Azərbaycan Parlamenti necə yarandı

 

Dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamətdar bir hadisə  -  nümayəndəli ali qanunvericilik orqanının yaradılmasının 95 illiyi qeyd olunur. Həmin gün müasir Azərbaycan Respublikası Parlamentinin - Milli Məclisin varlığını və fəaliyyətini milli dövlətçiliyimizin labüd  bir reallığı  kimi qəbul edən  və bu məntiqində haqlı olan vətəndaşlarımızın böyük əksəriyyəti Cümhuriyyət Parlamentinin tarixən öz yaranma mərhələlərində nə qədər mürəkkəb və ağır, çətin və kəşməkəşli, eyni zamanda şərəfli  bir yol keçdiyini bəlkə də bilmirlər, yaxud bunun fərqinə varmırlar. Keçilən yola nəzər salaq.

 

 

 

Rusiya Dövlət Dumasından Ümumrusiya Müəssislər Məclisinə

 

 

Azərbaycanlıların təbəələri olduqları Rusiya imperiyasının ali nümayəndəli  qanunvericilik orqanlarında iştirakı 1905-1907-ci illər Rusiya inqilabının təsiri ilə ölkənin siyasi sistemində dəyişikliklər etmək zərurətindən yaranan Dövlət Dumasından başlanır. Çar II Nikolayın 1905-ci il 17 oktyabr  tarixli manifesti əsasında təsis edilən  I Dövlət Duması 1906-cı il aprelin 27-də  işə başlasa da, Cənubi Qafqazın müsəlman-azərbaycanlı əhalisi arasında  seçkilər yalnız mayın 31-də keçirilmiş və azərbaycanlı deputatlar onun işinə  sonradan qoşulmuşdular. İmperiyanın, o cümlədən Cənubi Qafqazın  müsəlman əhalisi ilk dəfə olaraq seçki prosesinə cəlb edilmiş və Bakı, Gəncə, İrəvan, Tiflis quberniyalarını əhatə edən bu seçkilərdə Dumaya beş azərbaycanlı deputat - Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov seçilmişdilər. Azərbaycanlı deputatlar 36 nəfərdən ibarət olması nəzərdə tutulan müsəlman parlament fraksiyasına daxil idilər və maraqlıdır ki, tatarların üstünlük təşkil etdikləri bu fraksiyaya o dövrdə artıq peşəkar hüquqşünas və  nüfuzlu  ictimai xadim kimi tanınan Ə.Topçubaşov rəhbərlik edirdi. Azərbaycanlı deputatlar I Dumanın işində kifayət qədər fəal iştirak etmiş və müzakirə olunan məsələlərə öz münasibətlərini bildirərkən təmsil etdikləri xalqın hüquqlarının müdafiəsini əsas tutmuşlar. Belə çıxışlar arasında İsmayıl xan Ziyadxanovun millətlərarası toqquşmalarla əlaqədar verilmiş sorğu ilə bağlı söylədiyi nitq çarizmin Azərbaycandakı siyasətinin kəskin tənqidi ilə seçilməklə  o zaman üçün son dərəcə böyük cəsarət tələb edən addım sayılırdı: "Artıq elə bir vaxt gəlib çatmışdır ki, biz də oyanmışıq və bizim susmağa ixtiyarımız yoxdur. Rusiya yüz il bundan əvvəl Cənubi Qafqazı zəbt etmişdir. Yüz il ərzində biz, bir növ, hərbi əsir hesab olunurduq... heç bir hüququmuz yox idi, milli varlığımıza təcavüz edilmişdir. Dövlət idarələrində türk məmurlarına rast gəlmək mümkün deyil... Torpaq azlığından əziyyət çəkirik, lakin buraya Rusiyadan axın-axın kəndlilər köçürülür... Artıq səbrimiz tükənmişdir..."

