10 möhtəşəm
cild
ADA Universitetinin təşəbbüsü ilə çap olunan
“Azərbaycan”
qəzetinin transliterasiya mətni haqqında
Yolun yarısı keçildi.
Azərbaycan Cümhuriyyəti hökumətinin rəsmi mətbu orqanı - "Azərbaycan" qəzetinin ADA Universitetinin təşəbbüsü
və dəstəyi ilə
həyata keçirilən 20 cildlik transliterasiya mətninin 10 cildi
çapdan
çıxıb.
Bildiyim qədər
11-ci cild də çap edilib, 12-ci cild isə artıq
mətbəəyə göndərilib.
Digər cildlər üzərində intensiv iş gedir. Amma kitabxanamda hələlik yalnız ilk on kitab var. Odur
ki, indilikdə yalnız
həmin möhtəşəm
cildlər haqqında danışmaq istəyirəm.
Əslində, təqdim olunan
yazı daha çox ümumi təəssürat xarakteri
daşıyır. Başqa
cür də ola bilməzdi. Çünki cildlərdə yer alan ictimai-siyasi mövzular, dərc edilən müxtəlif xarakterli məlumatlar o qədər zəngin və əhatəli, tarixi-coğrafi baxımdan
o qədər geniş
miqyaslıdır ki, onların
bəziləri haqqında
neçə-neçə məqalə,
hətta ayrıca araşdırmalar yazmaq mümkündür. "Azərbaycan"ın
443 sayının toplandığı
(indiki halda söhbət onların yarısında gedir) cildlər regionda və dünyada baş verən mürəkkəb proseslər
burulğanında Azərbaycan
Cümhuriyyətinin 23 aylıq
siyasi, hərbi, iqtisadi, ictimai, mədəni-mənəvi mövcudluq
tarixini az qala günbəgün izləməyə, cəmiyyət
və dövlətçilik
həyatının ən
müxtəlif sahələrinə
işıq salmağa
imkan verir. Bu nəşr sayəsində
"yoxdan bir ideal rəmzi olan üç rəngli bayraq yaratmaq", onu sivil dünyaya
göstərmək və
qəbul etdirmək, milyonlarla Azərbaycan türkünü bir bayraq altında birləşdirmək uğrunda
aparılan uzun və çətin mübarizənin əyani surətdə izlənməsi,
hətta "görülməsi"
mümkün olur.
"Azərbaycan" çoxcildliyinin
ilk kitabı 2021-ci ildə,
yəni müstəqil
milli dövlətimizin bərpasının
30 illiyi ərəfəsində
işıq üzü
görüb. Əslində
zamanında siyasi iradə nümayiş etdirilsəydi, elmi mühit - politoloq, tarixçi və filoloqlarımız daha tədbirli, uzaqgörən
tərpənsəydilər, bu qiymətli tarixi məxəzləri aşkarlıq kursunun elan olunduğu 1980-ci illərin
ikinci yarısında
da cəmiyyətə təqdim
etmək mümkün
idi. Bəlkə də belə lazımlı addım zamanında atılsaydı,
bir sıra yanlışlıq və səhvlərdən qaçmaq
imkanı yaranardı.
Eləcə də, tək sıravi vətəndaşları deyil,
ictimai-siyasi dairələri
də hazırlıqsız
yaxalayan Qarabağ münaqişəsinin kökləri
və səbəbləri
haqda əlimizdə daha geniş, obyektiv bilgilər toplanardı. Qarşımızdakı
düşməni bütün
xəbisliyi və fitnəkarlığı ilə
görə bilərdik.
