Məhəmməd
Füzuli və Üzeyir Hacıbəyli
Bu gün Azərbaycan musiqisini və ədəbiyyatını nə Füzulisiz, nə də Üzeyir Hacıbəylisiz təsəvvür etmək qeyri-mümkündür. Hər iki dühanın Azərbaycan xalqının mənəviyyatında,
tarixində, musiqisində və ədəbiyyatında xidmətləri
misilsizdir. Təsadüfi deyil ki, Prezidentimiz İlham Əliyev
bu ili Üzeyir Hacıbəylinin 140 illik yubiley ili kimi qeyd
olunmağını elan etmişdir. Keçən il isə
Füzuli ili kimi qeyd olunmuşdur. Müxtəlif əsrlərdə
yaşamış iki böyük sənətkar ülvi, saf məhəbbəti
tərənnüm edən bir əsərdə "Leyli və
Məcnun" operasında qovuşmuşlar. Bəşər
tarixində əbədi mövzu olan "Leyli və Məcnun"
əfsanəsinin çox qədim olduğu məlumdur.
Bu
mövzu əsrlər boyu bir çox sənətkarları həyəcanlandırmışdı.
Bizim Nizami Gəncəvi, hindli Əmir Xosrov Dəhləvi,
özbək Əlişir Nəvai, tacik Cami və
başqaları bunu qələmə almışlar. Lakin
Üzeyir Hacıbəyli Şərqdə ilk opera olan
"Leyli və Məcnun"u yazarkən məhz Füzuli
poemasına müraciət etmişdir. Əvvəla, ona görə
ki, Füzulinin poeması doğma Azərbaycan dilində
yazılmışdır, həm də ona görə ki,
şairin qəzəlləri əsrlər boyu
özünün lirikliyi, axıcılığı, ahəngliyi,
musiqiyə yatımlığıyla xalq arasında məşhur
idi. Azərbaycan xanəndələri illər boyu
muğamları oxuyarkən Füzuli qəzəllərinə
müraciət etmişdilər.
Füzuli
qəzəllərinin mətnini xüsusi ustalıqla ifa edib
dinləyicilərə çatdıran muğam
ustalarımızdan Hacı Hüsü, Məşədi
İsi, Cabbar Qaryağdıoğlu, İslam Abdullayev, Seyid
Şuşinski, Xan Şuşinski və bir çox başqa
xanəndələr məşhur idilər. Biz Füzuli
poeziyasında o dövrün musiqi alətlərinə və
musiqi terminlərinə rast gəlirik. Bu alətlərdən
ney, cəng, ud, qopuz, musiqar, nəfir, tənbur, setar, qanun və
başqa bir çox musiqi alətlərinin adları bu və
ya digər obrazla, təşbehlə, fəlsəfi fikirlə,
estetik təsirlə əlaqədar çəkilir. Məsələn,
ney şairə cavab verərək xəstəliyinin sirrini
açıb söyləyir. Şair də neyin zərif və
incə səsini Leylinin surəti ilə müqayisə edir.
Füzulinin ud aləti ilə söhbəti də fəlsəfi
düşüncələr cəhətdən
maraqlıdır. Füzuli qəzəlləri sözdə həkk
olunmuş bir musiqi olduğuna görə Azərbaycan bəstəkarlarının
böyük qismi bu poeziyanın əsiri və vurğunu
olmuşlar. İlk növbədə biz Üzeyir bəy
Hacıbəylini göstərməliyik ki, qeyd etdiyimiz
"Leyli və Məcnun" operasından başqa,
özünün musiqili komediyalarında - dünya şöhrəti
qazanmış "Arşın mal alan"da və "O,
olmasın bu olsun"da şairin poeziyasından geniş istifadə
etmişdir. Bu da bizə haqq və əsas verir deyək ki, Azərbaycan
musiqi teatrının yaranıb inkişafında şair
Füzulinin rolu böyük olmuşdur. Hacıbəylidən
başqa, digər Azərbaycan bəstəkarları -
Zülfüqar Hacıbəyli, Müslüm Maqomayev, Qara
Qarayev, Cahangir Cahangirov, Tofiq Quliyev, Süleyman Ələsgərov,
Ramiz Mustafayev və başqaları müxtəlif janrlarda əsərlər
bəstələyərək Füzuli poeziyasına müraciət
etmişlər. Lakin əlbəttə ki, ən böyük və
əhəmiyyətli əsər Üzeyir Hacıbəylinin
"Leyli və Məcnun" operası olmuşdur ki, biz onun
üzərində bir qədər ətraflı
dayanacağıq. "Leyli və Məcnun" mövzusunda
opera yazmaq fikrinə Ü.Hacıbəyli hələ
1897-1898-ci illərdə Şuşada yaşayarkən
düşmüşdü. Bu illərdə 13 yaşlı
Üzeyir Şuşa şəhərində səhnə həvəskarlarının
oynadığı "Məcnun Leylinin məzarı
üstündə" mövzusunda kiçik bir səhnəni
görmüşdü.