Qeyd edilməlidir ki, I Dövlət Dumasının ömrü çox qısa olmuş, demokratiya qanunlarına alışmamış çar hakimiyyəti Dumadaxili və ondan kənarda   ziddiyyətlərin kəskinləşməsindən narahat olaraq 1906-cı il 9 iyul manifesti ilə Dumanın buraxıldığını elan etmişdir. Burada bəzi azərbaycanlı deputatların cəmi bir sessiya fəaliyyət göstərmiş Dövlət Dumasının işində nə qədər cəsarətli və prinsipial mövqe tutduqlarını nümayiş etdirən bir məqama diqqət yetirmək maraqlı olardı. I Dumanın buraxılması ilə razılaşmayan bir qrup deputat (kadetlər, trudoviklər və sosial-demokratlar) öz iclaslarını Peterburq yaxınlığında - Viborqda keçirməyi qərara alır. 9-10 iyulda 200 deputatın iştirakı ilə keçirilən bu iclaslarda hökumətə passiv müqaviməti nəzərdə tutan Vıborq Müraciətnaməsi qəbul olunur. Həmin müraciətnaməni  imzalayanlar arasında Əlimərdan bəy Topçubaşov və İsmayıl xan Ziyadxanov da var idi. Çar hökuməti bu sənədi imzalayanları ən ciddi şəkildə cəzalandırır, onlar, o cümlədən Ə.Topçubaşov və İ.Ziyadxanov üç aylıq həbsə məhkum edilməklə növbəti dövlət dumalarına seçkilərdə iştirak etmək hüququndan məhrum edilirlər. Azərbaycanın və Rusiyanın bu  dövlət və ictimai xadimlərinin, xüsusilə artıq o dövr Rusiya müsəlmanlarının ən nüfuzlu lideri sayılan Əlimərdan bəyin Dumanın sonrakı heyətlərində iştirak etməməsinin səbəbi bu qadağa ilə bağlıdır.

Bununla belə, 1907-ci il 20 fevral - 2 iyun tarixdə çağırılmış II Dövlət Dumasında azərbaycanlı deputatların artıq yeni dəstəsi qanunvericilik fəaliyyətinə başlayır. Seçkilərdə iştirak edənlərin dairəsi seçki qanununa "Senat izahı" adlı sənədlə məhdudlaşdırılsa da, bu dəfə artıq 6 azərbaycanlı  deputat mandatı almağa müvəffəq olur: Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məhəmməd ağa Şahtaxtlı, Mustafa Mahmudov, Zeynal Zeynalov və İsmayıl Tağıyev. Sonuncu şəxs Dumanın işində iştirak etməsə də, Müsəlman fraksiyasına daxil olan azərbaycanlı deputatlar, xüsusilə  F.Xoyski və X.Xasməmmədov dəfələrlə müzakirələrdə yalnız öz adlarından deyil,  fraksiya adından da  çıxışlar etmişlər.  Bu dəfə də Dumaya seçkilərin nəticələrindən narazı qalan və onun qovulması üçün bəhanə axtaran çar hökuməti cəmi 103 günlük  fəaliyyətdən sonra II  Dumanın da işinə son qoyur.

I və II dumaların mahiyyət etibarilə hökumətə müxalif mövqedə durması  çar rejimini Dumaya seçki prosesini daha ciddi tənzimləmək  qənaətinə  gətirir. III Dövlət Dumasına seçkilər  artıq  1907-ci il 3 iyun tarixində qəbul edilmiş, vəziyyəti mülkədar və burjua nümayəndələrinin xeyrinə dəyişmiş yeni seçki qanunu əsasında aparılır və nəticədə milli ucqarlardan olan nümayəndəliklərə verilən yerlər  xeyli azaldılır. 1907-ci il noyabrın 1-də çağırılan III Dumanın cəmi 8 nəfərdən ibarət olan müsəlman fraksiyasında Cənubi Qafqazın müsəlman əhalisini yalnız bir deputat, azərbaycanlı Xəlil bəy Xasməmmədov təmsil edir. Əvvəlki dumalardan fərqli olaraq, bu Dumaya nəzarəti ələ almış çar hakimiyyəti onun səlahiyyət müddətinə müdaxilə etmir və Duma  1912-ci ilə qədər beş çağırış sessiyasını tam işləyir. Artıq ikinci dəfə Dumaya deputat seçilən X.Xasməmmədov müsəlman fraksiyasının ən fəal üzvü olur, müsəlmanların hüquq və azadlıqları, ana dilində təhsil almaları və digər məsələlərə dair  çıxışlar edir, 1905-1907-ci illər Cənubi Qafqazda milli zəmində baş verən münaqişələrin müzakirələri zamanı onların bir səbəbi kimi  çarizmin köçürmə siyasətini açıb göstərir.