Lakin necə deyərlər, heç olmamaqdan gec olmağı yaxşıdır. Cümhuriyyət
irsi də daxil olmaqla xalqımızın
milli-mənəvi sərvətləri
ilə bağlı vacib, xeyirxah layihələrin müəllifi
və icraçısı
kimi tanınan ADA Universiteti "Azərbaycan"
qəzetinin tam mətninin
ərəb əlifbasından
transliterasiyası və
külliyyat şəklində
nəşri məsələsində
də onilliklərin sükut buzunu qırıb sözdən əmələ keçməklə
hamıdan qabağa düşdü. Mühüm
ictimai-siyasi və
milli-mənəvi bir layihənin icrasına təkan verdi. Universitetin rektoru, görkəmli alim və
diplomat Hafiz Paşayevin təşəbbüsü
ilə hələ bir neçə il əvvəl bu istiqamətdə indi artıq konkret nəticələrini gördüyümüz
fəaliyyət başlamışdı.
Artıq beş ilə yaxındır ki, bütün digər çoxsaylı vəzifələri
ilə birlikdə Cümhuriyyətin xalq və tarix qarşısında
hesabatı sayıla biləcək "Azərbaycan"
qəzetinin tam şəkildə
latın qrafikasına
çevrilməsi və
nəşri Hafiz müəllimin
gündəlik qayğıları
sırasına daxildir.
Onun nəşrə yazdığı kiçik
"Ön söz"də
deyilir: "Qəzetin
müasir oxucu üçün əlçatan
olması tariximizin Cümhuriyyət dövrü
kimi zəngin səhifəsinin öyrənilməsi
baxımından çox
əhəmiyyətlidir. Azərbaycan
xalqının tarixi mirasını qorumaq və gələcək nəsillərə ötürmək
işinə töhfə
verməkdən ADA Universiteti
qürur duyur".
Həqiqətən də qürur duyulası, iftixar ediləsi işdir.
Mütəxəssislər yaxşı bilirlər - ərəb əlifbasından transliterasiya
sadəcə mexaniki
proses deyil. Böyük
təcrübə, yüksək
bilik və intellekt, haqqında bəhs açılan dövrün tarixinə,
proses və şəxsiyyətlərinə,
dil və üslub məsələlərinə
bələdlik tələb
edən yaradıcı
işdir. Bəzən
bir sözün, yaxud bir adın
düzgün yazılışını
tapmaq üçün
uzun-uzadı düşünmək,
ən müxtəlif versiyaları nəzərdən
keçirmək lazım
gəlir. Heç yadımdan çıxmır
- Cümhuriyyətin bütün
parlaqlığı və
cəlbediciliyi ilə
həyatımıza yenicə
daxil olmağa başladığı 1990-cı ildə bir nəfər
həmkarımla birlikdə
diplomat və publisist
Adil xan Ziyadxanın
"Azərbaycan" kitabını
əski əlifbadan kirilə çevirib çapa hazırlayırdıq.
Mətndə qarşımıza
ərəb qrafikası
ilə təxminən
"sprlşmk" (ərəb
əlifbasında sait səsləri ifadə edən hərflər demək olar ki, göstərilmir - V.Q.) şəklində
yazılmış bir
söz çıxmışdı.
Dostum onun "sporlaşmaq"
olduğunu iddia edir, mən isə "süpürləşmək"
kimi oxuyurdum. Söhbət 1917-1920-ci illərdə
beynəlxalq güclərin
Azərbaycan, xüsusən
də Bakı nefti uğrunda mübarizəsindən getdiyi
üçün hər
iki oxunuş bu və ya
digər dərəcədə
uyğun sayıla bilərdi. Yalnız mətnin bir neçə abzasını
məna - məzmun baxımından nəzərdən
keçirəndən sonra
ikinci versiyaya üstünlük verdik.
Çap
texnologiyasının qeyri-mükəmməlliyi,
mürəttib və korrektor işinin lazımi səviyyədə
olmaması da əski mətnlərin transliterasiyanı
xeyli çətinləşdirir.
