Dövlətçilik tariximizin dönüş nöqtəsi
Zəfər müjdəli Vətən
müharibəsi
2020-ci il sentyabrın
27-də Ermənistanın növbəti
genişmiqyaslı hərbi
təxribatları nəticəsində
başlanan və 44 gün davam edən Vətən müharibəsindən beş
il ötür. Xalqımız üçün
“Olum, ya ölüm” məsələsinin
həll olunduğu bu savaşda möhtəşəm Qələbənin
qazanılmasından ötən
beş il Azərbaycanın çağdaş tarixində
xüsusi yer tutur. Bu Qələbə
təcavüzkar Ermənistanın
30 il davam edən işğalçılıq
siyasətinə son qoymaqla yanaşı, həm də xalqımızın milli dövlətçiliyinin gücünü,
iradəsini, əzmini
bütün dünyaya
nümayiş etdirdi. Həm hərbi, həm siyasi, həm də diplomatik sahədə əldə edilmiş bu tarixi Zəfər
Azərbaycanın beynəlxalq
aləmdə nüfuzunu
qat-qat artırdı və nəinki Cənubi Qafqaz regionunda,
bütövlükdə dünyada yeni reallıqlar yaratdı.
Bu gün
beş il bundan əvvəl baş verən hadisələri təhlil etməzdən öncə
Vətən müharibəsinədək
Ermənistan-Azərbaycan arasında
mövcud olmuş münaqişə dövründə
bölgədə gedən
proseslərə qısa
nəzər yetirməyin
vacibliyi ön plana çıxır. Sovet imperiyasının süqutu ərəfəsində
Ermənistan tərəfindən
hərbi təcavüzə
məruz qalan Azərbaycanda xüsusilə
müstəqilliyimizin bərpasının
ilk illərində nizami ordunun olmaması, hərbi texnika çatışmazlığı
və siyasi böhran səbəbindən
torpaqlarımız biri-birinin
ardınca Ermənistanın
keçmiş havadarlarının
köməyi ilə işğal olunurdu. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan “Olum, ya ölüm” dilemması qarşısında
qaldığı bu çətin dövrdə
- 1993-cü ilin iyununda
Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı
vəziyyəti tamamilə
dəyişdi. Dahi Liderin hakimiyyət sükanı arxasına keçməsindən dərhal
sonra ölkədə
xaosa, anarxiyaya, özbaşınalığa son
qoyuldu, bütün sahələrdə sabitlik
yarandı. Hərbi sahədə müasir ordu quruculuğu strategiyasının həyata
keçirilməsinə başlanıldı.
Həmin dövrdən
başlayaraq Silahlı
Qüvvələrin formalaşdırılması
dövlət siyasətinin
prioritetinə çevrildi.
Ordunun strukturunun gücləndirilməsi, peşəkar
və vətənpərvər
zabit heyətinin hazırlanması, beynəlxalq
hərbi əməkdaşlığın
genişləndirilməsi və
ordunun ən müasir silahlarla komplektləşdirilməsi atılan
mühüm addımlar
sırasında oldu. Ulu Öndərin gərgin əməyi sayəsində çox qısa müddətdə
Azərbaycan hərbi,
iqtisadi, siyasi baxımdan regionun lider dövlətinə çevrilməyə başladı.
Sonrakı illərdə
NATO ilə əməkdaşlıq
proqramları çərçivəsində
ordumuzun peşəkarlığı
daha da artırıldı,
Silahlı Qüvvələrimizin
beynəlxalq təlimlərdə
iştirakı təmin
edildi. 2003-cü il oktyabrın 15-də xalqın
mütləq əksəriyyətinin
səsverməsi ilə
Azərbaycan Respublikasının
Prezidenti seçilən,
ilk gündən başlayaraq Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini layiqincə davam etdirən Prezident, Ali Baş Komandan
İlham Əliyevin təşəbbüsləri və
bilavasitə rəhbərliyi
ilə dövlət büdcəsində müdafiə
xərclərinin əhəmiyyətli
dərəcədə artırılması,
müasir hərbi texnikanın alınması,
yerli hərbi sənaye kompleksinin qurulması və şəxsi heyətin döyüş hazırlığının
yüksəldilməsi nəticəsində
Azərbaycan Ordusu regionun ən güclü ordusuna çevrildi. Dövlətimizin
başçısının qeyd etdiyi kimi,
biz güclü ordu yaratdıq və bu ordu
Vətən müharibəsində
öz sözünü
dedi.
Qüdrətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qeyd etdiyi kimi,
döyüş meydanında
öz sözünü
deməsindən söhbət
açarkən “Vətən
müharibəsinin baş
məşqi” adlandırılan 2016-cı ilin
Aprel döyüşlərini xüsusi vurğulamaq gərəkdir. Məhz
2016-cı ilin aprel ayının əvvəlində
düşmənin növbəti
hərbi təxribatları
nəticəsində baş
verən dördgünlük
döyüş Ermənistan-Azərbaycan
qoşunlarının təmas
xəttində uzun illər davam edən status-kvonun dəyişməsinin başlanğıcı
oldu. Azərbaycan Ordusu qısa müddət ərzində
mühüm yüksəklikləri,
o cümlədən 1994-cü ildə Ulu Öndər
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş
uğurlu “Horadiz əməliyyatı” nəticəsində
işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində
uzun illər boyu soydaşlarımızın
məskunlaşmasına imkan
verməyən, işğalçıların
nəzarətində olan
məşhur Lələtəpə
yüksəkliyini yağı
düşməndən təmizlədi.
Bu əməliyyat yalnız bir hərbi uğur deyil, həm də siyasi baxımdan dönüş
nöqtəsi oldu və Azərbaycan dövlətinin strateji qərarvermə qabiliyyətini
bütün dünyaya
əyani şəkildə
nümayiş etdirdi. Aprel döyüşləri
Ermənistan cəmiyyətində
isə əksinə, ciddi böhran yaratdı, uzun illər haqqında miflər uydurulan “məğlubedilməz Ermənistan
ordusu”nun Azərbaycan Ordusundan daha zəif və gücsüz olması açıq şəkildə üzə
çıxdı. Azərbaycan
bu döyüşlərlə sübut etdi ki, torpaqlarını
hər an azad etməyə qadirdir.
Bundan sonra
Silahlı Qüvvələrimizin
daha bir möhtəşəm uğuru,
2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikasında keçirilən
Günnüt əməliyyatı
Azərbaycan Ordusunun yüksək döyüş
hazırlığının bariz göstəricisi oldu. Bu əməliyyat
nəticəsində bir
sıra strateji yüksəkliklər azad edildi və düşmənin əsas
təchizat yolları nəzarət altına alındı. Günnüt
uğuru yalnız taktiki nəticə kimi deyil, həm
də psixoloji baxımdan önəmli hadisə idi. O vaxt Azərbaycan xalqı bir daha əmin oldu ki, tezliklə
torpaqlarımızın işğaldan
azad olunması məsələsi təkcə
arzuda deyil, reallıqda
da öz əksini tapacaq.
Azərbaycan xalqının bu əminliyi təqribən
2 il sonra real həyatda öz əksini tapdı. Bu baxımdan 2020-ci ilin iyulunda düşmən silahlı qüvvələrinin
Tovuz rayonu istiqamətində törətdiyi
təxribatlar təkcə
Ermənistan-Azərbaycan arasında
mövcud olmuş münaqişə üçün
deyil, bütövlükdə
region üçün
həm siyasi, həm də hərbi müstəvidə
mühüm nəticələr
doğurdu. Ermənistanın
bu təxribatının
qarşısının alınması
zamanı Azərbaycan
Ordusunun göstərdiyi
fədakarlıq və
igidlik nümunələri
düşmənin bütün planlarını
alt-üst etdi. Bu döyüşlər Azərbaycanda xalq-iqtidar birliyini daha da möhkəmləndirdi və ölkədə geniş vətənpərvərlik
ruhu formalaşdırdı.
Tovuz döyüşləri
həm də beynəlxalq miqyasda rezonans yaratdı. Qardaş Türkiyə Azərbaycanın yanında
olduğunu açıq
şəkildə bəyan
etdi, Pakistan, İsrail və digər dost dövlətlər də ölkəmizə siyasi-mənəvi
dəstək verdilər.
