Xalqının azadlığı üçün həyatından keçdi

 

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və bölgənin tanınmış mülkədarlarından olan Qədim ağa Zeynal ağa oğlu Bədirbəyli 1855-ci ildə Şəmkirin Morul kəndində doğulmuşdur. 1882-ci ildə ailə qurmuş, beş oğul, 6 qız atası olmuşdur. 80 desyatindən çox torpağı, əkin-biçin yeri, mal-qarası, at ilxısı, qoyun sürüləri var idi.

Bəyliyi təmsil edən Qədim ağa qoçaq, təəssübkeş və vətənpərvər kimi də tanınırdı. O, 1900-cü ildən 1919-cu ilə kimi ətrafına xeyli adam toplayıb dəfələrlə Göyçə mahalına və Qarabağa - yerli əhaliyə hücum edən erməni daşnaklarına qarşı vuruşmağa getmişdi. Çar Rusiyası tərəfindən məqsədli şəkildə Cənubi Qafqazın torpağı münbit, suyu bol, havası təmiz dağlıq və dağətəyi ərazilərinə, o sıradan Qarabağa, Gəncəbasara və Göyçə mahalına köçürülən ermənilər gəldikləri yerləri onların həqiqi sahiblərindən - azərbaycanlılardan “azad” etmək üçün o vaxt etnik təmizləmə aparır və torpaqları qəsb edirdilər. Onlar yerli müsəlman əhalini terrora məruz qoyur, dinc sakinləri evlərindən didərgin salır, Azərbaycan kəndlərinə hücumlar edir, yerli əhalini soyur və kütləvi şəkildə qırırdılar. Qədim ağa bu qırğınların qarşısını almaq üçün nəinki Gəncəyə, Gədəbəyə, hətta Qarabağa və Göyçəyə də tez-tez gedirdi.

Qədim ağa növbəti dəfə Qarabağa gedəndə yaxşı tanıdığı Dostu oğlu Süleyman əl çəkmir ki, “ağa, keçən dəfə də demişdim, məni də özünlə apar, aparmadın, döyüşdən qorxan adam deyiləm...”

Qədim ağa gördü ki, Süleyman inadından dönənə oxşamır, dedi:

- Yaxşı, get, ailəndən icazə al, razı olsalar, ilxıdan bəyəndiyin atı seç, yəhərin-yüyənin yerini də özün bilirsən, hazırlaş.

Dostu oğlu Süleyman ermənilərlə döyüşlərdə o qədər böyük hünər göstərir ki, Qədim ağa sonralar hara getsə, onu özünə mühafizəçi götürür.

Qədim ağa Gəncədə yaradılan “Müdafiə” və “Qeyrət” özünümüdafiə təşkilatlarının, habelə Ələkbər bəy Rəfibəylinin və Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında fəaliyyət göstərən “Difai”nin vuran əli idi. O, Milli hökumətin könüllü özünümüdafiə bölüklərinə xeyli yorğan-döşək, yastıq, ilxısından 10-a yaxın at, iki araba və s. vermişdi. Erməni silahlılarının qətliamından can qurtarıb Şəmkirə pənah gətirən qaçqınlara, kimsəsizlərə və imkansızlara dəfələrlə əl tutmuşdu. Milli hökumətin möhkəmlənməsinə və xalqının azadlığına xidmət etməyi özünə şərəf bilirdi.

1920-ci il aprel ayının əvvəllərində yaxın qohumu Aslan bəy narahatlıq içində Qədim ağanın yanına gəlir:

- Xəbərin var, söz gəzir ki, Şura hökuməti gəlir. Allah axırını xeyir eləsin!