Ərəb əlifbasının dolaşıqlığından, ən kiçik yanlışın da ciddi fikir və məna
təhriflərinə yol
açmasından şikayətlənən
böyük Füzuli
500 il əvvəl - hələ
hamının gözünün
bu əlifbaya uyğunlaşdığı bir
vaxtda acı-acı şikayətlənərək yazırdı:
Qələm olsun əli ol katibi-bədtəhririn
Ki, fəsadi-qələmi sözümüzü
şor eylər.
Gah bir hərf süqutuilə
qılar nadiri nar,
Gah bir nöqtə qüsurilə gözü
kor eylər.
Aydın
məsələdir ki, Azərbaycanda
ötən əsrin
ilk iki onilliyinin qəzet dili hazır klişelərin mövcud olduğu ənənəvi poeziya dilindən müqayisəedilməz
dərəcədə çətin
və mürəkkəb
idi. Odur ki, "hərf süqutu" və "nöqtə qüsuru" nəticəsində
yaranan yanlışlıqlara
daha tez-tez təsadüf edilirdi. Hətta bizim günlərdə vəziyyətdən
çıxış yolu
kimi ərəb əlifbası ilə olan mətnlərdə şəxs, yer, tarixi hadisə və s. adlarının oxunuşunda anlaşılmazlıq
yaranmasın deyə mətn daxilində bu adlar mötərizə
içərisində həm
də latın hərfləri ilə verilir.
Bunları yazmaqdan məqsədim
əsəri ərəb
əlifbasından çevirib
nəşrə hazırlayan
iki nisbətən gənc, amma üzərlərinə yetərincə
böyük məsuliyyət
yükü götürmüş
və öhdəsindən
şərəflə gəlmiş
azərbaycanlı filoloq
alimin - Türkiyənin
Mərmərə universitetinin
keçmiş məzunu
- indiki dosenti Mehdi Gəncəli ilə
İstanbul universitetin məzunu
Azad Ağaoğlunun necə
böyük çətinliklərlə
üzləşdiklərini göstərməkdir. Qətiyyən
mübaliğəyə varmadan
deyə bilərəm
- onların qısa müddət ərzində
gördükləri iş
hər baxımdan həqiqi fədakarlıq nümunəsi, gerçək
vətənpərvərlik örnəyidir. Üstəlik
hazırlıqsız korrektorun
mürəkkəb işin
öhdəsindən gələ
bilməyəcəyini yaxşı
başa düşən
Azad Ağaoğlu daha
bir fədakarlıq edərək milyonlarla işarədən ibarət
nəşrin korrekturasının
oxunması vəzifəsini
də üzərinə
götürüb. Mehdi Gəncəlinin
yetirmələrinin - Mərmərə
universitetinin dil-ədəbiyyat
bölümündə təhsil
alan tələbə və magistrlərin bir qrupunun könüllülük
prinsipi əsasında
transliterasiya işinə
cəlb olunmaları isə, heç şübhəsiz, Türkiyənin
elmi dairələrində
Azərbaycan Cümhuriyyəti
dostlarının, XX əsr
Azərbaycan ictimai-siyasi
həyatının gələcək
tədqiqatçılarının sıralarını genişləndirməyə
xidmət edir. Çoxcildliyin elmi redaktoru akademik Teymur Kərimlinin xidməti də təqdirəlayiqdir.
20 cildliyi müəyyən mənada həm də akademik nəşr kimi qəbul etmək olar. Tək elə onu göstərmək
kifayətdir ki, iş
prosesində qəzet mətnində yol verilən ayrı-ayrı yanlışlıqlar islah
edilib. Mətndəki çətin başa düşülən ərəb-fars
tərkibli söz və ifadələrin açıqlaması kvadrat
mötərizə içərisində
verilib. Qəzetin hər sayından sonra əlavə olunan "Qeyd və şərhlər"
bölməsindəki izahlar
da mətnin səhih və düzgün anlaşılmasını, məna
təhriflərinin aradan
qaldırılmasını təmin edir. Adların orijinala uyğun transliterasiyası,
habelə XX yüzilliyin
əvvəli ilə müqayisədə meydana
çıxmış fərqlərin
göstərilməsi də
diqqətdən yayınmayıb.
