İlahi adlar yurdu - Cəbrayıl-2

 

 (Əvvəli ötən sayımızda)

 

Tarix boyu işğalçıların aradan götürə bilmədiyi Xudafərin körpüsü tarixi incilər sırasındadır

Ağoğlan ziyarətgahında qeyri-bərabər döyüşdə həlak olmuş hansı igid yatır?

İşğaldan əvvəl Cəbrayılın iqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülük və baramaçılıq təşkil edirdi. Rayonda üzümün ilkin emalı üçün zavod, tikiş, xalça, cihazqayırma sexləri, ümumiyyətlə 8 sənaye obyekti mövcud idi. Rayonda 12 mədəniyyət evi, 49 klub, 28 kinoqurğu, 78 kitabxana, 510 çarpayılıq xəstəxana birləşmələri, 72 ümumtəhsil, 3 musiqi məktəbi var idi.

Rayonda «Xudafərin» rayon qəzeti nəşr olunurdu. Rayon ərazisindən Bakı-Naxçıvan dəmir yolu (52 km), Əli-Bayramlı (indiki Şirvan şəhəri-müəl.) - Zəngilan avtomobil yolu (60 km) keçirdi.

 

Mədəniyyət abidələri

Cəbrayıl rayonunun ərazisi maddi və mədəniyyət abidələri ilə zəngin olub. Bunlardan Dağ-Tumas kəndi yaxınlığında yerləşən "Divlər Sarayı" mağarası, Qalacıq kəndindəki "Məscid Təpəsi", "Canqulu" və "Qumtəpə" kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağındakı Sigeon tikintisi, Şıxlar kəndi yaxınlığında "Şəhərcik qalıqları", "Qışlaq yerləri", Diri dağındakı “Mazannənə”, “Mərmərnənə” məqbərələri kimi arxeoloji, Dağ-Tumas kəndindəki "Başıkəsik Gümbəz" Sirik kəndindəki "Qala", Diridağdakı "Qız qalası", Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid hamamı", Şıxlar kəndindəki "Dairəvi Türbə" (XIV əsr), Xubyarlı kəndindəki dairəvi, 8 guşəli türbələr və məqbərələr (XIX əsr), türk qəbristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir.

Rayonun ərazisi sement istehsalı üçün qiymətli xammal ilə, mərmər və başqa tikinti materialları, dəmir filizi, hətta neft yataqları ilə zəngindir.

 

Xudafərin körpüləri

Şimali Azərbaycanla Cənubi Azərbaycanı birləşdirən körpülərdir. Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Məhəmməd oğlu Fəzl (Fəzl ibn Məhəmməd) tərəfindən inşa olunub.

Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilib. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.

Körpüdən bir qədər aralı daha bir körpü də var ki, bu da Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarət olub və XIII əsrdə, Elxanilər dövründə inşa edilib. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır. Hər iki körpü İpək yolunun üzərində yerləşir.

Hazırda Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazisində yerləşən bu körpülərin aqibəti haqqında dəqiq məlumat yoxdur.

Arazı “möcüzəli çay” adlandıran Yaqut Həməvi yazır: “Aranda, Araz boyunca min şəhər var”. C. Qiyasi isə qeyd edir ki, şəhərlərin sayı şişirdilmiş olsa da, Arazın hər iki sahili əski çağlardan sıx yurdsalma şəbəkəsi ilə örtülüb.

Azərbaycanın bu daxili çayının coğrafi yeri elədir ki, o, ölkəni qərbdən şərqə kəsərək iki hissəyə bölür Bu səbəblərə görə, Arazın üstündə çoxlu körpülər inşa edilib. Arazın su səviyyəsi və yatağında qayalıqların çox olması da, qədim körpü tikintisi üçün əlverişli idi.