* * *

İmperiya qüvvələri tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldıqdan və qəddarlıqla qarşısı alınan Gəncə üsyanından sonra bolşevik liderləri Həmid Sultanov və İbrahim Əliyev yerli əhalinin onlara asanlıqla tabe olmayacağını bilib rus ordusunun Tiflis ətrafında yerləşən hərbi bazasından böyük bir hissəni bölgəyə gətirmək, dörd il bundan əvvəl Qədim ağanın, Səməndər ağanın və Süleyman ağanın gücünə Şəmkirdən qovulan çar hərbçilərinin saxlanıldığı kazarmada yerləşdirmək istəyirlər. Əksəriyyəti ermənilərdən ibarət bu ordunun Şəmkirə doğru irəlilədiyini eşidən əhali daha da vahimələnir. Gəncə üsyanından salamat və yaralı dönən bəzi şəmkirlilər, ilk növbədə Müsavatın yerli özəyinin başçısı Hüseyn bəy, böyük nüfuz sahibi Səməndər ağa, Qədim ağa, Süleyman ağa və başqaları camaatı səfərbər edərək eşelonu Şəmkirə buraxmamağa söz verirlər.

...Zəyəmdən çıxan hərbçilər atlı-arabalı magistral yolda xeyli irəlilədilər, kolonun sonu görünəndə pusquda duran əhali dörd bir yandan hücuma keçdi. Güllə səsindən, at kişnərtisindən qulaq batırdı, barıt iyindən nəfəs almaq olmurdu. Atışmanın şiddətli vaxtı Şiştəpə yolunun üstündə Daşdəmirli mülkünə düşən mərmi tikilini xarabazarlığa çevirdi. Atılan top mərmiləri böyük dağıntıya və yanğına səbəb oldu. Şəhərə böyük ziyan dəydi, xeyli insan yaralandı və öldü. Təəssüflər olsun ki, nə Qədim ağa, nə oğlanları Xəlil ağa, Zeynal ağa və Hadı bəy, nə yaxın qohumu Aslan bəy, nə Süleyman ağa, nə oğlanları Əşrəf bəy və Ədil bəy, nə Səməndər ağa, nə qardaşları Hüseyn bəy və Məmməd ağa, Güvəndikli nəslindən Əhməd, qardaşı Həsən, Bəylər, İmirzə, Əli, Məşədi Paşa oğlu Cəlil, Şirin, Həmid, Pənahlılardan Məşədi Alı, Kərbəlayı Həsən, Həmzə kişi, Məşədi Əsgərlilərdən Məşədi Əkbər, Zeynalabdin və Əsgər qardaşları, nə rus ordusuna qarşı çıxan silahlı camaata rəhbərlik edən İsfəndiyar ağa və çoxsaylı tərəfdaşları təpədən-dırnağadək silahlanmış rus ordusunun qabağında duruş gətirə bildilər, şər qarışanda geri çəkilməyə məcbur oldular. Ordu rəhbərləri qarşıdurmanın gecə yenidən baş qaldıracağından ehtiyat edərək Şəmkirə dönməyib, birbaşa Gəncəyə getdilər.

Qiyamdan sonra qəzəbi birə-iki artan bolşeviklər nələrə əl atmadılar?! Əvvəlcə satqınların vasitəsilə qiyamın təşkilatçılarını və qiyamda iştirak edən tanınmışların kimliyini öyrəndilər, soyqırımı siyasətini get-gedə gücləndirdilər. Qaçqın üsyançıları, qiyamçıları gecə-gündüz axtarırdılar. Biləndə, tanıyanda və ya tanıdılanda yerindəcə güllələyir, total şəkildə qırırdılar.

Qədim ağanın da ailəsinin başı üzərində qara buludlar dolaşırdı. Odur ki, ailə üzvləri gözə görünməmək üçün eldən-obadan uzaq gəzir, tez-tez yerlərini dəyişir, dost-tanış yanında gizlənirdilər.

1920-ci ilin payızında İnqilabi Hökumət tərəfindən Qədim ağa və oğlanları həbs edilərək, Morul qəbiristanlığının yaxınlığında yerləşən kənd şurası binasının zirzəmisinə salınırlar. Bu zaman Qədim ağanın şura sədri işləyən uşaqlıq dostu Piri oğlu Əli gecə idarədə yerli bolşeviklərdən heç kim olmayanda əsgərlərə Qədim ağanı göstərərək “Bunu səhv gətiriblər, bu, muzdurdur “ deyib, çiynindən itələyə-itələyə oğlanları ilə birlikdə çölə çıxarır və işarə edir ki, qaçın canınızı qurtarın.