Hər cildin axırında verilən, şəxs, yer, dövlət, qurum, idarə, təşkilat, şirkət və cəmiyyət adlarını
ehtiva edən əhatəli "Adlar göstəricisi" də
məsələyə akademik
yanaşmanın
göstəricisi sayıla
bilər. Bu həm də qəzetdə toxunulan bir sıra
məsələlərin tarixi
əhatə dairəsini
və coğrafi genişliyini daha dərindən anlamağa kömək edir, eyni zamanda redaksiya
ətrafında toplanan
əməkdaşları yaxından
tanıdır.
***
"Azərbaycan" geniş profilli mətbu orqan kimi fəaliyyət
göstərirdi. Var qüvvəsi
ilə dövlətçilik
düşüncəsinin yayılması,
istiqlal ideyasının
beyinlərdə və
ürəklərdə yol
tapması, xalqın vahid qüvvə kimi dövlətinin ətrafında birləşməsi
amalına xidmət edirdi. Leninin yerinə düşən sözləri ilə desəm, təkcə
"kollektiv təbliğatçı
və təşviqatçı
deyil, həm də kollektiv təşkilatçı" işinin
öhdəsindən layiqincə
gəlirdi. "Azərbaycan"
yalnız hökumətin
qanun və qərarlarının mətnini,
parlament müzakirələrinin
stenoqramını, dünyanın
aparıcı xəbər
agentliklərinin rəsmi
materiallarını çap
etməklə kifayətlənmirdi.
Qəzetin səhifələri
Cümhuriyyət qayəsinə
tapınan, milli istiqlal
ideyasına töhfə
vermək istəyən
yaradıcı simalar,
eləcə də sıravi vətəndaşlar
üçün açıq
idi. Burada rəsmi xronika ilə bir sırada
tarixi araşdırmalar,
vətənpərvər ruhlu
publisist yazılar, hərbi və iqtisadi xarakterli təhlillər, siyasi polemika nümunələri,
şeirlər, çoxsaylı
elanlar (onlardan da mühüm bilgilər almaq mümkündür), hətta felyetonlar da dərc olunurdu.
Ölkənin mövqe və nüfuz baxımından birinci qəzeti ilk türk Cümhuriyyətinin
çətin günlərində,
həyəcanlı sınaq
anlarında xalqı öz dövləti ətrafında sıx birləşdirmək üçün
bütün mümkün
yollara baş vururdu. Vətəndaşları
milli-tarixi kökləri
ilə tanış edir, onlara türkçülük,
sağlam milliyyətçilik
ruhu, döyüşkənlik
və mübarizlik əhval-ruhiyyəsi aşılayırdı.
Ruhdan düşməməyə,
taleyinin ən böyük töhfəsini
- müstəqil Cümhuriyyətini
göz-bəbəyi kimi
qorumağa səsləyirdi.
Bu baxımdan "Umudvar"
təxəllüsü ilə
çıxış edən
Ömər Faiq Nemanzadənin Denikin ordularının Azərbaycan
istiqlalına real təhlükə
yaratdığı 1919-cu ilin
iyununda yazdığı
aşağıdakı ehtiraslı
və həyəcanlı
sətirlər günümüzdə
də öz keçərliliyini saxlamaqdadır:
"Ey azərbaycanlı! Yaxşı bil ki, üstünə gələn
yırtıcı ayılardan
daha yırtıcıdır.
Vəhşilərdən daha
vəhşidir. Ən
qəhhar xunrizlərdən
daha xunrizdir.
Ey azərbaycanlı! Ey türk! Bil ki, sən zəif olduqca, hər yandan olursa olsun,
üstünə hücum
mühəqqəqdir!
Ey türk! Gözünü aç ki, əlindəki neməti-istiqlalı qapmaq
istəyirlər.