Şübhəsiz ki, bütün bunlar Vətən Müharibəsinin başlayacağı
təqdirdə qüdrətli Azərbaycan
dövlətinin şəksiz
qələbəsini təmin
edəcək mühüm
amillər idi. Lakin 44 günlük Vətən Müharibəsinədək
işğalçı Ermənistanın
o vaxtkı müdafiə
naziri David Tonoyanın
tez-tez bəyan etdiyi “Yeni müharibə,
yeni ərazilər” xülyasına düşən
təcavüzkar dövlətə
yuxarıda haqqında
danışdığımız döyüşlər zamanı
əldə olunmuş
uğurlar sayəsində
verilən bu mühüm mesajlar dərs
olmadı. Nəticədə
2020-ci il sentyabrın
27-də Ermənistanın əsasən
mülki vətəndaşlarımızı
və obyektlərimizi
hədəfə alan növbəti genişmiqyaslı
hərbi təxribatlarına
cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin ildırımsürətli əks-hücum əməliyyatına
start verməsi ilə Vətən Müharibəsi başlandı.
Tariximizə “Dəmir
yumruq” adı ilə düşən bu hərbi əməliyyatlar
Azərbaycan dövlətinin
hərbi-siyasi gücünü,
xalq-ordu birliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusu həm o vaxtadək misli görünməmiş
hərbi üstünlüyünə
nail oldu, həm də beynəlxalq hüququn təminatçısı kimi
ədaləti bərpa
edərək işğal
altındakı ərazilərimizin
hərbi yolla azad edilməsini təmin
etdi.
“Dəmir yumruq”
əməliyyatının başlanğıcında
əsas hədəflərdən
biri Ermənistanın
illərlə möhkəmləndirdiyi
və haqqında miflər uydurduğu “Ohanyan
xətti”nin darmadağın
edilməsi idi. Azərbaycan Ordusu modern hərbi texnologiyalardan – pilotsuz uçuş aparatlarından,
yüksək dəqiqlikli
raket sistemlərindən,
elektron kəşfiyyat
vasitələrindən istifadə
edərək düşmənin
“keçilməz Ohanyan
xətti”ni qısa müddətdə yerlə-yeksan
etdi. Cəbrayıl və Füzuli istiqamətlərində aparılan
əməliyyatlar nəticəsində
Ermənistanın illərlə
güvəndiyi istehkamlar
darmadağın edildi
və düşmənin
cəbhə xətlərindəki
mövqeləri tamamilə
sıradan çıxarıldı.
Müasir hərbi strategiyanın bütün
üsullarından uğurla
istifadə edən müzəffər Azərbaycan
Ordusu arsenalında olan ən müasir
“Bayraktar TB2” pilotsuz uçuş aparatları və “Harop” tipli kamikadze dronlarla düşmənin
zirehli texnikasını
və artilleriyasını
yüksək peşəkarlıqla
məhv etdi. Qısa müddətdə
yüzlərlə tank,
artilleriya qurğuları
və hava hücumundan müdafiə
sistemləri tamamilə
sıradan çıxarıldı.
Ordumuzun qısa müddətdə təmin
etdiyi bu taktiki üstünlük
44 günlük Vətən
Müharibəsinin gedişatında
dönüş nöqtəsi
oldu, Ermənistan ordusunun ruh düşkünlüyünü
artırdı və hərbi strategiyasını
iflic vəziyyətinə
gətirdi.
Ümumiyyətlə, Vətən Müharibəsinin
hər günü yeni qələbələrlə,
hərbi uğurlarla zəngin oldu. Oktyabrın əvvəlində
Cəbrayılın, ardınca
Füzulinin azad edilməsi Azərbaycan Ordusunun hücum tempini yüksəltdi. Daha sonra Zəngilan
və Qubadlının
azad olunması Azərbaycana bölgədə
strateji üstünlük
yaratdı. Bu əməliyyatlar nəticəsində
həm Araz çayı boyunca dövlət sərhədimiz
bərpa edildi, həm də Ordumuz Şuşa istiqamətində sürətlə
irəlilədi. Bu, hərbi üstünlüyün
taktiki və strateji uğurunu birləşdirən möhtəşəm
əməliyyatlar silsiləsi
idi.
Bütün dünyanı heyrətləndirən,
strateji, taktiki hazırlığına və
icrasına görə
hərb tarixində misli görünməmiş
hadisə olan əfsanəvi Şuşa
əməliyyatı Vətən
Müharibəsinin taleyini
həll edən ən mühüm addım oldu. Düşmən “alınmaz
qala” kimi təqdim etdiyi Şuşanın müdafiəsinə
xüsusi qüvvələrini
cəlb etsə də, yüngül silahlarla silahlanmış Azərbaycan xüsusi təyinatlıları sıx
meşəliklərdən keçərək,
sıldırım qayaları
qarış-qarış dırmaşaraq
Ermənistan silahlı
birləşmələrinin gözləmədiyi istiqamətdən
şəhərə daxil
oldu. Şəhərin
küçələrində əlbəyaxa döyüşlər
nəticəsində 28 il
xilaskarını gözləyən
Qarabağın tacı,
qədim mədəniyyət
mərkəzimiz Şuşa
2020-ci il noyabrın
8-də düşməndən tamamilə təmizləndi.