Xudafərin dərəsi Araz çayı yatağında ən əlverişli keçidlərdən biri olub. Körpülərin birləşdiyi hər iki sahil, gözəl dağlıq landşaftı olan yerdir. Hər iki körpünün özüllərinin antik dövrlə bağlılığı ehtimal edilir. Bu körpülər yüzillərcə transkontinental yollar üstündə yerləşib, təkcə ölkədaxili və ölkələrarası yollarda deyil, qitələrarası qarşılıqlı ilişgilərdə də yararlı olub. Müxtəlif çağlarda ayrı-ayrı xalqların və qüvvələrin yerdəyişməsini - miqrasiyasını istiqamətləndirən Xudafərin körpüləri Azərbaycan ellərinin baş köç yolunun (hər il güneydən Arana və Qarabağa gedən güclü mövsüm axınlarının) da qovşağı olub.

 

On beş aşırımlı körpü

Körpülərin böyüyü Xudafərin kəndində olub, 15 aşırımlıdır və Həmdullah Qəzvininin yazdığına görə, onu hicri 15-ci ildə (639) Məhəmməd peyğəmbərin yaxın səhabəsi Bəkr ibn Abdullah tikdirib.

Körpü tağlarının dayaqları təbii özüllər - qayalar üzərində ucaldığndan aşırımlar müxtəlif ölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpic və çaydaşından tikilən on beş aşırımlı körpünün tağları sivri biçimlidir. Körpünün ümumi uzunluğu 200 metrə yaxın, eni 4,5 metr, çay səviyyəsindən ən böyük hündürlüyü 12 metr, ən iri tağ aşırımı 8,70 metr, ən kiçik tağ aşırımı isə 5,80 metrdir.

Körpünün bütün tağları kərpicdən qurulduğu halda, əsas kütləsi çay daşındandır. Yuxarı qatda divar hörgüsü kərpicdən də aparılıb ki, bu da Aran memarlıq məktəbi üçün xarakterikdir. Bu iki materialın uyarlığı körpüyə bədiilik və konstruktiv görkəm verir.

 

On bir aşırımlı körpü

On beş aşırımlı körpüdən 750 m qərbdə olan on bir aşırımlı körpü başdan-başa daşdan tikilib və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənib. Araşdırmaçılar bu körpünün XIII yüzildə, Elxanilərin (Hülakülər) hakmiyyəti illərində antik dövr körpüsünün qalıqları üzərində yenidən tikildiyi fikrindədirlər. Onun uzunluğu 130 metrə yaxın, eni 6 m, çay səviyyəsindən hündürlüyü 12 m-dir. Körpünün üç orta tağı sağ qalıb, sahil tağları isə XX əsrin 30-cu illərndə Şimali və Cənubi Azərbaycan arasında əlaqələri kəsmək üçün İran və SSRİ-nin birgə qərarı ilə dağıdılıb. Həmin vaxtdan da yerli əhali körpüyə ikinci ad - Sınıq körpü adını verib.

Tikinti materialı və memarlıq biçimlərinə görə, daha monumental görünən on bir aşırımlı körpüdə oyma naxışlı, dairəvi biçili daş bəzək lövhələri də aşkar edilib. Böyük konstruktiv dayanaqlığı ilə yanaşı Xudafərin körpülərinin, xüsusilə Sınıq körpünün güclü bədii ifadəliliyi də var. Onlar öz ətrafında Arazın hər iki sahilində olan Azərbaycan torpağındakı çoxlu mədəni dəyərləri - müxtəlif tipli memarlıq, tarix-arxeologiya və təbiət abidələrini birlşdirirdi. Ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və sair xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının universal dəyərli abidələridir.

 

Dini abidələri

Hacı Qaraman ziyarətgahı. Çələbilərin XIII əsrin birinci yarısında Monqol yuruşləri dövrundə Kicik Asiyadan (əsasən Turkiyə ərazilərindən) məşhur Qaraman tayfasının tərkibində Azərbaycana gəlmələri tarixdən məlumdur. Çələbi sözu dini və dünyəvi termin olub, hakimiyyətlərin, şahzadələrin ləqəbi kimi işlənib, Allahı sevən, yazıçı, şair, bilici mənalarını verir. Çələbilərin adlı-sanlı başcılarından olan Hacı Qaraman XIII-XIV əsrlərdə Cəbrayıl ərazisinə gəlib, əvvəlcə Niftalılar və Nusus kəndləri arasındakı yerdə özünə məskən salıb, sonralar Çələbilər kəndinə köçüb. Ona gorə də Hacı Qaramanın dəfn edildiyi məzar sonralar «ocaq» kimi müqəddəsləşdirilib. Bu kənddəki məscid isə Məhəmməd ibn Hacı Qaraman Əhmədli tərəfindən, hicri 1088-ci ildə (miladi 1678) inşa edilib. Hacı Qaramanın adı məşhur oğuz-turk tayfasından olan Qaraman tayfasının adından götürülüb.

