Şəmkirdə Aprel döyüşləri xatırlandı, “Zəfərə aparan yola nəzər salındı

 

Şəmkirdə “Zəfərə aparan yolBöyük Qələbənin başlanğıcı” adlı tədbir böyük maraqla qarşılanmışdır. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirdən əvvəl RİH başçısı aparatının məsul işçiləri şəhidlərimizin doğulub boya-başa çatdıqları kəndlərə getmiş, yerli sakinlərlə birlikdə şəhid polkovnik Vüqar Yusifov, şəhid çavuş Təbriz Əsgərov, şəhid əsgərlər Vüsal Alıyev, Altun Dəmirli və Nurlan Qasımovun məzarlarını ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.

 

Şəmkirdəki Heydər Əliyev Mərkəzində baş tutan anım tədbirində rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev, Aprel şəhidlərinin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 

Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə icra hakimiyyəti tərəfindən hazırlanmış “Zəfərə aparan yolBöyük Qələbənin başlanğıcı” adlı film nümayiş olunmuşdur.

 

Daha sonra Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış edərək demişdir ki, Aprel döyüşləri bizim şanlı hərb tariximizə qızıl hərflərlə yazılan qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən zəfərimizdir. Rayon rəhbəri Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin əhəmiyyəti barədə dediyi sözləri bir daha xatırlat­mışdır: “Ermənilərin uzun illər öz ordu­su haqqında yaydıqları mif darmadağın edildi. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kim nəyə qadirdir”.

 

Aprel döyüşlərindən danışan Rəşad Tağıyev şəmkirli gənclərin də rolunu xüsusi vurğulamış, onların göstərdikləri qəhrəmanlıqlardan söz açmış, şəhidlərimizə Allahdan rəhmət diləmişdir.

 

Digər natiqlər də Aprel Zəfərinin əhəmiyyətindən danışmışlar.

 

Şəhid polkovnik Vüqar Yusifovun atası Nurəddin Yusifov demişdir:

 

– Nə qədər ki, millətinə bu qədər dəyər verən Ali Baş Komandan var, nə qədər ki, “Dəmir Yumruqvar, bu xalq hər zaman qalib olacaq!

 

Nurəddin Yusifov Aprel şəhidlərinin xatirəsinə göstərilən ehtirama görə Prezident İlham Əliyevə şəhid ailələri adından öz təşəkkürünü bildirmişdir.

 

Hamlet QASIMOV,

 

Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti .- 2022.- 9 aprel.- S.10.