Coğrafi İnformasiya Sistemi İçərişəhər qoruğunda geniş tətbiq olunur

 

Tarixi abidələrimiz

             

Orta əsr Bakı şəhəri mahir memarların, sənətkarların peşəkarlığından söhbət açır, bizi ötən qərinələrə aparır. Dövrümüzə gəlib çatmış şəhərin dar küçələrini, meydançalarını göz önünə gətirdikcə ötən yüzilliklərdə hakim olmuş şəhər həyatının zaman keçdikcə necə dəyişdiyini görürük. Qədim şəhərin divarları arasında sanki keçmişə qayıdaraq, o dövrün səsini duyuruq. “Mədəni qatlarda” şəhərsalma ənənələrini izlədikcə qədim şəhərdə, sənət eşqi ilə yaşayıb-yaradan insanların ürək çırpıntılarını eşidirik.

Bu şəhərin özünəməxsus taleyi var. Bəzi şəhərlər hərbi, siyasi hadisələrdən kənarda qalsa da, bir qismi tarixi hadisələrin güclü burulğanında çırpınırdı. Bəziləri talan və yanğınlara, feodal çəkişmələrinə, təbii fəlakətlərə tab gətirməyərək məhv olur, digərləri isə əlverişli təbii-iqlim şəraitinə, güclü iqtisadiyyatına, ticarət və sənətkarlığının inkişafına görə çiçəklənərək şöhrət qazanırdı. Orta əsr Bakısı məhz belə şəhərlərdəndir.

Azərbaycan xalqının siyasi-iqtisadi həyatını, onun maddi və mənəvi mədəniyyətini düzgün işıqlandırmaq üçün orta əsrlərdə şəhərlərin və şəhər həyatının tədqiq olunmasının böyük elmi əhəmiyyəti var. Hazırda tarixi, arxeoloji, nümizmatikepiqrafik materiallara əsaslanaraq bu problem məsələ hərtərəfli öyrənilir. Lakin inteqrasiya və qloballaşmanın vüsət aldığı müasir dünyada mədəni irsin öyrənilməsi və qorunması işində yeni elektron texnoloji metodların tətbiqinə ehtiyac duyulur.

Tikililər, ayrı-ayrı komplekslər estetik dəyərlərlə yanaşı, maddi dəyərə də malikdir. Yeni tikililərlə yanaşı, qədim tikililərdən də müxtəlif məqsədlər üçün istifadə edilir. Tarix-mədəniyyət abidələrinin xalqa verilməsi zərurəti və qədim binaların ictimai məqsədlərlə istifadəsi təklifini Venetsiya Xartiyası da xüsusilə qeyd etmişdir.

Lakin bazar iqtisadiyyatı şəraitində xüsusi mülkiyyət və mülkiyyət bazarı ölkənin bir çox tarixi, mədəni və memarlıq abidələrini Yer üzündən silərək məhv edir. Yaşayış evlərinin özəlləşdirilməsi və bir sıra binaların mülkiyyətçinin şəxsi mülkiyyəti olması nəticəsində tarixi binaların memarlıq görkəmi və planlaşdırılması da əsaslı şəkildə korlanır. Onların yetərincə tədqiq olunub öyrənilmədən məhv olması bizi uzaq keçmişimizdən - kökümüzdən ayırır.

Bu istiqamətdə aparılan tədbirlərdən ən başlıcası Bakı şəhərində tarixi memarlıq abidələrinin bərpası və qorunması haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı 18 avqust 2006-cı il tarixli sərəncamı olmuşdur. Sərəncamda tarixi memarlıq abidələrini milli mədəni sərvət kimi qoruyub saxlamaq, yetişməkdə olan nəslin tərbiyəsində onun rolunu gücləndirmək, ölkəmizə gələn çoxsaylı əcnəbi qonaqlar arasında lazımi səviyyədə təbliğini təmin etmək məqsədilə silsilə tədbirlərin yerinə yetirilməsi vəzifə kimi qoyulmuşdur.