Ey Azərbaycan! Ey hər kəsin gözü düşən
nazənin vətən!
Yatma, yatma ki, birdən-birə "ürəyin"
üstünə çökmək,
hərarəti-həyatiyyəni söndürməyə qəsd
edirlər.
Ey cavan türk! Vətənini, onunla bərabər ananı, bacını, balalarını
qurtarmaq üçün
kimsədən imdad diləmə, saqın aldanıb kimsəyə əl uzatma! Əl uzatma ki, sənin yeganə yardımçın sənsən!
Sənin yaşamaya, istiqlala olan inamındır! Sənin millətinə olan məhəbbətindir!
Ey Azərbaycanlılar! Ey böyük və şanlı cahangir nəvələri! Başını
bir az yuxarı
qaldır! Ticarət işini bir az yüngülləşdir,
həmiyyətini və
qeyrətini göstər!
Ey kimsəsiz türk! Qorxma! Həmiyyətinə,
mənəviyyatına, imanına
nöqsan gətirmə!
Sən kimsəsiz olduğun halda daha böyük aslansan! Tək, möhkəm və əsaslı təşkilatın
(dövlət nəzərdə
tutulur - V.Q.) ən güclü silahın olsun. Səndə o iman, o həmiyyət olduqca, həmişə qalibsən!"
Məhəmməd Əmin Rəsulzadənin
dediyi kimi iki ildən də az müddət
ərzində Cümhuriyyət
"millətə bir
az istiqlal və hürriyyət dadızdıra", hürr
yaşamağın nə
olduğunu öyrədə
bilmişdi. Dünənə
qədər özlərini
sadəcə "müsəlman"
sayan azərbaycanlılarda
milli qürur tərbiyə
etmiş, onlara dövlətçilik və
vətənpərvərlik hissləri aşılamışdı.
Bu işdə ən böyük məsuliyyət
payı hakimiyyətin
əsas tribunası, səsi və sözü olan "Azərbaycan" qəzetinin
üzərinə düşürdü.
Ona görə də Vətənimizin adını
daşıyan qəzeti
təkcə tarixi mənbə, qaynaq kimi deyil, bu
günümüzün və
gələcəyimizin həmişə
qüvvədə olan
mühüm sənədlərindən
biri kimi yaşatmaq və öyrənmək lazımdır.
***
Əlimin
altında olanda "Azərbaycan" qəzetinin
saylarını gözdən
keçirməyi çox
sevirəm. Səhifələri
vərəqlədikcə xəyalən
100 il əvvələ qayıdıram.
Xəbərlərdə haqqında
söhbət açılan
adamların üzlərini
görürəm, səslərini
eşidirəm. Onların
narahatçılığı və həyəcanı ilə yaşayıram. Sevinclərinə şərik
oluram, qəmlərini
bölüşürəm. Elə bil dövrün
hadisələrinin axarına
düşürəm, 15 sentyabr
zəfərindən sonra
rəsmi paytaxt statusu qazanmış Bakının küçə
və meydanlarında dolaşıram. Parlamentdə,
mətbuat sahələrində
aparılan üzakirələrin,
fikir mübadilələrinin
iştirakçısına çevrilirəm. 100 il əvvəl
yaşamış gənc
bir soydaşım Vətəni, istiqlalı qorumaq üçün əsgərliyə getməkdən
qürur duyduğunu deyəndə mən də daxilən qürurlanıram. Yüz
il əvvəlki bir nəfər halal, qeyrətli
məmur haqda oxuyanda belə insanların nədən yalnız keçmişdə
qalmasına təəssüflənirəm.
O dövrün pislərinin
varislərinin, davamçılarının
bu gün də at oynatmalarından, hökm vermələrindən, insan
talelərini həll etmələrindən kədərlənirəm.