Həmin
səhnədə məşhur xanəndə Cabbar
Qaryağdıoğlu Məcnun rolunu Füzuli qəzəlləri
əsasında ifa edirdi. Bu səhnə kiçik Üzeyiri elə
həyəcanlandırmışdı ki, bir neçə ildən
sonra Bakıya gələndə onda opera yazmaq fikri daha da
gücləndi. Operanın yaranma tarixini xatırlayan bəstəkar
yazırdı: "Mən xalq
yaradıcılığının klassik nümunələri
olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə
tutmuşdum. Vəzifəm ancaq Füzuli poemasının
sözlərinə forma və məzmunca zəngin, rəngarəng
muğamlardan musiqi seçmək, hadisələrin dramatik
planını işləyib hazırlamaq idi".
Opera
janrının xüsusiyyəti ilə əlaqədar
Üzeyir Hacıbəyli əsərin librettosunu yazarkən Füzuli
poemasının mətnini xeyli ixtisar etmişdi. Ü.Hacıbəyli
Füzuli poemasında olan bəzi hadisələri, məsələn,
Məcnunun doğulmasını, onun atası ilə Məkkəyə
getməsini, poemanın axırıncı səhnəsini verməmişdir.
Lakin bununla bərabər bəstəkarın yüksək
dramaturji hissiyyatı ona Füzuli poemasının əsas
süjet fabulasını, ictimai-fəlsəfi, əxlaqi
ideyasını saxlamağa kömək etmişdi.
Ü.Hacıbəyli başqa dövrün sənətkarı
kimi XVI əsrin poemasına öz münasibətini
bildirmiş, məhz ona görə poemadakı Leyli surətini
operaya olduğu kimi yox, daha fəal, öz hüquqsuzluğunu
daha aktiv bildirən qadın obrazı kimi vermişdir.
Ü.Hacıbəyli operanın musiqisində Füzuli
poemasının lirik və romantik ruhunu, ümumi
tonallığını böyük ilhamla verə
bilmişdir. "Leyli və Məcnun" operasında musiqi
poeziyanı rövnəqləndirir, poeziya isə musiqini
yüksəldir. Operadakı xor səhnələri dramaturji cəhətdən
böyük əhəmiyyətə malikdir. Məsələn,
məşhur "Şəbi-Hicran" xoru əsərin
proloqunu təşkil edərək, onun sanki epiqrafı
olmuş və operanın ümumi əhval-ruhiyyəsini
gözəl ifadə edə bilmişdi. Xorun melodiyası
xalqındır, sözləri Füzulinin
"Divan"ından götürülmüşdür:
"Şəbi-Hicran yanar canım, Tökər qan
çeşmi giryanum. Oyadar xəlqi əfqanım, Qara bəxtim
oyanmazmı? Güli rüxsarinə qarşu Gözümdən
qanlı axar su, Həbibim, fəsli güldür bu, Axar sular
bulanmazmı?"
Bu xorun
valehedici melodiyası Ü.Hacıbəylini hələ
seminariya illərində özünə cəlb etmişdi.
