mübariz qadınlarla dost, sirdaş olması onun faciəli taleyi üçün nə vaxtsa ağır, təhlükəli ittihamlara çevriləcək. Bir ilə yaxın onun hərəkətləri, görüşdüyü insanlar təqib edildi, söhbətləri dinlənildi, klubun xəttilə keçirilən tədbirlər çək-çevirə salındı. Heç bir şübhəli məqama rast gəlinmədi. Amma bu Azərbaycan qızını daha böyük zirvəyə aparan yolun qarşısını kəsmək üçün mütləq səbəb və üsul tapmaq lazım idi. Min təəssüf ki, o dövrdə bunları etmək çox asan başa gəlirdi. Repressiya maşını işləyir, kimin desən həyatını yarımçıq kəsirdi. Gülarə Qədirbəyova da həmin minlərdən biri oldu. Onu əksinqilabi millətçi təşkilatın üzvü kimi şərlədilər. "Dəlil-sübut" isə "Bir sarayın tarixi" adlı kitab oldu.

Məşum repressiyanın iti nəzərləri Gülarə xanımı da axır ki, öz caynaqlarına aldı. Meşin qapılar arxasında tanıdığı, çörək kəsdiyi insanlar onun taleyinin acı səhifələrini yazmağa başladılar, tükürpədici, saxta sənədlər qovluqlara tikildi.

"Bir sarayın tarixi" kitabı 1936-cı ildə Əli Bayramov adına Qadınlar Klubunun 15 illiyi ilə əlaqədar Köylü qızı Gülarənin rəhbərliyi ilə yazılır və onun redaktəsi ilə nəşr olunur. Bunu millətçilik ruhunda yazılmış bir əsər kimi qələmə verir, redaktorunu isə guya müsavatçı olan, antisovet fəaliyyəti aparan Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi ziyalılarla dostluq etdiyi üçün təqib edirlər. Üstəlik də Həmid Sultanov xalq düşməni kimi istintaq edilərkən təzyiq altında Köylü qızı Gülarənin "Müsavat"ın üzvü olduğunu göstərir.

Ərizələrin, şikayət məktublarının, imzasız "donos"ların ardı-arası kəsilmirdi. Yazırdılar ki, qardaşı əksinqilabçı kimi həbs edilib. Gülarə müsavatçılarla əhatə olunub. Cavid hər gün onun evinə gəlir. Ögey atası ilə əlaqəsini kəsmir və s.

Yazıçı-alim Əzizə Cəfərzadə "Köylü qızının taleyi" məqaləsində Gülarə xanımın həyatının həmin dövrünü şərh edərək yazırdı: "Necə kəsəydi əlaqəni? Axı həmin bu ögey ata evində onun doğmaca anası Ballı xanım, kiçik bacısı, ona körpəlikdən atanı əvəz edən Vədud kişi və Gülarəyə əziz olan bütün əqrəba yaşayırdı. Köylü qızı - kəndli qızı deməkdir. Doğrudan da kənddən, əski köydən gəlmiş o zamankı Azərbaycanın işıqlı, ziyalı qızları, qadınları içərisində seçilən, adı dillərdən düşməyən, Hüseyn Cavid kimi ulu bir sənətkarın müsahibi olmaq şərəfi qazanan Gülarə həmin qarmaqarışıq aylarda ən işıqlı arzularla yaşayırdı".

Lakin məsələ çox ciddi vəziyyət almışdı. M.C.Bağırov "Tamamilə məxfidir" qrifi ilə Sumbatova yazırdı: "Qədirbəyovanın işi ilə əlaqədar əvvəl göndərilmiş materiallara əlavə olaraq bütün məktub və ərizələri sənə yollayıram. Xahiş edirəm ki, bu işi ümumiləşdirin və lazım olduğu kimi axıra qədər təhqiq edin, görün onun ətrafına toplaşan iyrənc yığıncağa gələn naməlum, şübhəli Qədirbəyova və ifşa olunmuş xalq düşmənləri, keçmiş yazıçılarla əlaqədar olan adamlar kimlərdir".