2. Cəbrayıl ata ziyarətgahı. Cəbrayıl kəndinin şimalında yerləşən məqbərə ümumi qəbiristanlıqda deyil, o dövrün adətinə uyğun olaraq, ona məxsus torpaqların tam yuxarı başında, Alpaşa dağının hündür və tamaşalı bir yerindədir. Rayon əhalisi tərəfindən ziyarətgah kimi qəbul edilir.

3. Qara daş ziyarətgahı. Cəbrayılın mərkəzində olan «Qara daş» səmadan gələn daş olduğu üçün əhali tərəfindən ziyarətgah kimi qəbul edilir.

4. Ağoğlan, Qurbantəpə ziyarətgahları. Cəbrayıl rayonunun yaxınlığında Ağoğlan abidəsi butpərəstlik dövründən qalma abidədir. Mənbələrdə göstərilir ki, orada qeyri-bərabər döyüşdə öldürülən gözəl bir oğlan dəfn edilib. İslam gəldikdən sonra Ağoğlan abidəsi müsəlman ziyarətgahına çevrilib. Ağoğlan kimi sonradan pirə çevrilmiş yerlərə Cəbrayıl rayonu ərazisində cox rast gəlinir. Məsələn, rayonun cənubunda Qurbantəpə adlanan pir Qafqaz Albaniyası əhalisinin hələ Gunəşə, Aya sitayiş etdikləri ilk tunc dövrünün sonlarının nişanəsidir. Yerli əhali təzə il gəlsin və məhsul bol olsun deyə, bu təpədə qurbanlar kəsir, bişirdiyi xörəyin suyundan gündoğan tərəfə səpir, sonra xörəyi yeyir və Gunəşə sitayiş etməklə kütləvi şadlıq edirdilər. Sonralar bu kohnə inam saxlanıldı, hətta XIX əsrin ortalarından başlayaraq, Cəbrayıl qəzasının başqa yerlərindən köçüb gələn Hacılı tayfasının bir hissəsi bu pirin yaxınlığında məskunlaşdı və onların saldıqları kənd Qurbantəpə kəndi adlandırıldı.

5. Məzannənə, Mərmərnənə ziyartəgahı. Professor M. Seyidovun verdiyi məlumata görə, nənə qədim turkdilli tayfalarda Allahın anasının adı olub. Professor Z. İ. Yampolski Məzannənə abidəsi barədə gostərir ki, o, sinfi cəmiyyətə keçid dövründə qadınların ictimai istehsalda birinci dərəcəli rol oynadığı Madərşahlıq zamanının yadigarıdır və sonralar İslam dininə uyğunlaşdırılaraq, «ocaq» hesab edilib. Həmin abidənin yaxınlığında indiyə qədər nişanələri qalan köhnə yaşayış məskəni Mazanənə kəndi adlanıb. Bu kəndin ətrafında, qədim qəbiristanlıqda Əziz ibn Seyid Əl-Məhəmməd sözləri olan qəbrin sinə daşında və başqa qəbirlərin üstündə yazılan, hicri 750, 760 və 809-cu illər təsdiq edir ki, bu yerlərin ən qədim sakinləri azərbaycanlılar olub. Yerli əhali Hasanlı kəndi yaxınlığındakı Mərmərnənə abidəsində dəfn olunan qadını Mazan nənənin anası hesab edir.

6. Tumas ata abidəsi. Cəbrayıl rayonunun Dağtumas kəndi yaxınlığındakı dağda olan Tumas ata abidəsi də butpərəstlik dövrünün yadigarıdır. Dağtumas kəndinin sakinləri Tumas atanı öz əcdadları hesab edir və müqəddəs ocaq kimi sitayiş edirlər.

 Ramid İBRAHİMOV

Bizim yol.- 2011.- 24 dekabr.- S. 15.