Operanın obrazlarının daxili aləmini açan əsas
musiqi materialı muğamlardır. Onlar operada ariyaları,
arioza, reçitativləri, ansamblları əvəz edərək,
demək olar ki, bütün iştirakçıların
partiyasında vardır. Ü.Hacıbəyli bu əsərdə
muğamlara və onların şöbələrinə
müraciət edərkən, onlardan kor-koranə istifadə
etməmiş, zəngin muğam xəzinəsindən
yalnız o muğamları seçmişdir ki, onlar müəyyən
səhnələrin ümumi əhval-ruhiyyəsinə və
Füzuli personajlarının xasiyyətinə uyğun gəlsin.
Məsələn, operanın əvvəlində bəstəkar
Leyli və Məcnunun lirik əhval-ruhiyyəsinə uyğun gələn
"Mahur-Hindi" və "Segah" kimi açıq ruhlu,
lirik xasiyyətli muğamlardan istifadə etmişdir.
"Mahur
Hindi" muğamında Füzulinin və Hacıbəylinin Məcnunu
bu misraları oxuyur: "Yandı canım hicri ilə vəsli-ruxi-yar
istərəm, Dərd-məndi-firqətəm, dərmani-didar
istərəm. Bülbülü-zarəm, deyil bihudə əfqan
etdiyim, Qalmışam nalan qəfəs qeydində, gülzar
istərəm". Leyli isə ona belə cavab verir:
"Eşq daminə giriftar olalı zar olubam, Nə bəladır
ki, ona böylə giriftar olubam, Qüdrətim yox ki, qılam
kimsəyə şərhi-qəmi-dil, Öylə kim
arizeyi-hicrlə bimar olubam". Gələcəkdə Leyli və
Məcnunun partiyalarında yalnız qüssə, kədər
hisslərini doğuran muğamlar səslənir. Artıq
sonrakı pərdədə Məcnunun atasının
nigarançılığı ilə əlaqədar
"Çargah" ladının həyəcanlı
intonasiyaları bu səhnənin lirik əhval-ruhiyyəsinə
təzad gətirir. Bu səhnə gələcək faciənin
ekspozisiyası kimi səslənir. Dramaturji cəhətdən
operanın sonrakı pərdəsi Leylinin atasının Məcnunun
elçilərinə rədd cavabı verməsidir. Bu səhnədən
sonra "Kürd Şahnaz" muğamında Məcnunun
partiyası səslənir.
Burada onun iztirabları, dərin ümidsizlik hissləri verilmişdi. "Kürd-Şahnaz" muğamı üstündə Məcnun bu qəzəli oxuyur: "Yarəb, bəlayi eşq ilə qıl aşinə məni, Bir dəm bəlayi-eşqdən etmə cüda məni! Az eyləmə inayətini əhli-dərddən, Yəni ki, çox bəlalar mübtəla məni! Olduqca mən götürmə bəladan iradətim! Mən istərəm bəlanı, çün istər bəla məni". Bu pərdə İbn Səlama ərə verilmiş Leylinin "Qatar" muğamında oxuduğu solosu ilə bitir. Dramatik cəhətdən çox gərgin, zildə səslənən bu partiyada Leylinin hədsiz dərdi, fəryadı əks edilmişdi. Leyli "Qatar"da - Xilafi-rəyim ilə, ey fələk, mədar etdin! Məni gül istər ikən mübtəleyi-xar etdin, - oxuyur. Sonrakı pərdələrdə Məcnun "Bayatı-Şiraz", "Şüştər", "Bayatı-Kürd" kimi muğamlar ilə xarakterizə edilmişdi. Səhra səhnəsində Məcnunun əzab və iztirabları əsasən qəmginlik doğuran "Bayatı-Şiraz" muğamı ilə ifadə edilir. Bu səhnəyə böyük təzad gətirən mərd xasiyyətli və marş ritmli Nofəlin partiyasıdır ki, "Heyratı" zərb muğamı ilə verilmişdi. Bu cür təzad yaradan digər hissə Məcnunun Leyli ilə İbn-Səlamın toyunda oxuduğu "Şüştər" muğamıdır. "Curmimiz noldu ki, bizdən eylədin bizarlıq? Biz qəmin çəkdik, sən etdin özgəyə qəmxarlıq. Sizdə adət bumudur, böylə olurmu yarlıq? Hanı, ey zalım, bizimlə əhdü-peyman etdiyin?"
