Novruz bayramı tarix boyu yaşatdığımız mənəvi sərvətimizdir

 

Prezident İlham ƏLİYEV: "Novruz bayramı xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olub, Odlar diyarında həmişə uca tutulmuşdur"

 

Hər bir xalqın mənəvi keyfiyyətləri onun qürur mənbəyi, fəxarət yeridir. Çünki müxtəlif keyfiyyətlərlə yanaşı, mənəvi dəyərlərlə zənginlik də hər bir etnosun özünütəsdiqi üçün çox mühüm amildir. Bu baxımdan Azərbaycan xalqının, həqiqətən, bəxtəvər olduğunu əminliklə söyləmək olar. Qədim adət-ənənələri ilə tarix boyu bəşər sivilizasiyasına mühüm töhfələr vermiş xalqımız hər zaman milli dəyərlərini, dünyaya nümunə olan yüksək əxlaqi keyfiyyətlərini qoruyub saxlamış və inkişaf etdirmişdir.

Azərbaycan xalqının mənəvi irsi həqiqətən də böyük bir xəzinədir. Tarixlərin ənginliklərindən gələn bu sərvət heç vaxt itirilməmiş, ən ali milli keyfiyyətlərlə, yüksək koloritlərlə daha da zənginləşmişdir. Hətta müəyyən dövrlərdə də xarici, yad təsirlər Azərbaycan xalqının milli dəyərlərinə sadiqliyini əlindən ala bilməmişdir. Məqsədyönlü addımlar, repressiyalar, şüurlu şəkildə insanlarımızı öz inanclarından, adət-ənənələrindən uzaqlaşdırmaq, mental baxışlarında dəyişikliyə edilən cəhdlər səmərəsiz qalmışdır. Azərbaycan xalqı nəyin bahasına olursa-olsun, özünün milli dəyərlərini qorumuş və inkişaf etdirmişdir.

Xalqımızın milli-mənəvi dəyərlər sistemində dərin kök salmış qədim adət-ənənələrimiz, el şənliklərimiz özünəməxsus cəhətləri ilə seçilirlər. Bunların sırasında öz gözəlliyi və özəlliyi ilə fərqlənən Novruz bayramı qədim əcdadlarımızın mifik dünyagörüşlərinə istinad edərək baharın gəlişinin, təbiətin oyanışının tərənnümçüsüdür. Varlığın yenidən canlanmasını müjdələyən Novruz bayramı, sadəcə, şadlıq, sevinc, səadət bayramı olmamış, tariximizin ən çətin anlarında insanlarımızın ürəyində özünə yer eləmiş, həyatına daxil olmuş, işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusunu yaşatmışdır. Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır. Təbiətlə bağlı olan bu gözəl bayramda həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiram ifadə olunur. Xalqımızın tarixi yaddaşından süzülüb gələn ənənələr keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bu bahar bayramında bütöv bir şəkildə yaşayır. Novruz bayramı günlərində ölkəmizin hər yerində, hər evdə, ailədə bayram əhval-ruhiyyəsi hökm sürür. İnsanlar Novruz bayramını böyük sevinc hissi ilə qeyd edirlər.

Xalqı, milləti, soyu məhv etmək üçün ən yaxşı üsul birinci növbədə onun mənəviyyatını, milli mənliyini, mədəniyyətini əlindən almaqdır. Əsarəti altına aldığı hər bir xalqın mənəvi dəyərlərinə qənim kəsilən, kommunist ideologiyasını təbliğ edən sovet hakimiyyəti də bu yolu seçmişdi. Azərbaycan xalqının da zəngin milli-mənəvi, dini dəyərləri, mədəniyyəti sovet hakimiyyətini razı sala bilməzdi. Sovet ideologiyasının milli özünüdərkə, xalqların tarixdən gələn mənəvi irsinə qənim kəsilməsi ölkəmizdə də özünü açıq və çox kəskin şəkildə büruzə verirdi. Azərbaycanın mənəvi irsinin, həqiqətən, zəngin olduğunubunun xalqımızın milli şüurunda dərin iz saldığını bilən sovet ideoloqları musiqimizdən tutmuş, yazılı və şifahi ədəbiyyatımıza qədər hər şeyi təqib edirdilər. Bir çox dəyərlərimizlə yanaşı, Novruz bayramı da repressiv tədbirlərə məruz qalmışdı. Lakin sovet ideologiyası Azərbaycan xalqının digər milli-mənəvi dəyərləri kimi, Novruzu da xalqın şüurundan silə bilmədi. Antitəbliğat və qadağalar Novruz adət-ənənələrini unutdurmağı bacarmadı. Xalqımız sovet ideologiyasının tüğyan etdiyi bir dövrdə bu el şənliyini qorudu və gələcək nəsillərə ötürdü.

