MOLLA AĞA HACI MOLLA TAĞIZADӘ "BİXUD"

 

 

 

 

Şamaxının xoştәb vә şirinkәlam şairlәrindәn birisi dә mәrhum Molla ağa Hacı Molla Tağı oğlu "Bixud" tәxәllüsdür ki, Mirzә Nәsrullah Baharın vә Hacı Seyid Әzimin müasiri olubdur.

 

Molla ağa Bixud tәvәllüd edibdir şәhri-Şamaxıda hicrәtin 1247-ci[1] tarixindә şәban ayının 19-cu günündә. Tәlim vә tәrbiyәsi Şamaxı şәhәrindә olubdur.

 

[1] 1830

 

Mәktәbdә tәlimini itmama yetirdikdәn sonra kütübi-mütәnәvveә mütaliәsilә xeyli mәlumat әxz etmişdir. Türk vә fars dillәrini yaxşı bilirmiş. Әdәbiyyata dair әsәrlәrin mütaliәsinә artıq meylü hәvәsi olmaqdan naşi özü dәxi әyyami-tüfuliyyәtdәn şer demәyә mәşğul olarmış.

 

Ol vaxtlarda sәnәti şәrbaflıq olubdur. Amma axırlarda әtriyyat şeylәri satarmış.

 

Mәrhum Bixud qayәtdә xoşxasiyyәt, batәvazö, güşadәcәbin vә sәlimün-nәfs bir şәxs olub, müddәti-ömründә cümlә mәnahilәrdәn vә şürbi-xәmr vә qeyri mәzmum әmәllәrdәn uzaq imiş. Vә lakin hәmmәslәki-üdәbavü ürәfa vә hәmcәlisi-şüәra olub, әksәr kәlamlarında hikmәtamiz mәtlәblәr söylәdiyindәn zahirpәrәst, yekçeşm vә fanatik müsәlmanlar arasında mәzmumü müttәhim olmuşdur.

 

Müddәti-ömründә neçә dәfәlәr İrana vә Qafqazın qeyri-şәhәrlәrinә sәfәr edibsә dә, vaxtının çoxunu Şamaxıda keçiribdir.

 

Tәbi-şeriyyәsi әgәrçi çәndan sәri deyilmiş vә lakin şerlәri ziyadә mövzun vә dilpәzirdir. Bir nüsxә "Kitabi-qәzәliyyat"dan başqa özgә bir asarı qalmamışdır. O da çap olunmayıbdır.

 

Hicrәtin 1310-cu[2] sәnәsindә 62-63 yaşında axirәt mәnzilinә köç edibdir. Vәfatı vәba naxoşluğundan olubdur. Şamaxının ümumi camaat qәbristanlığında mәdfundur. Kәlami-abdarlarından bir neçәsi burada yazılır.

 

[2] 1892.

 

Qәzәli-Bixud:

 

Könül, bu gün ki, müyәssәrdi vәsli-yar sәnә,

Tәqafül etmә, baxar kәc bu ruzigar sәnә.

 

Könül, vüsalına xürsәndsәn bu gün yarın,

Fәğan o gündәn ola ayrılıq düçar sәnә.

 

Gedә әlindәn o mәhparә, ayrıla sәndәn,

Verә zәmanә yenә dәrdi-bişümar sәnә.

 

Fәlәk, mәramım ilә gәrçi varsa dövranın,

Nә sud, yoxdu sәbatın, nә etibar sәnә.

 

Könül, o mahruxun zülfün eylәmә mәskәn,

Mәhaldır o pәrişan ara qәrar sәnә.

 

Edib o şux sәni mәst bir nigah ilә,

Saqın, bu nәşә verir aqibәt xumar sәnә.

 

Fәraq dәrdi ilә vәslindә xövfi-hicran var,

Düş öl qurtar dәxi, Bixud, budur mәdar sәnә.

 

Zahid ki, mәscid içrә öziçün mәkan tutub,

Bayquşdu kim, xәrabә ara aşiyan tutub.

 

Nadanlığın görün ki, könüldә o bişüur

Yüz min qüsur ilә yenә qәsri-cinan tutub.