Şuşanın azad
edilməsi həm tarixi Qələbəmizin
zirvəsi, həm də illərin həsrətinin sona yetməsi demək idi. Həmin tarixi gündə yenilməz Sərkərdə, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin Şəhidlər
xiyabanından bu Zəfər müjdəli
xəbəri
xalqımıza çatdırarkən dediyi “Böyük fəxarət
və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan
azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən
təbrik edirəm.
Bütün şuşalıları
ürəkdən təbrik
edirəm” sözləri
çoxəsrlik tariximizə
qızıl hərflərlə
yazıldı. Bu, yalnız Azərbaycanın
hərbi Qələbəsinin deyil,
həm də xalqımızın mənəvi
Zəfərinin rəmzi
oldu və 8 Noyabr çağdaş tariximizə hər il böyük təntənə ilə qeyd edilən Zəfər Günü kimi əbədi həkk olundu.
Müzəffər Ali Baş Komandan,
yenilməz Sərkərdə
İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan
Ordusu tərəfindən
Şuşanın yağı
düşmən tapdağından
azad olunması Ermənistanın hərbi-siyasi
məğlubiyyətinin kulminasiya
nöqtəsi idi.
Məhz Şuşanın
azad edilməsindən
sonra Ermənistan rəhbərliyi Vətən
Müharibəsində biabırçı
məğlubiyyətini əks
etdirən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Noyabrın 10-da Azərbaycan
və Rusiya prezidentlərinin, Ermənistanın
baş nazirinin imzaladıqları üçtərəfli
Bəyanat Azərbaycanın
şanlı Zəfərini,
işğalçı Ermənistanın
isə hərbi-siyasi məğlubiyyətini rəsmiləşdirdi.
Bəyanata əsasən,
Ermənistan tərəfi
Kəlbəcər, Laçın
və Ağdam rayonlarını döyüşsüz
tərk etdi. Bu, həm də
Azərbaycan Lideri İlham Əliyevin misilsiz diplomatik bacarığını nümayiş
etdirən tarixi Qələbənin növbəti
mərhələsi idi.
Məhz bu diplomatik uğur sayəsində Azərbaycanın
ərazi bütövlüyü
təmin edildi və əlavə insan itkilərinin qarşısı alındı.
Vətən Müharibəsi Azərbaycan
cəmiyyətində misilsiz
birlik yaratdı. Səngərdə əsgər
və zabitlər, arxa cəbhədə isə bütün xalq mübarizəyə qoşuldu. 44 günlük
müharibədə könüllülərin
orduda xidməti, cəbhəyə yardımların
təşkili, gənclərin
fəallığı milli
həmrəyliyin ən
yüksək nümunəsinə
çevrildi. Bu, həm də sosial birliyin və vətənpərvərlik
ruhunun ordunun döyüş qabiliyyətini
artıran güc mənbəyi olduğunu göstərdi.
Şübhəsiz ki, tarixi Zəfərin
qazanılmasında Prezident
İlham Əliyevin yenilməz Ali Baş Komandan və beynəlxalq miqyasda strateq kimi atdığı addımlar həlledici amillərdən oldu. Onun uzaqgörənliyi, qətiyyəti və hərbi-siyasi idarəçilik
bacarığı Azərbaycan
xalqının iradəsi
ilə birləşərək
torpaqlarımızın işğaldan
azad edilməsini təmin etdi. Dövlətimizin başçısı
Vətən Müharibəsinədək
17 ili əhatə edən dövr ərzində yürütdüyü
ardıcıl və məqsədyönlü siyasət
nəticəsində şanlı
ordumuzu regionun ən güclü hərbi qüvvəsinə
çevirmişdi. 17 il
ərzində həyata
keçirilən hərbi
islahatlar, ən müasir texnika və silahların arsenala qəbul edilməsi, yeni qoşun növlərinin yaradılması, həmçinin,
zabit heyətinin peşəkarlığının artırılması Azərbaycan
Ordusunun döyüş
qabiliyyətini yüksək
səviyyəyə çatdırdı.