Milli-mənəvi dəyərlərin qorunmasında və inkişaf etdirilməsində tarixi şəxsiyyətlərin də üzərinə vəzifələr düşür. Bu baxımdan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hələ sovet hakimiyyəti illərindəki fəaliyyəti diqqəti xüsusilə cəlb edir. Çünki məhz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi o illərdə xalqımız sovet ideologiyasının unutdurmağa cəhd etdiyi mənəvi irsinin zənginliklərinə daha da dərindən yiyələnmişdir. Heydər Əliyevin respublika rəhbəri vəzifəsində fəaliyyətinin ilk günlərindən aydın olmuşdu ki, Azərbaycan xalqı onun timsalında əsl milli liderini tapmışdır. Ulu öndər milli ruhun dirçəlməsinə, öz zəmanəsinin Azərbaycan mədəniyyətinin inkişafına və çiçəklənməsinə nail olmaqla yanaşı, həm də xalqın diqqətini tarixi və mədəni qaynaqlara yönəltmişdi.

Məhz bu baxımdan Heydər Əliyevin ölkəyə rəhbərliyinin birinci dövrü milli özünüdərkin oyanışı, öz kökümüzə qayıdışın və müraciətin yeni mərhələsinə doğru aparan proseslərin başlanğıcı kimi tarixə düşdü. Bir rəhbər kimi Heydər Əliyevin fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Hər şey milli şüurun yüksəlişinə təkan verməli, milli dirçəlişin təməlinə çevrilməli idi. Heydər Əliyev həmişə milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi sayğı ilə yanaşırdı. Elə buna görə də o illərdə təkcə sosial-iqtisadi yüksəliş deyil, milli-mənəvi dəyərlərə qayıdış da Heydər Əliyevin adı ilə bağlı idi.

Heydər Əliyevin başladığı ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində daha kütləvi və təmtəraqla qeyd olunmağa başladı. Milli özünüdərk prosesinin sovet rəhbərliyinin müqaviməti ilə qarşılaşdığı, milli mənlik şüurunun yüksəlişinə kömək edən yeni meyillərin və təşəbbüslərin qarşısının sərt şəkildə alındığı bir şəraitdə, sovet ideologiyasının hakim olduğu bir dövrdə ölkə rəhbərinin belə bir mövqedə olması böyük cəsarət, qətiyyət, prinsipiallıq və yenilməzlik tələb edirdi.

Azərbaycanda Heydər Əliyevin ölkəyə rəhbərliyə gəlməsindən sonra başlanmış milli mədəni dirçəliş heç də həmişə müsbət qiymətləndirilmirdi və müəyyən dairələr tərəfindən, xüsusən ittifaq rəhbərliyini Azərbaycanın əleyhinə qaldırmaq, türk azərbaycanlılara qarşı etimadsızlıq yaratmaq üçün dəridən-qabıqdan çıxan ermənilər tərəfindən əsassız siyasi ittihamlarla, yalanböhtan kampaniyaları ilə müşayiət olunurdu. Lakin Heydər Əliyev dühası qarşısında bunların hamısı cılız idi.

"Elə vaxtlar, zamanlar olubdur ki, bu bayramı xalqımızın əlindən almaq istəyiblər, bu bayramı keçirməyə mane olmaq istəyiblər. XX əsrdə biz bu dövrü yaşamışıq. Ancaq Novruz bayramının o qədər dərin kökləri var, Azərbaycan xalqının, millətimizin qəlbində o qədər yerləşib ki, heç bir qüvvə, heç bir hakimiyyət, heç bir siyasi sistem bu bayramı Azərbaycan xalqının əlindən ala bilməyibdir" - deyə Heydər Əliyev sonralar bildirirdi.