Bir gün sonra Qədim ağanı tapıb, ciddi şəkildə gizlənməyi məsləhət görür.

Qədim ağa sığınacaq üçün hansı qapıya gedirsə, alınmır, qorxudan ona yaxın durmurlar. Qədim ağa məcbur olub Moruldan xeyli aralıda yerləşən Dağ İrmaşlı kəndinə, uzaq tanışının - məşhur qaçaq, sonradan yeni quruluşun tərəfdarlarına qoşulan Kor Atakişinin üstünə gedir. Onun köməyi ilə ailəsini kənddən-kəsəkdən aralı - almanlardan qalma mal tövləsində yerləşdirir. Qədim ağa hərdən gecələr Morula gedib rəncbər və çobanlarla gizlin görüşür, bazarlıq etdirirdi.

Bolşeviklərin yanında sözü keçən, yeni hökumətin Şəmkir dairəsində vəzifə sahibi Piri oğlu Əli Qədim ağanın oğlu Zeynal ağanı, onunla çox vaxt bir yerdə olan Kərbəlayı Əhmədin oğlu Yusif ağanı yaxşı tanıyırdı. Zeynal ağa təhsilli idi, ərəb və rus dillərini yaxşı bilirdi. Tiflisdə hərbi məktəbdə oxumuşdu. Zeynalın 29, Yusifin 28 yaşı var idi. Zeynal ağa bölgədə nüfuz sahibi, cümhuriyyət qurucularına qoşulan, onlara maliyyə dəstəyi göstərən Müsavatın fəallarından idi. Morulda adlı-sanlı kişilərdən sayılan Bəylər Alırza oğlunun qızı Maya xanımla nişanlı idi. Erməni-müsəlman qırğınları, cümhuriyyət dövrünün çəkişmələri, Gəncə üsyanı toyun uzanmasına səbəb olmuşdu. İndi də atasının və qardaşlarının bir qolçomaq kimi həbs edilmək, güllələnmək təhlükəsi xeyir işi əngəlləyirdi.

Şura sədri Piri oğlu Əli yaxınlaşan təhlükəni bu ailədən uzaqlaşdırmaq üçün Zeynal ağanı yanına çağırıb tapşırır ki, vəziyyət çox mürəkkəbdir, gözə görünmə, baxaq görək bu işlərin axırı necə olur...

Zeynal ağa dostu Yusiflə bir neçə ay idi ki, Kürqırağı meşələrdə yataqlarda çobanların yanında, bəzən də təsadüfi tanışların evində gecələyir, qaçaq həyatı yaşayırdı. Morula gecələr gizli gəlib, tez də çıxıb gedirdilər. Əsasən Kürqırağı meşələrdə günlərini keçirər, gündüzlər dükan-bazara dəymək bəhanəsi ilə ətraf kəndlərdə dolaşardılar. 1920-ci il dekabr ayının axırında Zeynal ağa ilə Yusif Alabaşlı stansiyasına gəlirlər. Dəmir yolu vağzalında bufetdən papiros alıb, perronda var-gəl edirlər, silahlı, yaraqlı-yasaqlı gəzişmələri buradakı ermənilərin diqqətini çəkir. Onların yaxın kəndlərdən olduğunu zənn edib, hər ikisini perronun sakit küncündə güllələyirlər. Sonra da yerli camaata deyirlər ki, onları üzümçülüklə məşğul olan almanlar öldürüblər. Bununla da ermənilər azərbaycanlılarla almanları qarşı-qarşıya qoymaq istəyirdilər.

Zeynal ağanın ölümündən sonra bu ailənin daha faciəli günləri başlayır. Hadisədən sarsılan nişanlısı Maya əsəb xəstəliyinə tutulur və az sonra dünyasını dəyişir. Zeynal ağanın atası və yaxınları bolşeviklərin qorxusundan nə günahkarı arayıb-axtara, nə də harasa şikayət edə bildilər. Heç yeni hökumət də bu qətllə maraqlanmadı.