Şəhərsalma və tikinti-abadlıq işlərinin genişləndirildiyi bir şəraitdə arxeolojitarixi memarlıq abidələrinin mühafizə olunub saxlanılması üçün elmi tədqiqat işlərinin gücləndirilməsi də bu sahədə aparıcı rola malikdir. Bu isə müasir texnologiyaların tətbiqi ilə ərazi-axtarış işlərinin aparılmasını, analitik nəticələrin əldə olunmasını və onların sistemli şəkildə öyrənilməsini tələb edir. Effektivliyin əldə olunması ərazinin tədqiq edilməsinin xarakterindən, tətbiq olunan texnologiyadan, nəticələrin analizolunma xarakterindən asılıdır və analoji metodların tətbiqi hazırkı dövr üçün demək olar ki, çox vacibdir.

Artıq dünyanın tədqiqat üsulları müasir kosmikyerüstü texnologiyanın tətbiqinə əsaslanir. Buraya məsafədən tutma, kosmik fotoqrammetriya, stereoqrammetriya, kosmikya ərazidən skanlaşdırma, aerostero fotoşəkillərin hazırlanması, qlobal mövqe təyinetmə cihazlarını aid etmək olar. İnfraqırmızı və radioistilik texniki avadanlıqlarının tətbiqi, hər hansı ilkin qazıntı işləri aparmadan arxeoloji abidələrin yerlərinin təsbit edilməsində və onların etibarlı şəkildə öyrənilməsində geniş imkanlar yaratmaqdadır.

Yerüstü lazer skanlaşdırıcılarının tətbiqi ilə abidənin xaricidaxili ölçülərinin 3D variantda nöqtələr çoxluğunu əldə etmək mümkündür ki, bu nöqtələrin hər biri ölçü məlumatlarına malikdir. Belə nöqtələrin vektorlaşdırılması ilə memarlıq abidələrinin real vəziyyətinə dair çoxsaylı elmi analiz və təhlillərə əsaslanan bərpa layihələrini hazırlamaqla bərpadan əvvəlki vəziyyətinə dair qiymətli informasiya daşıyıcılarına malik olmaq olar. Müxtəlif dövrlərə aid aerofotokosmik şəkilləri toplayaraq tarixi şəhərin quruluş planlarında baş verən dəyişikliklərin xronologiyasını təhlil etmək olar. Memarlıq abidələri haqqında əldə olunan məlumatların əsasında rəqəmli xəritələrin tərtib olunması, geniş texniki imkanlara malik personal kompüterlər və onların proqram təminatlarının yaradılması yeni arxeoloji tədqiqat metodlarının yaranmasına, abidələrin öyrənilməsinə, məlumatların sistemləşdirilib saxlanılmasına etibarlı təminat yaradır. Müasir dövrdə cəmiyyətin ən əsas inkişaf istiqamətləri həyatın bütün sahələrinin kompüterləşdirilməsi və informasiyalaşdırılmasıdır. Təsadüfi deyil ki, BMT-nin bütün üzv dövlətlərinin qəbul etdiyi üçüncü minilliyin səkkiz inkişaf məqsədindən biri kimi qlobal tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində göstərilir ki, informasiya-kommunikasiya texnologiyalarından (İKT) bəhrələnmək imkanı yaradılmalıdır. İKT cəmiyyətin və iqtisadiyyatın inkişafına ciddi təsir göstərdiyinə görə dinamik templə sosialiqtisadi həyatın bütün sahələrinə tətbiq olunur. Hazırda İKT-nin əhatə dairəsi hökumət təşkilatlarını, qeyri-hökumət və özəl qurumları, iqtisadi-sosial, elm-mədəniyyət, ictimai-siyasi, təhsil və s. sahələrini əhatə edir. Cəmiyyətin lazımi informasiyalarla təchiz edilməsinin zəruriliyi artıq hamı tərəfindən qəbul olunur.

Beləliklə, 10-12 dekabr 2003-cü ildə Cenevrə şəhərində keçirilmiş İnformasiya Cəmiyyəti üzrə Dünya sammitində yeni minilliyin bəyannaməsinin prinsiplərində nəzərdə tutulmuş məqsədlərə çatmaq üçün informasiya texnologiyalarının imkanlarından istifadə edilməsi əsas vəzifə olaraq qəbul olunmuşdur.

