Hacıqabul rayonu abadlıq və quruculuq yolundadır

 

Aran bölgəsinin inzibati ərazi vahidlərindən olan Hacıqabul rayonunun Azərbaycanın müstəqillik tarixinə bərabər yaşı var. 1991-ci ildə yaradılan rayonun sürətli inkişaf və tərəqqisi isə əsasən, son illərə təsadüf edir. Regionların sosial-iqtisadi inkişafı məqsədilə imzalanmış dövlət proqramları 2004-cü ildən Hacıqabul rayonunun sosial-iqtisadi tərəqqisində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Son illər sistemli və ardıcıl şəkildə həyata keçirilən abadlıq-quruculuq tədbirləri nəticəsində rayonun görkəmi əsaslı şəkildə dəyişib, infrastruktur baxımından müasirləşib.

Məlumat üçün bildirək ki, ərazisi 1632,5 kv.km olan Hacıqabul rayonu Bakıdan 113 kilometr məsafədə yerləşir. Böyük İpək yolu üzərində qərar tutan Hacıqabul müxtəlif dövrlərdə müxtəlif adlarla mövcud olub. Sasanilər dövründə Qafqaz Albaniyasının bu mühüm strateji məntəqəsi Güstasib adlandırılıb. Hülakilər dövründə Mahmudabad, sonrakı dövrlərdə Həcc ziyarəti ilə əlaqədar Hacıqabul adını daşımağa başlayıb. Deyilənlərə görə, Həcc ziyarətinə yola düşən zəvvarlar Hacıqabul gölünün Şərq sahilində olan karvansaraydan yola düşür, ziyarəti başa vurduqdan sonra qarşılanma mərasimində "Həccin qəbul" deyə mübarəkdarlıq edərlərmiş. Elə bu da Hacıqabul toponiminin formalaşmasında mühüm rol oynayıb. Ərazi müxtəlif əsrlərdə Ərəb xilafətinin, Səlcuqların, Sacilər, Hülakilər, Şirvanşahlar, Səfəvilər dövlətinin, xanlıqlara parçalanma dövründə isə Şamaxı (Şirvan) xanlığının tərkibində olub.

Şimali Azərbaycan Çar Rusiyası tərkibinə daxil olduqdan sonra Hacıqabul 1830-cu ildə yaranan, mərkəzi Şamaxı olan Xəzər vilayətinin Şamaxı qəzasının tərkibinə daxil edilib. 1859-cu il dəhşətli Şamaxı zəlzələsindən sonra quberniyanın mərkəzi Bakıya köçürülüb. 1860-cı ildən Hacıqabul Bakı quberniyasına Şamaxı qəzasının tərkibində daxil olub. 1918-ci ildə Hacıqabul ərazisində baş verən soyqırımı zamanı tərtib edilən aktlarda Bakı quberniyası, Şamaxı qəzasının navahı, Abdulyan nahiyyələrinin tərkibində olan kəndlərdə baş verən erməni vəhşilikləri öz əksini tapıb. 8 avqust 1930-cu il tarixdə dairələr ləğv edilib, Yeni Qarasu rayonu yaradılıb. 29 noyabr 1938-ci il tarixdə isə Hacıqabul qəsəbəsinə şəhər statusu verilib. 24 oktyabr 1939-cu ildə isə Hacıqabulun adı dəyişilərək əslən Dağıstanlı olan inqilabçı Qazı-Məmməd Ağasiyevin adı verilərək rayon yaradılıb.

4 dekabr 1959-cu ildə Qazı-Məmməd rayonu ləğv edilib. Hacıqabul və Muğan qəsəbəsi Əli Bayramlı şəhərinin tabeliyinə keçib, kəndləri isə Şamaxı, Salyan və Sabirabad rayonları arasında bölüşdürülüb. Müstəqillik illərində - 1991-ci ildə Hacıqabul rayonu yenidən təşkil edilərək öz adını qaytarıb. Son dərəcə əlverişli strateji-coğrafi mövqeyinə, eləcə də əhəmiyyətli şirin su mənbələrinə, münbit torpaqlarına görə Hacıqabul yaşayış məntəqəsi və dayanacaq yeri olaraq qədim zamanlardan günümüzə qədər böyük dəyər daşıyır. Böyük Qafqaz dağlarının Cənub-Şərq qurtaracağında yerləşməsi ilə əlaqədar ölkənin əsas karvan yolları, eləcə də Böyük İpək yolu bu torpaqlardan keçib.

