“Həmişə əsgərinin yanında olan Polad Həşimov dünyaya böyük  mesaj oldu" - Həyat yoldaşı

 

General-mayor Polad Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 33 nömrəli məktəbdə alıb. 1992-ci ildə isə M.Müşfiq adına 34 nömrəli tam orta məktəbdən məzun olub. O, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirərək, peşəkar hərbçi olub.

1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olan Polad Həşimov 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirib.  2014-cü ilin iyul ayında isə o, Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub və 2016-cı ildə "hərbi idarəetmə" üzrə magistr dərəcəsi alıb.

Polad Həşimov 2003-cü ildə mayor rütbəsində Prezident Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.

Polad Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub. Ailəli idi, üç övladı var.

Polad Həşimov 2003-cü ilin sentyabrda Ofeliya Salmanova ilə ailə həyatı qurub. Onların Davud və Teymur adında oğulları, Aybəniz adında isə qızları var.

General-mayorun həyat yoldaşı Salmanova Ofeliya xanım Bakı şəhəri üzrə Təhsil idarəsində məsləhətçi kimi çalışır. Həyat yoldaşı deyir ki, onlar ailə qurduqları ilk illərdən həmişə Polad Həşimovun yanında olub:

“Ən böyük arzum həyat yoldaşım haqqında kitab yazmaqdır. Mən onun bütün ömrünə şahidəm. Xoşbəxtəm ki, onun həyatının ən qaynar, xidmətinin ən həlledici illərində addım-addım yanında olmuşam. O, sirr danışmağı sevməzdi, onun həyatının ən böyük arzusu torpaqları azad görmək idi.

Həmişə deyirdim ki, mən zabitlərin ayağında o sarı batinkaları görmüşəm niyə onlardan geyinmirsən? Cavab vermirdi, həmişə sadə batinka geyinərdi. Bir dəfə evdən götürüb o batinkaları kiməsə hədiyyə etdi. O, çox sadə insan idi, elə məhz sadəliyində idi onun böyüklüyü.

Biz nişanlananda 10 ildi ki, Murovdağda xidmət edirdi. Həmin vaxtı batalyon  komandiri idi. O, çox sürpriz dolu insan idi. Mən magistraturada oxuyurdum. Bir gün qapı döyüldü, gördüm Polad. Deyir, komandir məni Gəncəyə göndərmişdi, mən də dedim gedim Ofeliyanı görüm. O zamanın içində zaman yaradan və çox güclü insan idi. İstədiyi hər şeyi əldə edə bilərdi. Əgər onun ürəyi məni istəyirdisə, gəlib məni görüb gedəcəydi. Ailəsinə, uşağına çox bağlı insan idi. Allah müqəddəs kitabında buyurur: mən dilədiyim bəndəmi ucaldaram! Polad Allahın ucaltdğı çox gözəl həyat yoldaşı,  ata, vətəndaş və çox güclü hərbçi idi.

Qəbələ şəhərində Polad Həşimovun adına ev muzeyinin olması ailəsi olaraq bizim ən böyük arzumuzdur. Bütün formaları, kitabları, ona aid olan əşyalar, əlyazmalar, həm hərbidə, həm məişətdə istifadə etdiyi şəxsi əşyalar, qazandığı medalları hamısı rayondakı evimizdədir. Biz hər zaman şəhərdən ora gedə bilmərik. Çox narahat oluram ki, bu materialları gələcək nəsillərə sağlam şəkildə ötürə bilmərəm.

Polad uşaqları çox sevirdi. Qızımızın dünyaya gəlişilə Poladın keçirdiyi sevinci heç vaxt unutmaram. O, ata olmuşdu axı. Uşaq doğulanda Polad Tovuzda idi, doğulmamışdan 11 gün əvvələ kimi mən onunla bir yerdə idim. Səhər tezdən evə gəldi . Aybənizi qucağına alıb dolmuş gözlərini ona zilləmişdi. Aybənizin adını Poladın atası qoyub. Deyirdi, bu Ay bənizli qızdır... Babasından yadigar addır”.

