GÜLLƏLƏNƏN XANIM JURNALİST:

GÜLARƏ KÖYLÜQIZI “37”-NİN QURBANI OLDU

 

Azərbaycanda qadın mətbuatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Həmin zamanlarda qadın problemi, ona münasibət, insan hüquqlarının qorunması kimi qəliz məsələlər əsrin ilk onilliyində çıxan demokratik ruhlu qəzet və jurnalların əhatə dairəsinə sığmadı, ictimaiyyətin diqqətində olan qadınların maarifləndirilməsi, qadın azadlığı məsələləri qadın mətbuatının yaranması zərurətini doğurdu.

 

O cür ağır zamanlarda belə bu yükü zərif çiyinlərinə götürən qadınlar təhsilə, yeniliyə kişilərdən daha çox həvəs göstərirdilər. Azərbaycanın elə ziyalı qadınları olub ki, onlar ölkədə baş verən ictimai-siyasi hadisələrə biganə qalmayaraq, cəhalətə qarşı mübarizə aparır və həyatları bahasına insanların maariflənməsinə can atıblar. Belə ziyalı qadınların sırasında Azərbaycanın ilk qadın jurnalistlərindən biri olan Gülarə Qədirbəyovanın adını xüsusi qeyd etmək lazımdır.

Gülarə İbrahim Xəlil qızı Qədirbəyova 1903-cü ildə Nuxa qəzasının (indiki Şəki rayonu) Baş Göynük kəndində ruhani ailəsində dünyaya göz açıb. Bu ailə rayonda məşhur, əsil-nəcabətli və varlı olub. Qeyd edək ki, Gülarə xanımın qız soyadı Əfəndiyeva idi. Qədirbəyov Gülarə xanımın birinci həyat yoldaşının soyadı olub. O da bu soyadı götürüb və nədənsə, ikinci dəfə ailə qurandan sonra belə onu dəyişməyib.

Deyilənə görə, G.Qədirbəyova uşaq yaşlarından öz fikirlərini sərbəst, aydın və çəkinmədən söyləmək qabiliyyətində olub. Yaşıdlarından qətiyyəti, cəsarəti, ötkəm xasiyyəti və azad düşüncəsi ilə seçilən Gülarənin ailəsi onun bu xasiyyətindən həmişə narahat olub. Gülarənin ən böyük arzusu təhsil almaq, biliklərə yiyələnmək, insanlara, ən azı öz həmkəndlilərinə xeyir vermək, onların övladlarına savad öyrətmək olub.

 

"Şərq qadını” jurnalının ilk xanım yazarı

 

O dövrdə imkanlar çox məhdud olduğundan atası G.Qədirbəyovaya yalnız ibtidai təhsil verə bilib. Lakin o, 1920-ci ildə Sovetlər yenicə bərqərar olduğu illər savadlı insanlara böyük ehtiyac duyulmasından faydalanaraq Şəkidə açılmış pedaqoji kurslara daxil olub oranı bitirir və müəllimlik hüququ qazanır. Gənc müəllim kənddə qızlara dərs deməyə başlayır, ictimai fəaliyyətə də həmin gündən qədəm qoyur. Lakin cəhalətin qan-qan dediyi, köhnəliklə yeniliyin təzadlarının çarpışdığı, əsrlərin ətalətindən çox çətinliklə qurtulan kəndlərdə qızların məktəbə gəlməsi də o qədər asan məsələ olmayıb. Gülarə hər gün dərsə gəlməyən qızların dalınca evlərinə gedib valideynlərini başa salmalı, bəzən uzun-uzadı söhbət etməli, hətta dil tökməli olub. Daha sonra ictimai işlərə qoşulan G.Qədirbəyova 20 yaşında qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib və elə həmin vaxtdan da qadın azadlığı uğrunda mübarizənin ön sıralarında addımlamağa başlayıb.

