Ordumuzun 100-cü, Milli Qurtuluşun 25-ci ildönümünə Azərbaycan əsgərinin qələbə töhfəsi

 

* Günnüt kəndi 26 ildən sonra işğaldan azad olundu

* 11 min hektara yaxın ərazi düşməndən təmizləndi

* Yerevan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluXunut dağı, Ağbulaq yüksəkliyi nəzarət altındadır

* Qızılqaya və Qaraqaya dağlarında yeni mövqelər ələ keçirildi

 

2016-cı ilin aprel döyüşləri Azərbaycanın şanlı tarixi qələbəsi, Ermənistanda isə cəmiyyətdə yeni parçalanmanın və hakimiyyətə qarşı etirazların daha ucadan ifadə edilməsinin əsasını qoydu. Məhz aprel döyüşləri bir daha Ermənistanın hərbi müstəvidə də böyük tənəzzül yaşadığını, güclü Azərbaycan Ordusu qarşısında duruş gətirməkdə aciz olduğunu əyani şəkildə üzə çıxardı.

Aprel döyüşlərindən sonra Azərbaycan Ordusu daha bir uğurlu döyüş əməliyyatına Naxçıvan Muxtar Respublikasında imza atdı. Bu dəfə də ordumuz tərəfindən düşmənə vurulan zərbə onu sözün əsl mənasında, sarsıtdı. Silahlı Qüvvələrimiz qarşısında Ermənistan aciz olduğunu yenə döyüş meydanında gördü. Bildi ki, qarşısında onu hər an darmadağın etməyə hazır olan yenilməz bir ordu var.

 

26 illik həsrətə son qoyuldu

 

İşğalçı ölkə növbəti ağır məğlubiyyətinə müxtəlif bəhanələrlə bəraət qazandırmaq istəyir. Amma erməni cəmiyyəti, hadisələri ayıq başla qiymətləndirən ermənilər sarsıdıcı məğlubiyyətlərini görür, etiraf edirlər. Xatırlatmaq yerinə düşərdi ki, Naxçıvanın Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi ordumuzun bu istiqamətdə daha əlverişli mövqelərə sahib olmasına imkan verib. Uğurlu əməliyyatlarla 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Günnüt kəndi 26 ildən sonra ordumuz tərəfindən azad olunub. Hələ ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, HavuşŞahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalırdı. Həmin vaxt işğal edilən Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib.

Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Şərur rayonundakı Mahmudkəndə köçməyə məcbur qalıb.

Erməni mediası və saytlarının məlumatları, eləcə də “razm.info armenia” portalının videoreportajında da qeyd edildiyi kimi, mayın son günlərində Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, Xunut dağı və Ağbulaq yüksəkliyi, daha sonra isə Qızılqaya dağı və Mehridağ işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (ermənilər adını dəyişdirərək “Areniqoyublar) nəzarət altına keçib.

Ümumilikdə, 11 min hektara yaxın ərazi düşməndən azad edilib. Bu ərazinin isə 8 min hektardan çoxu əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə ordumuza Yerevan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 kilometr yeni yol çəkilib, 50 kilometrdən çox yararsız yollar isə bərpa edilib.

Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

Elə bu günlərdə həmin kənddən reportaj yayımlayan erməni mediası və saytlarının məlumatları, eləcə də, “razm.info armenia” portalının videoreportajı da deyilənləri təsdiq edir. Həmin videoreportajda Azərbaycan Ordusunun irəliləməsindən və kəndin yaxınlığındakı postlarda mövqe tutmasından ciddi narahat olan kənd əhalisi Ermənistan Müdafiə Nazirliyinin onları aldatdığını və ordunun əraziləri qorumaq iqtidarında olmadığını qeyd edirlər.