Ərazidəki XI əsrə aid ölkə əhəmiyyətli abidə olan Pir-Hüseyn Xənangahı, Udullu kəndi ərazisindəki tunc dövrünə aid "Güngörmə" müdafiə istehkamları, antik qəbirstanlıqlar, eramızdan əvvəlki II minilliklərə aid siklopik tikililər, küp qəbirlər, orta əsrlərə aid müxtəlif kurqanlar, çoxlu sayda pirlər, müxtəlif dövrlərə aid qəbiristanlıqlar, karvansaraylar, körpülər, ovdanlar və digər tarixi abidələr bu ərazidə yaşayışın çox qədim zamanlardan mövcud olduğundan xəbər verir.

Qafqazın ən böyük çayı olan Kürün bu ərazidən keçməsi Azərbaycanın ən uzun çayının - Pirsaatın bu torpaqdan adlaması, eləcə də ölkənin ən iri gölünün - Hacıqabulun burda yerləşməsi yerli sakinlərin və qonaqların şirin su ilə təminatına şərait yaradıb. Digər tərəfdən də həmin su mənbələrinin yaxınlığındakı torpaqların əkin-biçin və otlaq üçün son dərəcə əlverişliliyi burada həm əkinçiliyin, həm maldarlığın, həm də dolayısı ilə sənətkarlığın inkişafına təkan verib. Bu səbəbdən də oturaq əkinçi və sənətkar əhali ilə bərabər, buradan qışlaq kimi istifadə etmiş Xilə, Kolanı, Cəyirli, padar kimi yarımköçəri maldar tayfalarda ərazidə məskən salıblar.

Min illər boyu Şərq yaşayış məntəqəsi olmuş Hacıqabul XIX əsrin son rübündə dəmir yolunun bu yerlərə gəlişi ilə yavaş-yavaş Qərbə xas cizgilər alsa da, yollar qovşağındakı məntəqə kimi əhəmiyyətini itirməyib. Əvvəlcə dəmiryol, ardınca avtomobil, hətta hava yolları kəsişməsində yerləşməsi səbəbilə daha da qiymətli mövqe qazanıb.

2011-ci ilin əvvəlinə Hacıqabul rayonunun ümumi əhalisi 67,3 min nəfər təşkil edib. Ərazidə orta əhali sıxlığı hər kvadratkilometrə 41 nəfərdir. Əhalinin 51,3 faizi şəhər yerlərində, 48,7 faizi kənd yerlərində yaşayır. Ümumilikdə əhalinin 49,2 faizini kişilər, 50,8 faizini qadınlar təşkil edir. Əhalinin milli tərkibində əsas yeri azərbaycanlılar, türklər, ruslar təşkil edir. Son illərdə Hacıqabul rayonunda əhalinin orta illik təbii artımı 0,8-0,9 min nəfər olub.

Hacıqabul rayonu ərazisinə görə respublikanın Kürdəmir, Sabirabad, Salyan, Ağsu, Şamaxı, Qobustan, Abşeron rayonları, Bakı şəhərinin Qaradağ rayonu və Şirvan şəhəri ilə həmsərhəddir. Rayonda inzibati ərazi bölgüsü baxımından 1 şəhər, 5 qəsəbə, 25 kənd yaşayış məntəqəsi vardır. Mərkəzi Hacıqabul şəhəridir. Hacıqabul rayonunda 18 inzibati ərazi dairəsi, 15 bələdiyyəsi fəaliyyət göstərir.

Hacıqabul rayonu Kür-Araz düzənliyinin Cənub-Şərqində, Şirvan ovalığı kimi tanınmış ərazidə yerləşir. Rayon ərazisinin böyük bir hissəsi dəniz səviyyəsindən aşağıdır. Dağlıq ərazilərdə çoxlu sayda palçıq vulkanlarına rast gəlmək olar. Burada quru, isti yarımsəhra və quru çöl subtropik iqlimi hökm sürür. Ərazidə orta illik temperatur 14-15 dərəcədir. Atmosfer yağıntıları əsasən yağış formasında düşür və miqdarı ildə 200 millimetrdən çox olmur.

Bir vaxtlar diqqətdən kənarda qalan, unudulmuş kimi görünən rayon son illərdə əsaslı şəkildə dəyişib, əhalini narahat edən bir sıra problemlər uğurlu həllini tapıb. 2004-2008-ci illəri əhatə edən "Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramı"na müvafiq olaraq Hacıqabulda kompleks tədbirlər həyata keçirilib. Proqramda rayonun sosial-iqtisadi inkişafını sürətləndirən, infrastrukturunun yeniləşməsini təmin edən, aqrar, sektora, sahibkarlığa təkan verən bir sıra məsələlərin həllini tapması vətəndaşların sosial rifah halının yaxşılaşmasına da əsaslı təsirini göstərib.