Onun bu mübarizəsi çoxlarının narahatlığına səbəb olduğundan hər dəqiqə təhlükə qarşısında qalıb. Həmin ağır zamanlarda G.Qədirbəyova maraqlı, oxunaqlı yazıları ilə ədəbi mühitin də məhəbbətini qazanıb. Öz ideyalarını yaymaq məqsədi və sərbəst düşüncə tərzi onu mətbuata çox erkən gətirib. Hələ rayonlarda çalışdığı illərdə "Yeni fikir”, "Kəndli qəzeti” və başqa mətbuat orqanlarında çıxışlar edib. 1923-cü ildə "Şərq qadını” jurnalı nəşrə başlayanda G.Qədirbəyova burada müəlliflik edən ilk xanım yazarlardan biri olub. Həmin vaxtdan qələmi onu Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi mütərəqqi ruhlu, poeziya ulduzlarına, görkəmli şair və yazıçılara tanıtdırıb.

 

Həyatın hər üzünü prosesində gördüm

 

1931-ci ilin mayında G.Qədirbəyova "Şərq qadını” jurnalının redaktoru təyin olunubbununla da onun həyatında yeni bir səhifə açılıb. Yazılarını Köylü qızı imzası ilə yazan Gülarənin jurnalın səhifələrindəki hər çıxışı diqqəti cəlb edib. Onun qələmindən çıxan alovlu publisistik məqalələr Azərbaycan qadınlarını elmə, savada, maarifə səsləyib. Məqalələri həyatın müxtəlif sahələrini əhatə edib. Təkcə 1932-1937-ci illərdə yazdığı "Qadın azadlığı və ziyalılarımız”, "Qadın klublarında yeni sistemləri haqqında”, "Bütün savadsız qadınlar savad kurslarına”, "Savadsızlıqla mübarizə işinə ciddi əhəmiyyət verməli”, "Qızların məktəbə cəlb olunması yolunda qarşıya çıxan kəsirləri qəti surətdə aradan qaldırmalı”, "Qadın klub və guşələrini yenidən qurmalı” sərlövhəli aktual məqalələri bütün ictimaiyyət arasında səs salıb. Onun jurnalistpublisist kimi yaradıcılığında yüksək intellektual səviyyə, beynəlxalq hadisələrə yaxından bələdlik aydın hiss olunurdu.

Köylü qızı 1932-1937-ci illərdə Əli Bayramov adına Mərkəzi Qadınlar Klubunun direktoru vəzifəsinə irəli çəkilib.

Gülarə Qədirbəyova öz xatirələrində yazıb: "Mənim gənc həyatım qadın hərəkatının ilk həqiqətləri ilə bağlı olduböyük təcrübəvi işlərim mənim üçün bir məktəbə çevrildi. Həyatın hər üzünü prosesində gördüm”. Bu sözlərdə, çox güman ki, mətləbi sirli qalan, sətiraltı nə qədər məna vardı.

Şübhəsiz ki, G.Qədirbəyovanın bu cür işıq saçması, irəliyə getməsi çoxlarının gözünü qamaşdırıb. Onu gözü götürməyənlər çox olub.

Köylü qızının xoş niyyətlə gördüyü işlər, yazdığı məqalələrdə belə rəhbərlikdə oturanlar şübhəli məqamlar axtarır, hər addımı böyük söz-söhbətə səbəb olurdu. Onu böyük zirvəyə aparan yolun qarşısını kəsmək üçün mütləq səbəb və üsul tapmaq lazım idi. O dövrdə isə bütün bunlara nail olmaq elə də çətin deyildi. Repressiya maşını işləyir, kimin desən həyatını yarımçıq kəsirdi. Gülarə Qədirbəyovanı da əksinqilabi millətçi təşkilatın üzvü kimi şərlədilər. "Dəlil-sübut” isə "Bir sarayın tarixi” adlı kitab oldu.

Təəccüblüdür ki, Qədirbəyovanın həbs olunması barədə qərar onun tutulmasından bir gün sonra - iyulun 27-də yazılır. Bu da bütün baş verənlərin məqsədli olduğunu, tələm-tələsik həyata keçirildiyinibu zaman qanunun kobud şəkildə pozulduğunu göstərirdi.

 

"Rədd edirəm. Mən heç bir təşkilatda olmamışam”

 

Gülarə Qədirbəyova həbs ediləndə 35 yaşı vardı. Cavan olsa da, ona tapşırılan vəzifələrin hamısını ləyaqətlə yerinə yetirib, bununla da məmuru olduğu dövlətə, xidmət etdiyi quruluşa öz sədaqətini kifayət qədər göstərə bilmişdi. Bu da sübut edir ki, Köylü qızı haqqında deyilənlərin və yazılanların hamısı uydurmaböhtan idi.