1938-ci il avqustun 8-də Dövlət Təhlükəsizlik İdarəsinin 4-cü şöbəsinin 6-cı bölməsinin rəisi leytenant Mustafayev həmin şöbənin müdiri baş leytenant Atakişiyevə bir arayış təqdim edir. Arayışda deyilir: "Azərbaycan SSR XDİK DTİ-si əksinqilabi millətçi təşkilatın üzvləri Qasımov Mirzə Məmməd (Sabirabad RİK-in keçmiş sədri) və Sultanov Həmid (Azərbaycan SSR Kommunal Təsərrüfatı Komissarlığının keçmiş rəhbəri) öz ifadələrində göstəriblər ki, Qədirbəyova Gülarə əksinqilabi millətçi təşkilatın üzvüdür".

Daha sonra arayışa adları çəkilən şəxslərin sözləri də əlavə olunur. Mirzə Məmməd Qasımov deyir ki, "mən onunla 1936-cı ilin iyul ayında AK(b)P Mərkəzi Komitəsinin yanında görüşdüm. Birlikdə Nazirlər Şurasının yanındakı bağçaya endik və orada söhbət etdik. Söhbətimiz uzun oldu və lap əvvəlindən millətçilik ruhunda keçdi. Qədirbəyova şikayət edirdi ki, onu hər dəfə bir iş yerindən o birisinə köçürürlər və onunla hesablaşmırlar. O, qəzəblə deyirdi ki, ərini - Asəf Rəhmanovu əbəs yerə həbs ediblər və bu işdə MK rəhbərliyini təqsirləndirirdi. O, qəzəblə deyirdi ki, MK milli kadrlardan istifadə etmir, əksinə, bu kadrlara heç bir əhəmiyyət verilmir və i.a. Nümunə üçün Ruhulla Axundovun adını çəkirdi. Onun fikrincə, Ruhulla Azərbaycanda daha böyük vəzifə tuta bilərdi. Sonra söhbət əksinqilabi millətçi təşkilat haqqında oldu və Qədirbəyova dedi ki, mənim əksinqilabi təşkilatda olmağımdan xəbərdardır. Özündən danışanda isə bildirdi ki, o da əksinqilabi təşkilatın üzvüdür və təşkilata İbrahim Tağıyev tərəfindən cəlb olunub. Gülarə dedi ki, o, əksinqilabi işi məsul vəzifələrdə olan azərbaycanlı qadınlar arasında aparır və bunu təşkilatın göstərişi ilə edir".

Bu sözləri Qasımov 1937-ci il sentyabrın 4-də ifadə verdyi zaman deyir.

Bu, hələ Köylü qızının ünvanına söylənən böhtanların hamısı deyildi. Azərbaycan SSR Prokurorluğu kadrlar şöbəsinin keçmiş rəisi Bilqeyis Həşimzadə 1937-ci ildə iki dəfə - fevralın 25-də və iyunun 17-də M.C.Bağırovun adına ərizə yazaraq göstərmişdi ki, Gülarə Qədirbəyovanın artıq həbs edilmiş və ölümə məhkum edilərək güllələnmiş müsavatçı yazıçılar Qurbanovla, Əhməd Cavadla, Hüseyn Cavidlə əlaqələri olub. Bilqeyis onun həmçinin Tamara Salikova, Sənubər Əyyubova və Xavər Qarayeva ilə (məhkum olunublar) əlaqə saxladığını da bildirmişdi. Ərizələrdə Qədirbəyovanın "Azərneft"in mühəndisi Xədicə Hüseynova və başqaları ilə də münasibətləri qeyd edilirdi.