Türk yazılı abidələrində millətin, dövlətin mövcudluğunu təmin edən üç əsas şərt göstərilir. Bunlar xalqın varlığının, ana dilininmilli ənənələrin qorunub saxlanmasıdır. Heydər Əliyevin müdrikliyi sayəsində ötən əsrin 70-80-ci illərində hər üç şərt nəinki qorunub saxlanıldı, həmçinin inkişaf etdirildi. O cümlədən Novruz bayramı yaşadıldı, gələcək nəsillərə ötürüldü, yaddaşlardan silinməsinə imkan verilmədi.

Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra müxtəlif qadağalar aradan qalxdı və xalqımız müqəddəs adət və ənənələrin, milli duyğuların, xeyirxahlığın, insana, təbiətə məhəbbətin tərənnümçüsü olan Novruz bayramını könül rahatlığı ilə qeyd etməyə başladı. Tariximizin yaddaşından süzülüb gələn Novruz bayramı bir çox çətinliklərdən ötərək bugünümüzə qovuşdu, özünün halal yerini tutdu. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı isə ölkəmizin düşdüyü problemlər məngənəsindən qurtulması, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsinin aradan qaldırılması, ictimai-siyasi sabitliyin təmin ediməsi, vətəndaşların sosial rifahında müsbətə doğru dəyişikliklərin baş verməsi ilə yanaşı, Novruz bayramının da dövlət səviyyəsində keçirilməsinə imkan verdi. Heydər Əliyev hər il Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayırdı. Novruz bayramını Azərbaycanın dövlət müstəqilliyinin xalqımıza verdiyi bəhrə kimi qiymətləndirən ümummilli lider təbriklərində xalqımızın hər zaman öz adət-ənənələrinin uca tutacağına, onları qoruyub saxlayacağına və inkişaf etdirəcəyinə inamını ifadə edirdi.

Bu gün sürətli sosial-iqtisadi inkişaf yolunda olan Azərbaycan məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin nəticəsi olaraq dünya birliyində söz sahibi olan ölkəyə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son 10 ilə yaxın müddətdə qazandığı misilsiz nailiyyətlər ulu öndərin siyasi varisliyinin uğurla həyata keçirildiyini göstərir. Bununla yanaşı, bu dövrün mənzərəsi Prezident İlham Əliyevin həm də milli-mənəvi dəyərlərə son dərəcə bağlı olduğunu göstərir. Azərbaycanın mədəni irsinin qorunması və dünyada təbliği, tarixi abidələrin bərpası və yenidən qurulması istiqamətində görülən işlər, bu istiqamətlə müxtəlif fərman və sərəncamların verilməsi, dövlət proqramlarının həyata keçirilməsi dövlətimizin başçısının milli dəyərlərimizə son dərəcə bağlılığının göstəricisidir.

Prezident İlham Əliyev hər il Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir, səmimi arzularını çatdırır. Keçirilən şənliklərdə Prezident İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə birgə iştirak etməsi, vətəndaşlarla hal-əhval tutması bayram əhval-ruhiyyəsini daha da yüksəldir. Bu il də Novruz bayramı münasibətilə xalqımızı təbrik edən Prezident İlham Əliyevin bu bayrama verdiyi qiymət dövlətimizin başçısının mənəvi dəyərlərə nə qədər bağlı olduğunu göstərdi: "Keçmişimizin ən dərin qatlarından gələn Novruz bayramı xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olub, Odlar diyarında həmişə uca tutulmuşdur. Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz sırasında müqəddəs Novruz ənənələri müstəsna mövqeyə malikdir. Ötən dövrlərin təqib və təzyiqlərinə baxmayaraq, həmin ənənələri günümüzədək layiqincə qoruyub saxlaması xalqımızın bəşər mədəniyyəti qarşısında müstəsna xidmətlərindəndir".

Baharın gəlişi bütün türk dünyasında və müsəlman ölkələrində qeyd edilsə də, Novruzun azərbaycanlılar qədər yüksək səviyyədə keçirilməsinə inanmaq çətindir. Xalqımız özünün milli və tarixi adət-ənənəsinə çevrilmiş Novruzu həmişə olduğu kimi, bu il də böyük sevinclə qarşılayır, bir daha xoş əhval-ruhiyyə nümayiş etdirir. Çünki Azərbaycan xalqı Novruz bayramına bütün varlığı ilə bağlıdır!

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 20 mart.- S.3.