Qəzetin 9 iyun 1919-cu il 199-cu sayında
diqqətimi "Rüşvət"
adlı bir neçə sətirlik yazı cəlb etdi. Xəbərdə deyilir: "Ticarət və Sənaye Nəzarəti müvəkkili
Sultanov cənablarına
əcnəbi tüccaranından
(xarici tacirlərdən)
rəsmi bir mövqe tutan şəxs mal gətirməsinə
müsaidə qəsdi
ilə böyük miqdarda rüşvət təklif etmişdir. Sultanov cənabları bundan dilgir (dilxor) olaraq hərifi qovmuşdur".
Deməli,
Cümhuriyyət qısa
müddət ərzində
rüşvət almağı
ləyaqətsizlik sayan
məmur yetişdirə
bilmişdi. Hökumətin
rəsmi orqanı isə belə saf, təmiz adamların əməlinin
təqdir etməyi, hamıya nümunə göstərməyi zəruri
saymışdı.
Başqa
bir xəbər: "Bakıda sükunət edən (yaşayan) Malışev qubernatora bir ərizə verərək məlum etmişdir ki, 4-cü uçastok
pristavı Kərimbəyov
və müavini Axundov kəndi xidmətlərindən (öz
vəzifələrindən) sui-istifadə edərək bir çox şikayətçilərdən rüşvət istəyirlər.
Qubernator həmin şikayəti təhqiq etmək üçün qalabəyinə (komendanta)
göndərmişdir".
Burada mənzərə qanqaraldıcıdır.
Təbii ki, Cümhuriyyətlə
bağlı idillik, fikirlərdən, hər şeyə və hər kəsə heyranlıq düşüncəsindən
çox uzağam. Qətiyyən o dövrün
məmurlarının hamısının
Aydan arı, sudan duru olması qənaətində deyiləm.
Amma yenə məmnun qalmağa əsas verən səbəb var: Dünənə qədər
velikorus şovinizminin
zülmü, təzyiqləri
ilə üzləşən
Azərbaycan öz dövlətini qurandan sonra humanist və demokratik dəyərləri
əsas tutub vətəndaşları arasında
milli fərq qoymur. Sıravi bir rus sakinin şikayəti
qubernatorun diqqətini
cəlb edir, iqtidar onun narazılığını
hökumət qəzetinin
səhifələrinə çıxarmaqdan
çəkinmir. "Erməni
cümhuriyyətində türklərin
vəziyyətinə" həsr
olunmuş silsilə məqalələr də nifrət, milli ədavət,
qisas və intiqam hissindən çox uzaqdır.
Bu mənada Cümhuriyyətin
təşəkkülü prosesində humanizm, demokratiya, hüquq bərabərliyi, dini azadlıq, insan haqlarına sayğı prinsiplərinin mövcudluğundan,
bütün bunların
rəsmi dövlət
qəzetində dəqiq
əksini tapmasından
qürur duymamaq olmur. "Azərbaycan"
səhifələrində təbliğ
edilən ümumbəşəri
dəyərlər fikrimcə,
hələ də cahil orta əsr
düşüncəsindən, mağara təfəkküründən
uzaqlaşa bilməyən
sərsəm erməni
təbliğatına ən
düzgün və kəsərli cavabdır.
***
Düşünürəm ki, gələcəkdə
20 cildliyin materialları
əsasında "Azərbaycan"
qəzetinin kitabxanası"nı
yaratmaq mümkündür.