Beləliklə, 1938-ci il iyulun 23-də Köylü qızının həbs olunması üçün L-956 nömrəli order verilir. İyulun 26-da İsmayıllı rayonunun Basqal kəndinə anasının dəfninə gəlmiş Gülarəni həbs edirlər. Bu vaxt onun Azərbaycan SSR CM-in 72 və 73-cü maddələri ilə məsuliyyətə cəlb edilməsi irəli sürülmüşdü.

Təəccüblüdür ki, Qədirbəyovanın həbs olunması barədə qərar onun tutulmasından bir gün sonra - iyulun 27-də yazılır. Bu da bütün baş verənlərin məqsədli olduğunu, tələm-tələsik həyata keçirildiyini və bu zaman qanunun kobud şəkildə pozulduğunu göstərirdi.

Gülarə Qədirbəyova həbs ediləndə 35 yaşı vardı. Cavan olsa da, ona tapşırılan vəzifələrin hamısını ləyaqətlə yerinə yetirmiş, bununla da məmuru olduğu dövlətə, xidmət etdiyi quruluşa öz sədaqətini kifayət qədər göstərə bilmişdi. Odur ki, Köylü qızı haqqında deyilənlərin və yazılanların hamısı uydurma və böhtan idi.

1938-ci il noyabrın 17-də XDİK-in müvəkkili Korneşovun G.Qədirbəyovanın işi ilə bağlı şahid sifəti ilə dindirdiyi Bilqeyis Həşimzadə "məhkum"un haqqında geniş "məlumat" verir. "Şahid" bildirir ki, Gülarənin qardaşı Kərim Qazıyev "Müsavat" partiyasının fəal üzvü kimi əksinqilabi fəaliyyətinə görə məhkum olunub sürgün edilmişdir. O, "Bir sarayın tarixi" kitabının taleyinə də öz versiyası üzrə "aydınlıq" gətirir: "Kitabın hazırlanmasını o, müsavatçı yazıçıya, Musayev Qurbana tapşırmışdı. Musayev isə kitabı ideoloji cəhətdən qüsurlu, mənfi ruhda tərtib etmişdi. Qədirbəyova isə bundan nəticə çıxarmayaraq əsərin tərtibini başqa müsavatçı yazıçıya - Əhməd Cavada tapşırmışdı. O  isə kitabı ideoloji cəhətdən daha da yararsız hala salmışdı. Qeyd etməliyəm ki, Qədirbəyova "Bir sarayın tarixi"ni şəxsən özü redaktə edirdi. Buna görə də heç təsadüfi deyil ki, bu kitab müsavatçılıq ruhunda yazılmışdı. Qədirbəyova dəfələrlə şəxsən mənə deyirdi ki, o, artıq ifşa olunmuş xalq düşməni, müsavatçı yazıçı Hüseyn Cavidlə yaxınlıq edir. Bir də Qədirbəyovanın artıq xalq düşməni kimi ifşa olunmuş mühəndis Xədicə Hüseynova ilə də çox sıx əlaqələri var idi. Onlar ikisi də Əli Bayramov adına sarayda işləyir, birlikdə vaxtlarını keçirir, dostluq edirdilər".

1938-ci ildə Köylü qızı dörd dəfə - avqustun 15-də, oktyabrın 31-də, noyabrın 15-də və 21-də istintaq dindirilməsinə cəlb olunur. Elə buradaca haşiyə çıxaraq deyək ki, repressiyaya məruz qalan Azərbaycan qadınlarının hamısı istintaq zamanı özlərini çox mərdliklə aparmışlar. Onlar müstəntiqlərin suallarına qorxmadan cavab vermiş, reallıqda olanları demişlər. Repressiyaya məruz qalmış bu azərbaycanlı xanımların həyat və fəaliyyəti, mübarizəsi ilə maraqlanıb tanış olarkən gəldiyimiz qənaət belədir. Hətta o dövrün vicdanını itirmiş, özləri də bilə-bilə yalan və böhtan yağdıran müstəntiqləri belə onların boynuna etmədikləri işləri qoya bilməmişlər. Zənnimizcə, Azərbaycan xanımlarına bütün tarix boyu müyəssər olan bu yüksəkliyin "xırdalanmağa", yəni şərhə ehtiyacı yoxdur.

