Azərbaycan
Respublikasının Konstitusiya quruluşunun tarixi
əsasən SSRİ-nin tərkibində olduğu dövrə təsadüf
olunur. Lakin Azərbaycan Cümhuriyyətinin ilk hüquqi
sənədi Konstitusiya aktı statusuna malik olan
İstiqlal Bəyannaməsi (Misaqi-Milli) idi. 1918-ci il
mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti
Milli Şurası tərəfindən tərtib olunmuş və
imzalanmış, Azərbaycan Xalq Cümhuriyyətinin
müstəqilliyini rəsmən elan edən sənəd idi. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin
mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış
yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul
olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan
Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti
Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin
yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar
1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər
Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni
Konstitusiyası qüvvəyə minib.
1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul
edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya
layihəsi hazırlanıb. 1978-ci il aprelin 2-də həmin
layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində
məruzə ilə çıxış edən Ümummilli Lider Heydər
Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı
redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist
Respublikasının dövlət dili Azərbaycan dilidir”.
1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu
Konstitusiyası qəbul olunub. Həmin Konstitusiyaya
1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı
əlavə və dəyişikliklər edilib. Bunun nəticəsində
ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə
dəyişikliyə uğrayan Konstitusiya 1995-ci ildə
müstəqil Azərbaycan Respublikasının Konstitusiyası
qəbul edilənədək qüvvədə olub (1991-ci il 18 oktyabr
tarixli “Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında” Konstitusiya Aktının
müddəalarına zidd olmayan hissələrdə).
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən
hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin
Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük
xidmətlərindən biri müstəqil dövlətin yeni
Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər Heydər
Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və
nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o,
müstəqil Azərbaycan Respublikasının demokratik
prinsiplər əsasında uzun müddət sabit yaşamasını
təmin edən Əsas Qanun, tarixi sənəd olsun.
Hakimiyyət bölgüsü – icra, qanunvericilik, məhkəmə
hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə
söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə
Konstitusiya Komissiyası tərəfindən müstəqil
Azərbaycan Respublikasının Konstitusiyası layihəsi
hazırlanıb. 1995-ci il noyabrın 12-də keçirilmiş
referendumda seçicilərin 86 faizi iştirak edib və
onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin
lehinə səs verib. Dövlətin Əsas Qanunu 1995-ci il
noyabrın 27-də qüvvəyə minib.
İlk Konstitusiyanın milli dövlətçilik tarixində
müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər
Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli
Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya
Günü kimi qeyd edilməyə başlanılıb.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan
Respublikasının dövlət quruculuğunun əsaslarını
qoyulub. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən,
12 fəsildən və 158 maddədən ibarət olub.
Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust
2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26
sentyabr 2016-cı ildə referendum yolu ilə edilib. 24
avqust 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə
ümumilikdə 31, 2009-cu ilin martın 18-də keçirilən
referendumla Azərbaycan Respublikası Konstitusiyanın
29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik
edilib. 2016-cı il sentyabrın 26-da keçirilmiş
referendumla Konstitusiyanın 23 maddəsinə əlavə və
düzəlişlər, habelə yeni 6 maddə əlavə edilib.
|