Nəinki mümkün,
deyərdim ki, hətta
zəruridir. Belə bir "kitabxana" həm şəxsləri,
yəni nəşrin fəal müəlliflərini
(məsələn, Üzeyir
Hacıbəyli, Məhəmməd
Əmin Rəsulzadə,
Ömər Faiq Nemanzadə, Fərhad Ağazadə, Əliabbas Müznib, Xəlil
İbrahim, Adil xan Ziyadxan,
Şəfiqə Əfəndizadə,
Yusif Camal və b.), həm də qəzet səhifələrində
ardıcıl işıqlandırılan
və dövlət həyatı ilə sıx bağlı olan mühüm ictimai-siyasi mövzuları
(Rusiya, Osmanlı imperatorluğu, İran, Gürcüstan,
Ermənistan, Dağıstan
və Avropa ölkələri ilə əlaqələr, hökumətin
və Parlamentin fəaliyyəti, hərbi quruculuq, Paris Sülh konfransı, daxili siyasət, iqtisadiyyat, Qarabağ və Zəngəzur hadisələri,
milli münasibətlər, qaçqınlar problemi, nazirlik və idarələrin işi,
milli-mənəvi tərbiyə,
naqisliklərə qarşı
mübarizə və
s. və i.) əhatə edə bilər.
Yeri gəlmişkən, bu istiqamətdə ilk addım
artıq atılıb.
Anadan olmasının
150 illiyi ərəfəsində
görkəmli publisist
Ömər Faiq Nemanzadənin "Azərbaycan"
qəzetində dərc
olunan yazıları, eləcə də onun barəsindəki materiallar Mehdi Gəncəlinin
tərtibi, mənim ön sözümlə
ADA Universiteti tərəfindən
ayrıca kitab şəklində
nəşr edilib.
İndi isə başqa
bir Cümhuriyyət xadimi - İrandakı ilk səfirimiz Adil xanın məqalələrdən ibarət
kitab üzərində iş
gedir. Gələcəkdə
digər fəal müəlliflərin toplularının
nəşri də nəzərdə tutulub.
"Azərbaycan" qəzetinin
artıq bütün maraqlanan mütəxəssislərin
sərbəst şəkildə
istifadə edə bildiyi 20 cildlik külliyyatı dil, tarix, iqtisadiyyat, daxili və xarici siyasət, beynəlxalq münasibətlər,
milli münasibətlər, dövlət quruculuğu,
parlamentarizm və s. mövzularda elmi-tədqiqat
əsərlərinə, magistrlik
və doktorluq dissertasiyalarına zəmin
olmaqla tariximizin az öyrənilmiş səhifələrinin daha
dərindən tədqiqi
üçün kifayət
qədər geniş imkanlar açır, yeni və zəngin materiallar verir.
"Azərbaycan" adlı qəzet yaratmağa ilk dəfə 1893-cü ildə
məşhur mətbuat
sülaləsinin kiçik
nümayəndəsi - Kamal Ünsizadə təşəbbüs
göstərmişdi. Lakin görünür,
hər şeydən çox nəşrin adından xoflanan Qafqaz Senzura Komitəsi ideyanı necə deyərlər, beşikdəcə boğmuşdu.
Aradan milli-mədəni
dirçəliş uğrunda
mübarizələrlə dolu
25 il keçəndən sonra
isə "Azərbaycan"
eyni adlı müstəqil dövlətin
rəsmi mətbu orqanı kimi nəşrə başlamışdı.
Azad ölkənin vətəndaşları
bu qəzeti Cümhuriyyətin özü
qədər sevir, ona dərdlərinin tərcümanı, sevinclərinin
ifadəçisi, haqlarının
müdafiəçisi, azadlığına
qovuşmuş xalq və dövlətlə bağlı həqiqətlərin
carçısı kimi
baxırdılar. Maraqlı
bir detal: müvəqqəti redaktor
Üzeyir Hacıbəyli
1919-cu ilin oktyabrında
Bakıdan Parisə,
Versal sülh konfransının
işində iştirak
edən qardaşı
Ceyhun Hacıbəyliyə
göndərdiyi məktubda
qəzetin gündən-günə
tərəqqi etdiyi, redaksiya binasında təmir aparıldığı,
otağına telefon çəkildiyi haqda xəbər verir, əhval-ruhiyyənin yüksəkliyindən,
regionu bürümüş
xaos və iqtisadi çətinliklərə
baxmayaraq "Azərbaycan"ın
müəlliflərə "qələm haqqı"
- yəni qonorar ödəməsindən iftixarla
söz açırdı.