 

Kövsәrsә mәtlәbin, olasan kur, zahida,

Görmürsәn әldә saqi meyi-әrğәvan tutub?!

 

Namәhrәm olduğiçün özün novәrusi-mey

Sәndәn çәkib kәnara, cәmalın nihan tutub.

 

Yox badәdә nәsibinü kövsәrdә qismәtin,

Bәdbәxtlik basıb sәni, zahid, ziyan tutub.

 

Fitva verir ki, sağәri-sәhbanı sındırın,

Ey rindlәr, görün, bu xәtәkarı qan tutub.

 

Bixud, yәqin kәlamını dәrk eylәmәz avam,

Saxla nihan ki, alәmi zәnnü güman tutub.

 

Әyzәn kәlami-Bixud:

 

Ey qoyan könlümә qan, oldumu hüsnün fani,

Tapdımı xarü xәsi-xüşk o tәr bostani?

 

Aldımı badi-xәzan, eylәdimi әfsürdә

Baği-hüsnündә gülü sünbülü hәm reyhani?

 

Varmı yadında gәdalәr kimi boynu burulu

Qabağında sәnә әcz eylәr idim pünhani?

 

Hәsrәtindә lәbinin әşk әvәzi didәmdәn

Qәtrә-qәtrә saçılırdı cigәrimin qani....

 

Arizu eylәr idim hәr çi tәkәllüm edәsәn,

Ta edim canımı şirin lәbin[in] qurbani.

 

İndi, sәd şükr, o gül bәrginә bәnzәr dodağın

Olub әfsürdә, solub rәngi, qaçıbdır qani.

 

Şükrilillәh ki, mәnim surәtә düşdün axır,

Yetdi tez başә o naz eylәdiyin dövrani.

 

O gözәllik ki, hәmişә ona fәxr eylәr idin,

Al әlә ayinә, bax gör o gözәllik hani?

 

Bәsdi, Bixud ki, camal әhlinә adәtdir bu,

Bivәfa olmasa, olmaz işinin samani.

 

       *       *       *       *       *

 

Cövr ilә tökdü qanımı, fәryad, gözlәrin,

Öldürdü aqibәt mәni cәllad gözlәrin.

 

Hәr yanda bir ümid evi tikdimsә sәbrdәn,

Yıxdı, dağıtdı, eylәdi bәrbad gözlәrin.

 

Min can alır baxanda bir oğrun nigah ilә,

Kimdәn alıb bu dәrsi o ustad gözlәrin.

 

Qalmaz Xitadә, Çindә ahu, edәr şikar,

Bir guşә ilә baxsa o sәyyad gözlәrin.

 

Etmәz әsәr sәna dili-biçarә nalәsi,

Qan içmәyә olub dәxi mötad gözlәrin.

 

Zülfün kәmәndinә dili-miskin әsir olub,

Rәhm elәyib nola edә azad gözlәrin.

 

Eylә şәhid Bixudi tiri-nigah ilәn,

Xunrizlikdә ta ki, qoya ad gözlәrin.

 

       *       *       *       *       *

 

Ey dil, hәzar şükr, xәbәr gәldi yardәn,

Şükr et, qutardın axırı bu intizardәn.

 

Ey göz, kәnarә qoy dәxi qan ağlamağını,

Oldun xilas sәn dә dәxi ahü zardәn.

 

Dәrdi-xәzan hicrini çәkmişdim, aqibәt,

Verdi sәba xәbәr o güli-novbahardәn.

 

Ey mәqdәmin fәdası, bәlalar çәkәn başım,

Gәl, gәl ki, keçdi sәbrü qәrarım qәrardәn.

 

Eşqindә qoydular mәnә Mәcnunluq adını,

Düşdüm bu xәlqi-alәm ara etibardәn.

 

Sәd şükr kim, yetişdi sәnә vәdeyi-vüsal,

Bixud, şikayәt etmә dәxi ruzigardәn.

  

Bixudun bu qisim bir-birindәn gözәlraq qәzәllәri çoxdur. Cümlәsini burada yazmağı artıq bildik. Mәrhumun kәlami-mövzunu Qarabağ şüәralarından knyaz Mehdiqulu xan Vәfanın kәlamına çox oxşayır. Hәr iki şair әxlaqi-lәtifә sahiblәri olduğu kimi, tәbi-şeriyyәlәri dәxi ziyadә rәqiq vә zәrifdir, necә ki, tәrzi-kәlamlarından görünür.