26 illik həsrətdən sonra günnütlülər maşın karvanı ilə doğma torpağa qayıdıb, əzizlərinin məzarlarını ziyarət ediblər. Günnüt camaatı qüdrətli ordumuzun onlara bəxş etdiyi sevinc və xoşbəxtliyə görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Ermənistanın məğlubiyyətlər seriyası davam edir

 

Heç şübhəsiz ki, Naxçıvan istiqamətində baş verənlər qurulmasının 100 illiyini qeyd edən ordumuzun bir əsrlik yaşına ən böyük hədiyyədir. Bu, eyni zamanda, Milli Qurtuluş Gününün 25-ci ildönümü üçün ordumuzun xalqımıza bəxş etdiyi böyük bir sevincdir. Ermənilər üçün isə bu hal məğlubiyyətlər seriyasının davamıdır.

Baş verənlərin əsas mahiyyəti budur ki, ələ keçirilən yüksəliklərin bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 1500-2000 metrə çatır və bu da hərbi nöqteyi-nəzərdən çox böyük strateji əhəmiyyət kəsb edir.

Naxçıvanın itirilmiş ərazilərinin geri qaytarılması həm də Azərbaycan Ordusunun yeni döyüş yüksəkliklərinə sahiblənməsi prosesini təmin edir. Azərbaycan bununla döyüş meydanında çox böyük strateji qələbə əldə edə və lazım gələrsə, düşmənin təhdidlərinə qarşı bu ərazilərdən istifadə etməklə Ermənistana, Dağlıq Qarabağişğal altında olan ərazilərə güclü raketartilleriya zərbələri endirmək imkanı qazanıb. Düşmənin bunlar qarşısında gətirdiyi arqumentlər isə hətta erməni cəmiyyətində də gülüş yaradır.

 

Növbəti yalan

 

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Günnüt kəndinin Azərbaycan ordusu tərəfindən işğaldan azad edilməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan iddia edib ki, guya Azərbaycan tərəfi iyunun 6-sı və 7-sində Yerevana müraciət edərək, insanların Günnüt kəndində yerləşən qəbiristanlığı ziyarət etməsinə şərait yaradılmasını xahiş edib. Ovanisyan Azərbaycan tərəfinin belə bir xahişi ilk dəfə etdiyini bildirib. Bundan sonra Ovanisyan guya Ermənistanın hər zaman humanitar normalara sadiq olduğunubuna görə də vətəndaşların qəbiristanlığa girməsinə izn verildiyini vurğulayıb.

Ovanisyan görünür, növbəti dəfə söylədiyi yalanlarla son bəyanatını tutuşdurmağı “yaddan çıxarıb”. Belə ki, Naxçıvan Əlahiddə Ümumqoşun birliklərinin fəallaşmasıyla bağlı informasiyaları ilk dəfə məhz elə Ermənistan mətbuatı yaymışdı. “razm.info armenia” saytı mayın ortalarından etibarən sözügedən yüksəkliklərin alınmasını xəbər vermişdi.

Sosial şəbəkə istifadəçisi Siranuş Tumanyan isə Arpa kəndi yaxınlığında Azərbaycanın yeni mövqelər tutması barədə görüntünü 30 mayda tirajlamışdı: “Arpa kəndinin yaxınlığında Azərbaycan tərəfinin yeni mövqeləri... Fotoları elə bu an Areni kəndinin bağlarından çəkmişəm. Kənd onlar tərəfindən tamamilə müşahidə edilir. Hazırda bizim mövqelər daha aşağı səviyyədə qalıb. Kənddə çaxnaşmadır. İnanmayanlarainkar edənlərə, xahiş edirəm ki, Arpa kəndinə gəlib əmin olsunlar”.

Yalnız bundan sonra Ovanisyan fakta münasibət bildirdi və dolayısı ilə onu təsdiqlədi. Ovanisyan o zamankı rəsmi açıqlamasında Azərbaycanın yeni istehkam işlərini neytral ərazidə apardığını və Ermənistanın heç bir ərazi vermədiyini dedi: “Bu, neytral ərazidir. Burada əlavə mövqelərin qurulması qanuni prosesdir. Bizim də N sayda belə mövqelərimiz var. Məncə, bu, situasiyanı dəyişmir”.