Bu hadisədən üç il sonra, 1924-cü ildə Zeynal ağanın böyük qardaşı Xəlil ağa orda-burda gizlənən ailəni yenidən hədəfə gətirir. Şəmkir qiyamının əsas dəstə başçılarından olan Xəlil ağa günün günorta çağı küçədə, qonşuların yanında dünyaya meydan oxuyan bolşeviklərin başçısı Vladimir İliç Leninin ünvanına ağır sözlər işlədir. Çuğul da bunu yeni quruluşun böyüklərinə çatdırır. Yarım saat çəkməmiş “cinayətkarı” həbs edib Gəncə türməsinə salırlar.

Narahat olan qohum-əqrəba əl-ayağa düşür. Söhbət gedib Qədim ağanın həyat yoldaşı Güllünün Gəncədə yaşayan dayısı oğlu, diviziya komandiri Cəlil Əliyevə çatır. Cəlil Əliyev işə baxan, əslən Gorandan olan Şəmkir rayon prokuroru ilə köhnənin dostu idi. İşdə marağı olanlara istədikləri qədər qızıl pul verilir. Alınan yeni şahid ifadələrindən məlum olur ki, Xəlil ağa küçədə, camaatın içində Lenini yox, öz qohumu Leylini söyübmüş. Prokuror və müstəntiqlər yeni quruluşun nümayəndələrinə çuğulun yanlış xəbər gətirməsinə “təəssüflənib”, onu ayıq-sayıqlığına görə tərifləyib Xəlil ağa Bədirbəylini həbsxanadan buraxırlar.

Bu hadisədən üç il sonra Xəlil ağanın küçədə yeni quruluşun adamları tərəfindən öyrədilmiş qapı bir qonşusu ilə heç nədən sözü çəp gəlir. Qonşu haqq-nahaq üzünə dirənib deyir ki, sən hər yerdə deyirsən kolxoza yazılmayın, yeni quruluşa qarşı əks-təbliğat aparırsan... Bu saat gedib NKVD-yə çatdıracağam.

Bu zaman Gəncəbasar bolşeviklərinin lideri Həmid Sultanov qolçomaqlara qarşı mübarizədə yaxın qohumlarla yanaşı, yaxın qonşuları da biri-birinə qarşı qoymağı ən vacib amillərdən biri kimi hər çıxışında tövsiyə edirdi.

Xəlil ağa hamının gözü qarşısında ona böhtan atan qonşunu bıçaqlayıb öldürür. NKVD və Siyasi İdarə əməkdaşları Xəlil ağanı həbs edirlər. Bu zaman qohumların Xəlil ağanı güllələnmədən, yaxşı halda sürgündən qurtarmaq üçün Gəncəbasarda döymədikləri qapı qalmır. Bir ilə yaxın istintaq aparan NKVD müstəntiqləri qızıl pul müqabilində Xəlil ağa Bədirbəylini Fövqəladə üçlüyün qərarı ilə 5 il siyasi hüquqlarından məhrum edilməklə 10 il müddətinə Rusiyaya sürgün edirlər.

Xəlil sürgünə göndəriləndən bir ay sonra atası Qədim ağanı həbs edirlər. Onu bu həbsdən yenə dostu - kənd şurası sədrliyindən Şəmkir Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilən Piri oğlu Əli qurtarır. Banditləri, qolçomaqları, yeni quruluşun şübhəli bilinən qatı düşmənlərini yığıb milis idarəsinə gətirəndə Piri oğlu Əli Qədim ağanı onların arasında görür, tez üzünü əsgərlərə tutub onun kolxozçu olduğunu bildirir. Uca səslə: “Bu köpək oğlunu cütlə yer əkməyə göndərmişəm” deyib, üzünü Qədim ağaya tutur: - “A kişi, öküzlər itəcək, dur get işinə!” - deyib, sinəsindən itələyə-itələyə çölə çıxarır.