 

Әshabi-"Beytüs-Sәfa"dan[3] Qarabağ şairlәrinә tәşxis vә tәmyiz üçün göndәrilmiş qәzәllәrdәn әvvәlinci dәrәcәdә qoyulanı vә cümlәsindәn artıq bәyәnilmiş mәrhum Bixudun qәzәli olubdur. Bu babda Qarabağ şüәralarından Abdulla bәy Asinin tәrcümeyi-halında tәfsilәn әhval yazılacaqdır.

 

[3] "Beytüs-Sәfa" -- Tәxminәn 1855--1860-cı illәrdә Şamaxıda gәnc şair Mәhәmmәd Sәfanın evindә tәşkil olunmuş әdәbi mәclis. Rәhbәri vә aparıcısı Seyid Әzim Şirvani, fәal üzvlәri isә Mollağa Bixud, Ağababa Zühuri, Mirzә Mahmud Zövi, Ağaәli bәy Naseh, Mirzә Nәsrullah Didә vә başqaları olmuşlar.

 

Qәzәli-Bixud:

 

Riyazәtsiz, könül, bu nәfs bir tövsәndi, ram olmaz,

Buna cövlangәh әrsә-әrz ola, seyri tamam olmaz.

 

Cahanı dust tutduqca edәr düşmәnçilik peyda,

Bu düşmәn kamdәn, ey nәfs, hasil hiç kam olmaz.

 

Cahan mәmurәsindә künci-üzlәt ixtiyar eylә,

Qәnaәt әhlinә, ey dil, belә rahәt mәqam olmaz.

 

Ayaqdan düşmәmiş sәy eylә әldәn vermә mey camin,

Cavanlıq şuri qalmaz başda, bu nәşә müdam olmaz.

 

Nә tәşviş eylәyirsәn cam әlindә ruzi-mәhşәrdәn,

Әgәr piri-muğan vermişsә, qorxma, heç hәram olmaz.

 

Tәmәnna eylәsәm, saqi, lәbindәn busә, mәzurәm,

Bu rövşәn әmrdir kim, mәst olan kәsdә nizam olmaz.

 

Bürünmә xirqeyi-salusә, Bixud, tәnәdәn qorxub,

Bu, meydani-mәhәbbәtdir, bu yerdә nәngü nam olmaz.

  

Bixudun bu qәzәli-dilpәziri әrbabı nәzәrindә Füzuli Bağdadinin qәzәlindәn ki, ona nәzirә olaraq yazılmışdır, nә tәrkibi-kәlamda vә nә şiveyi-lisanda vә nә dә mәzmunü mәnada heç bir cәhәtdәn әskik deyil. Füzuli kimi böyük şairin kәlamını mәhәlli-tәnqidә qoyub onun eybü qüsurunu göstәrmәyә, әlbәttә, bizdә o qәdәr bilik vә istitaәt yoxdur vә Bixud kimi ismü әsәri namәlum olan mühәqqәr bir şairi Füzuliyә bәrabәr edib, onların asari-qәlәmiyyәlәrini tәrәzinin gözlәrinә qoyub müvazinә qılmağa cürәt etmәyib dә, hәr iki şairin qәzәllәrindәn әvvәlinci vә axırıncı beytlәri burada nәzәri-әrbabi-mәaniyә tәqdim edirik vә hansı birisinin digәrinә tәrcih qılınmağını yenә әshablarına hәvalә elәyirik.

 

Füzuli:

 

Tәriqi-fәqr tutsam, tәb tabe, nәfs ram olmaz,

Qina qılsam tәlәb, әsbabi-cәmiyyәt tamam olmaz.