Bu faktı məhz Köylü qızı Gülarə haqqında danışarkən xatırlatmağımız da təsadüfi deyil. Elə müstəntiq tərəfindən birinci dəfə dindirilərkən ona əksinqilabi millətçi təşkilatın üzvü kimi təqsirləndirildiyinin doğruluğunu etiraf etmək təklif olunur.

Gülarə xanım belə cavab verir: "Rədd edirəm. Mən heç bir təşkilatda olmamışam".

Ona deyirlər ki, müqavimət göstərməsin, onsuz da adıçəkilən təşkilatın üzvü olduğunu istintaq müəyyən edib.

Gülarə yenə də qətiyyətlə cavab verir ki, heç zaman heç bir təşkilata daxil olmayıb. Növbəti dindirmədə Köylü qızı öz işi ilə əlaqədar kimlərlə yaxınlıq etməsi barədə sualı da doğru-dürüst cavablandırır: "Mən 1930-cu ildə Tiflisdə Zaqafqaziya Vilayət Komitəsinin qadınlar bölməsinin müdiri işləyirdim. ÜİK(b)P-nin qadınlar şöbəsinin keçmiş müdiri İşkova Klavdiya ilə əlaqəm var idi. Sultanova Ayna və Rəhmiyeva Məmura ilə də. "Şərq qadını" jurnalında işləyəndə Səməd Vurğunla, Şamilovla, Qantəmirlə, Süleyman Rüstəmlə".

Üçüncü dindirmədə də müstəntiq Gülarə xanıma öz dili ilə əksinqilabi təşkilatın üzvü olduğunu etiraf etdirmək istəyir. O, dönə-dönə təkrar edir ki, belə təşkilatın olması barədə məlumatı belə yoxdur, heç qəzetlərdə də bu barədə oxumayıb.

Müstəntiq vaxtilə Həmid Sultanovun və Mirzə Məmməd Qasımovun onun haqqında verdikləri ifadələri səsləndirir. Qədirbəyova Həmidi yalnız məsul işçi kimi tanıdığını və onun dediklərinin böhtan olduğunu bildirir. Mirzə Məmmədin söylədiklərinə gəldikdə isə, Gülarə bu şəxsin ona qarşı pis münasibətdə olduğundan belə böhtanlar yaydığını vurğulayır.

Sonuncu - dördüncü dindirmə də heç bir nəticə vermir. Bütün suallara rədd cavabı alınır. Əzab, işgəncə yolu ilə onun iradəsini sındırmaq istəyirlər. Bütün cəhdləri boşa çıxır. Nəhayət, 1939-cu il yanvarın 20-də Gülarə Qədirbəyovanın işi üzrə istintaqın bitməsi haqqında protokol tərtib olunur. Protokolla onun özü də tanış edilir və oraya bu sözləri yazır: "Mən partiyanın namuslu və sadiq üzvü olaraq qalıram".

Qədirbəyovanın işi üzrə tərtib olunmuş ittihamnamədə deyilir: "Qədirbəyova Gülarə İbrahim Xəlil qızı müqəssirdir, ona görə ki, o, əksinqilabi millətçi təşkilatın fəal üzvüdür və təşkilatın digər üzvləri ilə də əlaqə saxlayırdı. O, AK(b)P MK rəhbərliyini hörmətdən salmaq üçün millətçi söhbətlərdə iştirak edirdi və əksinqilabi iş aparırdı, yəni Azərbaycan SSR CM-in 72 və 73-cü maddələri ilə cinayət məsuliyyəti daşıyır. Qədirbəyova özünü müqəssir bilmir".