Bu hazırlıq müharibə dövründə
tam şəkildə öz səmərəsini
verdi. Müharibə zamanı Ali Baş Komandan döyüş əməliyyatlarına
daim rəhbərlik etdi və nəzarətdə
saxladı, hərbi qərarların strateji istiqamətlərini müəyyənləşdirdi.
Bütün bunlar Prezident, Ali Baş Komandan İlham
Əliyevin düzgün
planlaşdırma və
çevik hərbi-strateji
yanaşmasının parlaq
nümunəsi idi.
44 günlük Vətən Müharibəsi
yalnız hərbi deyil, həm də diplomatik cəbhədə ciddi sınaqlar yaratdı. Ermənistan müxtəlif
vasitələrlə beynəlxalq
aləmdən dəstək
almağa, Azərbaycanın
haqlı mübarizəsini
kölgədə qoymağa
çalışırdı. Bu şəraitdə Azərbaycan Prezidenti balanslı siyasəti, qətiyyətli arqumentləri
və diplomatik çevikliyi ilə ölkəmizin mövqeyini
yüksək səviyyədə
qorumağı bacardı.
Savaş günlərində
Türkiyə ilə qardaşlıq münasibətlərinin
gücləndirilməsi Azərbaycanın
ən mühüm üstünlüklərindən biri oldu. Prezidentlər
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq
münasibətləri Azərbaycan
üçün güclü
diplomatik dayağa çevrildi. Türkiyə
və digər dost dövlətlərin açıq dəstəyi
həm Ermənistanı,
həm də ona himayədarlıq edən qüvvələri
geri çəkilməyə
məcbur etdi.
Vətən Müharibəsinin gedişində
Prezident İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi çoxsaylı müsahibələr
informasiya müharibəsində
də Azərbaycanın
qələbəsini təmin
etdi. Bu müsahibələrdə dövlətimizin
başçısı faktlara
əsaslanaraq Ermənistanın
işğalçı siyasətini
ifşa edir, ölkəmizin beynəlxalq
hüquqa uyğun mövqeyini dəqiq arqumentlərlə əsaslandırırdı.
Bu yanaşma nəticəsində dünya
ictimaiyyəti Azərbaycanın
haqlı mübarizəsini
qəbul etdi, Ermənistan isə beynəlxalq müstəvidə
təcrid olundu.
Təbii ki,
Vətən Müharibəsində
Azərbaycanın Qələbəsinin
əsas səbəbi hərbi və diplomatik gücün sintezində idi. Döyüş meydanında
qazanılan uğurlar
dövlətimizin beynəlxalq
mövqeyini gücləndirdi,
diplomatik dəstək
isə orduda ruh yüksəkliyini artırdı. Şuşanın
azad edilməsindən
sonra Ermənistanın
kapitulyasiya aktını
imzalamağa məcbur
olması və Ağdam, Kəlbəcər,
Laçın rayonlarının
döyüşsüz qaytarılması
məhz bu sintez modelinin parlaq nəticəsi idi. Bu amillər
Prezident İlham Əliyevin güclü strateq
kimi unikal yanaşmasının göstəricisi
idi. Məhz bu sintez sayəsində
hərbi qələbələr
diplomatik masada üstünlüyə çevrilir,
diplomatik üstünlüklər
isə ordunun əməliyyat imkanlarını
genişləndirirdi.
Belə bir
reallığı da xüsusi vurğulamaq gərəkdir ki, Vətən Müharibəsinin
nəticələri Azərbaycanın
tarixi taleyini köklü şəkildə
dəyişdi. Ermənistanın
illərlə yaratdığı
“qalib ölkə” mifologiyası tamamilə darmadağın edildi. Azərbaycan xalqı öz gücünə, ordusuna və liderinə inanaraq 30 ilə yaxın davam edən işğala son qoydu. Cənab İlham
Əliyev bu müharibədə yalnız
dövlət başçısı
kimi deyil, həm də Milli Lider kimi
çıxış etdi.
Onun rəhbərliyi altında Azərbaycan həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan qələbə qazandı.
Bütün bunlar, yəni yenilməz iradə,
strateji düşüncə,
diplomatik çeviklik və milli həmrəyliyin
sintezi yeni dövrün liderlik modeli idi. Vətən
Müharibəsi sübut
etdi ki, dövlətimizin başçısı
təkcə Azərbaycanın
deyil, bütün regionun gələcək siyasi reallıqlarını
müəyyən edən
müdrik Liderdir. Vətən Müharibəsində
tarixi Zəfər Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanda qurulan modern dövlətçilik modelinin,
milli gücün və xalqın iradəsinin təntənəsi
oldu.