 

Burada Füzuli iki çәtin mәsәlә arasında çaşıb qalıbdır: bilmir tәriqi-fәqrimi tutsun, yoxsa qinavü simü zәr tәlәbindәmi olsun. Әvvәlinci yolda, yәni mal vә dövlәt kәsbindәn bilkülliyyә özünü mәhrum vә kәnar edib, canın salamatlığını gözlәmәkdә nәfsi-şumun hücum vә qәlәbәsi vardır ki, onu tabe vә ram etmәk çox da asan vә yüngül iş deyildir. Bu yolda artıq dәyanәt vә mәtanәti-qәlb lazım gәlir; burada nәfs ilә cәngü cidal etmәk zәruri bir haldır.

  

İkinci yol intixab olunsa, yәni qina tәlәbindә olub, nәfsin istәdiyi şeylәrә tәmәnnalar hasilә gәlsә, can fövtә gedәcәkdir. İnsaf, әdalәt, mürüvvәt vә hәqqaniyyәt cümlәsi nәfsin xahişinә qurban olub bada gedәcәkdir. Bәs nә etmәli? Füzuli bu çәtin mәsәlәni hәll etmәyib özgә mәtlәb üstә keçir.

 

Bixud:

 

Riyazәtsiz, könül, bu nәfs bir tövsәndi, ram olmaz,

Buna cövlangәh әrsә-әrz ola, seyri tamam olmaz.

 

Bixud nәfsi-bәdxu vә tündrovu bir at mәnzәlәsindә qoyub deyir ki, hәrgah o bәdhava atın başına riyazәt cilovu, zәhmәt vә mәrifәt noxtası vurulmasa, onun cövlangahı üçün әrseyi-әrz, yәni tamami-kürreyi-әrzin sәthi dar vә tәng bir meydandır. Bәs, Bixudun rәyü etiqadınca tövsәni-nәfsin ağzı gәrәkdir müdam riyazәt noxtası ilә bağlansın vә illa insanın canını, dinü imanını o bәdhava heyvan dağa vә daşa çırpıb parça-parça elәr.

 

Axırıncı beyt. Füzuli:

 

Füzulini mәlamәt eylәyәn bidәrd bilmәzmi--  

Ki, bazari-cünun rüsvalәrindә nәngü nam olmaz.

 

Bixud:

 

Bürünmә xirqeyi-salusә, Bixud, tәnәdәn qorxub,

Bu, meydani-mәhәbbәtdir, bu yerdә nәngü nam olmaz.

  

Burada Füzuli әleyhirrәhmәnin kәlamına heç bir iradımız olmayıb da, ancaq Bixudun cürәtli vә bibak söz söylәmәyi şayani-tәhsin bir hal olmağını bildirmәk istәyirik. Bixud tәni-xәlqdәn ehtiyat etmәyib hiylәsaz vә salus kimsәlәrә öz nifrәtini açıq-açığına biruz edir.

  

Dәrbәnd şairlәri "Qumri" vә "Şüai" tәxәllüslәrin hәcvindә yazdığı qәsidәni dәxi burada yazmağı münasib gördük ki, qareini-giram Bixudun özgә qisim kәlamları ilә dәxi aşina olsunlar vә bir dә görsünlәr ki, şair hәcv yazıbsa da onda әsla bir föhş vә nalayiq söz söylәmәyibdir. Çünki necә ki, şair özü deyibdir, arifü dana olan kәs hәrzәkar vә lәğvşüar gәrәk olmasın.

  

Haman qәsidә budur:

 

Könül, hәr kәs gәlib alәmdә sahibiqtidar olmaz,

Cahanda, haşәlillah, hәr yetәn kәs namdar olmaz.

 

Verә xurşidi-rәxşan tәrbiyәt gәr sәngxarayә,

Mәazәllah, gәlib ol sәng dürri-şahvar olmaz.

 

Çәkә neyrәng ilә gәr sәngә Mani[4] surәti-nәrgis,

Ona әhli-nәzәrlәr mәclisindә etibar olmaz.

 

[4] Mani--mәşhur Hindistan nәqqaşının ismidir.

 

Nә sud, alәmdә xәlli-turş[5] hәmrәngi-şәrab olsa,

Sәfayi-dil gәtirmәz, başda ondan bir xumar olmaz.

 

[5] Xәlli-turş -- turş sirkә.

 

Әgәrçi surәti-şәxsiyyәsi insandı nәsnasın[6],

Vәli әxlaqu sirәtdә bәhaimdәn kәnar olmaz.