 1912-ci il noyabrın 15-də fəaliyyətə başlayan IV Dövlət Dumasına seçkilər də milli ucqarlardan nümayəndəliklərinin sayının məhdudlaşdırılması prinsipi üzrə  aparılır və bu səbəbdən Dumanın artıq 7 nəfərdən  ibarət olan müsəlman  fraksiyasında Cənubi Qafqazın müsəlman əhalisini yenə də yalnız bir deputat - bu dəfə Məmməd Yusif Cəfərov təmsil edir. Əvvəlki dumalarla müqayisədə nüfuzu xeyli aşağı düşmüş bu qanunvericilik orqanının hakimiyyətə münasibətdə bir qədər  gözləmə mövqeyi I Dünya müharibəsi başlayandan sonra tədricən əks xarakter alır. İmperator II Nikolaya qarşı müxalifət mərkəzlərindən birinə çevrilən Dövlət Duması Rusiya imperiyasının əsaslarını dağıdan 1917-ci il fevral inqilabında mühüm rol oynayır və İmperatorun Dumanın fəaliyyətinin aprel ayına qədər dayandırılması haqqında 25 fevral tarixli əmrinə tabe olmur. Artıq inqilabın ilk günü - fevralın 27-də Dövlət Dumasının Müvəqqəti Komitəsi yaradılır və faktiki olaraq ölkədə ali hakimiyyət funksiyasını yerinə yetirən bu orqan  Rusiyanın Müvəqqəti Hökumətini təşkil edir. Monarxiya devrildikdən sonra Duma bir daha tam tərkibdə toplaşa bilməsə də, onun Müvəqqəti Komitəsi müntəzəm olaraq öz iclaslarını keçirir. Müvəqqəti hökumət  "Müəssislər Məclisi"nə seçkilərin başlanması ilə əlaqədar olaraq   1917-ci il oktyabrın 6-da Dövlət Dumasının buraxılması haqqında qərar qəbul edir. Lakin bu məsələyə son nöqtəni 1917-ci il 25 oktyabr (yeni təqvimlə 7 noyabr) çevrilişi qoyur. RSFSR Xalq Komissarları Sovetinin 1917-ci il 18 (31) dekabr tarixli dekreti ilə Dövlət Duması və Müvəqqəti Komitənin dəftərxanası ləğv olunur.

 Cəmi 11 illik tarixi olan Rusiya Dövlət dumaları Azərbaycanda parlamentarizmin inkişafında əhəmiyyətli rol oynayır. İmperiyanın müsəlman əhalisinin  ölkənin bu ali  nümayəndəli hakimiyyət  orqanında az sayda təmsil edildiklərinə  baxmayaraq,  müsəlman, o cümlədən azərbaycanlı deputatlar üçün bu təmsilçilik yalnız dövlət idarəçiliyi sistemi ilə içəridən tanışlıq,  qanunvericilik prosesində bilavasitə iştirak və Dumanın fəaliyyətini istiqamətləndirən müxtəlif təmayüllü partiya fraksiyaları ilə ünsiyyət nəticəsində sırf siyasi, parlamentçilik  təcrübəsi əldə edilməsi ilə məhdudlaşmır. Etnik, dini və mədəni baxımdan rəngarəng Rusiya imperiyasının özünəməxsus  "xalqlar nümayəndəliyi" funksiyasını yerinə yetirən bu ali hakimiyyət orqanında dini eyniyyətinə görə "müsəlman" adlanan fraksiyada birləşən, Dumanın digər üzvləri tərəfindən isə daha çox "milli qrup" kimi qəbul edilən müsəlman deputatların birgə fəaliyyət təcrübəsi artıq həmin dövrdə Rusiya müsəlmanlarının, (azərbaycanlı deputatların ən fəal iştirakı ilə)  ümummilli siyasi mərkəzlərinin yaradılması cəhdlərinə gətirib çıxarır.

Azərbaycanlı deputatların Rusiya Dövlət dumalarındakı fəaliyyəti ayrıca bir mövzudur. Burada isə belə bir məqamı qeyd edək ki,  dumaların üzvü olmuş 11 azərbaycanlı deputatdan 5 nəfəri - Ə.Topçubaşov, F.Xoyski, İ.Ziyadxanov, X.Xasməmmədov və M.Y.Cəfərov professional hüquqşünas idilər və bu sahədə öz vətənlərində  geniş fəaliyyət göstərirdilər. Məhəmməd ağa Şahtaxtlı Sarbonna Universitetinin dinləyicisi olmuş, Leypsiq Universitetini bitirmişdi. Digər deputatlar da Rusiyanın və Avropanın  müxtəlif ali məktəblərində təhsil almış və öz xalqlarının ictimai-mədəni həyatında xidmətləri ilə tanınmış ziyalılar idi. Az sonra onların əksəriyyəti Azərbaycanda öz xalqlarının taleyüklü məsələlərinin həlli məsuliyyətini öz üzərinə götürəcək və son nəticədə öz vətənlərində  parlamentarizmin əsasını qoyacaqlar.  Lakin 1917-ci ilin fevralında onlar bu məqsədə aparan yolun  hələ başlanğıcında idilər. 