Dövlət Proqramı çərçivəsində Hacıqabulda abadlıq-quruculuq işləri, o cümlədən kommunal problemlərinin həlli diqqət mərkəzində olub. 2004-2008-ci illərdə rayonda Kür çayı boyunca Abdulyan, Meyniman, Talış kəndlərində sahil bərkitmə işləri görülüb. Hacıqabul-Kürdəmir avtomobil yolunun yenidən qurulması işi başa çatdırılıb. Ümumilikdə, 4 il ərzində rayonda yerli əhəmiyyətli, o cümlədən şəhərdaxili yolların 28,2 km hissəsi asfaltlaşdırılıb. Respublika əhəmiyyətli avtomobil yolunun 87 km hissəsi əsaslı təmir olunub.

Proqram çərçivəsində "Aqrolizinq" ASC tərəfindən Hacıqabul rayonunda aqroserviz xidmət şəbəkəsi yaradılıb. Həmin mərkəz hazırda Navahı kəndində fəaliyyət göstərməkdədir. 1 ədəd kənd təsərrüfatı texnikası işə cəlb olunub, fermerlər dərman vasitələri ilə təmin ediliblər.

Proqram çərçivəsində Rəncbər kənd əhalisinin qaz təchizatını yaxşılaşdırmaq məqsədi ilə 159 mm-lik qaz kəmərinin 250 pm hissəsi yenidən təmir olunub, 150 pm hissəsi korroziyaya uğradığı üçün dəyişdirilib. Bundan başqa, Pirsaat qəsəbəsinə gedən 100 mm-lik qaz kəmərinin 900 pm hissəsi əsaslı təmir olunub, 300 pm hissəsi yenisi ilə əvəz edilib. M.Əsədov küçəsi ilə gedən 159 mm-lik daşıyıcı qaz kəmərinin təxminən 600 pm hissəsi yol kənarından daş hasarın arxasına keçirilib. Qış mövsümünün sərt keçməsi ilə əlaqədar bir sıra qaz kəmərləri dartılma nəticəsində sıradan çıxıb. Atbulaq kəndində 150 pm, Qızılburun kəndində 110 pm, Navahı qəsəbəsində 125 pm, Qarasu və Muğan qəsəbəsində 300 pm-ə yaxın boru təmir olunub.

Şəhərin Nəsimi, Almazov, M.S.Ordubadi, Talıbov, Nərimanov küçələrində 50 mm-lik borular əhalinin qış mövsümündə qaz təchizatını yaxşılaşdırmaq məqsədi ilə əsaslı təmir olunub. İ.Qayıbov küçəsindən keçən 159 mm-lik qaz kəməri rayonun perspektiv planına düşdüyü üçün yol kənarından çıxarılaraq küçənin kənarı ilə çəkilib. Axundov küçəsində 700 rezin birləşmələr idarənin vəsaiti hesabına 350 pm 73 mm-lik boru ilə əvəz olunub. Rəncbər AQPS-dən Rəncbər, Pirsaat, Navahı və stansiya Navahıya gedən orta təzyiqli 159 mm-lik 800 pm boru Pirsaat çayının daşması nəticəsində sel sularının altında qalaraq yararsız hala düşüb. Həmin sahədə güclü təmir işlərinin görülməsi nəticəsində Rəncbər, Pirsaat, Navahı və st. Navahıya gedən borular yararlı vəziyyətə gətirilib, abonentlərin qaz təminatı bərpa olunub. Navahı kəndinə gedən 159 mm-lik borunun 600 pm hissəsi sel sularının altında qaldığı üçün yararsız hala düşüb və yenisi ilə əvəz olunub. Həmidov küçəsində 980 pm korroziyaya uğramış hissəsi dəyişdirilib və əsaslı təmir olunub. Axundov küçəsində 2300 pm-lik yeraltı qaz kəməri sıradan çıxdığı üçün ləğv edilib, həmin yaşayış sahəsinə yeni qaz xətti çəkilib. Bundan başqa, Hacı Zeynalabdin Tağıyev, H.Həmidov küçələrində 980 pm korroziyaya uğramış hissələr dəyişdirilib və əsaslı təmir olunub.

 

(ardı var)

 

 

 Tərlan Nəsirli,

 Bakı-Hacıqabul-Bakı

 

 Mövqe.- 2012.- 19 yanvar.- S. 10.