Cümhuriyyətlə birlikdə doğulan, ilk sayı Bakının azadlığa
qovuşduğu gün
(15 sentyabr 1918-ci il) nəşr
olunan "Azərbaycan"
bolşevik süngüləri
altında, Cümhuriyyətlə
eyni gündə -
1920-ci ilin 27 aprelində
süquta uğradı.
Lakin haqq söz ölmür, məşhur
ifadədə deyildiyi
kimi, əlyazmaları
yanmır. Aradan yüz il ötəndən
sonra müstəqil dövlətimizin ilk rəsmi
sözçüsü küllər
altından dirçələn
Səməndər quşu
tək yenidən həyata qayıtdı. Unutduğumuz, xəbərsiz
qaldığımız həqiqətlərin
ünvanı olmaq səlahiyyətini, bələdçiliyini
öz üzərinə
götürdü.
Azərbaycan Cümhuriyyəti barəsində,
1918-1920-ci illərdə ölkəmiz
və xalqımızın
keçdiyi çətin,
mürəkkəb tarixi
yol haqqında indiyə qədər az yazılmayıb. Amma mənə elə gəlir ki, həmin yazıların ən səmimi, təsirli və inandırıcı
olanları məhz
"Azərbaycan" qəzetinin
səhifələrində yer
tapıb. Çünki
bəzən hətta naşı, sadəlövh
görünən sətirlər
də özündə
zamanın möhürünü,
günün nəfəsini,
canlı şahidlərin
hiss-həyəcanını, sevinc və qürurunu, ağrı və narahatlığını
daşıyır.
Bu sehrli tarixi dünyaya
baş vurmağa, Şərqdə ilk dəfə
Cümhuriyyət quran
xalqımızın, insanımızın
halını onların
özündən eşitməyə,
öyrənməyə dəyər.
Günümüzü mühüm
milli-tarixi sərvətlərindən
olan "Azərbaycan"
qəzetinin transliterasiya
edilmiş nəşri
hamının qarşısında
belə fürsət açır.
***
Sonda bir arzumu dilə
gətirmək istəyirəm.
Vaxtı ilə ərəb əlifbasının
islahı, sonda isə ümumiyyətlə
bu yazı sistemindən imtina ideyasını ortaya atan Mirzə Fətəli öz-özünə
belə bir sual verirdi: "Bəs soruşa bilərlər ki, indiyə
qədər təb edilmiş kitabların halı necə olacaq?" Sonra da cavabında
yazırdı: "Zamanla
müəssisələrimiz yaranacaq, orada bilikli, bacarıqlı insanlarımız o kitabların
ən lazımlı olanlarını seçib
yeni əlifbaya köçürəcəklər".
Düzdür, indiyə qədər
belə müəssisə
yaranmasa da, ayrı-ayrı
mütəxəssislərin həmiyyəti, təşəbbüsü
sayəsində tariximizin
çətin dövrlərində
"ümmətdən millətə
çevrilməyin" binasını
qoyan "Əkinçi",
"Füyuzat", "Molla
Nəsrəddin" kimi
nadir milli mətbuat nümunələrinin
transliterasiya mətnləri
ortaya çıxdı.
"Azərbaycan"ın 20 cildlik külliyyatı bu son dərəcə zəruri, faydalı işdə xüsusi mərhələyə çevrilir.
Çox istərdim
ki, tarixin fasiləsizliyini
təmin edən proses
yarı yolda dayanmasın, yaxın illərdə transliterasiya
edilmiş "Həyat",
"İrşad", "Tərəqqi", "Açıq
söz" kimi qəzetləri də vərəqləmək, oxumaq
imkanı yaransın.
Sentyabr, Bakı, 2024-cü il
Vilayət
QULİYEV
Ədəbiyyat
qəzeti.- 2024.- 28 sentyabr, №37.- S.8-9.