 

 

 

Ümumrusiya Müəssislər Məclisindən Zaqafqaziya Seyminə

 

 

Fevral inqilabının ilk günlərində Müvəqqəti hökumət  yerlərdə hakimiyyət məsələsini həll etmək zərurəti ilə üzləşir və artıq  martın 9-da (22-də) Tiflisdə IV Dövlət Dumasından olan deputatlardan ibarət Xüsusi Zaqafqaziya Komitəsi  (XZK) adlanan milli hakimiyyət orqanı yaradılır.  Qarşısına "Zaqafqaziya diyarında möhkəm qayda yaratmaq və hakimiyyət orqanını təşkil etmək" vəzifəsi qoyulmuş və cəmi 5 nəfərdən ibarət olan  bu Komitəyə sədrlik etmək bütün Rusiya dumalarının üzvü olmuş  Don kazak birləşmələrinin nümayəndəsi Vasiliy Xarlamova həvalə edilir. Qalan 4 komitə üzvü - azərbaycanlı Məmməd Yusif Cəfərov (kadet, sonra müsavatçı), gürcü A.Çxenkeli (menşevik), gürcü K.Abaşidze (sosial-federalist) və  erməni M.Papacanov (daşnak) arasında isə vəzifə bölgüsü aparılır. M.Y.Cəfərova yeni yaradılan XZK-də sənaye və ticarət işlərinə nəzarət tapşırılır. Lakin vaxtilə "mərkəzləşdirilmiş bürokratik mexanizmin Rusiyanın özgə xalqlarının milli hissələrini" təhqir etməsinə  kəskin etirazını bildirən  sonuncu, IV Dumanın yeganə azərbaycanlı deputatının fəaliyyəti ona tapşırılan sahələrə nəzarətlə bitmir. M.Y.Cəfərov Rusiya dumalarının  "Müsəlman" fraksiyalarına daxil olan  deputat həmkarları ilə birlikdə həmin  "özgə xalqlar"ın milli maraqlarının təmin edilməsi sahəsində geniş fəaliyyətə başlayır.  

Hər günü qarşıya yeni, taleyüklü tələblər qoyan bu dövrdə, yəni Fevral inqilabının ilk aylarında Azərbaycan siyasi qüvvələrinin gördüyü işlər sırasında iki mühüm tədbir xüsusi qeyd olunmalıdır. Bunlar 1917-ci ilin aprel    may aylarında keçirilən Qafqaz müsəlmanlarının Bakı və Rusiya müsəlmanlarının Moskva qurultaylarıdır. Belə ki, Azərbaycan milli qüvvələri  Rusiyanın bütün müsəlman xalqları ilə birlikdə Azərbaycan xalqının da müqəddəratının təyin edilməsi yollarını məhz bu qurultaylarda formalaşdırmağa başlayırlar.  

Burada bir haşiyə çıxaq ki, Rusiya imperiyasında yaşayan müsəlman xalqlarının sosial-iqtisadi və mədəni tərəqqisi problemlərinin birlikdə həll edilməsi və bu məqsədlə onların siyasi cəhətdən təşkilatlanması ideyası hələ 1905-ci ilin əvvəllərində Azərbaycanda meydana gəlmiş, həmin ilin aprel ayında Peterburqda Rəşid Əfəndi İbrahimovun evində toplanan Azərbaycan və tatar  ziyalılarından  Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Alim Əfəndi Maksud, Binyəmin Əfəndi Ədhəm, İsmayıl bəy Qaspralı "İttifaqi-Müslimin" (Ümumrusiya Müsəlmanlar İttifaqı) adlı bir təşkilatın yaradılmasına qərar vermişlər. Cəmi 4 aydan sonra, avqustun 15-də Rusiyanın Nijni-Novqorod şəhərində yarmarka vaxtı,  hökumətin rəsmi  razılığı olmadan, 150 nəfər nümayəndənin iştirakı ilə Rusiya müsəlmanlarının I qurultayı keçirilmiş və  bu təşkilatın əsası qoyulmuşdur. 1906 (2 dəfə), 1914 və 1917-ci illərdə bəzən gizli, bəzən icazəli keçirilən və  Rusiya müsəlmanlarının problemləri  geniş mənada müzakirə olunan sonrakı qurultaylarda  Azərbaycan nümayəndə heyəti ən fəal surətdə iştirak etmiş, Əlimərdan bəy isə əvəzsiz olaraq onların sədri, yaxud sədrlərindən biri seçilmişdir.