İnformasiya bolluğu şəraitində məlumatların çox sürətlə toplanılması və eynilə sürətli analiz olunub istifadəçilərə çatdırılması əsas şərtdir. Bunları sadəcə bir texnoloji proses kimi yox, tam şəkildə yenilənə bilən yekun bir sistemin yaradılması ilə həyata keçirmək olar. Müəyyən bir sərhədlərə malik olan ərazidə fəaliyyətlərin yerinə yetirilməsində optimal qərarların verilməsi üçün ehtiyac olan planlama, məlumat tərkibi, mühəndislik, tarixi məlumatların etibarlı bir şəkildə analiz və idarə olunmasında məhz Coğrafi İnformasiya Sistemi (CİS) mükəmməl sistemdir.

Xəritə və xəritəçilik çox qədim anlayışlar olduğu bir halda coğrafi informasiya sistemləri ətraf mühitə yenidən nəzər salmaq imkanlarına malik olan müasir texnologiyalar sistemidir. Coğrafi informasiya sistemləri - qlobal dünyanın elementi kimi xəritə tərtib etməklə real dünyanın obyekt və hadisələri üzrə təhlillərin aparılması, planlaşdırma və idarəetmənin təşkilidir desək, yanılmarıq. CİS texnologiyası, xəritələrinin əsasında təqdim olunmuş bütün məlumatların vizual olaraq fəza coğrafi təhlilini, baza məlumatları və qiymətləri üzrə statistik araşdırmaları geniş əhatəetmə imkanlarına malikdir. Bütün bu imkanların geniş tətbiqi CİS-in başqa informasiya sistemlərindən fərqli olmasını təmin edir, bir çox proqnozlaşdırma işlərində strateji planlaşdırma ətrafında üstünlüklərə uyğunluğuna görə mütləq nəticələrin alınmasına şərait yaradır. Xəritələrin yaradılması və təhlili yeni bir istiqamət kimi qəbul edilmədiyi halda CİS texnologiyası bu istiqaməti ən yeni bir məcraya yönəldir və bunun əsasında səmərəli, rahat, cəld və qısa müddətdə bir çox problemlərin, məsələlərin qlobal şəkildə həllinə nail olmağa kömək edir. Bütün təhlil və araşdırmalar avtomatlaşdırılır, insanların əvvəllər həll edə bilmədiyi bir sıra problemli məsələlər səmərəli olaraq müasir vasitələrlə öz həllini tapır.

Bu texnoloji yeniliyi tətbiq etməklə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisinin rəqəmli elektron xəritəsi tərtib olunmuşdur. Tarixi memarlıq abidəsinə və onun yerləşdiyi torpaq sahəsinin parselləri üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 saylı qərarı ilə təsdiq olunmuş siyahı üzrə verilmiş inventar nömrələri saxlanılmış, digər tikili və onların yerləşdiyi torpaq sahələri də müvafiq olaraq nömrələnərək cədvəl tərtib olunmuşdur. Cədvəl və xəritə verilmiş inventar nömrələri üzrə əlaqələndirilmişdir. Eyni qaydalar üzrə arxeoloji abidələr və arxeoloji qazıntı əraziləri üzrə də xəritə tərtib olunmuşatribut məlumatlar ilə əlaqələndirilmişdir. Yaradılmış elektron xəritə və məlumat bankının köməyi ilə müxtəlif tarixi dövrlər üzrə şəhərin dəyişən planının izlənməsi və tədqiqi daha aydın olur.

XVII-XIX əsrin əvvəllərində aparılan planlaşdırma tədbirləri qədim şəhərlərin quruluşunun və kompozisiyasının kəskin dəyişmələrinə baxmayaraq, əsas şəhər ansamblları öz fəal kompozisiya əhəmiyyətini qoruyub saxlaya bilmişdilər. Xəritə məlumatlarının araşdırılması zamanı müxtəlif tarixi dövrlərdə ərazinin yerləşmə planının dəyişməsi müşahidə edilir ki, buna misal olaraq İçərişəhər tədqiqatçıları tərəfindən də artıq öyrənilmiş 1835-ci ildə tərtib olunmuş Bakı qalasının yenidən planlaşdırılması layihəsini göstərmək olar. Həmin plan üzrə dəyişikliyin bəzi detallarını çap olunmuş tarixi əsərlərdən də izləmək mümkündür.