Qeyd edək ki, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova 2004-cü ildə iyunun 11- də Sumqayıt şəhərində anadan olub. 2020-2021-ci ildə Bakı şəhəri Fizika -riyaziyyat -informatika təmayüllü liseydə təhsil alıb. Hazırda Tibb Universitetinin Müalicə - profilaktika fakültəsinin ikinci kurs tələbəsidir. Rus və ingilis dillərində bilir.

Aybəniz Həşimova deyir ki, atamın mənə qoyub getdiyi ən böyük miras onun qızı olmağımdır: "Çox istəyərdim yanımda olsun, qazandığım uğurları görsün. Bilirəm ki, atamın ruhu məni görür və izləyir. Onun mənə verdiyi öyüd- nəsihət həmişə qəlbimdədir. O, cismani  yanımda olmasa da mənəvi olaraq həmişə mənimlədir. Mən onunla  qürur duyuram. Nə yaxşı ki, Polad Həşimovun qızıyam! Mən atamla fəxr edirəm, onu əbədiyyən yaşatmağa daima hazırıq. Bu, bizim övladlıq borcumuzdur".

General  Polad Həşimovun oğlu Davud Həşimov hazırda Bakı şəhəri Fizika- riyaziyyat -informatika təmayüllü liseydə 10-cu sinifdə oxuyur. Həşimov Davudun arzusu kompüter elmləri üzrə təhsil almaqdır. Digər arzusu isə xaricdə təhsil almaqdır. Bu yöndə böyük səylə çalışır, ingilis dilində bilir, rus dilini isə öyrənir.

Davud Həşimov deyir ki, onun oğlu olmaq böyük qürurdur:  "Bizə qoyulan hörməti yüksək qiymətləndirirəm. Müasir Azərbaycan tarixində iz qoyan igid generalın oğlu olmaqla  fəxr edirəm. Atam mənim əbədi qəhrəmanımdır! 30 illik Vətən həsrətinə son qoymağın ilk başlanğıcını məhz Polad Həşimov qoyub, Azərbaycan tarixində tarix boyda bir kişidir mənim atam. Çox fəxr edirəm atamla!"

General-mayor Polad Həşimovun kiçik oğlu Həşimov Teymur isə Bakı Oksford məktəbində 8-ci sinifdə oxuyur. Daha çox idman və futbol üzrə maraqlanır, Qarabağ futbol liqasinda məşq edir. O deyir ki, mənim atam cəbhədə olmağına baxmayaraq, bizi çox sevirdi. Atamla tez-tez şahmat oynayırdıq, filmə baxıb, müzakirə edirdik, hərdən də güləşirdik. O, güləş xalçası düzəltdirmişdi hər axşam güləşirdik. O, bizə deyirdi ki, həmişə kitab oxuyaq və müzakirə edək. Deyirdi ki, müzakirəniz həmişə kitab olsun. Atam Çaldıran döyüşü, Xudafərin körpüsü adlı kitabları çox xoşlayırdı".

Həyat yoldaşı Ofeliya xanım deyir ki, bir gün Davud atasına dedi ki, ata mən kompüter istəyirəm. O da dedi ki, qazan, al:

"Dedi necə qazanım alım? Axı mən işləmirəm. Dedi, mən sənə göstərəcəyəm necə qazanmaq lazımdır. Bir neçə kitab gətirdi, çox, orta və az qalınlıqda. Dedi ki, bunları oxuduqca sənə pul verəcəyəm,  sən də kompüter pulunu yığarsan.

Biz yeni ailə qurmuşduq, o həmişə deyirdi ki, biz bu torpaqları qaytaracağıq. Mən onun xasiyyətinə, qətiyyətinə əmin idim. 25 il xidmət edib Polad Həşimov. O, bütün xidmətinin 22 ilini ön cəbhədə olub, oraları ovucunun içi kimi bilirdi. Oranın otunu, çiçəyini, torpağını, bulağını qram-qram bilirdi. O, çoxlu bitkilər yığıb gətirirdi, bölgənin hər şeyini çox gözəl tanıyırdı. Poladın Daşkəsən yüksəkliklərindən çəkilişləri vardı, üzü Kəlbəcərə doğru. 2016-ci il  Aprel döyüşlərində məhz Polad Həşimovun komandanlığı altında Talış yüksəklikləri və geniş açıq ərazi azad edildi.