 

[6] Nәsnas -- insana çox oxşayan bir növ meymundur.

 

Dirәxti-bidә gәr su versә rizvan hövzi-kövsәrdәn,

Çiçәk vermәz, gül açmaz hiç, әsla meyvәdar olmaz.

 

Nә xövfüm sәndәn, ey Qumri, nә bakım hәm Şüaidәn,

Neçün kim, gürbәvü rubahә şiri-nәr şikar olmaz.

 

Әgәr hәcvim qoya yüz şur ilә Dәrbәndә, ey Qumri,

Salır ol şәhrә bir aşub kim, sәddi hasar olmaz.

 

Tәlatüm eylәsә dәryayi-hәcvim, mövc göstәrsә,

Vücudun zövrәqindә xövfü dәhşәtdәn qәrar olmaz.

 

Vәli tәbim rәva görmәz ki, lәğviyyatә meyl etsin,

Neçün kim, arifü dana cahanda hәrzәkar olmaz.

 

Sizә bundan ziyadә pәnd vermәklik deyil cayiz-- 

Ki, sizlәr kәllәsiz dәrbәndlisiz, sizlәrdә ar olmaz.

 

Sizin әcdadınız ağ divә matәm saxlayanlardır,

Sizin tәk nәsldәn asari-daniş aşikar olmaz.

 

Bәli, mәzursuz şerim mәzaqın dәrk qılmaqdan,

Sarımsaq çün deyil şerim, siz üçün xoşgüvar olmaz.

 

Gediz xingәl içiz siz, neylәyirsiz nәzmü әşari,

Güruhi-zağә qәndi-Misrә meyl etmәk şüar olmaz.

 

Bizi siz özgә mәzhәb sanmayız, kәc getmәyiz, canım,

Bizә dünyavü üqbadә Әlidәn qeyri yar olmaz.

 

Vәli hәr kәs bizә öz fәhmi qәdri bir güman eylәr,

Biz ol pürcövhәri fәrdik ki, kәmmü keyfi var olmaz.

 

Mәnәm babi, mәnәm şeyxi, mәnәm sünni, mәnәm şiә,

Mәnәm ol bütpәrәst kim, mәndә cәbrü ixtiyar olmaz.

    

Bixudun bu hәcvnüma kәlamının mәalından belә anlaşılır ki, Dәrbәnd şairlәri Qumri vә Şüai Bixudu hәcv edib, onun din-mәzhәb mәsәlәsindә süstrәy vә bietiqad olmağını zәmm ediblәrmiş. Bu barәdә Bixud onlara aqilanә cavabi-şafi verib deyir ki, siz bizlәri ancaq öz fәhmü dәrrakәniz qәdәrincә tanıya bilirsiniz. Sizdә o qәdәr mәrifәt vә kamal olmaz ki, bizim zatımıza müxtәss olan övsafi-cәlilәni vә biz tutduğumuz mәslәkin şürutü adabını tәfhim edә bilәsiniz. Şair xülaseyi-kәlamda:

 

Mәnәm babi, mәnәm şeyxi, mәnәm sünni, mәnәm şiә,

Mәnәm ol bütpәrәst kim, mәndә cәbrü ixtiyar olmaz-- 

 

dediyi sözlәrdәn aşikarәn görünür ki, şair müsәlmançılığı tәk bir mәzhәb vә mәslәk üzrә sabitqәdәm olmaqda görmәyib, hәqiqi müsәlmançılığı insan olmaqda vә bәşәriyyәt vәzifәsini dәrk edib layiqincә ifa etmәkdә görür.

  

Aşağıda yazılan şeri-müstәzad Bixudi-mәrhumun Hacı Seyid Әzimә vә qeyri rәfiqlәrinә yazdığı gilayәdir ki, onlar bağa seyrә gedib dә Bixudu dәvәt etmәyiblәr.

 

Seyidә xitabәn yazmışdır:

 

Kim verdi dünәn bәzminizә bağdә zivәr,

              Hansı qәdi әrәr?

Kim eylәdi ruxsarı ilә baği münәvvәr,

              Hansı mәhi-әnvәr?