1947 və 1958-1962-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı üzərində bağ salınmış torpaq örtüyünün altından böyük hamam (26 otaqlı) kompleksi aşkar edilmişdir. Hazırda hamam həm üstdən, həm də içəridən torpaqdan təmizlənmişdir və Şirvanşahlar Saray Kompleksinin tərkibinə daxildir.

Daha bir misal gətirərək qeyd etmək olar ki, şimal-şərq qala divarları dibində, Qoşa Qala qapılarına yaxın, vaxtilə Bakı xanlarının evinin ərazisində, yerin altında hazırda orta əsrlərə aid hamam vardır. Bu hamam kompleksində bütövlükdə yeraltı lazer skanerinin tətbiqi ilə abidənin xaricidaxili ölçüləri 3D variantda skanlaşdırılmışdır. Bununla da həm bu ərazidə aparılacaq arxeoloji qazıntı işlərinin səmərəliliyi və uğuru əldə olunmuş, həm gələcək konservasiya işlərinin aparılması üçün zəmin və şərait yaranmış, həm də bütün bu məlumat bankı CİS xəritəsinə köçürülmüşdür.

Onu da qeyd etmək lazımdır ki, son on il ərzində qala divarları içərisindəki qədim Bakıda aparılan 50 illik arxeoloji qazıntıların bütün məlumat və informasiyaları, həmçinin foto və memarlıq planları əsasında İçərişəhərin arxeoloji xəritəsi yaradılmış və bu məlumat bankı CİS xəritəsinə köçürülmüşdür. Artıq İçərişəhərin CİS xəritəsinə daxil ola bilən hər bir istifadəçi elektron variantda arxeoloji xəritə və şəhərin arxeoloji tarixi ilə tanış ola bilər.

Hər hansı bir qurum üzrə toplanılmış məlumatlardan bu qurumun bütün üzvlərinin istifadə etməsi vacib şərtdir ki, bu ehtiyaclardan müxtəlif korporativ şəbəkələrin yaradılması zərurətə çevrilir.

Korporasiyanın yaradılması üçün üç əsas elementin: ümimi məqsədin, informasiyanın və informasiyanın paylanması və mübadiləsi üçün lazım olan əlaqə vasitəsinin olmasıdir. Bu xüsusilə məkana bağlı məlumatların istifadə edilməsində bir çox iqtisadi, siyasi, sosial və mədəni məlumatların idarə edilməsi və əlaqələndirilməsi kimi qarışıq analizlərin zəruri olduğu halda önəmli rol oynayır. Yaradılmış elektron kadastr xəritəsinin korporativ sistemlərdə tətbiqi toplanılmış məlumatlardan daha da geniş istifadə imkanlarını artırır.

Beləliklə, ölkə ərazisindəki bütün qiymətli milli sərvətimiz olan tarixi və mədəni memarlıq, arxeoloji abidələrimizin müasir texnologiyalar əsasında tədqiq edilərək sistemləşdirilməsi onların tarixi, memarlıq, hüquqi, mədəni əhəmiyyəti haqqında elmipraktiki təhlillərin və araşdırmaların aparılmasına geniş şərait yaratmış olur. Digər tərəfdən, elmi-bərpa və arxeoloji axtarış, eləcə də qazıntı işlərinin səmərəli təşkili işini yaxşılaşdırır. Respublika ərazisində olan bütün abidələrin belə sistem vasitəsilə öyrənilməsi, xəritələşdirilməsi, mədəni irsimizin öyrənilməsində və onun qorunub saxlanılmasında faydalıdır.

 

Kamil İBRAHİMOV,

Professor

 

Azərbaycan.- 2017.-22 sentyabr.- S.7.