Daşkəsəndən Kəlbəcərə doğru bir yüksəkliyi azad etmişdilər. Oradan ermənilər qızıl yataqlarını daşıyırdılar, həmin hissələr bizdə olandan sonra daha ermənilər oradan istifadə etməyə ehtiyat edirdilər.

Bir gün Polad gedib gecə ilə erməni postunu almışdı. Dəfələrlə izləyib, görüb ki, ermənilər gündüz postda olur, gecələr isə oranı tərk edirlər. Gedib həmin postu azad etmişdi. Onların S tipli qazma maşınını sürərək öz postumuza gətirmişdi. 2020-ci il 14 iyul tarixli Tovuz döyüşlərində  şəhid oldu.  İkinci fəxri xiyabanda dəfn edilib. Polad Həşimov həmin günü o istehkam müdafiə tədbiri görməsəydi, bəlkə də Tovuz işğal olunardı. Bu yolda canından keçdi...

Biz tarixən çox mərd xalqıq, bu Vətən Cavanşirin, Qaçaq Nəbinin, Polad Həşimovun yurdudur. Müharibə asan deyil, minlərlə şəhidimiz var, qanı tökülən oğullar var. Xalqı üçün ölməyə hazır olan igid -ərənlər var. Biz həqiqətən böyük xalqıq. Məhz  General-mayor Polad Həşimovun şəhid olması onu göstərdi ki, böyük xalq böyük insanlar yetişdirir. Bu bütün dünyaya bir mesaj oldu.

Qazandığımız qələbə müqəddəs ruhlu şəhidlərimizin, ləyaqət, qeyrət simvolu olan qazilərimizin canı-qanı hesabına əldə edilib. Bu dövlət-xalq birliyinin qələbəsidir.

Biz tolerant xalqıq, özümüzü, torpağımızı, milli ənənələrimizi çox sevirik.  Bizim millətimizin minlərlə Polad Həşimov kimi yeri gəldiyində canını fəda etməyə hazır olan oğlu var. Biz daim tətikdəyik, daha izin  vermərik ki, bizə mənfur əllər toxuna.

Şəhidlər nə qədər müqəddəsdirlərsə, şəhid ailələri də onlar qədər hörmət sahibidirlər. Kürəyindən ata əlinin çəkildiyi övladlara səbr və dözüm arzu edirəm. Şəhidlərin müqəddəs ruhuna salam olsun!  Ruhunda müharibənin ağrılı-acılı xatirələri, cismində qəlpə yaraları ilə yaşayan qazi qardaşlarmıza cansağlığı diləyirəm! Şəhid valideynlərinə uzun ömür, cansağlığı, şəhid xanımlarına güc,qüvvət arzu edirəm. Şəhid xanımlarının  çiynində çox böyük əziyyət və yük var, Allah onlara kömək, dəstək olsun. Şəhid övladları üçün bu ölkədə həm dövlətimiz, həm xalqımız əlindən gələni əsirgəmir. Müstəqil Azərbaycan daim var olsun. Üç rəngli bayrağımız daim dalğalansın. Azərbayacan dövlətinin milllətinin birliyi daim var olsun!"

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirlərilmə görməsi nəticəsində Ermənistan Ordusunun hücum cəhdinin qarşısı alındı və Ermənistan Ordusu geri oturduldu. Döyüşlərin birinci saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid oldu, 4 nəfər isə yaralanıb.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Polad Həşimova Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib. 2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Polad Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.  Quba və Sumqayıt şəhərlərində mərkəzi küçələrin birinə Polad Həşimovun adı verilib. Bakıda Pavel Naximov küçəsinin adı Polad Həşimov olaraq dəyişdirilib. Xətai rayonunda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını daşıyan park istifadəyə verilib.

Ruhun şad olsun, ölümü ilə yeni Zəfər tarixinin başlanğıcını yazan, minlərlə gəncin içindəki Vətən sevdasını oyadan, general-mayor Polad Həşimov!

 

Aydın Tağıyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist

mr-aydin@mail.ru

Hərbi And.- 2023.- 10 fevral.- S.12-13.