1928-ci ildə həbs olunan Xəlil ağa 1933-cü ildə azadlığa buraxılır və Sibirdən birbaşa Şəmkirə gəlir. Qürbətin ağır sürgünlük həyatının ağrı-acısı Xəlil ağanı olduğundan yaşlı göstərən saçında-saqqalında özünü büruzə verirdi. Xəlil ağa yanına görüşə gələnlər arasında qardaşı Hadı bəyi görmür. Soruşanda deyirlər ki, qardaşını bu yaxınlarda həbs ediblər, amma bolşeviklərin qorxusundan camaatdan gizlədirlər ki, guya Xəlil ağanın qardaşı Hadı bəyin ailəsi ilə heç bir əlaqəsi, münasibəti yoxdur. Xəlil ağa səhərisi gedir Gəncə türməsində Hadı bəyi görməyə. Burada görüşü təşkil edən NKVD zabitlərindən biri - əslən Şuşadan olan müstəntiq Kərim bəy Kərimbəyov atasının dostunun oğlunu tanıyır. “Ermənilər Şuşaya hücum edəndə, erməni-müsəlman davasında atan dəstəsi ilə Şuşaya köməyə gəlmişdi... Yadımdadır, atan bizə tez-tez qonaq gələrdi. Mən səni o vaxt atanla bir yerdə bizə gələndə görmüşəm, sizi görən kimi tanıdım...”

Beləcə Kərim bəy Kərimbəyovun köməyi ilə qardaşlar görüşür. Müstəntiq Kərim bəy Hadı bəyə kömək edir, onu həbsdən qurtarır. Üstəlik Şəmkirdə banditizmə qarşı mübarizə otryadının rəisi dostu Nəcəfova bir məktub da yazır ki, Hadı bəyə kömək elə.

Nəcəfov dostunun istəyinə tez bir vaxtda əməl edir. Hətta Hadı bəyin familiyasını Bədirbəyli əvəzinə Zeynalov, adını Hadı bəy yox, Hadı, atasının adından da ağa sözünü “götürərək” onu Zeynalov Hadı Qədim oğlu adı ilə işə düzəldir. Özünə də bərk-bərk tapşırır ki, bunu heç kim bilməməlidir.

1937-ci ilin yayında, qanlı-qadalı repressiya günlərinin birində NKVD qaçaq həyatı yaşayan Qədim ağanı yeznəsi Şöhlə oğlu Süleymanla bir yerdə həbs edir. Onların hər ikisi günlərlə ac saxlanılır, möhkəm döyülür və işgəncələrə məruz qalır. Bunu bilən oğlu Hadı bir neçə yaxın ailə üzvü ilə gəlir NKVD binasının yaxınlığına, böyürdə-başda hərlənirlər ki, Qədim ağaya heç olmasa yemək ötürə bilsinlər. Bundan xəbər tutan NKVD rəisi Vasili Yakofidi Qədim ağayla Süleymanı camaatın gözü qarşısında qol-qola bağlatdırır, günortanın istisində başıaçıq, ayaqyalın, ac-susuz, payi-piyada atlı əsgərlərin müşayiəti ilə Şəmkirdən Zəyəmə yola salır. Əsgərlər onsuz da yarımcan olan hər iki dustağı atdöşü edib günün qızmarında dayanmadan Zəyəmə aparır, oradan da geri qaytarırlar. Hüseynbəyli kəndini keçəndə qolları bir-birinə bağlı Qədim ağayla Süleyman üzü üstə yıxılıb pambıq sahəsindən axıb yola dağılan bulanıq sudan içmək istəyəndə əsgərlər atı birbaşa üstlərinə sürür, ata ayaqladırlar, su içməyə qoymurlar. Günortanın istisində ayaqyalın daşlı-çınqıllı yolu gedib-gələn əsirlərin ayaqlarının altı parça-parça olmuşdu, barmaqlarının arasından qan süzülürdü... 82 yaşlı Qədim ağa Şəmkirə çatanda gah yeriyir, gah yıxılırdı, yıxılanda atın üstündəki əsgərin əlindəki qamçı onu çətinliklə də olsa ayağa qalxmağa məcbur edirdi.