BMT, ATƏT və digər beynəlxalq təşkilatlar
isə ölkəmizin
ərazi bütövlüyünün
təmin olunmasının
vacibliyini təsdiqlədilər.
Bu, Azərbaycanın yalnız regional deyil, qlobal siyasi
nüfuzunun da artmasını təmin etdi.
Müharibənin sonunda, yəni 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli
Bəyanat regionda davamlı sülhün təmin olunması üçün ilkin şərtləri müəyyən
etdi. Bu sənədə əsasən
Rusiya sülhməramlıları
azad edilmiş ərazilərdə yerləşdirildi.
Sülhməramlıların əsas vəzifəsi tərəflər arasında
etimad mühitinin yaradılması, mülki
əhalinin təhlükəsizliyinin
təmin olunması və regional sabitliyin qorunması idi. Heç də təsadüfi deyildi ki, Rusiya sülhməramlılarının
ərazilərimizdə yerləşdirilməsinə
baxmayaraq, Ermənistan
silahlı birləşmələrinin
qalıqları və
erməni separatçıları
beynəlxalq qanunlara məhəl qoymadan təxribatçı fəaliyyətlərini
daha da genişləndirməyə
cəhd edirdilər. Onlar müxtəlif silahlı qruplar vasitəsilə Azərbaycanın
Qarabağ iqtisadi rayonunun ərazisində, Azərbaycan - Ermənistan
şərti dövlət
sərhədində terror
xarakterli əməliyyatlar
həyata keçirməyə
başladılar. Bu təxribatlar həm hərbi infrastruktur və nəqliyyat yollarına, həm də mülki əhaliyə birbaşa təhlükə yaradır,
azad edilmiş bölgələrimizdə bərpa-quruculuq
işlərinin aparılmasını
ciddi risk altında qoyurdu.
10 noyabr Üçtərəfli
Bəyanatın müddəalarına
əsasən, Qarabağ
bölgəsini dərhal
tərk etməli olan Ermənistan silahlı qüvvələrinin
qalıqlarının və
qeyri-qanuni erməni silahlı dəstələrinin
hələ də bölgədə qalması
göstərdi ki, beynəlxalq razılaşmalar
və sülhməramlıların
mövcudluğu ərazidə
təhlükəsizliyin tam
təminatı üçün
kifayət etmir. Təxribatçı fəaliyyətlər
eyni zamanda, regional sabitliyə də təhdid təşkil edirdi. Ermənilərin təxribat-diversiya
fəaliyyətləri bölgədə
gərginliyi artırır
və humanitar vəziyyətin pisləşməsinə
səbəb olurdu. Bu vəziyyət Azərbaycanın hərbi
gücünün və
strateji hazırlığının
əhəmiyyətini bir
daha ortaya qoydu.
Ermənistan silahlı qüvvələrinin
qalıqlarının və
qeyri-qanuni erməni silahlı dəstələri
tərəfindən törədilən
və azərbaycanlı
mülki əhalinin, o
cümlədən ərazidə
xidmət aparan polis
əməkdaşlarının, eləcə də tikinti-quruculuq işlərinə
cəlb edilmiş mütəxəssislərin qətli
ilə müşayiət
olunan silsilə terror aktları dövlətimizi adekvat addımlar atmağa məcbur etdi. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonundakı separatçı-terrorçu
xunta rejiminin mövcudluğuna son qoymaq üçün lokal xarakterli antiterror əməliyyatı
həyata keçirdi.
Bir sutkadan da az sürən
bu antiterror əməliyyatı strateji
planlaşdırma, yüksək
hərbi peşəkarlıq
və qabaqlayıcı
taktika əsasında həyata keçirildi. Əməliyyatın məqsədi
yalnız düşmən
qüvvələrinin hərbi
potensialını zərərsizləşdirmək
deyil, həm də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü
tam şəkildə təmin etmək idi. Operativ hərbi
tədbirlər nəticəsində
Qarabağ iqtisadi zonasındakı mülki erməni əhaliyə və mülki obyektlərə heç bir zərər vermədən Ermənistan
silahlı qüvvələrinin
qalıqlarının və
qeyri-qanuni erməni silahlı dəstələrinin
mövqeləri və
döyüş texnikası
zərərsizləşdirildi, çoxlu sayda silah-sursat müsadirə edilərək ərazidən
götürüldü və
ərazilərdə təhlükəsizlik
təmin olundu. Bu tədbirlər həm də beynəlxalq ictimaiyyətə
ünvanlanmış diplomatik
mesaj idi. Azərbaycan bununla beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək göstərdi
ki, ərazilərinin və vətəndaşlarının
təhlükəsizliyini qorumağa
daim qadirdir.