Qədirbəyovaya qarşı irəli sürülən ittihamın sübut olunduğunu nəzərə alaraq həmin işin baxılması SSRİ xalq daxili işlər komissarı yanında olan Xüsusi Müşavirəyə verilir. İşə əşyayi-dəlil olan "Bir sarayın tarixi" adlı kitab əlavə edilir.

1939-cu il fevralın 1-də Azərbaycan SSR prokurorunun müavini Selivestrov, martın 28-də XDİK yanında Xüsusi Müşavirə katibliyinin 1-ci şöbəsinin müdiri leytenant Borovkov və Xüsusi Müşavirə katibliyinin rəisi kapitan Markeyev bu ittihamnaməni təsdiq edirlər. Həmin il iyunun 9-da isə Xüsusi Müşavirə qərar çıxarır və onun məzmunu 14 nömrəli protokolda öz əksini tapır. Gülarə Qədirbəyovanı guya antisovet təşkilatında iştirak etdiyinə görə beş il müddətinə həbs düşərgəsinə göndərirlər. Qeyd edək ki, həmin müşavirənin gündəliyini Azərbaycan SSR XDİ komissarını əvəz edən baş leytenant Xoren Markaryan tərtib edir (mənfur millətin nümayəndələri fürsət düşən kimi Azərbaycan xalqının say-seçmə övladlarına gücləri çatan ağırlıqda zərbə endirmək məqamını əldən vermirdilər).

Taleyinin hökmündənmi, yoxsa amansız rejimin naqisliyindənmi, bəlkə də hər iki səbəbdən bu cəfakeş, mübariz qadının qarşısına daim mənəviyyatsız insanlar çıxırdı. Heç şəxsi həyatında, ailədə də xoşbəxt olmamış, başına müsibətlər gəlmişdi. Birinci  ailəsində səadət tapa bilməmişdi. Hətta Gülarənin istintaq işinin içində həyat yoldaşı Əhməd Qədirbəyovun hələ 1928-ci ilin noyabrında Azərbaycan Dövlət Siyasi İdarəsinin məxfi şöbəsinin rəisi Moroza və həmin idarənin Şərq şöbəsinin müdiri Jukova yazdığı böhtan dolu məktub da var idi.

İkinci həyat yoldaşı Asəf Rəhmanov isə günahsız olduğu halda həbs edilmiş və 1938-ci il yanvarın 3-də güllələnmişdi. O, uzun müddət təhlükəsizlik orqanlarında işləmişdi, çekist idi. Qardaşı Kərim Qazıyev "Müsavat" partiyasının fəal üzvü kimi sürgün edilmişdi.

Lakin bütün bunlara baxmayaraq, Azərbaycan xalqına dəyərli ziyalılar vermiş bu ailənin yeni nəslinin nümayəndələri bu gün də yaşayır, qurub-yaradırlar. Onlar Gülarənin bacı-qardaşlarının övladları, nəvələridir.

Azərbaycan Dillər Universitetinin İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Məsməxanım Qazıyeva ilə həmsöhbət olduq. Məsməxanım bibisi Köylü qızı Gülarəni ən xoş və kövrək duyğularla yad etdi. Ondan öyrəndik ki, Gülarənin Qori Seminariyasının məzunu olan qardaşı, yəni Məsməxanımın atası Yusif müəllimliklə məşğul olub. Vaxtilə Abdulla Şaiqdən dərs almış filoloq Yusif Qazıyev bir müddət Bakı Dövlət Universitetində dərs deyib. Repressiyanın qurbanı olan Kərim isə həm riyaziyyatçı idi, həm də gözəl qələmi vardı. Qazıyevlərin ulu babası "Zövqü" təxəllüsü ilə şeirlər yazmış, tərcümələr etmişdi.

Məsməxanım bibisi haqqındakı bu qeydlərdə faktların düzgün olmasında, bir sıra qaranlıq məqamların açılmasında da bizə böyük dəstək verdi.