Hadı bəy gecə ilə Gəncə həbsxanasında onu ölümdən qurtaran müstəntiq Kərim bəy Kərimbəyovun dostu, banditizmə qarşı otryad rəisi Nəcəfovun üstünə minnətə gedir, məsələni ona danışır. Otryad rəisinin köməyi ilə bir neçə gündən sonra Qədim ağa ilə Şöhlə oğlu Süleymanı Şəmkir NKVD-nin zirzəmisindən gecə ikən buraxırlar.

Həbsdə olduqları günlərdə onları çox döymüşdülər. Odur ki, evə gələndən iki gün sonra 82 yaşlı Qədim ağa dünyasını dəyişir. Süleyman kişi isə qorxusundan Morulda qalmayıb, Çətindərə yaylağına gedir, Qədim ağanın üçü günü o da həyatla vidalaşır.

Qədim ağanın qırxı çıxmamış, 1937-ci il sentyabr ayının 10-da gecə yarısı Xəlil ağanı üçüncü dəfə həbs edirlər. Əslində 1933-cü ildə sürgündən qayıdan Xəlil ağanın səsi alınmışdı, heç bir sovet idarəsinə, kolxoz işinə yaxın buraxmırdılar. Neçə il idi ki, ailəsini və özünü həyətyanı təsərrüfatı ilə dolandırırdı. Amma istintaqın gedişində onun sovet hökumətini devirməyə, sarsıtmağa, zəiflətməyə və ayrı-ayrı əksinqilabi cinayətlər etməyə çağıran təbliğat və təşviqata meyilli olduğunu boynuna qoyaraq, özünün də iştirakı olmadan keçirilən məhkəmə iclasında Fövqəladə üçlüyün qərarı ilə əmlakı müsadirə edilməklə, “xalq düşməni” elan edərək güllələnməyə məhkum edirlər. Hökm həmin gün, oktyabrın 7-dən 8-nə keçən gecə saat 12.15-də icra edilir.

Bundan az sonra 18 yaşlı qardaşı İslam hərbi xidmətə çağırılır. Bir neçə aydan sonra onun sorağı Rus-Fin müharibəsindən gəlir. İki il burada vuruşur. 1941-ci ildə müharibə başlayanda Murmanskdan, Finlandiya sərhədlərindən Berlinədək döyüş yolu keçir. 1947-ci ildə ordudan əlil kimi tərxis olunub Şəmkirə qayıdır.

Müharibə başlayanda Həni bəy evli idi, 82 yaşlı qoca atasının vəhşicəsinə döyülə-döyülə öldürülməsi, bir qardaşının ermənilər tərəfindən qətlə yetirilməsi, bir qardaşının “xalq düşməni” adıyla güllələnməsi, sonbeşik qardaşı İslamın “xalq düşməni”nin övladı kimi müharibəyə ön cəbhəyə göndərilməsi ona çox ağır gəlirdi. Ailənin və özünün ünvanına söylənilən “xalq düşməni” ifadəsinin doğru olmadığını sübut etmək üçün iki qız övladı Gülü ilə Minayəni, həyat yoldaşı Məleykəni Tanrının ümidinə qoyub könüllü olaraq cəbhəyə - birbaşa cərimə batalyonuna gedir. Beş il odlu-alovlu döyüşlərin iştirakçısı olur. Dəfələrlə ağır yaralanır, müalicə olunub yenidən səngərə qayıdır. Cəbhədə göstərdiyi şücaətlərə görə orden və medallara, fəxri fərmanlara layiq görülür. 1945-cü ildə müharibədən əlil qayıdır.

Sovet hökuməti bu cinayəti və haqsızlıqları gizlədə bilmədi. Güllələnəndən 43 il sonra Azərbaycan SSR Ali Məhkəməsi Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 1990-cı il 6 mart tarixli qərarı ilə Xəlil ağa Qədim ağa oğlu Bədirbəyli haqqında 1937-ci il 7 oktyabr tarixli qərar ləğv edilmiş, əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilmişdir.

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2015.- 6 sentyabr.- S. 6.