1917-ci il 15-20 aprel tarixdə Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayına da sədrliyi Ə.Topçubaşov edir, Rusiya və Azərbaycan müsəlman xalqlarının ağsaqqalı sayılan bu böyük nüfuz sahibi  Qafqazın bütün xalqlarını ümumi vətənin rifahı naminə həmrəyliyə çağırır. Qafqaz müsəlmanlarının siyasi və milli-mədəni amallarını açıq ifadə etmək məqsədilə çağırılan bu ali məclisdə müzakirəyə qoyulan və geniş fikir ayrılığı  doğuran əsas məsələlərdən biri Rusiyanın gələcək quruluşu və əsarətdə olan xalqların hüquqları olur. Bu məsələ üzrə məruzəni Məmməd Əmin Rəsulzadə edir.  Rusiya kimi geniş ərazilərə malik, çoxmillətli dövlətdə hakimiyyətin mərkəzləşdirilməsi prinsipinin xalqların azad birgə yaşayışı baxımından məqbul olmadığını bildirən məruzəçi milli müqəddəratın azad surətdə təyin olunması hüququnu əsas götürərək ərazi muxtariyyəti ideyasını  irəli sürür. Qurultayda islamçı və sosialist yönümlü qüvvələrin nümayəndələri bu ideyaya qarşı çıxırlar. İslamçılar ərazi muxtariyyəti tərəfdarlarını Rusiyanın müsəlman xalqlarının birliyini pozmaqda, sosialistlər, o cümlədən bolşeviklər  isə  inqilabi hərəkatı parçalamaqda günahlandırırlar. Uzun və qızğın müzakirələrdən sonra qurultay səsvermə yolu ilə M.Ə.Rəsulzadənin məruzəsi üzrə qətnamə qəbul edir: "Federativ əsaslarla demokratik respublika qurulması Rusiya dövlət quruluşunun müsəlman xalqlarının mənafeyini təmin edən ən yaxşı forma kimi tanınsın".

Bakı qurultayından  cəmi 10 gün sonra, 1917-ci il mayın 1-də  Moskvada artıq Rusiya müsəlmanlarının qurultayı öz işinə başlayır. Bakı milyonçusu Şəmsi Əsədullayevin Moskva müsəlmanlarına bağışladığı binada keçirilən, 11 gün davam edən və 600-ə qədər nümayəndənin, o cümlədən 100 qadının iştirak etdiyi  Moskva qurultayının gündəliyinə 13 məsələ daxil edilsə də, qurultayın mərkəzi məsələsi Bakı qurultayında olduğu kimi, yenə də Rusiyanın siyasi-dövlət quruluşu olur.  Qurultaya sədrlik edən M.Ə.Rəsulzadə və  osetin Əhməd Salikov bu məsələyə dair müzakirəyə  iki qətnamə layihəsi  çıxarırlar. M.Ə.Rəsulzadənin "milli-ərazi federasiya prinsipləri əsasında demokratik respublika yaradılması"  ideyası qarşısında Ə.Salikov "Rusiya xalqlarına milli-mədəni muxtariyyət verilməklə unitar dövlətin saxlanılması" təklifini irəli sürür. Hər iki layihə səsə qoyulur və böyük səs çoxluğu ilə  (446271) M.Ə.Rəsulzadənin təklif etdiyi qətnamə qəbul edilir. Beləliklə, Rusiya müsəlmanlarının qabaqcıl nümayəndələri Rusiyanın milli-federativ respublikaya çevrilməsi və müsəlman əhalisi yaşayan vilayətlərə muxtariyyət verilməsi ideyasını günün tələbi kimi irəli sürürlər.

Burada nəzərə alınmalıdır ki, bu tələb 1917-ci ilin mayında - monarxiya rejimi devrilmiş Rusiyada demokratik prinsiplərə əsaslanan yeni dövlət quruluşu məsələnin hələ son dərəcə aktual olduğu və ən müxtəlif siyasi partiyalar və cərəyanlar tərəfindən qızğın şəkildə müzakirə edildiyi zaman səslənirdi və Rusiyanın müsəlman xalqları, o cümlədən azərbaycanlılar üçün o dövr federativ respublika tərkibində ərazi muxtariyyətinə nail olmaq çox mühüm nəticə sayılardı.