1938-ci il noyabrın 17-də XDİK-nin müvəkkili Korneşovun G.Qədirbəyovanın işi ilə bağlı şahid sifəti ilə dindirdiyi Bilqeyis Həşimzadə "məhkum”un haqqında geniş "məlumat” verir. "Şahidbildirir ki, Gülarənin qardaşı Kərim Qazıyev "Müsavat” partiyasının fəal üzvü kimi əksinqilabi fəaliyyətinə görə məhkum olunub sürgün edilib. O, "Bir sarayın tarixi” kitabının taleyinə də öz versiyası üzrə "aydınlıq” gətirir: "Kitabın hazırlanmasını o, müsavatçı yazıçıya, Musayev Qurbana tapşırıb. Musayev isə kitabı ideoloji cəhətdən qüsurlu, mənfi ruhda tərtib etmişdi. Qədirbəyova isə bundan nəticə çıxarmayaraq əsərin tərtibini başqa müsavatçı yazıçıya - Əhməd Cavada tapşırmışdı. O isə kitabı ideoloji cəhətdən daha da yararsız hala salmışdı. Qeyd etməliyəm ki, Qədirbəyova "Bir sarayın tarixini şəxsən özü redaktə edirdi. Buna görə də heç təsadüfi deyil ki, bu kitab müsavatçılıq ruhunda yazılmışdı. Qədirbəyova dəfələrlə şəxsən mənə deyirdi ki, o, artıq ifşa olunmuş xalq düşməni, müsavatçı yazıçı Hüseyn Cavidlə yaxınlıq edir. Bir də Qədirbəyovanın artıq xalq düşməni kimi ifşa olunmuş mühəndis Xədicə Hüseynova ilə də çox sıx əlaqələri var idi. Onlar ikisi də Əli Bayramov adına sarayda işləyir, birlikdə vaxtlarını keçirir, dostluq edirdilər”.

1938-ci ildə Köylü qızı dörd dəfə - avqustun 15-də, oktyabrın 31-də, noyabrın 15-də və 21-də istintaq dindirilməsinə cəlb olunur. Elə müstəntiq tərəfindən birinci dəfə dindirilərkən ona əksinqilabi millətçi təşkilatın üzvü kimi təqsirləndirildiyinin doğruluğunu etiraf etmək təklif olunur.

Gülarə xanım belə cavab verir: "Rədd edirəm. Mən heç bir təşkilatda olmamışam”.

Ona deyirlər ki, müqavimət göstərməsin, onsuz da adıçəkilən təşkilatın üzvü olduğunu istintaq müəyyən edib.

G.Qədirbəyova yenə də qətiyyətlə cavab verir ki, heç zaman heç bir təşkilata daxil olmayıb. Növbəti dindirmədə Köylü qızı öz işi ilə əlaqədar kimlərlə yaxınlıq etməsi barədə sualı da doğru-dürüst cavablandırır: "Mən 1930-cu ildə Tiflisdə Zaqafqaziya Vilayət Komitəsinin qadınlar bölməsinin müdiri işləyirdim. ÜİK(b)P-nin qadınlar şöbəsinin keçmiş müdiri İşkova Klavdiya ilə əlaqəm var idi. Sultanova Ayna və Rəhmiyeva Məmura ilə də. "Şərq qadını” jurnalında işləyəndə Səməd Vurğunla, Şamilovla, Qantəmirlə, Süleyman Rüstəmlə”.

Növbəti dindirmələr də heç bir nəticə vermir. Bütün suallara rədd cavabı alınır. Əzab, işgəncə yolu ilə onun iradəsini sındırmaq istəyirlər. Bütün cəhdləri boşa çıxır. Nəhayət, 1939-cu il yanvarın 20-də Gülarə Qədirbəyovanın işi üzrə istintaqın bitməsi haqqında protokol tərtib olunur. Protokolla onun özü tanış edilir oraya bu sözləri yazır: "Mən partiyanın namuslu sadiq üzvü olaraq qalıram”.

Qeyd edək ki, Köylü qızı cəmi 39 il yaşayıb.

 

Şəymən

 

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb

 

Şərq.- 2018.- 29 avqust.- S.11.