İndiyədək tanış olduğumuz mənbələrin bəzilərində Gülarə xanımın 1942-ci ildə sürgündə vəfat etdiyi bildirilirdi. Səbəbi isə heç göstərilmirdi. Bəzi mənbələrdə isə onun son taleyinin naməlum olduğu qeyd edilirdi.

1980-ci illərdə Azərbaycanda Gülarə Qədirbəyovanın xatirəsinə bir yubiley düzənlənir. Həmin tədbirdə professor Əzizə Nəcəfova ürək göynədən bir hekayət danışır. Bu hekayət bizlərə Köylü qızının son taleyinin də çox acınacaqlı olduğunu xəbər verir. "Xalq düşməni" elan edilmiş günahsız müqəssir, mətin qəlbli əzabkeş həkim Tehran Şəmsəddinskaya sağlığında gəlini Əzizə xanıma danışıb ki, sürgündə G.Qədirbəyova ilə eyni düşərgədə olublar. Tezliklə dostlaşıb, sirdaşlaşıb, xoş münasibət qurublar. Günlərin birində Gülarənin qarın nahiyəsində güclü ağrılar başlayıb. O, bu şiddətli ağrılara dözə bilməyib düşərgə həkiminə müraciət edib. Korbağırsağın iltihabından şübhələniblər. İki dəfə cərrahiyyə əməliyyatı edilib. Yenə də ağrılar ara verməyib. Gülarə 1942-ci il dekabrın 29-da Tomskaya dəmiryol stansiyasının xəstəxanasında, peşəkar həkim, tibb bacısı, dava-dərman tapılmayan yerdə üçüncü cərrahiyyə əməliyyatından sonra elə masadaca həyata əbədi olaraq əlvida deyib. Bu Köylü qızının sürgündən yoxa çıxmasının (bu da rejimin ona atdığı daha bir, növbəti və son böhtan idi!) yalan olduğunu təsdiqləyən mühüm fakt idi. Tehran xanım Gülarənin nə zaman, harada vəfat etdiyini görüb, dəfninin iştirakçısı olub. Bax bu "məlumat" Qədirbəyovanın işinin toplandığı qovluqda yoxdur.

İllər sonra, yəni 1957-ci il sentyabrın 13-də Azərbaycan SSR prokurorunun müavini İsmayılov Gülarə Köylü qızının cinayət işi üzrə etiraz bildirir. Xahiş edir ki, Qədirbəyova haqqında Xüsusi Müşavirənin 1939-cu il 9 iyun tarixli qərarı ləğv edilsin və işdə cinayət tərkibi olmadığı üçün xətm olunsun.

Həmin il oktyabrın 10-da Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə kollegiyasının qərarı ilə bu xahiş yerinə yetirilir.

Cəmi 39 il yaşadı Gülarə Köylü qızı. Bu illərin bəziləri fərəh və şöhrət, bəziləri iftira və böhtan, bəziləri isə əzab və işgəncə ilə dolu oldu. Amma Köylü qızı hər bir şəraitdə qəlbində işıqlı arzular, bahar duyğuları yaşatdı. Sonadək ümidini itirmədi. Lakin zamanın amansız hökmü onu ömrünün 40-cı baharını qarşılamağa imkan vermədi, həyatını xəzana döndərdi.

Təsəlli verəcək bir fakt da var ki, Gülarə Qədirbəyova malik olduğu ən yüksək keyfiyyətlərini - müstəqilliyini, cəsarətini, mərdliyini, hətta inadkarlığını ömrünün son anına qədər itirmədi. Odur ki, bütün Azərbaycan xalqının qan yaddaşında hörmət və nüfuzunu indiyədək qoruyub saxlamaqdadır.

 

 

 İradə ƏLİYEVA

 

Azərbaycan.-2012.- 25 noyabr.- S.7.