Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlamışdır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun açılış sessiyasında iştirak etmişdir

 

Aprelin 7-də Bakıda, "Gülüstan" sarayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva forumun "Sərhədsiz dünyaya doğru" mövzusunda açılış sessiyasında iştirak etmişlər.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın irəli sürdüyü və BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi və İSESKO-nun dəstəklədiyi təşəbbüsdür. Bu təşəbbüs mədəniyyətlərarası dialoqun dünyada ən təxirəsalınmaz vəzifələrdən biri olduğunu göstərir.

Bakı Forumunda mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri müzakirə olunacaq, dialoqa yönələn maneələr nəzərdən keçiriləcək və onun müxtəlif mühitdə ən yaxşı formada aparılması konkret şəkildə müzakirə ediləcəkdir. Forum, həmçinin təcrübə mübadiləsi, eləcə də yeni təşəbbüslərin irəli sürülməsi baxımından əlverişli imkanlar yaradacaqdır.

Dünyanın bütün qitələrindən gəlmiş insanların təmsil olunduğu forumda siyasi liderlər və ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, mədəniyyət nazirləri və mədəniyyət məsələləri üzrə səfirlər, deputatlar, diplomatlar, merlər və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, mədəniyyət üzrə ekspertlər və tanınmış ziyalılar iştirak edirlər.

"Euronews" telekanalı media tərəfdaşı kimi öz yayım şəbəkələri ilə forumu təşviq edir.

Forum Azərbaycana həsr olunmuş videofilmin nümayişi ilə başladı.

Dövlətimizin başçısı açılış sessiyasında nitq söylədi.

 

 

Azərbaycan.- 2011.- 8 aprel.- S. 1.