Düz bir ildən sonra, 1918-ci il may ayının sonlarında Azərbaycan milli siyasi qüvvələri artıq başqa bir seçim qarşısında duracaqlar və birmənalı şəkildə öz xalqlarının müqəddəratını tamamilə digər bir ideya əsasında həll edəcəklər.

Lakin 1917-ci ilin yazında, azərbaycanlılar öz gələcəyini Rusiyanın digər xalqları ilə birlikdə görür və ciddi surətdə Ümumrusiya Müəssislər Məclisinə seçkilərə hazırlaşırdılar.

Ümumrusiya Müəssislər Məclisinin - dövlətin idarə formasını müəyyən etmək və ən mühüm siyasi,  iqtisadi və milli problemlərin qanunvericilik əsasında həllini tapacaq konstitusiya hazırlamaq üçün ümumi seçki hüququ əsasında yaradılacaq ali nümayəndəli orqanın çağırılmasını Rusiya Müvəqqəti hökuməti özünün başlıca vəzifəsi hesab edirdi. Seçkilər haqqında Əsasnamə ümumi seçki hüququ əsasında proporsional seçki sisteminin nəzərdə tutulması, qadınların, hərbi qulluqçuların səsverməyə buraxılması və s. baxımdan demokratik sənəd idi.  Müvəqqəti hökumət seçkilərin keçirilməsi vaxtını  1917-ci il 12 (25) noyabra, Müəssislər Məclisinin çağırılmasını isə 28 noyabra (11 dekabr) elan etmişdi.  Bu müddət ərzində Rusiyada Oktyabr çevrilişi baş versə də, hakimiyyətə gəlmiş bolşeviklər Müəssislər Məclisi fikrinin geniş xalq kütlələri və siyasi dairələr arasında son dərəcə dəstəkləndiyini nəzərə alaraq seçkilərin keçirilməsi vaxtını dəyişmədən saxlayırlar. Bolşeviklər Sovet hakimiyyətinin ilk dekretlərinin, ilk növbədə sülh və torpaq haqda dekretlərin seçicilərin səslərini onların  xeyrinə toplayacağına və bununla da Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) partiyasının Müəssislər Məclisinə seçkilərdə uğur qazanacağına ümid edirdilər.

Rusiyada bolşevik hakimiyyətinin qurulması Cənubi Qafqazda rəğbətlə qarşılanmır. Bu dövrdə bütün ölkədə olduğu kimi, Cənubi Qafqazda da müxtəlif siyasi cərəyanların, partiyaların və sosial təbəqələrin fəallığının artdığı,  münasibətlərin isə gərginləşdiyi  bir şəraitdə  yerli hakimiyyət orqanı olan Xüsusi Zaqafqaziya Komitəsinin  sabitliyi təmin etməyə qadir olmadığı aydınlaşır. Regionu anarxiya və xaosdan qorumağa çalışan və Sovet Rusiyasına tabe olmaq istəməyən gürcü menşevikləri, azərbaycanlı müsavatçılar, erməni daşnaklar və sağ eserlər 1917-ci il noyabrın 15-də Tiflisdə Zaqafqaziya Komissarlığı  adlanan koalision hökumət yaradırlar. Yeni hakimiyyət  Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçkilərin keçirilməsi prosesini sürətləndirir.       