Ümumiyyətlə,
2020–2023-cü illərdə Azərbaycanın liderliyi ilə regionda baş verən proseslər göstərdi
ki, yalnız diplomatiya və beynəlxalq razılaşmalar
sülhün və təhlükəsizliyin təmin
olunması üçün
kifayət etmir. Bu məsələdə mütəşəkkil hərbi
hazırlıq, qabaqlayıcı
əməliyyat planları
və strateji nəzarət də vacib amillərdir. Vətən Müharibəsi
və bir günlük lokal xarakterli antiterror əməliyyatı zamanı
Azərbaycan Ordusunun peşəkarlığı, hərbi
intizamı və yüksək texnoloji imkanları məhz bu məqsədə - dövlətin və xalqın milli maraqlarının qorunmasına,
ölkənin ərazi
bütövlüyünün və suverenliyinin təmin edilməsinə xidmət edirdi.
Xüsusilə 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin
Qarabağ iqtisadi zonasında reallaşdırdığı
lokal xarakterli antiterror əməliyyatı
bir daha sübut etdi ki, Azərbaycan öz sərhədlərini
və vətəndaşlarını
qorumaqla yanaşı,
regionda sabitliyi təmin etmək və təhlükəsizliyi
möhkəmləndirmək məqsədilə preventiv
və strateji addımlar atmağa qadirdir. Belə tədbirlər qonşu dövlətlərə, həmçinin
beynəlxalq ictimaiyyətə
Azərbaycanın milli
maraqlarını qorumağa
sadiq qalması ilə yanaşı, tərəfsiz, prinsipial və beynəlxalq hüquqa hörmət edən mövqedə olduğunu nümayiş etdirdi. Beləliklə, lokal xarakterli antiterror əməliyyatı
Azərbaycanın həm
suverenliyinin müdafiəsi,
həm də beynəlxalq hüquqa sadiqliyinin və regionda sabitlik və təhlükəsizlik
təminatına verdiyi
önəmin əyani
göstəricisi oldu.
Bütün bunlar, eyni zamanda, Azərbaycanın
hərbi-strateji hazırlığının
yüksək səviyyədə
olduğunu, dövlətin
suverenliyini və ərazi bütövlüyünü
qorumağa daim hazır olduğunu göstərdi.
Bu gün,
yəni postmüharibə
dövründə dövlətimizin
qarşısında duran
əsas vəzifə işğaldan azad edilmiş torpaqlarda həyatın bərpası,
iqtisadi-sosial infrastrukturun
yenidən qurulması
və 30 ildən artıq doğma torpağa qovuşmaq arzusu ilə yaşamış keçmiş
məcburi köçkünlərin
təhlükəsiz və
normal həyat şəraitinə qaytarılmasıdır.
Bu istiqamətdə həyata keçirilən
fəaliyyətlər Qarabağ
iqtisadi zonasının
və Şərqi Zəngəzurun uzunmüddətli
inkişafını təmin
edən kompleks layihələr şəklində
aparılır. Dövlətin
strategiyası iqtisadi,
sosial və mədəni sahələri
əhatə edərək
bölgənin hərtərəfli
inkişafını təmin
etməyə yönəlib.
Azad edilmiş ərazilərimizdə əhalinin
həyat səviyyəsinin
yüksəldilməsi, iş
yerlərinin yaradılması,
müasir infrastrukturun
qurulması və iqtisadi sabitliyin qorunması bu strategiyanın əsas komponentləridir.
Şübhəsiz, bütün bu tədbirlər bir məqsədə xidmət
edir: Qarabağ iqtisadi zonasını və Şərqi Zəngəzuru yaxın illərdə ölkənin
yeni inkişaf mərkəzlərinə çevirmək.
Beləliklə, Böyük
Qayıdış Proqramı
yalnız bərpa layihəsi deyil, həm də milli iradənin, dövlətçilik gücünün
və strateji planlamanın uğurla həyata keçirildiyinin
göstəricisidir. Proqramın
icrası ilə Qarabağ və Şərqi Zəngəzur
gələcək nəsillər
üçün həyatın,
rifahın və davamlı inkişafın simvoluna çevriləcəkdir.