Bu hissədən sonra həmin muğamın əsasında Leyli ilə İbn Səlamın dueti səslənir. Son pərdədə taleyindən şikayət edən Məcnun özünün qəm-qüssəsini "Bayatı-Kürd" vasitəsilə izhar edir: "Aşiq oldur kim, qılar canın fəda cananına, Meyli-canan etməsin hər kim ki, qıymaz canına". Əgər əvvəllər xanəndələr tərəfindən oxunan bu muğamlar konsert ifasında mücərrəd bir halı, əhval-ruhiyyəni, məsələn, məhəbbəti, sevinci, kədəri ifadə edirdilərsə, bu operada həmin muğamlar əsərin ümumi məzmununa tabe olaraq, ilk 5 dəfə səhnədəki hərəkətlə, aktyor oyunu ilə birləşərək, operanın məzmununun açılmasına, onun əhval- ruhiyyəsinin əks edilməsinə kömək edən musiqi vasitəsi olmuşdu. Bu da, şübhəsiz, "Leyli və Məcnun" operasının əsas müvəffəqiyyətlərindən sayıla bilər, "Leyli və Məcnun" operasında Ü.Hacıbəylinin özünün bəstələdiyi musiqi parçaları orkestr üçün yazılmış hissələr, muğamların girişi və sonluqları, son pərdələrə yazılmış giriş musiqisindən ibarətdir. Bu hissələr o qədər xalq musiqi ruhuyla aşılanmış və onun nümunələriylə üzvi vəhdət təşkil etmişdi ki, onları klassik muğam və təsniflərdən ayırmaq çətin idi. Bu da bəstəkarın artıq ilk əsərində xalq musiqisinin lad-intonasiya əsasına sərbəst yiyələnməsini sübut edir. "Leyli və Məcnun" operasında Şərq və Qərb, milli və Avropa kimi iki lad sistemlərinin vəhdətinin həyata keçirilməsi, sonrakı illərdə həm Ü.Hacıbəylinin özü üçün, həm də digər Azərbaycan bəstəkarlarının yaradıcılığı üçün xas oldu. "Leyli və Məcnun"da Hacıbəyli opera janrının və digər musiqi formalarının inkişafı üçün möhkəm bünövrə yaratmaqla bərabər, həmçinin Azərbaycan milli harmoniyasının və polifoniyasının əsasını qoydu.
Füzuli poemasının əsasında Hacıbəylinin "Leyli və Məcnun" operasının əhəmiyyəti Azərbaycan musiqi tarixində oynadığı misilsiz rolu ilə məhdudlaşmır. Onun bir sıra Şərq xalqlarının professional musiqi mədəniyyətinin yaranmasında da mühüm rolu olmuşdu. Hələ inqilabdan əvvəl Azərbaycan artistləri bu operanı Zaqafqaziyada, Orta Asiyada, İranda göstərmişlər. Hər yerdə bu əsl Şərq operası böyük hərarətlə qarşılanmışdı. Məhz bu operadan sonra Özbəkistanda da həmin ərəb əfsanəsi mövzusunda "Leyli və Məcnun" operası yaranmışdı. Bu gün biz Şərqdə ilk opera olan "Leyli və Məcnun"a musiqimizin ilkin və ibtidai mərhələsi kimi deyil, həmişə yeni, müasir səslənən ölməz sənət əsəri kimi yanaşırıq. Buna da səbəb XVI əsrdə yaşayıb-yaratmış Füzuli dühası ilə XX əsrin klassiki Üzeyir bəy Hacıbəyli dühasının "Leyli və Məcnun"da üzvi vəhdətdə birləşməsi və qovuşması olmuşdur.
Zemfira SƏFƏROVA
Ədəbiyyat
qəzeti.- 2025.- 9 may, №16.- S.8-9.