Müəssislər Məclisinə seçkilər Cənubi Qafqazın, o cümlədən Azərbaycanın da siyasi həyatında mühüm rol oynamalı idi. Belə ki, ilk dəfə olaraq azərbaycanlılar Ümumrusiya nümayəndəli qanunverici məclisinə seçkilərdə müstəqil milli siyasi təşkilatlar qismində iştirak edirdilər. XZK nəzdində seçkilər üzrə Mərkəzi Zaqafqaziya Komissiyası təşkil edilmişdi.  Azərbaycanda yaradılmış müvafiq komissiyaya Fətəli xan Xoyski rəhbərlik edirdi. Həmin dövr aparıcı mövqe tutan "Müsavat" partiyası Azərbaycanın bütün siyasi partiya və təşkilatlarını seçkilərdə vahid siyahı ilə çıxış etməyə çağırsa da, prinsipial məsələlərdə fikir ayrılığı  milli qüvvələrin vahid seçkiqabağı blokunu yaratmağa imkan vermirdi. Müəssislər Məclisinə seçkilərdə iştirak edən 4 əsas Azərbaycan partiyası - "Musavat", "Müsəlman sosialist bloku", Müsəlman sosial-demokrat menşevik "Hümmət" və Rusiyada müsəlmançılıq "İttihad" - müstəmləkə keçmişinin, milli zülmün və hüquq bərabərsizliyinin tənqidində eyni mövqedə dursalar da, milli hərəkatın gələcək inkişafı və perspektivləri məsələsində yolları ayrılırdı. "Musavat" qəti şəkildə federativ Rusiya tərkibində milli-ərazi muxtariyyəti formasında Azərbaycan dövlətçiliyinin yaradılmasının tərəfdarı idi, qalan üç partiya isə yalnız milli-mədəni muxtariyyətlə kifayətlənməyə üstünlük verirdi. Bu səbəbdən "Musavat" partiyası hər iki tərəfdən - sosialistlərin və islamçıların kəskin tənqidinə məruz qalırdı. Azərbaycan sosialistləri Azərbaycan xalqının öz milli arzularına yalnız "yeni" Rusiya ilə ittifaqda çatacağını bildirərək  müsavatçıları xalq kütlələrinin deyil, "vahid Ümumrusiya inqilabi hərəkatını" parçalamağa can atan burjua və xan-bəy dairələrinin mənafeyini dəstəkləməkdə ittiham edirdi. İslamçılar əksinə, "Musavat"ı həddən artıq sosialist yönlü olmaqda günahlandırır, xüsusilə qadın məsələsində onun mövqeyini qəbuledilməz hesab edirdi. "Musavat"ın qadınlara kişilərlə bərabər hüquq verilməsi tələbini islamçılar "dinsizlik və əxlaqsızlıq" kimi qiymətləndirirdilər. Lakin Müəssislər Məclisinə seçkilərin gedişi artıq çoxdan öz həllini gözləyən qadın məsələsinin "Musavat" tərəfindən irəli sürülməsinin özünü nə qədər doğrultduğunu göstərdi. İslamçıların güclü əks-təbliğatına baxmayaraq,  Azərbaycan qadınlarının bu seçkilərdə iştirakı "Musavat" partiyasının qələbəsinin həlledici amillərindən biri oldu.

Seçkiqabağı kampaniyada "Musavat" partiyasına qarşı daha güclü barışmaz mövqeyi rus partiyaları nümayiş etdirirdi. Bolşeviklər, menşeviklər, eserlər və kadetlər Azərbaycan milli qüvvələrinin güclənməsi təhlükəsi qarşısında bütün partiyadaxili münaqişələrini kənara qoyaraq milli qüvvələrin əsas sütunu hesab edilən "Müsavat"a qarşı vahid cəbhədə birləşdilər. Beləliklə, Müəssislər Məclisinə seçkilər, eyni zamanda, Cənubi Qafqazın siyasi partiyalarının cəmiyyətdə  nüfuzunun göstəricisi olmalı idi.               

Nəhayət, 1917-ci il noyabrın 26-28-də Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçkilər keçirildi. 2 455 274 seçicinin iştirak etdiyi bu seçkilərin yekununa görə, gürcü menşevikləri 661934 səs (seçicilərin ümumi sayının 26,9 faiz), müsavatçılar - 615816 (25,1 faiz),  daşnaklar - 558400 (22,7 faiz), "Müsəlman Sosialist bloku" - 159770 (6,5 faiz), eserlər - 117522 (4,8 faiz), bolşeviklər 95581 (3,9 faiz), menşevik "Hümmət" - 84748 (3,5 faiz) və "İttihad" - 66504 (2,7 faiz) səs aldılar.

Seçkilərin nəticələri istər Cənubi Qafqazda, istərsə də Azərbaycanda siyasi qüvvələrin real nisbətini göstərdi. Topladığı səslərin sayına görə Cənubi Qafqaz üzrə ikinci yerə çıxan müsavatçıların öz əsas rəqibləri - bolşevikləri 6,5 dəfə üstələməsi "Müsavat"ın şəksiz qələbəsi idi.