Bu layihələr, eyni zamanda, Azərbaycan
dövlətinin strateji
baxışını, torpaqların
azad edilməsi ilə başlayan infrastruktur və sosial layihələrin uğurlu icrasını, regionun uzunmüddətli inkişaf potensialını
nümayiş etdirir.
Bu, bir təkzibolunmaz faktdır ki, dövlət suverenliyi anlayışı
milli dövlətçiliyin
təməl daşıdır
və xalqın azad iradəsinə əsaslanan siyasi müstəqilliyi, hüquqi-siyasi
sistemin müstəqil
şəkildə qurulması
imkanını ifadə
edir. Bu prinsip yalnız ölkədaxili idarəçilik
məsələlərini deyil,
həm də hər bir dövlətin
beynəlxalq münasibətlərdə
bərabərhüquqlu subyekt
kimi çıxış
etmək imkanlarını
təmin edir. Bütün ölkə ərazisində suverenliyimizin
tam bərpası xalqımızın azadlıq
arzularının və
siyasi iradəsinin təntənəsidir. Bu dəyərlərin qorunması
və gələcək
nəsillərə ötürülməsi
məqsədilə Azərbaycan
Respublikasında Dövlət
Suverenliyi Günü təsis edilmişdir. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı
Sərəncama əsasən,
hər il 20 sentyabr rəsmi şəkildə Dövlət
Suverenliyi Günü kimi qeyd olunur.
Bu qərar tarixi ədalətin bərpası ilə yanaşı, müasir dövrdə dövlətçilik
ənənələrinin gücləndirilməsi
baxımından strateji
əhəmiyyət daşıyır.
Çünki dövlət
suverenliyi sadəcə
tarixi xatirə deyil, həm də siyasi sabitlik, milli təhlükəsizlik və
beynəlxalq aləmdə
bərabərhüquqlu mövqeyin
təminatıdır. Dövlət
Suverenliyi Gününün
qeyd olunması, ilk növbədə, vətəndaşlarda milli
kimliyə bağlılıq
hissini möhkəmləndirir,
dövlətin siyasi-hüquqi
müstəqilliyinin qorunmasına
yönələn məsuliyyəti
artırır. Bu gün həm də gələcəyə
ünvanlanmış belə
bir çağırışdır:
suverenliyin qorunması
hər bir vətəndaşın borcu,
güclü dövlətçilik
iradəsinin davamlılığının
təmin olunması isə dövlətin əsas prioritetidir.
Vətən Müharibəsindəki tarixi
Qələbəmizdən ötən
5 ildə cərəyan
edən hadisələr
belə bir mühüm reallığı
ortaya qoyur ki, düzgün siyasi xətt, güclü ordu və xalq-iqtidar
birliyi ilə ən mürəkkəb məsələlər belə
həll oluna bilər. 44 günlük Vətən Müharibəsində
tarixi Qələbəmiz
Ulu Öndər Heydər Əliyevin və onun layiqli
davamçısı Prezident,
Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə onilliklər boyu həyata keçirilən strateji siyasətin məntiqi yekunudur. Azərbaycanın
yaratdığı yeni
reallıqlar regionun gələcəyinə yön
verən əsas amillərdəndir. Azad edilmiş ərazilərdə
həyatın bərpası,
Böyük Qayıdış
Proqramının uğurlu
icrası və yeni regional əməkdaşlıq
formatlarının formalaşdırılması,
xüsusilə
5 il bundan əvvəl separatizmin və terrorçuluğun
meydan suladığı,
bu gün isə artıq tarixi sahibinə qovuşmuş azad Şuşada, Xankəndidə,
Ağdamda, Zəngilanda,
Qarabağ iqtisadi zonasının və Şərqi Zəngəzurun
digər guşələrində
mötəbər beynəlxalq
tədbirlərin keçirilməsi,
bu bölgələrdən
dünyaya sülh, təhlükəsizlik və
əməkdaşlıq mesajlarının
ünvanlanması Vətən
Müharibəsində qazandığımız
möhtəşəm Qələbənin
davamıdır. Tarixi
ədalətin, milli qürurun bərpası, ərazi bütövlüyünün,
suverenliyinin tam təmin olunması Azərbaycan tarixində ən böyük nailiyyətlərdən biri
kimi əbədi qalacaqdır.
Albina Atlıxanova,
jurnalist
İki
sahil.- 2025.- 4 sentyabr, ¹157.- S.4-5.