Kim kakili-mişkinin onun eylәdi әfşan,

              Hansı büti-dövran?

Kim eylәdi öz zülfi ilә baği müәttәr,

              Tökdü yerә әnbәr?

Kim püsteyi-xәndanın açıb etdi tәbәssüm,

              Kim qıldı tәkәllüm?

Kim tökdü o bәzm içrә lәbindәn dürü gövhәr,

              Hansı lәbi şәkkәr?

Kim etdi gülüstanı dünәn qeyrәti-Xәllәx,

               Hansı büti-gülrux?

Kim eylәdi ol bağçәni sahәti-Kәşmәr,

               Firdovsә bәrabәr?

Ey dust, hәmişә olasan seyrü sәfadә,

              Daim bu vәfadә!

Hәmvarә sәnә yar ola ol şuxi-sitәmgәr,

              Ol sәrvü sәnubәr.

Ol şux tәmaşasi sәni eylәdi mәğrur,

              Ey zülmәti-binur.

İçdin o büti-sadә ilә badeyi-xüllәr,

              Ey rindü qәlәndәr!

Olsun o dünәn mәnsiz içәn badә hәramın,

              Düşsün yerә camın!

Dönsün cigәrim tәk yediyin qanә sәrasәr,

  Zәhr ilә müxәmmәr!

Gәzdin veribәn әl-әlә ol şux ilә hәr yan,

              Sәrmәstü qәzәlxan,

Aldın bir әlә saidini, bir әlә sağәr,

              İçdin meyi-әhmәr.

Mәn badeyi-gülfam әvәzi xuni-dil içdim,     

              Bir növ ilә keçdim,

Sәn eylәdin ol mah ilә hәr lәhzә sәfalәr,

              Yüz eyşi-mükәrrәr.

Axir sәnә mәn hәmdәmü hәmraz deyildim,

              Dәmsaz deyildim?

Hәsrәtlә dünәn canıma saldın yanar әxkәr,

              Ey zalimü kafәr!

Get, eşq sәni mәn yaxılan narına yaxsın,

              Әşkin yerә axsın.

Ta kim, dilü canımda olan atәşi-müzmәr[7],

               Olsun sәnә zahir.

Gәzdikdә o mah ilә mәni yaduva saldın,

              Heç xatirә aldın?

Heç bircә dedin kim, hanı ol Bixudi-müztәr,

               Ol didәlәri tәr?

 

[7] Müzmәr -- gizli, örtülü.

 

Әyzәn müstәzadi-Bixud:

 

Zahid, bu fәna mülkdә dövran sәnin olsun!

              Verdim sәnә yeksәr.

Zöhdü vәrәü taәtü iman sәnin olsun,

              Mәcmu sәrasәr.

Duzәx mәnә şayәstәdi, niran mәnә layiq,             

             Mәn yanmağa şayiq.

Sәn cәnnәtә get, huriyü qılman sәnin olsun,

              Qalsın sәnә kövsәr.

Firdovsi-bәrin qәsrü tәla, çeşmeyi-tәsnim

              Olsun sәnә tәslim.

Çәkdim әlimi, lölövü mәrcan sәnin olsun,

              Sәn olma mükәddәr

Sәd şükr ki, mәn natiqi-Quranә yetişdim,

              İmanә yetişdim.

Get, get kütübü mәshәfü Quran sәnin olsun,

              Daim oxu әzbәr!

Әlminnәtülillәh ki, könül yetdi muradә,

              Qalmışdı aradә,

Sәn get, dolan avarә, biyaban sәnin olsun,

              Bihadiyü rәhbәr.

Bixud ki, mәlamәtlәrә şәhr içrә boyandı,

              Yatmışdı oyandı,

Get, dәhrdә, zahid, sәrü saman sәnin olsun,

             Әl çәk dәxi, kafәr!

  

Mәrhum Molla ağa Bixudun bu qisim mövzun kәlamları çoxdur ki, cümlәsini burada yazmaq mümkün deyil. Belә xoştәb şairin әşarü kәlamı bu vaxta kimi tәb olunmayıb, cümlәsi[nin] övraq vә pәrişan qalması külli-mәişәtimizin pәrişan halda olmasına dәlalәt etmәzmi?!..