Seçkilər, həmçinin Cənubi Qafqaz əhalisi arasında Azərbaycan partiyalarının təsir və nüfuz dərəcəsini müəyyən etdi. Bu partiyaların  birlikdə aldığı 926 838 səs     Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə Cənubi Qafqazdan  verilən ümumi səsin 37,7 faiziini təşkil edirdi ki, bunun da 66,5 faizi "Müsavat", 17,2 faizi "Müsəlman sosialist bloku", 9,1 faizi "Hümmət",  7,2 faizi "İttihad" partiyasına düşürdü. Seçkilərin nəticəsinə görə "Musavat" partiyası azərbaycanlılar arasında tam üstünlük qazana bilməsə də, Azərbaycan partiyalarına verilən səslər arasında alınan 66,5 faiz "Müsavat" partiyasının lider mövqeyinin təsdiqi ilə yanaşı, cəmiyyətin böyük əksəriyyətinin Azərbaycana milli-ərazi muxtariyyəti verilməsinin tərəfdarı olduğunu göstərdi.   

Seçkilərin yekun  nəticəsinə görə Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə 34 deputat seçildi ki, onlardan da 12 nəfəri azərbaycanlı idi. Məclisə "Müsavat"dan Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev,  Məmməd Yusif Cəfərov, Xosrov Paşa bəy Sultanov, Qazi Əhməd Məmmədbəyov; "Müsəlman sosialist bloku"ndan İbrahim Heydərov, Əlixan Qantəmir, Aslan bəy Səfikürdski; "Hümmət"dən Cəfər Axundov, "İttihad"dan Sultanməcid Qənizadə mandat almışdılar.

Ümumrusiya Müəssislər Məclisində üstünlüyü 62 faizdən çox səs toplamış eser və menşeviklər əldə etmiş, bolşeviklər isə cəmi 23,9 faiz səs yığmışdılar. Məhz  bu amil Məclisin taleyində həlledici rol oynadı.

1918-ci il 5 (18) yanvar tarixində Petroqradda açılan Müəssislər Məclisi Sovet hökumətinin dekretlərini tanımadığını bildirdi və bolşeviklərin təklif etdiyi "Zəhmətkeş və istismar olunan xalqların hüquq bəyannaməsi"nin müzakirəsini rədd etdi. Müəssislər Məclisinin bolşevik platformasında durmadığı  dərhal aydın oldu və 13 saat davam edən elə birinci iclasdan sonra, səhər saat 5-də  Məclisin keçirildiyi Tavriya sarayının mühafizə rəisinin tələbi ilə onun işinə xitam verildi. Bir gündən sonra isə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Leninin məruzəsi əsasında Müəssislər Məclisinin buraxılması haqqında dekret  qəbul etdi.

Hadisələrin belə istiqamət alması yollar bağlı olduğu üçün Müəssislər Məclisinə gedib çıxa bilməmiş Cənubi Qafqazdan olan nümayəndələri region xalqlarının taleyini həll etmək vəzifəsini öz öhdələrinə götürmək zərurəti ilə üzləşdirdi. Bu zərurət yalnız Müəssislər Məclisinin qovulması ilə deyil, eyni zamanda 1918-ci ilin əvvəllərində Cənubi Qafqazda yaranmış son dərəcə mürəkkəb vəziyyətlə bağlı idi. Rusiyanın Almaniya ilə Brest-Litovsk sülh danışıqları boşa çıxdıqdan sonra alman-türk qoşunları hücuma keçmişdilər. Türk qoşunlarının irəlilədiyini görən Zaqafqaziya Komissarlığı 1918-ci il fevralın 6-da Qafqaz cəbhəsinin komandanı Vehib paşaya teleqram göndərərək Türkiyə ilə sülh danışıqları aparmaq təklifi vermişdi. Lakin regionda güclü hakimiyyətə və nüfuza malik olmayan bu hökumətin yaranmış  ağır vəziyyətdən çıxa biləcəyi böyük sual doğururdu. Odur ki, Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlar əhalinin səlahiyyətli nümayəndələri kimi yaranmış şəraiti real qiymətləndirərək 1918-ci il fevralın 22-də keçirilən yığıncaqda  Zaqafqaziya Komissarlığının buraxılması, yeni qanunvericilik orqanı kimi Zaqafqaziya Seyminin yaradılması  və yerli hakimiyyətin bu orqana verilməsi haqqında qərar qəbul etdilər.

 

(Ardı var)

 

 

 

Solmaz RÜSTƏMOVA-TOHİDİ,

tarix elmləri doktoru, professor

Azərbaycan.-2013.- 5 dekabr.- S.9.