Maraqlı məqam odur ki, Ovanisyan həm Günnütü Azərbaycan ərazisi adlandırır, mayın 30-da Azərbaycanın bu ərazidə yeni mövqelər yaratmaq haqqına sahib olduğunu deyir, son açıqlamasında isə azərbaycanlıların dədə-baba Günnüt qəbiristanlığını ziyarətini “ermənilərin razılığı ilə” izah etməyə çalışır. Burada daban-dabana böyük ziddiyyət var. Bu ziddiyyətlər isə erməni tərəfinin məğlubiyyətini açıq meydana qoyur.

 

Günnüt əməliyyatı N.Paşinyana Sarkisyanın aqibətini yaşadacaq

 

Baş verənlər Ermənistanda çox böyük ajiotaja səbəb olacaq. Belə ki, məşhur Lələtəpə yüksəkliyi ələ keçəndən sonra bu, Serj Sarkisyanın Ermənistanda nüfuzunu yerlə bir etdi, onun hakimiyyətdən getməsinə ciddi təkan oldu. Günnüt əməliyyatı isə heç şübhəsiz, eyni aqibəti Nikol Paşinyana yaşadacaq.

Naxçıvandan düşmənə verilən göz dağı isə heç də təsadüfi xarakter daşımır. Qeyd etmək lazım gəlir ki, Naxçıvan tək Azərbaycan yox, ümumilikdə, türk dünyası üçün çox böyük geostrateji əhəmiyyətə malik bir məkandır. Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasətində də bu amil həmişə üstün yer tutur.

Ali Baş Komandan İlham Əliyev də alınmaz qala olan Naxçıvanda ordu quruculuğuna xüsusi diqqət yetirir. Ölkə rəhbəri öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Naxçıvan strateji mövqedə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır. Bu mənada muxtar respublikaya göstərilən diqqət və qayğı Azərbaycan dövlətinin milli maraqlarının tələbidir. Bu gün muxtar respublikanın müdafiə potensialı və gücü durmadan artır, müdafiə sistemi təkmilləşdirilir, hərbi birliklərin döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılır. Əlahiddə Ümumqoşun Ordusunun əməliyyat işləri üzrə hazırlığının daha gücləndirilməsi məqsədi ilə xeyli sayda təlimləri keçirilib. Mövcud hazırlıqlar ordunun regiondankənar digər hərbi birləşmələrin köməyi olmadan müstəqil şəkildə istənilən döyüş əməliyyatlarının koordinasiyasını həyata keçirməyə imkan verir.

Son illərdə Əlahiddə Ümumqoşun Ordunun müasir silahtexnika ilə təchiz olunması istiqamətində görülən tədbirlər daha geniş miqyasda davam etdirilir. Bütün bunların məntiqi nəticəsi özünü Günnüt kəndində qabarıq büruzə verdi.

 

Ermənistanı daha sarsıdıcı zərbələr gözləyir

 

Amma erməniləri bundan da sarsıdıcı zərbə elə Naxçıvan istiqamətindən gözləyə bilər və Prezident İlham Əliyev ötən ay Naxçıvanda səfərdə olarkən ictimaiyyət nümayəndələri ilə görüşündə bunun anonsunu vermişdi: “Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu ən müasir silahlar, texnika ilə təchiz edilmişdir. Biz son illər ərzində Azərbaycan Ordusunu böyük dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir…Bu gün Naxçıvan ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni, təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir”.

Aydındır ki, bütün bunlar ermənilərə sərt xəbərdarlıqdır və işğalçı ölkə lazımi nəticə çıxarmasa, onu daha sarsıdıcı zərbələr gözləyir. Eyni zamanda, Azərbaycan əsgərinin yüksək mənəvi hazırlığı, döyüş ruhu, zəbt olunmuş ərazilərdən düşməni hər an geriyə atmaq üçün qisas hissi ilə alışıb-yanması işğalçı Ermənistanı getdikcə daha çox qorxudur.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2018.-12 iyun.- S.1; 7.